Çingiz
Abdullayev: "Bu kitaba görə bizi istənilən vaxt həbs
edə bilərdilər"
Bu
hadisə otuz il öncə baş verib. On doqquzundan iyirmi
yanvara keçən gecə sovet şəhəri - Azərbaycan
Respublikasının paytaxtına sovet ordusunun hissələri
daxil oldular. Sonralar Moskvanın rəsmi dairələri bəyanat
verdilər ki, ordu Bakıda olan qırğının
qarşısını almaq məqsədilə yeridilib. Bu, qərəzli
yalan idi. Yanvarın on altısında şəhərdəki
iğtişaşlar dayandırılmışdı.
Yanvarın on altısından sonra artıq heç bir
qarışıqlıq yox idi. Ancaq repressiya çarxı
işə salınmışdı. Əslində Bakıda demək
olar ki, bütünlüklə iflic olan Sovet hakimiyyətini
qoruyurdular. Və amansız üsullarla qoruyurdular. Şəhərə
daxil olan ordu birləşmələri şəhərin mərkəzində
atəş açırdılar. Yüz yetmiş nəfər
həlak oldu, üç yüz yetmiş nəfər
yaralandı. Üç yüzdən artıq insan itkin
düşdü. Ən ağlasığmazı o idi ki, ölənlərin
arasında nəinki azərbaycanlılar, hətta ruslar, yəhudilər,
tatarlar, ləzgilər də var idi. Hətta "ancaq
silahlı terrorçuları öldürüblər" kimi
alçaq fikri qəbul etsək də, ölənlər
arasında altı nəfər qadın və doqquz
uşağın, müxtəlif millətlərin nümayəndələrinin
olması bu fikri alt-üst edir. Fevralın on doqquzunda SSRİ
Ali Sovetinin iclası təyin olundu. Fevralın yeddisi səhər
Nəşriyyat üzrə Dövlət Komitəsinin sədri
Rəşid Mahmudov mənə zəng eləyib yanına
çağırdı.
Onun
kabinetində nəşriyyatın direktoru Əjdər
Xanbabayev və jurnalist İbrahim Şükürov əyləşmişdilər.
Rəşid müəllim Ali Sovetin qarşıdakı
iclası haqqında məlumat verdi. "Biz mümkün olan hər
şeyi eləməliyik ki, Bakıda baş verənləri
olduğu kimi çatdıraq!" - o təklif etdi.
Şəhərdə
komendant saatı hökm sürürdü, hər yerdə
qoşun birləşmələri, DİN və DTX-nin hissələri
var idi. Gecələr küçələrə
çıxmaq mümkün deyildi. Bu şəraitdə
üç günə (!) kitab hazırlamaq lazım idi.
Tapşırığın yerinə yetirilməsi demək
olar ki, mümkünsüz idi. Ən başlıcası isə
- heç kim bilməməli idi.
Biz
qarşıda olan üç günü Rəşid müəllimin
kabinetində qalmağa razılaşdıq. Mən İbrahimlə
birlikdə materialları hazırladım, Xanbabayav isə
onları nəşriyyata apardı. Üç gün ərzində
kitab hazır oldu. Bizə hamı kömək etdi! Heç kim
etiraz etmirdi. Baxmayaraq, hamı başa düşürdü ki,
bu təhlükəlidir. İstənilən anda bizi həbs
edib, əlyazmaları müsadirə edə bilərdilər.
Fevralın
onu dəhşətli şəkillərlə birlikdə kitab
hazır idi. Kitabları Moskvaya aparmaqdan ötrü biz bilərəkdən
yazdıq ki, onu SSRİ deputatları hazırlayıb, baxmayaraq
ki, onlardan heç biri bu nəşrin hazırlanmasını
bilmirdi. Mən özüm iki çamadan kitabı aparıb rəhmətlik
Tofiq İsmayılova verdim. O, kitabları SSRİ Ali Soveti Rəyasət
Heyəti üzvlərinin stollarının üstünə
düzdü. Onların üzlərini görmək lazım
idi. "Qara yanvar 1990" kitabı hamıda şok
yaratdı. Heç kim Bakıda baş verən faciəni bu dərəcədə
təxmin etmirdi.
Növbəti
ilin sonunda Azərbaycan müstəqil dövlət oldu. Sonralar
bu səpkidə çox kitablar nəşr olundu. Ancaq bu kitab
birinci idi! Komendant saatı şəraitində müəyyən
edilmiş qaydalara baxmayaraq hazırlanan kitab.
Onların
adlarını yadda saxlayın! Onlar məndən də
çox, təhlükədən qorxmayaraq hərəkət
edirdilər. Axı onlar, nəinki vəzifələrindən
və üzvlük biletlərindən məhrum ola, hətta həbs
oluna da bilərdilər. Rəşid Mahmudov, Əjdər
Xanbabayev, İbrahim Şükürov. Onlardan heç biri
artıq həyatda deyil. Onlar əsl vətənpərvər
idilər. Mən isə onlara kömək edən yaşı
otuzdan bir az çox olan gənc idim. Mən bütün həyatım
boyu bununla fəxr edəcəyəm. Həm də ən
çətin zamanda hamıya öz vətəninə
qarşı vətəndaşlıq cəsarəti, mərdlik,
qeyrət nümayiş etdirən üç azərbaycanlı
ilə.
Hər
zaman Lev Tolstoyun "bir az vicdanlı olmaq olmaz, necə ki, bir
az hamilə olmaq olmaz" sözlərini xatırlayıram. Bu
əhvalat bizim faciəmiz və o cür çətin zamanda
kitab tərtib edənlər haqqındadır. Və
bütün kömək edənlər haqqında. Bir
çoxlarının yadındadır ki, kitabları nəşriyyatdan
köynək və gödəkcələrinin altında gizlədib
çıxardırdılar, onun nəşrinə necə
kömək edirdilər. Ən əsası isə - artıq
bizimlə olmayan, həyatdan köçən üç
dostum. Mən onları çox doğru olaraq DOST
adlandırdım, baxmayaraq ki, onlar yaşca məndən
çox böyük idi.
Nazir
Rəşid Mahmudov. Onun köməklik göstərdiyi
yazıçıları sadalamaq çox çətindir, belə
ki, onun zamanında jurnallar iki dildə nəşr olunurdu. O, tərifəlayiq,
ləyaqətli övladlar və nəvələr tərbiyə
edib. Mən onlarla dostluq edirəm. Ancaq o, "müasir
insan" deyildi. Keçmiş yüksək vəzifəli məmurlar
kimi "Şadlıq evi" tikdirmədi, restoranlar və
başqa "obyektlər" açmadı.
Nəşriyyat
direktoru Əjdər Xanbabayev. Müstəsna dərəcədə
təmiz, namuslu, vicdanlı, alicənab və yüksək dərəcədə
peşəkar insan. Mən onun 1989-cu ildə Moskva beynəlxalq
kitab yarmarkasında necə işlədiyini görmüşəm.
Bu insan ümummilli lider Heydər Əliyevin Bakıya
qayıtması üçün öz həyatını
verib, çünki o inanırdı ki, bizi
düşdüyümüz vəziyyətdən ancaq o xilas edə
bilərdi.
Jurnalist
İbrahim Şükürov. İstedadlı jurnalist və
bugünkü "qələm qardaşlarına" mənəvi
nümunə. Ən çətin zamanda özünü vətənpərvər
vətəndaş kimi göstərən insan. Heç kimin
heç bir qonorar almadığını demək
artıqdır. Bu bizim hamımız üçün təhqiredici
olardı! Annotasiyanı mən özüm yazdım. O bu sözlərlə
başlayırdı: "Qoy bu kitab fikirləşmədən
danışmaq istəyən, milli ədavətin odunu
üfürən hər kəs üçün çox
ağır və acı bir xatırlatma olsun".
Ədəbiyyat.- 2020.-
18 yanvar. S. 3.