Millətin varolma mübarizəsində
Ülvi Bünyadzadə
1990-cı
il yanvar ayının 19-dan 20-nə
keçən gecə Azərbaycan xalqı azadlıq eşqi
ilə, əliyalın rus ordusunun qarşısına
çıxdı. 70 il itaət göstərmiş xalqın
ayağa qalxması, azadlıq istəyi ilə meydanlara
çıxması "böyük qardaşımız"
bildiyimiz kəsləri hiddətləndirdi, sovet ordusu
döyüş hissələrini geniş xalq kütlələrinə
qarşı yeritdi. Bu, Azərbaycanda misli
görünməmiş faciənin - 20 Yanvar faciəsinin
yaşanmasına səbəb oldu. Xalqımızın
rus tankları önündə mübarizliyini, məğrurluğunu
və əyilməzliyini nümayiş etdirdiyi 20 Yanvarda
qanlı faciə yaşandı, günahsız insanlar qətlə
yetirildi. Xalqımızın
mümkünsüzü mümkün edərək
özünü təsdiq etdiyi 1990-cı ilin qanlı 20
Yanvarı, eyni zamanda, Azərbaycanın azadlığı və
ərazi bütövlüyü uğrunda mübarizə
tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu.
Qan bahasına olsa da, uzun illərdən bəri
arzusunda olduğumuz müstəqilliyimizə qovuşduq. Xalqın azadlığını, şərəf və
ləyaqətini uca tutan Vətən övladları
canlarından keçərək şəhidlik zirvəsinə
ucaldı. Azərbaycan xalqının
sınağa cəkildiyi, qəhrəman oğulların əbədi
yaşamaq naminə ölümə qənşər gedərək
şəhid olduqları o müdhiş gecə - 20 Yanvar
xalqımızın qan yaddaşına çevrildi. Şəhidlərimiz 20 Yanvarı
xalqımızın müstəqillik, istiqlal və hürriyyət
uğrunda apardığı milli azadlıq hərəkatının
zirvəsi kimi Azərbaycan tarixinə həkk etdilər. Ümummilli lider Heydər Əliyevin dediyi kimi,
"Bu təcavüz xalqımızı mənəvi cəhətdən
cox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini
tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq
salnaməsinə yeni bir səhifə kimi yazıldı. Tariximizin bu səhifəsi imperiya güllələrinin
səsindən açılsa da, şəhidlərimizin
qanı ilə əbədi olaraq yazıldı. Bakımızın sinəsində "Şəhidlər
xiyabanı" yarandı. Şəhid bacısı,
AMEA-nın müxbir üzvü Könül xanım
Bünyadzadə Azərbaycanın rus tankları altında əzildiyi,
ancaq qalxıb dirçəldiyi 20 Yanvarı xarakterizə edərək
yazır: "Sovet İmperiyası özünü qoruyub
saxlamaq istəyirdi. Bütün bunlar siyasi
proseslər idi. Bütün belə proseslər
qanlı qurbanlar tələb edir. Mən
buna fəlsəfi cəhətdən yanaşıram. İlk uşaq doğulanda ağlaya-ağlaya
doğulur. 20 Yanvarda da bütün Azərbaycan
ağladı. Çox qurbanlar verdik. 20 Yanvarda yeni Azərbaycan doğuldu.
Böyük qurbanlar hesabına... Azərbaycan
ağlaya-ağlaya yenidən doğuldu." "Azərbaycanın
yenidən doğulduğu" 20 Yanvarda şəhid olanlar
arasında gənc, ömrünün baharında olan, 1989-cu il sentyabr ayının 10-da ana torpağı,
doğma xalqı qarşısında övladlıq borcunu
şərəflə, ləyaqətlə yerinə yetirəcəyini
vicdan borcu bilərək öz müqəddəs
"And"ını yazmış Ülvi Bünyadzadə də
vardı...
Ülvi
Bünyadzadəni iç dünyasına yol salmaq, hisslərini,
vətən eşqi ilə alışıb-yanan gənc qəlbinin
həyəcanlarını duymaq üçün
yazdığı şeirlərdən tanımaq həm
duyğuludur, həm də qürurlu. 20 yaş
yaşamasına baxmayaraq 1990-cı ilin 20 Yanvarında, Azərbaycan
xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə
əzmini qıra bilmədiyi müdhiş gecədə, həlak
olaraq Azərbaycanın tarixinə parlaq səhifə yazan,
xalqın milli azadlığı, müstəqilliyi
üçün yol açan vətən oğullarından
olan Ülvi Bünyadzadə də özündən sonra zəngin
irs qoyub gedib. Bu mənada, A.Səhhətin "məsləkim
tərcümeyi-halımdır" sözləri Ülvinin
boyuna biçilib.
1969-cu ildə Ermənistan SSR-in Basarkecər rayonu Kəsəmən
kəndində anadan olan Ülvi Bünyadzadə Azərbaycan
Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinin
II kurs tələbəsi idi. Şeirlər
yazır, tərcümələr edirdi. Haqsızlığa,
ədalətsizliyə qarşı barışmaz idi.
Ülvi "ülviləşən məsləki", eyni
zamanda tərcümeyi-halı olan "And"ında yazır:
"Mən, Bunyadzadə Ülvi Yusif oğlu, həyatımda
ilk və son dəfə öz vicdanım qarşısında
and içirəm: bir elin, bir millətin adını təmsil
etdiyimi heç zaman unutmayacağam; Azərbaycan
torpağının qürurdan, qeyrətdən
yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə
vurmaq istəyən bütün ünsürlərə
qarşı duracağam; öz azərbaycanlı
varlığıma, vicdanıma, məsləkimə, əsil-nəcabətimə,
damarlarımda axan azərbaycanlı qanına layiq oğul
olacaq, qorxaqlığı, alçaqlığı,
yaltaqlığı özümə yaxın buraxmayacaq, nəyin
bahasına olursa-olsun, öz azərbaycanlı "mən"imi
təsdiq edəcəyəm. Əgər vədimə
xilaf çıxsam, qoy anamın südü, elimin
çörəyi mənə haram olsun, Vətən
üzü görməyim". "And"ında da
göründüyü kimi, "damarlarında axan azərbaycanlı
qanına layiq oğul olmaq və öz azərbaycanlı
"mən"imi təsdiq edəcəyinə and içən
Ülvi artıq öz yolunu seçmişdi". Başdan-başa
istedad olan Ülvi Bünyadzadənin
yaradıcılığını 200-dən çox
şeiri, "Ömür yolu" poeması,
"Qansızlar" povesti (hər iki əsər
Əfqanıstanda döyüşən həmvətənlərimizə
həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə
yaxın dünya ədəbiyyatından orijinal tərcümələri
(ingilis və rus dillərindən), 7 ədəbi və ictimai
məzmunda məqaləsi, bibisi Almaza (professor Almaz xanım
Ülvi), dostları Məhəbbət və Cavidə
yazdığı xeyli məktubları və s. əhatə
edir. Şeir yazdığı kimi, musiqi ilə
də həmdərd, aşina olan Ülvinin güclü musiqi
duyumu da vardı. O, qarmon, tar, saz, piano, kamança və
s. musiqi alətlərində çalmağı
bacarırdı. Bir çox milli musiqi alətlərimizdə
gözəl ifaları ilə məktəbdə keçirilən
ayrı-ayrı yığıncaqlarda, görüşlərdə
müəllim və şagird kollektivinin dərin rəğbətini
qazanmışdı. Ülvinin musiqi istedadına
heyranlığını mərhum şair Elman Həbib bir məqaləsində
belə dilə gətirir: "Ülvi. Onunla
qardaşımgildə tanış
olmuşduq. Qardaşımla Ülvinin əmisi
Hüseyn həkim qonşu idi. Ad günündə,
xudmani məclisimizdə hərə öz sözünü
deyirdi... kimsə dedi, Ülvi pianoda bir xalq mahnısı
çalsın. O, utancaq-utancaq qalxıb piano arxasına
keçdi. Ülvi həmin andan yaddaşımda
yaşamağa başladı. 18
yaşı vardı. Qonur gözləri,
çatılmamış, qartal qanadları kimi gərilmiş
qara qaşları ağbəniz çöhrəsinə bir qədər
kölgə salanda qəribə ciddi görkəm alardı.
Məclis boyu ağzını açıb bir kəlmə kəsməyən
bu gəncin sinəsi altında necə sirli xəzinə
varmış, Allah!
...Ülvi
yadımda beləcə qalıb. 18
yaşında, bığ yeri yenicə tərləyən bir
cavan, yeniyetmə kimi, bir də xalqımızın dərdini
müdrikcəsinə ürəyinin dilində danışan
istedad sahibi kimi. O vaxt məclisdə heç birimiz
bilmirdik ki, Ülvi həm də şairdir". Bəli,
Ülvi həm də şair idi. Öz
taleyini yazan şair. Taleyini, başına gələcəkləri
duyan Ülvi, sanki şeirlərində taleyini misralara
pıçıldayırdı. Hələ 13
yaşında ikən öz yaşıdlarına ithaf etdiyi
şeirində "gələcəyə qaranquş"
olacağını dilə gətirən, "həyat
üçün doğulan Ülvinin "Vətən
üçün ölməliyik" hökmünü verməsi
insanın qəlbini riqqətə gətirir. Ülvinin
"poetik yaradıcılığının özül
daşı" olan şeirdəki bu misraları oxuyanda 13
yaşında şahlıq taxt-tacına sahib olmaq
üçün döyüşə atılan Şah
babamız Xətaini anmamaq olmur:
Döyüşlərdə
yoğrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat
üçün doğulmuşuq,
Vətən
üçün ölməliyik!
Poeziyaya bu duyğularla gəlmişdi, Ülvi
Bünyadzadə. Hansı hiss idi, 13 yaşlı Ülviyə bunları
yazdıran? Təbii ki, Vətən, millət
eşqi, Azadlıq, müstəqillik duyğusu. Ülvi Bünyadzadənin
yaradıcılığı şəxsiyyətini, şəxsiyyəti
yaradıcılığını xarakterizə edir. Gənc Ülvinin əsərlərində əsas xətt
olaraq vətən müqəddəsliyi, azadlıq duyğusu və
qeyrətli vətəndaş oğul obrazının tərənnümü
əsas yer tutur. Qəlbində baş
qaldıran Milli Azadlıq eşqinin müqəddəs yolda
çarpışmaqla məşələ dönəcəyinə
inanan Ülvi "70 il ərzində gəldiyimiz
"hamarlanmış yol" yox, milli mənliyini təsdiqləyən,
vətən şərəfini ucaldan yol, cığır
olmalıdır" düşüncəsində idi. "Həyat üçün doğulmuşuq, Vətən
üçün ölməliyik" idealı ilə
yaşayan Ülvi Bünyadzadə üçün yolun fəlsəfəsi
buradan başlayır. Ülvi yolu
tanıyan yolçu idi. O "hamarlanmış yol"la
getməkdənsə, özü yol açmaq, millətinə,
vətəninə yol olmaq istəyirdi.
Çıxdığı yolu da bilirdi, nə
üçün yola çıxdığını da... "Görəsən, hayana gedir bu yollar? - deyən, uzun yollara çıxmaqdan qorxmayan,
ancaq yolun sonunu görə bilməyən, daha doğrusu, yolun
nəhayətsizliyindən yorulan Ülvi yazır:
Görəsən, hayana gedir bu yollar?
Vallah,
qınamayın, sona çatınca
Ayağı demirəm, ürək yorular.
Bunları yazanda Ülvi yolun başında idi. "Görəsən,
hayana gedir bu yollar?" - deyərək
öz-özündən sual edən Ülvinin həyat yolunun
sonunda şəhidlik vardı. Sanki o, bu yolun
sonundan da xəbərdar kimi, "o biri ucunda
"ölüm" olduğunu bilsə belə, yola
çıxmaqdan qorxmadığını bəyan edirdi:
Bu yolun,
acısından, ağrısından,
"Ölüm" adlı yuxusundan mən qorxmuram.
Yollar
saysız,
Yollar
sonsuz,
Yollar
ötür,
Dünənimdən,
bu
günümdən,
sabahımdan ötür keçir.
Mən
qormuram uzaq yola çıxmaqdan...
Ülvinin
elə misraları var ki, sanki o, "olum"la
"ölüm"arasındakı missiyasını bilir,
taleyini, "atasına", "anasına oğul ola bilməyəcəyini",
"bir ocağın çırağı ola bilməyəcəyini"
dilə gətirir:
Atama
oğul deyiləm,
Anama oğul deyiləm.
Bu
ocağın kor çırağı,
Yanmayacaq işığıyam.
Ülvi
Bünyadzadənin missiyası "atasına",
"anasına oğul", "bir ocağın
çırağı ola bilmək" -
deyildi, Azərbaycan adlı bir ölkənin, bir elin, bir
xalqın "oğlu" olmaqdı. Bir evdən
çıxıb bir elin oğlu olan, vətən uğrunda
şəhid olan Ülvi Bünyadzadə vətənə
oğul oldu. Bütün azərbaycanlı
anaların övladına, əzizinə, and yerinə,
qürur yerinə çevrildi.
Ülvi Bünyadzadənin yüksək duyğularla
Əfqanıstan döyüşçülərinə həsr
etdiyi poemanı oxuyanda adama elə gəlir ki, poema
Əfqanıstan döyüşçülərinə deyil,
Qarabağa yazılıb.
Aman
qardaş, doğrudurmu deyirlər,
Gecə-gündüz qan tökülür yurdumda.
Qarabağın
tarixini danırlar,
Məscid
uçur,
dam
sökülür yurdumda.
Qarabağdı
mənim dinim-imanım,
O
torpağın nişanəsi, iziyəm.
Məni
belə aciz görmə qəbirdə,
Qəbirdə də Qarabağın özüyəm.
XX əsrin sonlarında torpaqları işğal olunan Azərbaycan
Ülvinin misralarında belə möhürlənir.
Ülvi
Bünyadzadə poemada "millətimizin başına
açılan oyunları poetik, dərd bükümlü, dərd
sətirli nəğmələrlə anladır. Şairin poetik sənətkarlığı, fitri
istedadı öz işini görmüşdü. Bu əsər ona görə təsirli, ona görə
axıcı və birnəfəsə oxunur ki, sanki hər kəsin
içində alovlanan ocaqdan götürülmüş
çınqıllar tonqalıdır". Şəhid
bibisi, professor Almaz xanım Binnətova "Karabağ Benim
Dinim - imanım" (Ülvi Bünyadzadenin
Yaratıcılığında Karabağ Motifi) adlı məqaləsində
yazır: "Ülvi bu poemanı uzaq Sibir torpaqlarında
yazarkən, Bakıda Topxana uğrunda mitinqlər gedirdi... Bakıda gedən mitinqləri Ülvi Bakıdan onun
ünvanına göndərilən mətbuat vasitələrindən
öyrənirdi". Və ordudan tərxis
olunan Ülvi Bakıya gələr-gəlməz mitinqlərə
qoşulur. Azadlıq üçün
meydana axışan xalqı ilə birlikdə olur. Əliyalın Sovet ordusunun qarşısına
çıxanlar arasında gənc cəngavər Ülvi
Bünyadzadə də vardı. O gecə Ülvi şəhid
oldu. AMEA-nın müxbir üzvü, şəhid Ülvinin
bacısı Könül Bünyadzadə Femida.az-a verdiyi
müsahibəsində gəncliyin fəlsəfəsini
xarakterizə edərək deyir: "Gerçəkliklə,
yaşadığı cəmiyyətlə uyuşmayan ruh
özü də bilir ki, bu qeyri-adi bərabər bir mübarizədir.
O, narahatdır, qorxur, lakin içindəki ilahi hiss daha
güclüdür. Bu, əliyalın
düşmənin üzərinə yeriyən qəhrəmanın
qorxusudur. Bu, insanlığa yönəli,
acizlikdən doğan bir nifrət deyil. Bu,
inkişafa, ucalığa qarşı duran quruluşa nifrətdir.
Bu, geriliyə, müqəddəsliyə təhlükə
yaradan hər şeyə üsyandır. Bu, içindəki
bütün nuru, işığı heç cürə
bütövlükdə insanlara çatdıra bilməyən
özünə qarşı üsyandır...".
Millətin "varolma və yoxolma" mübarizəsi
olan 20 Yanvarda azadlıq mücahidləri əliyalın rus
tanklarının qabağına çıxdı. 20
yaşlı Ülvi Bünyadzadənin yolu Şəhidlik
adlı yüksəklikdə son buldu.
Lütviyyə Əsgərzadə
Ədəbiyyat qəzeti.-
2020.- 18 yanvar. S. 4.