Üşüyən
ruhları isitmək üçün...
Ülvi
Bünyadzadə başda olmaqla, 20 Yanvar şəhidlərinə
və bütün qazilərə...
O, Bakıda
olsa da, ən böyük cəbhədə vuruşurdu.
Ülvi də, həmfikirləri də... Hər
yer səngər idi. Bakının səması da,
insanları da... Ən böyük səngər
elə düşüncələrdə, fikirlərdə,
ruhunun savaşında yatmırmı?
Düşüncələrlə
döyüşürdülər, ideologiya ilə mübarizə
aparırdılar. Fikirlər arasındakı fərqlər
cəbhənin ən amansız döyüş yerləri,
onları qəbul etməyən ürəklərsə Azərbaycan
xalqının səngəriydi.
Qələmlə yazılanlar idi Bakı küçələrində
axan qanları.
Qələmlə bir xalqın edamına
imzalanmış qərar. O qələmin
yazdıqlarını silirdi pozan kimi Bakı küçələrinə
axan azadlıq şəhidlərinin qanı.
Şəhidlər Xiyabanından keçirəm. Şəhid məzarlarının
ayaqları, sanki bu günün uşaqlarına doğru
uzanmış azadlıq əlləridir. Üzümə
hayqırır, ayaqlar da döyüşür, cənab,
döyüşür. Şairlik
duyğularım ədiblərimizin sahibsiz döyüşən
ayaqlarını xatırladır. Dünənin bu
gününə yazılmış şeirdəki kimi...
Krımda
bir cüt uşaq qəbri kimi
dəfn
eləyib ayaqlarını.
Arzularını
qoltuq ağacı eləyib
dişləyib dodağını.
Nə
ağlayıb, nə də off! - deyib.
İndi
soyuq dəyib,
qızdırma
salıb onu yaman hala,
sayıqlayır yavaş-yavaş:
- Ay arvad,
ayaqlarım üşüyür,
ayaq
barmaqlarımı ovxala, -
Gilələnir
gözlərində yaş...
Fikrət
Qoca
Sumqayıtda bir qazi tanıyırdım. Qarabağda
minaya düşmüş ayağını əlinə
götürüb, yalnız hospitala çatanda bayraq kimi əlində
qoruduğu ayağını ala biliblər ondan. Gileylənirdi,
özünün hər zaman ayağından bir neçə
addım geri qaldığından:
...danlayır
özünü hər səhər-axşam
əlini
başına, dizinə çırpır:
o
qaldı cəbhədə,
mənsə qayıtdım
ayağım özümdən qeyrətli çıxdı...
Şəhidlər
Xiyabanında 20 Yanvar şəhidlərinin məzarından
aşağı doğru enəndə beş
yaşlı uşağın şəhid məzarı var.
Beş
yaşlı uşağın məzarı...
Beş
yaşlı uşağın...
Uşağın...
Beşiyə çevrilən məzarı "əmi"lərinin
yanındadır. Məzar əmilərinin, böyüklərinin... Təkliyini,
uşaqlığını hiss etdirməyin ona...
Sizə əmanətdir
o beş yaşlı şəhid məzarı...
Şəhid
şair Ülvi Bünyadzadədən 17 il
sonra doğulmuşam. Amma indi ondan 12 yaş
böyüyəm. 4 yaşımda şəhid
olmuş Ülvidən. Gözümü
qaçırdıram şəhid məzarlarından. Onların məsum baxışından və
yaşımdan.
Qorxuram məndən öncə doğulub məndən
kiçik qalanların məzarının "Əmi,
azadlıq saatınızda zəngi neçəyə qoymusunuz
oyanmağa, bəlkə saatınız geriyə işləyir?!" - kinayəli
eyhamından...
Onlardan
sonra ikinci dəfə doğuldu Azərbaycan bayrağı...
"Bayrakları
bayrak yapan
üstündeki kandır
Toprak eğer uğrunda
ölen
varsa vatandır".
Bayraq da üşüyən ruhu isidən geyimə
çevrilə bilər. Ruhunun, qəlbinin azadlıq istəyinin
köynəyinə.
Yaşımız xatırlamağa imkan vermir, amma
onların cücərtdiyi azadlıq toxumlarının bəhrəsini
2016-cı ildə görmək bizə şəhid yox,
şahid kimi qismət oldu.
2016-cı
il Aprel döyüşləri zamanı Lələtəpə
yüksəkliyi bir təpə olmaqdan əlavə, bir simvol
idi. Xalqın məğlubluq simptomlarını
üzərindən atdı, qırılmış qürurunu
özünə qaytardı. Lələtəpə
üzərində dalğalanan bayraqla daha da böyük anlam,
simvolluq daşımağa başladı. O yüksəklik,
Lələtəpə zamanın bayraqdarıdır.
Onun uğrunda vuruşan hər kəs onun
bayraqdarıdır.
Uğrunda canlar keçildikcə bu bayraq sadəcə
bir parça deyil, canımızdan bir parçaya
dönür.
Simvolik anlamdan dalğalandığı,
dalğalanmasını istədiyimiz, bütün yerlər vətənləşir.
Bayraq özü də bir vətənə çevrilir.
İndi onlar yoxdu. Əli Kərim ruhunun dediyi kimi, simvolik
anlamda olan o qollar, əslində, azadlıq ruhudur. Bu vətən
uğrunda canını fəda edənlərin qollara çevrilmiş
azadlıq hayqırtısı... Bizimlə
addımlayan ruhları döyüşür, mübarizəyə
səsləyir.
Qolu sındırılmış Babək.
Yurdu yandırılmış Babək.
Qan rəngli
bir arabada
Şərq
boyda bir xarabada
Söyə-söyə,
Döyə-döyə,
Hamıya
görk olsun deyə
Kənd-kənd
gəzdirilən Babək,
Ölübən-dirilən
Babək;
Qollarını
görməyəndə
Azca rahat
olan Babək;
Bir
qırmızı yuxu içrə,
Uzaqlara dalan Babək.
Deyən
Babək: - Aman, dostlar,
Hücum
çəkin qoşun-qoşun,
Orda mənsiz
qılınc çalan
Qollarımla bir vuruşun.
Babəkin
qollarını, onun qollarına çevrilən ruhunuzu
salamlayıram, şəhidlər!
Emin Piri
Ədəbiyyat qəzeti.-
2020.- 18 yanvar. S. 5.