Yarım
əsrə doğru gedən yol...
Ədəbi prosesi uzunmüddətli müşahidəmə
görə, ədəbiyyatşünas və tənqidçilər
yazıçı, şair, dramaturqlardan fərqli tale
yaşayır.
Yazarlar hər əsəri nəşr edilərkən
tənqidçilərdən məqalə, rəy, yaxud fikir
gözləyir (hətta şəxsən tanıdıqları
tənqidçidən inciyir, küsürlər); sanki tənqidçi
əlində qələm hazır dayanıb gözləyir
(çox zaman da belə olur) ki, əsər nə zaman
çıxacaq, o da fikir bildirəcək. Belədə
deyirik, tənqid də bir sənətdir, di gəl, bu sənət
çox zaman bədii düşüncədən asılı
olur. Mən demirəm tənqidçi
"burjuaziyanın pul kisəsindən" asılıdır
(hərçənd indi belə məqamlar da yox deyil), sovet
dövründə bunu daha çox burjuaziya cəmiyyətinə
aid edirdilər, indi isə vəziyyət dəyişib, ancaq
bizdəki tənqidin mövcud bədii materialdan
asılılığı şəksizdir. Belə ki, tənqidçinin (ədəbiyyatşünasın!)
araşdırma obyektinin strukturunu bədii düşüncə
təşkil edir. Bir də gözünü onda açır ki, ədəbi
mühitdə olan yazıçı və şairlərin hər
biri və ya ədəbi prosesin problemləri, hadisələri
haqqında silsilə araşdırmalar müəllifidir.
Zaman keçir, tənqidçi özü də
müəyyən bir sənət mövqeyinə qalxır, 50,
60, 70 (və s.) illik yubileyi gəlir, lakin heç kimin
yadına düşmür. Haqqında
yazdığı şairlər, yazıçılar geri
dönüş etmirlər. Bu da tənqidçi
taleyidir. Yenə də tənqidçini elə
tənqidçilər yada salırlar. Halbuki,
bu cür olmanın nədənini heç cür başa
düşmək olmur. Elə bizim qəhrəmanımızın
yubileyi kimi...
Tehran Əlişanoğlunun 60 yaşı tamam olur. Ədəbi
mühitdə olduğum (müşahidəçi və
iştirakçı qismində!) bu illər ərzində onun
yüzlərlə məqaləsini oxudum. Son qırx ilin
elə bir hadisəsi, ədəbi şəxsiyyəti
(şöhrətlisindən, ədəbi generalından (gərək
ki, bu ifadə də T.Əlişanoğluna məxsusdur)
tutmuş, ən gəncinə, yeni yazanına, bir qədər
də dəqiqləşdirsək əlinə yeni qələm
alana qədər!)
onun haqqında yazmasın, fikir, rəy bildirməsin. Mirzə
Cəlil demiş, "Çox istəyirdi" yazmaq, "Amma
niyə yazmaq, kimin üçün yazmaq?..".
Bu da Əlişanoğlunun M.Cəlildən gətirdiyi
iqtibasıdır, təsadüfi gətirməyib. Bu fikir
hamı kimi, onun da beynindən keçib... Lakin
o, Azərbaycan ədəbiyyatının bu gününə
xidmət yolunu seçdi, hərçənd ədəbiyyatımızın
müxtəlif dövrünə, hadisələrinə və
şəxsiyyətlərinə aid onlarca orijinal tədqiqatları
da var. Buna sonra qayıdarıq. Görünən odur ki,
bu gün altmışına çatmış Tehran
özü də bilmədən bu günün ədəbiyyatından
yaza-yaza özü də ədəbiyyata daxil olub və
sübut edib ki, tənqidçilik heç də
yazıçıdan asılı olmaq, yaxud onun
yazdıqlarını təfsir etməkdən ibarət deyil, tənqid
də müstəqil bir sənətdir,
yaradıcılıqdır. Bəlkə bəzi
hallarda yazıçı (şair, yaxud dramaturq) özü elə
tənqidçidən asılı olur. Tehran
bu işi yüksək peşəkarlıqla görüb,
özü də həvəslə, vicdanla, obyektivliklə,
heç kimdən heç nə gözləmədən
(sağ ol, mükafat və s.) yazıb, necə deyərlər,
başını aşağı salaraq qələmini, beynini,
istedadını "müqəddəs saydığı"
sənətinə işlədib. Yaxşı
da işlədib, bunu ən dargöz, gözügötürməyən
adamlar belə etiraf edə bilər. Bəzən tənqidləri
üçün inciyənlər, küsənlər də
olub, yazdıqlarını başa düşməyənlər
də... Tehranın günahı deyil ki, tənqid
hər zaman düzgün başa düşülmür,
hamı tənqidi eyni cür qəbul etmir və yaxud etmək
istəmir. Hətta elə bir zaman gəldi
ki (məsələn 90-cı illər), tənqid nədir, ədəbiyyatın
özü tamamilə arxa plana keçdi (bu illərdə Azərbaycan
milli ordu sıralarında hərbi jurnalistikaya keçməyim
də buradan irəli gəlirdi). Bəlkə də kimlərəsə
(elə onun özünə də!) onun bu illərdə
gördüyü iş mənasız gəlirdi,
çünki ictimai proseslərin özü bunu tələb
edirdi, ancaq hər şeyə rəğmən, tənqidi
buraxmadı, kimsəsiz qoymadı, təkbaşına onun
varlığını sürdürə bildi. Zaman
keçdikcə həmin dövrün ədəbi
gedişatını əsas mənbə kimi
T.Əlişanoğlunun məqalələrindən öyrənməyin
mümkünlüyü bu yolun nə qədər doğru
olduğunun bir sübutudur.
İyirmi
ildən çoxdur ki, şəxsən
tanıdığım, elm və təhsil (Nizami adına Ədəbiyyat İnstitutu və
Bakı Slavyan Universiteti!) birgə yürüdüyüm
Tehranı qiyabi olaraq 90-cı illərin başlarında
tanımışam. Belə ki, mərhum Samir Tağızadənin
baş redaktorluğu ilə 1992-cı ildə cəmi bir
sayı dərc olunan "Ədəbi tənqid"
jurnalında mənim "Əhməd Cavad haqqında
düşündüklərim və bildiklərim" adlı
məqaləm çap olunmuşdu. Jurnalın
son səhifələrində iki resenziya getmiş,
yazıların altında səhvən "Hazırladı
Hehran Əlişanoğlu" imzası getmişdi. Bəlkə də Tehranın bu resenziyalar yadından
çıxıb, bilmirəm, məqalələrinin
siyahısında yer alırmı? İlk dəfə
idi bu imzayla qarşılaşırdım, ancaq "Tehran"
əvəzinə "Hehran" olaraq səhv getdiyinin də fərqində
idim. Sonralar onun çeşidli imzasına müxtəlif
mətbuat orqanlarında rast gəlirdim: T.Mustafayev, Tehran
Mustafayev, Əlişanoğlu, T.Mustafayi, Tehran
Əlişanoğlu, T.Alişan, Tehran və b. Hələ
özünün yazdığına görə, "Neqə",
"Sadiq Vəli" imzaları da olmuşdur. İndi gərək
bir Qulam Məmmədli ola ki, Tehranın bu
imzalarla harada nə yazdıqlarını ayırd edə. Ancaq buna da gərək yoxdur, çünki Tehran
bütün yazılarını yaxşı arxivləşdirir,
arxivləşdirmədən öncə nə var, yeri gəldikcə
kitablarında, özünün redaktoru olduğu "Tənqid.net"
jurnalında nəşr edir.
Nəşr etməkdən əlavə, bir
də görürsən bir məqaləsində özündən
bir neçə sitat gətirir (desəm ki, ən çox
özünə istinad edən tənqidçilərdəndir,
daha doğru olar) və mənbəyini də göstərir.
Bu da onun tənqidçi, ədəbiyyatşünas
özəlliyidir ki, hər yöndə
orijinallığını təsdiq etmiş olur. Tehran bu imzaların hər biri ilə gerçək
bir tənqidçi, ədəbiyyatşünas ömrü
yaşamış və bu imzaların hər biri onun fərqli
üslublu müxtəlif tənqidçi obrazını
formalaşdırmışdır.
Tehran Əlişanoğlunun ədəbi
ömürlüyünə nəzər yetirərkən
mütləq bir dilemma qarşısında qalırsan; o, bir tənqidçidir,
yoxsa ədəbiyyatşünas. Bilmirəm, mən biləni yazılarında bu
barədə yazmayıb, ya da mənə rast gəlməyib,
ancaq bugünkü ədəbi prosesdə tənqidçi ilə
ədəbiyyatşünas portretini özündə birləşdirir.
Bəlkə kimsə sübut edə bilər ki,
daha çox tənqidçidir. Zarafat deyil, geridə
qalan yaradıcılığının
başlanğıcından bu günə kimi cari ədəbi
proses haqqında yüzlərlə yazı yazıb. Bu yazıları saf-çürük edərkən,
mövzu və problem baxımından çox zəngin bir mənzərə
alınar. Sadəcə cari ədəbi
prosesi izləyib təsviri xarakterli məqalələr
yazmayıb, ədəbi prosesin mahiyyətini açıb,
xarakterini bəlirləyib, eyni zamanda ədəbi
gedişatı yönləndirən ideyalar, fikirlər səsləndirib.
Onun bu ideyaları ədəbi prosesi
canlandırıb, hərəkətə gətirib, hər
şeyi yerbəyer edib. Hər bir ədəbi proses
iştirakçısı hər hansı bir əsər yazarkən
Tehranı göz önünə gətirib, ondan məqalə
gözləyib, hətta tənqid olunmasını istəsə
belə, nə isə gözləyib. Ona görə
də Tehranın ədəbi prosesə həsr edilmiş məqalələrini
gələcək ədəbiyyatşünaslığın
fundamenti hesab etmək olar. Bunun
işartılarını indidən görürəm. Yazılan dissertasiyalarda hamıdan çox Tehrandan
sitat gətirilir. Bunun bir səbəbi
dissertasiyaların əksəriyyətinin mövzu və
problematikasının müasir ədəbiyyatdan
olmasıdırsa (bu, ədəbiyyatşünaslığımızın
ən zəif tərəfidir, çünki klassik və
ayrı-ayrı dövrlərin ədəbiyyatında işlənilməmiş
nə qədər problem var! Bu da başqa
bir söhbətin mövzusudur), ikinci bir səbəbi
Tehranın çox yazması, yaxşı yazması, elmi-nəzəri
fikirlərə meydan açan araşdırmalar
aparmasıdır. Bu məqalələri xarakterinə
görə aşağıdakı kimi təsnif olunur:
1. Cari ədəbi
prosesin təhlili (təxminən otuz ildir ki, bu işi
görür!);
2. Ədəbi
prosesin müxtəlif janrlar üzrə (nəsr, poeziya,
dramaturgiya, tənqid) icmal təhlili;
3. Tənqidin
tənqidi və nəzəri, konseptual məsələləri;
4. Ədəbi
prosesin öndə gedən yazarları haqqında portretlər.
Ədəbi fəaliyyətinin istiqamətlərini bir qədər
də artırmaq olar, lakin bütün bunları birləşdirən
bir ümumi cəhət üzərində dayanmaq istəyirəm. Onun məqalələri
struktur baxımından son dərəcə orijinaldır,
yenidir, bu yazılarında özünü ifadə edir,
bədii mətnə söykənir və ondan
çıxış edir, fikirləri, iradları nəzəri
və məntiqi cəhətdən əsaslandırılır.
Ona görə də onun tənqidindəki təkzibolunmaz
arqumentlər obyektiv oxucu tərəfindən qəbul olunur.
Olsun ki, mürəkkəb kombinasiyalı
cümlələrinin anlamında çətinlik çəksinlər,
ancaq yaxşı oxuduqda və üslubuna öyrəşdikdə,
hər şeyin yerində olduğu aydın olur və istər-istəməz
tənqidçi ilə razılaşmalı olurlar.
İndi gələk T.Əlişanoğlunun ədəbiyyatşünaslığına. Fikrimcə,
Tehran tənqidçi olduğu qədər də ədəbiyyatşünasdır.
Əvvəldə dediyim kimi, Tehranda bu janrlar
arasında nəinki Çin səddi, heç bir sədd
yoxdur. O mənada ki, Tehran mətnlə işləyir,
bugünkü mətnə də, klassik mətnə də eyni
nəzəri düşüncə ilə yanaşır, bu
yanaşma elmidir, yenilikçidir. "Azərbaycan
sovet ədəbi tənqidinin üslubları (1960-1980-ci illər)"
namizədlik dissertasiyası bəlkə də onun taleyini ədəbi
fəaliyyətinin ilk dövründə
Altmışıncılara bağladı. Sonrakı
yaradıcılığında bir müddət
Altmışıncıların öndə gedənləri
haqqında yazdı. Doktorluq
dissertasiyasında ədəbiyyatşünaslığın
işlənilməsi gərəkən fundamental problemlərinə
üz tutdu, Yaxşı da etdi, çünki XX əsr Azərbaycan
nəsri haqqında çox yazılsa da, onun poetikasını
fundamental şəkildə ortaya çıxarmaq mümkün
olmamışdı. Mirzə Cəlildən
də ədəbiyyatşünaslığımızda
çox tədqiqatlar aparılıb, lakin Tehran sübut etdi
ki, Mirzə Cəlil irsi haqqında bütün dövrlərdə
orijinal araşdırmalar aparmaq nəinki mümkündür, hətta
vacibdir. Mən Tehranın Mirzə Cəlil
irsinə müraciətini Altmııncıların bu irsə
dönüşünün elmi istiqamətdə əks-sədası
kimi başa düşürəm. Tehran
özünün müəllimi hesab etdiyi Yaşar Qarayev yolu
ilə gedərək realizmə və Mirzə Cəlil irsinə
tamamilə başqa rakursdan yanaşdı və müəyyən
elmi qənaətlərə gəldi. Mirzə Cəlil ironiyasının alt
qatları (qəzavü-qədər fəlsəfəsi,
ölülər motivi və s.), realizm gerçəklikləri,
dünyagörüşü problemləri, hekayəçiliyində
struktur problemləri və s. yeni elmi düşüncə
müstəvisində təhlil edildi. Tehranın
ədəbiyyatşünaslıq tədqiqatları bununla
tamamlanmır. Süleyman Rəhimov, Mir Cəlal,
Hacıbaba Nəzərli, Seyid Hüseyn, Sabit Rəhman, Mirzə
İbrahimov, İlyas Əfəndiyev və b. sovet klassiklərinin
yaradıcılığını müxtəlif problemlər
baxımından təhlilə cəlb edir. Burada həmkarımız
Şirindil Alışanlının bir fikrini təxmini
xatırlatmaq yerinə düşər: "Süleyman Rəhimovun
"Şamo" romanını sonadək oxuyan yeganə tədqiqatçı
Tehrandır". Bu da o demək olur ki, sovet ədəbiyyatı
klassikləri də hələ yetərincə öz qiymətini
almayıb.
Tehranın araşdırmalarının böyük bir
hissəsi müasirlərimiz haqqındadır. Anar, Elçin, Sabir Əhmədov,
Kamal Abdulla haqqında silsilə yazılar yazıb.
Araşdırmalarında (xüsusilə müasirlərimiz
haqqında) portret janrına da üstünlük verir, ədəbi
prosesin öndə gedən isimləri haqqında portret
oçerklər yazıb: Anar, Bəxtiyar Vahabzadə. Xəlil
Rza Ulutürk, Sabir Əhmədli, Yaşar Qarayev, Kamal
Talıbzadə, Şirindil Alışanlı, Aqil Abbas, Tofiq Qəhrəmanov,
Kamal Abdulla, Nizami Cəfərov, Vaqif Bəhmənli və
başqaları; hamının adını çəksəm
uzun bir siyahı alınar. Lakin Tehran portret
oçerklərə özünəməxsus yeni çalarlar
gətirir, onu rəsmilikdən və təsvirçilikdən
çıxararaq obyekti (yazıçı, şair, dramaturq, tənqidçi)
yaradıcılıq diskursuna tabe edir.
Tehranın
istər ədəbi tənqidi yazılarında, istərsə
də ədəbiyyatşünaslıq
araşdırmalarında bir Mən var. Bəzən bu Mən
elə yazılarının içindəcə təbiətinə
uyğun olaraq və çox təbii şəkildə (əlbəttə,
yeri gəldiyində) özünün
narazılığını bildirir, yaxud ömrünün
hansı məqamındasa ona edilən haqsızlığı
dilə gətirir, sanki onu yazmasa, heç kim onu görməyəcək.
Bu onun içindən gəlir, hər zaman
öz varlığını, kimliyini qoruyub saxlamaq hissindən,
bəlkə də tamamilə haqlı olaraq görünmək
istəyindən doğur.
Tehranın nisbətən kölgədə qalan fəaliyyət
istiqamətlərindən biri də müəllimliyidir. Mənə elə
gəlir ki, bu magistral xətt onun təbiəti ilə tamamilə
mütənasibdir. Onu tələbələr
çox sevir, "bizə AMEA-nın müxbir üzvü
Tehran Mustafayev mühazirə deyir", - deyə məmnundular.
Tehran bu sahədə bir neçə proqramlar və
dərsliklər yazıb. Magistr və
doktorantura hazırlığı üzrə bir çox gənclər
onun rəhbərliyi ilə elmə vəsiqə
almışlar. Hətta onların
yazılarını özünün yaratdığı və
redaktoru olduğu "Tənqid.net" dərgisində
vaxtaşırı dərc edir. "Tənqid.net"
demişkən, çağdaş ədəbi prosesin
güzgüsü olan bu dərgi Tehranın həyatda həyata
keçirmək istədiyi və buna nail olduğu ən
uğurlu layihələrdən biridir.
Tehranla məni
bağlayan bəzi nüanslar da var; mən təkcə tədqiqat
mövzularımızda kəsişən cəhətləri
demirəm. Tale elə gətirib ki, ikimiz də
Ədəbiyyat İnstitutunda müdafiə etsək də,
elmi işçi kimi burada işə gec
başlamışıq. Bir müddət mətbuatda
(o, ədəbi, mən hərbi) işləmişik,
doxsanların sonunda institutda eyni şöbədə işə
başlamışıq, yeni minillikdən Bakı Slavyan
Universitetində eyni kafedrada işləyirik. Doktorluq
dissertasiyamızı bir çox əngəllərə rəğmən,
yaxın bir arada müdafiə etmiş, eyni gündə təsdiqimizi
və diplomumuzu almışıq...
Tehranın
ədəbi, elmi fəaliyyəti yarım əsrə doğru
yol alır; son dərəcə məhsuldar, fasiləsiz,
enişli-yoxuşlu, yenilikli, yüksəlişli bu sabit yolda
ona uğurlar arzulayıram!
Bədirxan
ƏHMƏDLİ
Ədəbiyyat qəzeti.-
2020.- 18 yanvar. S. 8-9.