***
Hənirtini
duyacammı
ya
acımasız-acımasız
əzib
keçəcək kölgəmi?
Bir baxsana
neçə yorğun-yorğun titrəyir
ayaqlarının altında...
***
Pəncərəmə
yağır qar...
unudulmuş bir mahnını zümzümə
edir
gecəyarısı rüzgar
ancaq
ağrılı günlərimi xatırladır
elə
rəhmsizdi xatirələr.
***
Dünyasını
dəyişən dostlarıma
bir-bir zəng
edirəm:
- Alo, alo!
otağımı çürümüş xəzəl
və
torpaq qoxusu bürüyür...
***
Səni
xatırladım;
yerişini,
gülüşünü,
gözlərini -
kölgələr bir-birinin içindən keçib
ağrılarımı bölüşəndə...
***
Döyürəm
qapıları
döyürəm gecə-gündüz.
bütün qapılar səssiz,
bütün qapılar kimsəsiz.
Yer
üzündəkitək
göy
üzünün də qapıları cəftəsizdi -
məni
yox eşidən!
***
Bir gecəliyə
bir
günlüyə olsa da
mağaraya dönmək gərək,
uzaq illərin
qoxusunu duyan
mağara
adamıtək.
***
Ürəyim
kəpənək qanadı,
Təsəllinin ömrü üç gün çəkmədi.
külək də gecikmədi -
əllərində can verən çinarı
çəkib apara bilmədim şeirimə...
***
Hava kəskin
dəyişəcək, söyləyir
yaşılgöz sinoptik qız.
isti yerlər
buradan çox uzaq.
bir
ömür qar yağacaq
eyvana
çıxmasın qanadsızlar!
***
Yuxu tutdu
huş
apardı məni.
hara
getdim
harda
itdim?
Yad
gördü...
dost
olsaydı tapardı məni.
***
Çırpına-çırpına
düşdü əlimə
nəfəsi kəsildi gül ləçəyinin.
elə
zərif, elə kövrəkdi...
ipək
saplar kimi süzüldü birdən
gözlərim baxa-baxa soldu,
üzüldü birdən...
***
1
Hələ
yazılmamış şeir kimisən
misra-misra
pıçıldayıram səni
gözlərini, dodağını
rədifli qafiyətək xatırlayıram.
Sözlərə,
səslərə bölürəm
nəfəsim tükənir, boğuluram...
yenə
də can atıram
hər
gün səni görməyə
və
xatırlamağa -
misra-misra...
qafiyə-qafiyə...
2
Bir
başqa ayrılıqdı bu ayrılıq!
sənə təsəlli verəmmirəm.
heç
özüm də bilmirəm
özünü itirən adamların
təsəllisi nə?!
3
Dönüşü
olmayan bir yolda
səni
gözləyirəm
son bahar
səmasıyam elə bil -
gah
günəş,
gah
bulud...
biri
deyir - gözlə,
biri -
unut!
4
Səni
sevmək
göz
işlədikcə uzanan "gedər-gəlməz"də
ev tikmək
kimi bir şey,
susuz səhralıqda
dəniz
axtarmaq qədər gülünc...
Səni
belə sevdim,
belə
hördüm-
kərpic-kərpic...
5
Ayrılıq
qara saçlar kimidi
ağarmağa başlayır,
sən
ona alışırsan.
özünə haqq qazandırmaq -
guya
heç nə vecinə deyil
olsa-olsa
saçları rəngləməyə bənzəyir
Ayrılıq
gözləməkdi
günlərlə durub
uzağa
baxmaq kimi.
Bax bu tindən,
o dalandan,
içini saran
lənətə gəlmiş o şirin yalandan
"bir gün çıxıb gələcək!"
6
Sən
bir bülbül nəğməsiydin
qəfəsə rast gəlməsəydin?
qəfil
küsüb-barışmağın,
şıltaqlığın
elə
dadlı-duzluydu ki.
İndi
elə şit
hər
eşitdiyim söz,
hər
udduğum loxma.
bilirdim,
inanırdım amma
bu
sevdadan
mütləq duz yığılmalı qana,
həm
də, o duz daşa dönməli
yeriməli ürəyin başına!
Sentyabr,
oktyabr 2019
Fəxrəddin Əsəd
Ədəbiyyat qəzeti.-
2020.- 18 yanvar. S. 9.