Zəlimxan
Yaqub: "Ədəbiyyat o zaman böyük olur ki, bütün
izmlərdən yuxarıda dayanır"
Azərbaycan
xalqının tarixində elə
fenomenal
hadisələr var ki, onlardan
neçə-neçə "Yüz ilin tənhalığı"nı,
"Səfillər"ini,
"Hərb
və sülh"ünü yaratmaq olar
Aktyor yüz rol oynayır. Hər rolun da öz
paltarını geyinir. Amma hər dəfə
eşiyə çıxanda öz paltarında
çıxır. Ədəbiyyat da belədir.
Bütün izmlərin içərisindən
keçib öz yolunu yaratmalısan. Bu da
kitablardan, mütaliədən gəlməməlidir. Allahdan, təbiətdən, şair fəhmindən gəlməlidir.
Məsələn, Markes "Yüz ilin tənhalığı"
romanını yazdı, gördük ki, bəli, bu doğrudan
da, dahidir. Sonra dedilər ki, Mövlud
Süleymanlı yazanda ona oxşadıb. Amma mən deyirəm
ki, - ola bilsin, qəbul etməsinlər, -
Mövlud Süleymanlı heç də Markesdən balaca
yazıçı deyil. Sadəcə olaraq Markesi birdən-birə
az qala bir milyard adam oxudu. Amma bizi nə qədər
adam oxuyur? Ən çoxu on
milyon.
Azərbaycan
xalqının tarixində elə fenomenal hadisələr var
ki, onlardan neçə-neçə "Yüz ilin tənhalığı"nı,
"Səfillər"ini, "Hərb və
sülh"ünü yaratmaq olar.
Parıltıya qaçan, qonşunun
parıltılarına uyan yazıçı bir gün
gözünü açıb görür ki, özü yoxdu. Ona görə
də öz kökünə, özünə, səni yetirən
mühitə, xalqa, tarixə istinad etməlisən. Gərəkdir ki, kökünə doğru gələsən.
Orda heç bir izm yoxdur. Orda sırf milli
şüur, milli təfəkkür var, torpaq var, musiqi var, səni
yetirən dünya var, layla var, beşik var, baba var, ulu baba var,
nəsil şəcərəsi var və onun üstündə
qurulan gələcək var. Mənə belə gəlir ki,
bütün izmlər, o cümlədən postmodernizm gəlib
keçəcək.
İnsanın mənəvi qatları çox dərindi. Nə qədər
istəyirsən insana enmək imkanı var. Enən oğul istəyir.
İndi cəmiyyətdə olan müxtəlif
problemlər, çətinliklərlərimiz bizi çox
şeylərdən məhrum eləyib, böyük
idealların əlindən alıb cılız duyğularla
başımızı qatır. Amma böyük ideallara
doğru gedəndə görürsən ki, Tolstoy da səndədi,
Çexov da səndədi, Markes də səndədi, Kafka da səndədi,
Folkner də səndədi, Füzuli də səndədi,
Mövlana da səndədi, Yunus Əmrə də səndədi...
Adlarını çəkdiyim bu insanların
heç biri göydən enməyib. Hamısı
bəndədi. Hansının əsərini
oxuyursan, görürsən, o duyğuları sən də
yaşamısan, yaşayırsan. Ona
görə də ədəbiyyat o zaman böyük olur ki,
bütün izmlərdən yuxarıda dayanır, heç bir
izmə tabe olmur və hər şey özü kimi təbii
olanda gözəl və böyük olur.
Mənim
üçün Azərbaycanda bir "Məşhər"
var, bir "İdeal" var, bir "Kollu koxa" var, bir
"Dəli Kür" var, bir "Qətl günü"
var, bir "Qarlı aşırım" var, bir
"Köç" var. Bunları tərcümə edib
dünyaya təqdim elə, gör nə olur? Amma
bizim o imkanlarımız yoxdur. Dünya ədəbiyyatı
anlayışının özünə də təzə
baxımdan yanaşmaq lazımdır. Bu
saat texniki imkanlar elə böyüyüb ki, bu hesaba da
dünya çox balacalaşıb. Bu balaca
dünyada özünü təbliğ etmək
üçün sənin arxanda maddi imkanlar dayanmalıdır.
Tanınmaq üçün heç bir "izm"
lazım deyil. Onun arxasında dayanan maddi
varidat istedadlı əsəri dünyaya çatdıra bilər.
İsa Hüseynovun bu gün dünyada
tanınmamağı məni çox ağrıdır. Çünki İsa Hüseynov Çingiz Aytmatovdan
kiçik yazıçı deyil. Bu
günlərdə "Qəbiristan" adlı bir
romanını oxudum "Azərbaycan" jurnalında. Otuz-əlli yaşında olan beyninin
ayıqlığı, ürəyinin təpəri, odu-alovu,
nifrətinin kəsəri səksən yaşlı Isa
Muğannada davam edir. İsa Muğanna izm
dalıyca getməyib, əsər yazanda deməyib ki, bu filan
izmdədir, sadəcə yaşadığı duyğuları
kağıza köçürüb. Ədəbiyyat
izmlərdən yuxarıda dayanmalıdır. Məncə,
bütün izmlərin hamısı İsa Hüseynovun
içərisində əriyib gedir...
Mənim
gündəlik dərdləşdiyim, öyrəndiyim yeganə
şair Hüseyn Arif olub
Mənim gündəlik dərdləşdiyim, şeirlərinə
qulaq asdığım, şeirlərini oxuduğum, öyrəndiyim
yeganə şair Hüseyn Arif olub. Şeirin ruhu, şerin
dili, şeirin nəfəsi, şeirin poetikası, şeir və
təbiət, şeir və saz barədə çox şeyləri
Hüseyn Arifdən əxz etmişəm. Hüseyn
Arifdə türkçülük təfəkkürü
heç yox idi. Hüseyn Arif Allahın sırf təbii
bir şair olaraq yaratdığı xilqət idi... Tutaq ki, Xəlil Rzadan Cavid görünürdüsə,
Hüseyn Arifdən Səməd Vurğun
görünürdü. Hüseyn Cavid daha çox
Türk-Turan təfəkkürü üstündə gəlirdisə,
Xəlil Rza da onu davam etdirirdisə, Hüseyn Arif aşıq
şeiri üstündə, şifahi xalq ədəbiyyatı
üstündə, folklor qaynaqları üstündə
mayalanan və dili bal kimi şirin olan, poetik təfəkkürü
çox sərrast olan bir şair idi... Danışığı
yox idi onun, səsi, natiqliyi yox idi. Amma
çox maraqlı bir dünyası var idi. Hüseyn Arif təbiəti həddindən artıq
yaxşı bilirdi. Dağkəli nədi,
dağkeçisi nədi, qartal nədi, durna nədi, şahin
nədi, kəklik nədi, qarğa nədi, təbiətin
bunların qarşısında qoyduğu vəzifə nədi?
Bunları çox gözəl bilirdi. Hüseyn Arif mənimlə bağlı çoxlu
yazılar - məqalələr, şeirlər yazıb.
Onun yazısından bir məqamı deyim, sənin
üçün Hüseyn Arifin kimliyi açılsın:
Deyir, bir dəfə bir dostum məni yurdumuzun dilbər
guşələrindən birinə qonaq aparmışdı. Maral
qoruğuna tamaşa edirdik. Zəng
çalınan kimi marallar məlum yerə toplaşdılar.
Meşəbəyi onlara yem verir, mehribanlıq
göstərirdi. Bir dəfə maraqlı
bir vəziyyətin şahidi oldum. Həmin meşəbəyi:
-
Hüseyn müəllim, sənə bir şey göstərəcəyəm,
- dedi.
- Göstər,
- deyib, maraqla ona yaxınlaşdım.
O, əlini
alma ağacının budağına
aparıb bir alma üzdü. Sonra həmin
almanı ağzını açıb, ona baxan marala
uzatdı. Maral həmin hədiyyəni dərhal
uddu. Meşəbəyi ağacdan başqa bir alma da üzüb öz dodağına vurdu, nəfəsinə
toxundurdu. Bayaq olduğu kimi, almanı yenə həmin
marala uzatdı. Maral küsmüş halda
başını bulayıb, meşənin dərinliyinə
çəkildi. Aydın oldu ki, maral nəfəsi
təmizdir, özgənin dili, dişi, dodağı, nəfəsi
toxunan heç nəyi qəbul etmir. Xalq nəfəsi
məhz maral nəfəsinə bənzəyir. Başqaları tərəfindən çeynənmiş,
qoxlanmış heç nəyi, heç şeyi yaxına
qoymur. Fitri ilham sahibi olan şairlərin
yaradıcılığı da belədir. Özgəsinin fikrini, düşüncəsini, ifadə
tərzini qətiyyən təkrarlamır. Həmişə öz halal ilhamının
sözünə qulaq asır. Zəlimxan kimi!
Görürsənmi, Hüseyn Arif üçün əsas
olan təbiətdi, həyatda hansı mətləbə
toxunurdusa, təbiətə istinad edirdi.
Kitablardan gəlmirdi, heç mütaliəsi
də yoxdu. Sırf eldən-obadan gəlirdi.
Hüseyn Arif yaradıcılığını
bütövlükdə yaddaşımda gəzdirdiyim şairlərdən
biri, bəlkə də birincisidir...
Azərbaycan
adlanan müqəddəslik ki, var - o, Zəlimxanı qoruyub,
qoruyacaq
Nəsil
şəcərəm yafıllılar qıpçaq türkləridir,
oğuz türkləridir və bu gün də
qıpçağın, oğuzun dilində danışan
sazıyla, sözüylə, nəfəsiylə,
ağsaqqallığıyla, çəkisiylə, ləngəriylə,
natiqliyilə, yumruğuyla o qədimliyi, tarixi, keçmişi
təsdiqləyən bir Zəlimxan Yaqub bu dünyada var və
yaşayır. Mənim qəsdimə duranlar da ola
bilər, məni məhv etmək istəyənlər də
var, buna təbii baxıram. Bu, zaman-zaman şairlərin
başına gəlib. Mənim
paxıllığımı çəkənlər, məni
öldürmək istəyənlər var. Mənə zəhər
vermək istəyənlər var, məni quyuya salıb səsimi
batırmaq istəyənlər var. Amma, eyni zamanda bu adamlar
şeytanla bağlıdır. Zəlimxanın
isə başının üstündə Allah var, peyğəmbər
var, peyğəmbər səviyyəli şəxsiyyətlər
var. Məni qoruyanlar var. Övliyalar şeytanlardan
güclüdür. Ona görə də
tarix boyu, zaman-zaman bir tərəfdə peyğəmbər
olub, o biri tərəfdə Əbu Sufyan. Bir
tərəfdə Həzrət Əli olub, o biri tərəfdə
Mərvan. Bir tərəfdə İmam
Hüseyn olub, o biri tərəfdə Yezid. Beləliklə, dünya xeyirlə şərin,
yaxşıyla pisin arasındakı mübarizələrin
üzərində qurulub. Zəlimxan Yaqubun
bir düşməni onun natiqliyidi, bir düşməni onun
gur nəfəsidi, bir düşməni onun gur səsidi, bir
düşməni onun boy-buxunudur, bir düşməni onun
havada oynayan yumruğudur. Bütün
bunların hamısı Zəlimxana düşmən
qazandırır. Meşədə min dənə
ağac var, amma ildırım vuranda palıdı vurur. Göydə min dənə quş uçur, amma
vurmaq istəyəndə qartalı vurmaq istəyirlər.
Həmişə barlı ağaca daş
atırlar. Çirkinlə heç kəsin
işi yoxdu, həmişə dünya gözəlini dedi-qodu hədəfi
eləyirlər. Bax, buna görə də
Zəlimxanı sarsıtmaq istəyənlər xalq deyil, millət
deyil. Bunlar kənardan gələn şeylərdir.
Azərbaycan adlanan müqəddəslik ki, var,
o, Zəlimxanı qoruyub, qoruyacaq. Amma, deyəsən,
türkün başqa qüvvələrlə
qarşılaşması ciddi şəkildə meydana
çıxıb. Türkiyəni
gözünün qabağına gətir. Bütün
dünyanın nə qədər hoqqası var, hamısı
Türkiyənin, türkün, Turanın başındadı.
Həmin şeylərin əzabı, zərbəsi,
yumruğu bu gün Zəlimxanlara ona görə dəyir ki, Zəlimxan
qıpçaqdır, oğuzdur, sazın-sözün vəhdətidir.
Zəlimxan qopuzdur, kımızdır,
süddür.
Xəlil
Rza məni Turan aləminə bağladı
...Mən Borçalıda yaşayanda "Ulduz"
jurnalında Xəlil Rzanın "İstedadın parlaması
uğrunda" adlı bir məqaləsi
çıxmışdı. Orada mənim
adımı çəkib və şeirimdən misal göstərmişdi.
Bu məni həvəsləndirdi və mən
Bakıya gələndə Xəlil Rzanın evinə getdim.
Məni Firəngiz xanım qarşıladı.
Təbriz də, Rza da onda balacaydılar.
Ayaqqabımı çıxarıb içəri keçəndə
Xəlil bəy: İgid, ayaqların nə yekədir sənin,
- dedi. Cavab verdim ki, Aşıq Ələsgərin
də ayaqları yekəydi. Xəlil Rza
çox sevindi mənim bu cavabımdan. İlk
dəfə açdığım şair qapısı Xəlil
Rzanın qapısıdır. Elə ilk
görüşümüzdən, ilk söhbətimizdən Xəlil
Rza qollarını açıb məni qucaqladı. Hiss
elədim ki, bu, bir şairin qolları deyil, Kürlə
Arazdır, Altayla Anadoludur, Turan dünyasıdır, Xətai
ilə Sultan Səlimdir, Teymurla Yıldırım Bayaziddir. Xəlil haqqında bir neçə poema, şeirlər
yazmışam, yenə də ürəyim boşalmır,
soyumur. Ona arxa çevirənləri, onun görüşlərini
pozmaq istəyənləri, onun afişalarını cırmaq
istəyənləri, hətta Lefortovo zindanında olanda belə,
ona ağız büzən qələm sahiblərini
görmüşəm. Bu adamlar bu gün Xəlil
Rza haqqında xatırə danışırlar. Biz Xəlil Rzayla bir-birimizi qoruyurduq. Xəlil Rzanı nə ilə qoruyurdum. O, nəhəng
idi. Mən onu necə qoruya bilərdim? Xəlil Rzanın şeirlərini yaddaşımda gəzdirirdim.
Zəlimxanın yaddaşında Xəlil
uçurdu. Od kimi,
qığılcım kimi yanırdı. Xəlil
Rzanın qarşısında heç kəs dayana bilmirdi.
Xəlil Rza ilə mən məclislərə
fateh kimi girirdik. Özü də 21
yaşında deyil, neçə yüz yaşlı fateh kimi.
Çünki biz öz ömrümüzü
aparırdıq həmin məclislərə, qəhrəmanlıq
tariximizin ömrünü aparırdıq. Metenin, Bilgənin adını kitablardan əvvəl
Xəlil Rzadan eşitmişəm. Xəlil
məni türk dünyasına, Turan aləminə
bağladı. Ömründə dedi-qodu
etməzdi, ömründə bir şairin haqqında pis söz
deməzdi. Yanında kiminsə haqqında
bir saat mühazirə oxuyardılar, heç vecinə
olmazdı. Ən axırda bir kəlmə deyərdi:
"Şəngülüm". Vəssalam.
Amma onu sancanda, onu vuranda Nazimin sözünü təkrarlayardı:
"Mənə vız gəliyor, vız". Xəlil
müdrik idi. Mən cavan idim. Xəlil
Rzadan od götürürdüm,
havalanırdım... Bəlkə indən belə
ağrılarım-itkilərim çox olacaq, amma inanıram
ki, bütün çətinliklərdə Xəlil mənim
yanımda olacaq, mənə kömək edəcək. Xəlil Rza mənə bütün bəlalardan və
çətinliklərdən qalib çıxmağın
yolunu öyrətdi. Xəlil Rza
böyük bir müstəqillik müğənnisiydi. Onunla nəinki bir Azərbaycanı, hətta
bütün dünyanı müstəqil etmək olardı.
Çünki ürəyi dünya qədər
böyük idi. İkinci qızım
Günayın adını da Xəlil Rza qoyub. Xəlil Rza mənim həyatımın gündəlik
bir parçasına çevrilib. Biz Xəlillə
bir olanda tufan qopurdu. Xəlil Rza zəncirlərə,
təhqirlərə boyun əyməyən, baş əyməyən
qəhrəman bir şəxsiyyət idi.
...Köhnə Yasamalda gecəqonduda yaşayırdıq. Xəlil Rza
ora tez-tez gələrdi. Bir dəfə
Sabir Borçalı ilə dənizdən gəldilər.
Sazı götürdüm. Sən
demə, mən çalıb-oxuduqca Xəlil də
yazırmış. Bir də gördüm Xəlil 26 bəndlik
"Zəlimxan sarayı"nı
yazıb:
Axır
damarında İdil, Araz, Kür,
Sənin
xırda evin, şair Zəlimxan,
Böyük saraylardan yüksək görünür.
Caviddən gələn ənənə ancaq Xəlil
Rzada davam elədi. Heç bir şairimizdə Caviddən
sonra türkçülük Xəlil Rzada olduğu qədər
olmadı.
Elə bilirsən Xəlil Rzanı etiraf edə bilirdilər? Lap axırda,
oğlunu qurban verəndən sonra susdular,
yığışıb oturdular yerlərində.
İrfana
bağlılığım Borçalıdan başlanır
- Mənim
irfana bağlılığım Borçalıdan
başlanır. Yadımdadır, Mövlud gecələrində
kəndimizdə məclislər qurulardı. Məscidlərdə
ilahilər oxuyardılar:
Ol cənnətin
irmaqları
Axar Allah
deyu-deyu
Çıxmış
islam bülbülləri
Oxar Allah
deyu-deyu
La ilahə
illəllah
La ilahə
illəllah.
Oxuyardılar, süzərdilər. Mən bu
ilahilərə uşaqlıqdan valeh olmuşdum. Ən gözəl avazla oxuyanlardan biri də mən
idim. Amma bilmirdim ki, bu sözlər türk
dünyasının böyük şairi Yunusun qoşduğu
ilahilərdir... Bünövrə Kəpənəkçidə
qoyulmuşdu. Və dinin yasaq olması,
babalarımın "Quran"ı çəkinə-çəkinə
oxuması... bütün bunların hamısı irfan
dünyasına, sufiliyə məni bağlamışdı.
Səməd
Vurğunun:
Xəbərdar
eləyin Ərəbistanı,
Ocaqda
yandırdı anam Quranı
- misralarına səssiz üsyan edirdim. Fikirləşirdim, Səməd Vurğun kimi
böyük bir şair necə olub ki, belə yaza bilib? Axı heç kəs qorxusundan "Quran"a əlini
vura bilmirdi. "Quran"ı təmiz bir
parçaya, kəlağayıya büküb
saxlayırdılar. Necə ola bilərdi
ki, "Quran"ı belə əziz saxlayan adamlar onu ocaqda
yandıraydı. Belə şeirlərə
üsyanımı ilahilər oxumaqla gerçəkləşdirirdim.
Əslində, Saz havaları başdan-başa ilahilər
deyilmi?
Hələ
Füzulinin:
Şəbi-hicran
yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?
- misraları ilahi deyildimi? Bunu mən
"Gəraylı" üstündə də oxuyuram.
Sonra bizə Qarsdan, Şamaxıdan, Salyandan,
Göyçaydan ilahilər oxuya-oxuya dərvişlər gələrdilər. Yəni irfan
dünyası uşaqlıqdan, körpəlikdən gəlməsə,
onu sonradan yaratmaq olmaz. Bu mənə
kökdən, Kəpənəkçi məclislərindən
gəldi. Mollaların, əhli-irfan adamların, qoca
kişilərin oxuduğu sözlərdən gəldi... Nəcib Fazil deyirsən, məni Nəcib Fazilə
bağlayan da elə həmin təsəvvüfdür.
Düşünün,
mən nə böyük rütbəyə tutquluyam!
Çünki onun qulunun köləsinin quluyam.
Allah,
Allah, Allah... Onun köləsi deyiləm, Onun
qulunun köləsinin quluyam - deyir.
Əllərimə
uzanan dodaqları təpəyim,
Allah deyən, gəl, sənin ayağından öpəyim.
Bu yük səndən, Allahım,
çəkəcəyəm naçaram!
Səndən
sənə sığınar, səndən sənə
qaçaram!
Ölüm gözəl şey; budur
pərdə ardından xəbər
Ölüm gözəl olmasa ölərdimi peyğəmbər?
Qapı-qapı
bu yolun son qapısı ölümsə,
Hər qapıda ağlayıb o qapıda gülümsə.
Böyük randevu... Bilsəm
nerədə, saat kaçda?
Tabutumun taxtası, bilsəm hansı ağacda?
Təsəvvüf deyilmi bunlar? İstər-istəməz
səni havalandırır. Ölüm gələndə
bu şeirləri düşünüb fışqırıq
çala-çala ölmək olar. Nəcib
Fazili oxuyanda sən başdan-başa olursan təsəvvüf
adamı.
Hazırladı:
A.Turan
Ədəbiyyat qəzeti.-
2020.- 18 yanvar. S. 18-19.