Gülüstan ƏLİYEVA: "Sənət fəaliyyətim həyatda var olmağıma səbəbdir"

 

Harmoniya...

 

Əziz oxucular, "Harmoniya"da yenə də çox səmimi bir həmsöhbətim var. Kifayət qədər maraqlı həmsöhbət olduğuna çox əminəm. Respublikanın Əməkdar artisti, Opera və Balet Teatrının aparıcı solisti, Milli Konservatoriyanın müəllimi, sevimli müğənnimiz Gülüstan Əliyeva. Gülüstan xanımla söhbətimi siz oxuculara təqdim edirəm.

- Gülüstan xanım, xoş gördük.

- Xoş gördük.

- Gülüstan xanım, bu ay operada çalışanlar üçün xüsusilə əlamətdardır. Bildiyimiz kimi, dahi Üzeyir Hacıbəylinin yazdığı, Şərqin ilk operası "Leyli və Məcnun" məhz yanvar ayında səhnəyə qoyulub.

- Bəli, tamamilə doğrudur. Eləcə də "O olmasın, bu olsun", "Arşın mal alan" da məhz yanvar ayında səhnəyə qoyulub. Üstündən bir əsr keçməsinə baxmayaraq, bu gün də aktualdı, bu gün də sevilir və baxılır. Düşünürəm ki, nə qədər Azərbaycan musiqisi yaşayır, Üzeyir Hacıbəyli qələminin məhsulu olan bu, digər əsərlər də yaşayacaq.

- Bu ay Azərbaycan xalqının tarixində həm də qanlı 20 Yanvar faciəsi ilə yadda qalıb. Nə qədər böyük kədər hissi ilə bu faciəni xatırlasaq da, xalqımızın qürur yeri, qəhrəmanlıq tarixi olduğunu da fəxarətlə deyirik.

- Bəli, itirdiklərimizlə yanaşı, həm də milli qürurumuzdu bu gün, bu tarix. Hər bir xalq özünün azadlığa, müstəqilliyə doğru atdığı addımları ilə tanınır, tarixdə yerini qazanır. 20 Yanvar Azərbaycanın iyirminci yüzilliyin sonunda öz azadlığına qovuşması uğrunda atdığı ən yüksək məqamdır. 20 Yanvar faciəsindən bizi illər ayırdıqca, bir daha bu tarixin xalqımızın qəhrəmanlıq salnaməsi olduğunu daha dərindən dərk edirik.

- Xanımdan, təbii ki, yaşının neçə olduğunu soruşmazlar. Amma hər bir kəsin öz daxili yaşı deyə bir anlam da var. Sözsüz ki, çox gəncsiz...

- (Gülür) Bilirsiz, həmişə deyirlər ki, insan özünü necə hiss edirsə, demək, o yaşdadı. Amma qadının üç yaşı var. Qadın özünü necə hiss edir? Qadının, əslində, neçə yaşı var və qadın necə görünür? Bu atributlar bioloji yaşından əlavə, qadının özünün psixoloji, fiziki, ruhi yaşını göstərmək üçündür. 53 yaşım var.

- Artıq neçə ildir Opera Teatrında çalışırsız...

- Əlbəttə ki, mənim bütün yaradıcılığımın başında opera dayanır. Burdakı fəaliyyətim mənim bütün yaradıcılığımın əsas mənbəyidi. 24 ildir ki, bu teatrın aparıcı solistiyəm. Və 17 ildir Milli Konservatoriyanın müəllimiyəm. Bir neçə ildir dosent kimi fəaliyyət göstərirəm. Opera fəaliyyətimlə bağlı müdafiə də etmişəm. İndi müzakirədədir. Yaxın günlərdə bununla bağlı xoş xəbəri eşidəcəyik, inşallah. Çox gözəl qeyd etdiz ki, sənət ömrümüzün bir parçasını deyil, bütünlükdə onu əhatə edir. Sənəti çox qısqanc bir sevgiyə bənzədirəm mən. O sevgisini, yəni ondan bəhrələnən, sevgi alan kəsi heç vaxt bölüşmək istəmir. O zaman sən sənətkar olursan ki, tamamilə özünü sənətə həsr edirsən. İnanırsızmı, övladımdan sonra məni bu həyata bağlayan, ayaqda durmağıma səbəb olan mənim sənətimdi. Sənət fəaliyyətim həyatda var olmağıma səbəbdir.

- Sözsüz ki, hər bir sənətkarın arzusudur Opera Teatrında solist olmaq, böyük əsərlərdə, operalarda oynamaq. Yəni burda çalışmaq hər ifaçıya da nəsib olmur. Bu baxımdan da siz bəxti gətirmiş ifaçısız. Bu günədək hansı operalarda oynamısız?

- Bəli, fərqi yoxdu, istər qadın, istər kişi ifaçısı olsun, hər bir sənət insanının, konkret desək, ifaçının ən böyük arzusudur, bircə dəfə Opera Teatrının səhnəsində hansısa obrazı canlandıraydım. Hələ konservatoriyada oxuduğum illərdə təbii ki, teatra gəlirdik, tamaşalara baxırdıq. Hər zaman afişaların qarşısından keçəndə düşünürdüm ki, görəsən, nə vaxtsa mənim də adım afişalarda yazılacaq? Əlbəttə ki, insanın həyatda hansısa nailiyyət əldə etməsi üçün arzuları, xəyalları, məqsədi və prinsipi olmalıdı. Əgər bunlar varsa, həyatda istədiklərinə nail olacaqsan. Bu gün Azərbaycan opera səhnəsində oynanılan bütün muğam operalarında mən rol almışam. "Leyli Məcnun"dan başlayaraq (Leylini oynamışam), "Aşıq Qərib"də Şahsənəmi, "Şah İsmayıl"da Ərəbzəngini, "Gəlin qayası"nda Sənəmi, "Natəvan"da xanəndə qızı oynamışam. Bir neçə il keçəndən sonra artıq opera səhnəsində "O olmasın, bu olsun " və "Arşın mal alan" tamaşaları yer aldı. Həmin vaxtdan "Arşın mal alan"da Cahan obrazını, "O olmasın, bu olsun"da isə qulluqçu Sənəm obrazlarını canlandırıram. Bildiyiniz kimi, bu obrazlar bir-birinə kontrast obrazlardır. Yəni bir-birinə əks olan obrazlar. Dramatik Leylidən sonra qəhrəman Ərəbzəngini oynamaq, Ərəbzəngidən sonra "Gəlin qayası"nda çox dramatik bir obrazı - Sənəmi canlandırmaq. "Arşın mal alan"da isə bütün bunların əksi olan Cahan xala obrazını yaratdım. Milli koloritli, rəngarəng, eyni zamanda düşündürən və güldürən məişət komediyası. Mən özümü çox xoşbəxt aktrisa hesab edirəm. Çünki Azərbaycan səhnəsində oynanılan bu tamaşalarda mənim öz yerim var. Ərəbzəngi obrazı mənə təklif olunanda, bir az tərəddüd etdim. Bu obrazın unudulmaz yaradıcısı Sahibə xanım Əhmədova kimi böyük sənətkardan sonra bu obrazı necə yaradacam deyə, çox düşündüm. Çox böyük məsuliyyət idi.

- Düşünüb qərar verməliydiz...

- Bəli, bəli... əlbəttə ki, bu obrazı mən ondan öyrənməliydim. O vaxt Sahibə xanım teatrımızda hələ çalışırdı. Leylinin anasını, "Aşıq Qərib"də ananı oynayırdı. Bir neçə obrazları var idi. Aktyorun bir üstün keyfiyyəti də odur ki, o, öyrənməyi bacarsın. Bu, aktyorun gələcək fəaliyyəti üçün də böyük ehtiyatdı. Bir də ki, aktyor seçimində teatrdakı rejissorun çox böyük rolu var. Rejissor aktyorda o potensialı gördüyü zaman bu təklifi edir. Sonralar bunu daha dolğun şəkildə özümdə aşkar etdim ki, yəqin, dəyərli rejissorumuz Hafiz Quliyev məndəki potensialı görürmüş. Xoşbəxtəm ki, nə yaxşı, bu obrazlar mənə təqdim olunub. Bu gün neçə-neçə aktyor səhnədən getsə də, mən hələ də səhnədəyəm, sevilirəm. Və tamaşaçılar "Arşın mal alan"a məhz Cahan xalanı seyr etmək üçün gəlir. Bu nə qədər qürurvericidi.

- İstərdim bir qədər də Milli Konservatoriyadakı pedaqoji fəaliyyətinizlə bağlı bəhs edəsiz.

- Bura çox müqəddəs bir musiqi ocağıdır. Azərbaycan musiqi aləminin bütün tanınmış simaları Milli Konservatoriyada toplaşıb. Gənclərimizə Azərbaycan musiqisini, muğamını, xalq mahnılarını, ümumiyyətlə, Azərbaycan milli musiqi mədəniyyətini tədris edirik. Bu arada onu da qeyd edim ki, hələ o vaxt - 1985-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) muğam sinfi fəaliyyətə başladı. Mən oranın ilk tələbəsi-məzunuyam. Muğam sinfində mənim müəllimim dəyərli professorumuz, görkəmli xanəndəmiz Arif Babayev oldu. Fəxr edirəm ki, bu gün Milli Konservatoriyada digər sənət yoldaşlarımla birgə sevimli müəllimim Arif Babayevlə çiyin-çiynə çalışıram. Gənclərimizə Azərbaycan musiqisi, muğamı, ümumiyyətlə, nə deməkdir, o, hər bir insanın, musiqiçinin taleyində hansı mövqedə dayanmalıdır. Bütün bunları onlara aşılayırıq.

- Bir qədər də mahnı ifaçılığınızla bağlı istərdim bəhs edəsiz. Ümumiyyətlə, sözlə musiqi. Bunlar mahnıda bir vəhdət təşkil edir.

- Sözdən söhbət düşmüşkən, bu arada əziz şair dostum Fuad Biləsuvarlını da xüsusi vurğulamaq istəyirəm. Bu gənc incəruhlu bir şairdi. O qədər maraqlı şeir dili var. Misranı gözdən keçirirsən, düşünürsən ki, bu sözü o, necə tapdı. Təbii ki, işimizlə bağlı biz çox şairlərə müraciət edirik. Bəstəkarların musiqisinə uyğun sözləri elə bəstəkarlarla birgə həmişə axtarışdayıq. Çünki bu, tək bəstəkarın deyil, həm də bizim mahnımızdı. Bir dəfə söyləyəndə ki, mən unudulmaz nəğməkar şairimiz Dəmir Gədəbəylinin tələbəsiyəm, onda mənə hər şey bəlli oldu. Anladım ki, onun şeir dili hardan bəhrələnir.

- Gülüstan xanım, sizinlə "Harmoniya" layihəsində görüşmüşük və son olaraq belə bir ənənəvi sualımı sizə də ünvanlamaq istəyirəm: Harmoniya nədir sizin üçün?

- Bilirsiz, harmoniya sevdiyin insanların əhatəsində olub, sevdiyin peşə ilə məşğul olmaq, sevdiyin həyatı yaşamaqdı. Əgər bunların hər birini anında qazanmısansa, deməli, sən həyatda harmoniyadasan. Əlbəttə ki, "Ədəbiyyat qəzeti"nin çox yaşı var. Və yüzlərlə oxucusu var. Bu qəzet elə bir harmoniya yaradıb ki, oxucusu ilə qələm sahibləri arasında elə bir körpü yaradıb ki, uzun illərdir oxunur və yaşayır.

- Dəyərli sözlərinizə görə sizə təşəkkür edirəm. Həmişə səsiniz gəlsin, həmişə səhnələrdə olasız.

- Mən də öz növbəmdə sizə təşəkkür edirəm bu axıcı, şirin söhbətə görə.

 

Müsahibəni apardı: Samir ƏFŞAN

Ədəbiyyat qəzeti.- 2020.- 18 yanvar. S. 21.