İspan
çəkməsi
Şairin
edamı...
Romanından parça
"Kişiyə şərəflə ölüb haqq
yolunda yanmaq nə gözəl! Ağ bürünmək yerinə al
boyanıb Allah yolunda üzüağ olmaq nə gözəl!".
İmam
Hüseyn (ə)
***
"Hamısını
öldürün,
Allah özü ayırd edəcək".
(Albisoy Xaç yürüşləri zamanı Bezye qətliamından
əvvəl Abbat Arnold Amirinin dediyi güman edilir. XVI əsr)
***
Kilsə tərəfindən mürtəd elan edilmiş
Yan Qusu diri-diri yandırarkən mömin qarı cənnətdə
özünə yer qazanacağına inanıb tonqala bir qucaq
odun atdı.
Yan Qus
qarıya sarı çevrilib gülümsəyə-gülümsəyə
dedi: "Sancta Simplicitas!" - "Müqəddəs
sadəlövhlük".
Məmləkətin baş kəndindəki mərkəzi
meydan heç vaxt belə izdihamlı, gur olmamışdı. Ölkənin
taleyüklü bir çox məsələlərini, problemlərini
bu meydana yığılmış nümayəndələr
birgə müzakirə etmiş, sonra da mühüm qərarlar
elə burada qəbul olunmuşdu. Lakin
meydana indiyəcən bu qədər kütlə
toplaşmamışdı.
İliyə
işləyib qılınc kimi kəsən şaxta, dörd yana cövlan edən sərt külək də
həmin qış günü o meydana yığışan
ahıllı-cavanlı, böyüklü-kiçikli,
kişili-qadınlı kütlənin vecinə deyildi.
Dəbilqəli-sipərli, qılınclı-qalxanlı,
elə əyin-başlarından hökm-güc, elə bu
hökmün, elə bu gücün də sayəsində
sir-sifətlərindən zəhirmar yağan əsgərlər
qolları zəncirli, ayaqları kündəli Şairi itələyə-itələyə
irəli çəkəndə buz bağlayıb donmuş
meydanda müvazinətini saxlaya bilməyib üzü üstə
yerə yıxıldı. Dərhal da
özünü toplayıb ayağa qalxmağa cəhd etdi.
Lakin əsgərlər Şairə yerindən tərpənməyə
imkan verməyib sürüdülər. Sürünmədi,
sürüdülər. Dartınıb
ayağa qalxdı. İzdihamdan qopan
uğultu, bağırtı, çığırtı,
hay-küy, nifrin, söyüşlər o qədər ucadan səslənirdi
ki, o qış günü atını dördnala çapan
küləyin qurd ulartısı belə o səsləri
batıra bilmirdi. Küləyin
vıyıltısından kütlənin
qışqırtısı, dediyi sözlər halı
özündə olmadığından idi ki, Şairin
qulağına gedib çatmırdı. Şairin
toran gözləri ancaq yellənən əlləri,
açılıb yumulan dodaqları görürdü. Ona görə də onun çöhrəsində
heç bir iztirab, həyəcan, peşmançılıq, təəssüf
cizgiləri hiss edilmirdi. Şair
üzünü meydanın dörd tərəfinə
çevirib kütləyə sarı gülümsədi.
Əyinləri qalın olsa da, şaxta əsgərlərə
də yer eləmişdi və onlar Şairi itələyə-itələyə
addımlarını yeyinlətməyə məcbur etdilər.
Edam kötüyünün yanında vəzifəsini
icra etməyə hazır olan qısqıvraq Cəlladbaşı
durmuşdu.
Qış günəşinin soyuq şüaları
altında Cəlladbaşının baltası əlində
par-par parıldayırdı. Balta göz qamaşdırıb elə
işıq saçırdı ki, indiyəcən bir göz
qırpımında neçə-neçə başı
üzüb yerindən eləyən Cəlladbaşı, sanki
öz baltasını bugünkü edam
üçün məxsusi olaraq itiləmiş, dəfələrlə
silib təmizləmiş, yağlayıb
parıldatmışdı.
Şairin əyni yalın, yuxa idi. Ona görə
də soyuqdan tir-tir əsirdi. Bir-birinə
dəyib şaqqıltı salan dişlərinin
şaqqıltısı Şairi elə bil birdən diksindirib
həyəcanlandırdı.
Şair
üzünü tər-su aparan Cəlladbaşıya tərəf
tutub dimdik:
- Yəqin
ki, xalq mənim qorxudan yox, soyuqdan titrəyib beləcə əsdiyimi
başa düşür, - deyə qəribə bir inamla xəbər
aldı.
Ölüm ayağında Şairin bu qəfil
sualından Cəlladbaşını gülmək tutdu. Şairi ələ
salıb qəhqəhə çəkmək, lap belə
öz-özünə uğunub getməyin əsl məqamı
idi.
Bayaqdan bəri
Cəlladbaşının bir gözü həm də
hökmdarın edam kötüyünə
yaxın bir yerdə qurulmuş taxtında qalmışdı.
Hökmdar qalın xəz kürkdə olsa da, Cəlladbaşı,
deyəsən, onun da üşüdüyünü hiss etdi.
Ayıq-sayıq Cəlladbaşının Şairin
sualına cavabı, yəqin ki, hökmdarı da güldürəcək,
qırışığını açacaq, bədəninə
istilik, hərarət gətirəcək və Cəlladbaşı
da ənamsız qalmayacaqdı.
Cəlladbaşı
kinayə ilə Şairə baxdı və birdən-birə...
Qəfildən... Əlbəəl... Dərhal...
Başa
düşdü ki, Şairin gələcək taleyi, sanki onun
- indiyəcən heç bir qurbanına, istər qoca, istər
cavan, istər kişi, istər qadın rəhm
edib aman verməyən bu Cəlladbaşının verəcəyi
doğru-dürüst cavabından asılıdır.
Kütlə uğuldayır, səs-səsə verib Cəlladbaşını
hökmdarın hökmünü yerinə yetirməyə tələsdirirdi. Şaxta onlara
da yer eləmişdi, hərçənd ki, əyin-başları
qalın idi.
Cəlladbaşı gözaltı hökmdara baxdı. Hökmdar vəzir-vəkilin,
əyan-əşrəfin arasında öz taxtında heykəl
kimi quruyub qalsa da, o da edam kötüyündən
Şairin dığırlanıb ayaqları altına
düşəcək başını görməyə tələsirdi.
Cəlladbaşı üşənə-üşənə
ondan intizarla cavab gözləyən Şairin düz gözlərinin
içinə baxdı. Şairin gözləri
onun əlindəki dəmir baltadan daha çox
parıldayırdı. Əlindəki balta
ilk dəfə Cəlladbaşının əlində
yüngülcə əsdi.
Hə,
belə idi ki, var - Şairi zağ-zağ titrədən, əlbəttə
ki, Cəlladbaşının əlindəki ovxarlı, par-par
parıldayan balta yox, adamın qanını da donduran
qışın bu şaxtası, iliyə işləyib
qılınc kimi kəsən sazağı, meydan boyu cövlan
edib qurd kimi ulayan küləyi, çovğunu idi.
Cəlladbaşının şəkk-şübhəsi
qalmamışdı. Ölümqabağı öz qurbanlarının
gözlərində həmişə qorxu, təlaş, xof,
vahimə və bütün bunlardan sonra da imdad, mərhəmət,
yalvarış görməyə vərdiş etmiş Cəlladbaşı,
hətta hökmdarın eşidə biləcəyindən belə
qorxmayıb lap ucadan sidq ürəklə:
- Elədir,
Şair, - dedi. - Elədir! Mən bunu sonra onlara hökmən
deyərəm!..
Şair zəndlə,
sınayıcı nəzərlərlə Cəlladbaşının
qan daman gözlərinin düz içinə
baxdı və o gözlərdə verdiyi vədə Cəlladbaşının
əməl edəcəyinə necə bir inam gördüsə,
dərindən rahat bir nəfəs aldı. Üşütməsi,
titrəməsi də elə bil ki, keçib getdi.
...İstintaq
zamanı zindanda Şairdən heç bir kəlmə söz
ala bilməmişdilər; əvvəlcə onu dilə
tuta-tuta şirnikləndirib yumşaltmaq istəmişdilər...
Sonra isə işgəncələr vermişdilər.
Şairi edam kötüyünə aparanda hökmdar
üzünü ona tutub qəzəblə:
- Hə,
noolar, - dedi, - sən qarşımda nə diz
çökdün, nə də yalvarıb-yaxarıb məndən
bağışlanmağını xahiş etdin. Suallarımıza da cavab verməyib heykəl kimi
lal-dinməz dayanıb durdun. İndi mən səni elə
zülmlə edam etdiricəyəm ki,
heç olmasa iniltini də olsa eşidə bilim...
Şair məğrur-məğrur gülümsədi.
Ölümqabağı
şeyx ondan necə dəfn edilməsini xəbər alandasa
tövrünü pozmadan sakit-sakit: "Sizə necə münasibdirsə,
eləcə də! Dostları əziyyətə
salmayın..." - deyə kinayə ilə dilləndi.
Və
Şair gülümsəyə-gülümsəyə
başını edam kötüyünə
uzatdı. Hökmdar ayaqları altında dığırlanan
başa istehza və acı təəssüflə baxa-baxa:
- Eh,
Şair, - dedi, - nə gizlədim, sənin ölümün mənə
ağır gəlir, necə ki, xilas olunman üçün
yalvar-yaxar etmək sənə ağır gəlmişdi...
Aydın TAĞIYEV
Ədəbiyyat qəzeti.-
2020.- 18 yanvar. S. 22.