Ailə
albomu
Yusif Səmədoğlunun "Qətl günü"
romanında Zəminə iri, uzunsov, qırmızı məxməri
rəngli albomu ərinə - Xəstəyə verir. Xəstə albomu dizinin
üstə qoyub düşünür ki, "köhnə
şəkilləri, ölüb-getmiş əzizlərinin
şəkillərinə albomlarda, yeşiklərdə və
başqa qaranlıq yerlərdə saxlayıb, hərdən-hərdən
onlara baxmaqla, evə gələn qonaqlara göstərməkdə
nəsə bir anormallıq vardı: İnsan həyatı tərk
edəndə bütünlüklə tərk etməlidir, ondan
sonra zahirini, səsini yalnız xəyallarda və qulaqlarda
qoruyub getməlidir və əgər sağ qalanlar çay
içə-içə çörək yeyə-yeyə
ölülərin şəklinə, gündəlik həyatın
adi şeylərinə tamaşa edirlərmiş kimi
baxırlarsa, ya da daha pisi, ölülərin
sağlığında maqnitofona yazılmış səsinə
qulaq asırlarsa, bu ölümün müqəddəsliyinə
xələl gətirir, bu, ölülərlə dirilər
arasında yaranmış zaman distansiyasında insanın ən
qiymətli və kövrək hisslərini-intizarını və
həsrətini tədricən əridib yoxa
çıxardı.
Albomu
tez-tez varaqlaya-varaqlaya öz şəkillərinə, Zəminənin
şəkillərinə, uşaqların və başqa qohum-əqrəbanın,
tanışların şəkillərinə gözucu və
ötəri baxa-baxa, nəhayət, Sədi əfəndinin
kartonu saralmış köhnə şəklini tapdı...".
Yanılmıramsa, 70-ci illər Azərbaycanda
fotoalbomların ən dəbdə olan vaxtıdır. Şəkillər
it-bata düşməsin deyə, albom səhifələrinə
yerləşdirirdilər. Albomlar yalnız
kitab dükanlarında deyil, fotoatelyelərin özündə
də satılırdı. Məzun albomlarını, toy
albomlarını və s. buraya əlavə etsək, o
dövrün ailə obrazını təsəvvür etmək
olar...
Ailə şəkillərində iki yaddaş forması
kəsişir, yəni həm maddi mədəniyyət
ünsürüdür, həm də mədəni
yaddaşın bir hissəsidir. Evdə fotoşəkillərin
mövcudluğu ailənin keçmişinin təsdiqi olur.
Şəkil ailənin gerçək tarixi
obrazını mifik obraza çevirir. Burada
həyatımızın önəmli məqamları -
doğum, toy-düyün buraxılış gecələri, məzuniyyət
günləri, bayramlar əksini tapırdı.
Albomlar ya köhnə şkafın gözündə,
çamadanın içində, ya da kitab rəfində, nə
bilim, pianonun üstündə olurdu. Valter Benjamin hesab edirdi
ki, "kim öz dəfn edilmiş keçmişi ilə əlaqə
axtarırsa, özü qazıntılarla məşğul
olmalıdır".
İldə-aydı bir dəfə albomu
götürüb varaqlamaq, köhnə şəkillərə
baxmaq bir ayin-ünsiyyət forması idi. O şəkillərə
baxa-baxa sən də bir anlığa həmin yerdə, həmin
zamanda "mövcud olurdun". Yusif Səmədoğlu
demişkən, ölülər və dirilər arasında
ünsiyyət yaranırdı. Həmin
"fotobaxış" ayinlərindən birinin kiçik
dialoqu yadımdadır:
- "Ay qız, bu ortadakı kimdir?"
- "Tanımadınmı? Siznən oxuyan Xalidədir,
elə son zəngdə qoşulub qaçdı.
Ağıllı iş gördü. İndi nənədir.
Yoxsa siz...".
- Bu,
İlyasdır, yanındakılar da iş
yoldaşlarıdır. O zaman hamı saçını dala
darayırdı...".
Sovet keçmişimizin təsviri yaşlı nəsildə
həmişə pozitiv emosiya yaradır, nostalji hisslər
oyadır.
Anam albomdakı uşaqlıq şəklimi göstərəndə
belə şərh verir: "Təyyarəçi
formasında Rüstəmin şəklidir. Yuri
Qaqarin təzəcə kosmosa uçmuşdu. Onda adamlar da başqa cür idilər. Anam
pensiyaya çıxanda necə sevinirdi...".
Albomlarımızda sürgün, deportasiya şəkillərinin
yoxluğu travmalı keçmişimizlə əlaqənin
silinməsinə və tamam başqa xatirə strukturunun
yaranmasına səbəb olmurmu? Acılarımızı,
ağrılarımızı niyə sənədləşdirmədik?!.
Görəsən, bu qədər fəlakətlərdən,
"zəlzələdən-vəlvələdən" sonra
şəkillərdə nəyi xatırlayıb,
uşaqlarımıza nəyi danışacağıq? O şəkilləri ki, biz
danışmamışıq, susmuşuq, nəvələr
unutmağa məhkumdur.
Qürbətdə, mühacirətdə insanların
şəkilləri mütləq dəyişir, Vətəndə
çəkilmiş şəkillərdən nə isə bir
anlaşılmaz, mistik fərqi olur. Məndə bu qənaət
Ceyhun bəy Hacıbəylinin şəkillərinə baxarkən
yaranıb. Yalnız bu şəkillər əsasında
bir həyat hekayəti yazmaq olardı ki! Təxəyyülünə
güc verib, hətta tarixçəsini və kontekstini bilmədiyin
şəkillərə mətn uydurub, "albom-roman" (qoy
bu janr adı da məndən yadigar qalsın!)
düzüb-qoşmaq olardı! Axı, fotoqrafiya yalnız o
zaman məna qazanır ki, sən orda öz "mətnini"
tapıb oxuyursan, onu keçmiş və gələcək
zamanla təmin edirsən...
Çağdaş
serb yazıçısı Dubravka
Uqresiçin "Qeyd-şərtsiz təslim muzeyi"
adlı bir romanı var - Sarayevonun mühasirəsində əsas
rol oynamış gerenal Ratko Mladiçin hekayətidir. Gerenal
görəndə ki, növbəti atəş hədəfi
yaxın tanışının evidir, ona zəng edib beş dəqiqə vaxt verir ki, gəlib
fotoalbomunu götürsün.
Neçə aydır ki, soyuqqanlıqla bir şəhəri
dağıdan general yaddaşı necə məhv etməyi
gözəl bilirdi. Generalın tanışına öz xatirələri ilə
yaşamaq haqqı verməsi gözlənilməz
"yaxşılıq" idi...
Azadlıq və yaşam haqqı kimi, xatırlama
haqqı da hər bir insanın təbii hüququdur.
Dubravka
Uqresiçin həmin romanında bir deyimi indi də qafamdan
çıxmır ki, çıxmır: "İki cür
qaçqın var - fotoqrafiyaları olan və olmayan...".
İnanmasanız
da, gerçəyi söyləyirəm: bundan illər öncə
Mingəçevirdə nişan törəni
ilə bağlı qonşuya getmişdik. Qonşu
Ağdam qaçqını idi. Ev yiyəsi
beş-on dəqiqəliyə başımızı qataq deyə,
ailə fotoalbomunu bizə uzatdı. Şəkillərin
çoxu Ağdamla bağlı idi. Təbii
ki, bu "Ağdamnamə"də heç kimi
tanımırdıq. Bələdçiliyi ev yiyəsinin bacısı edirdi. Bizi şəkillərlə
tanış edir, şərhlər verirdi:
"Bu, qonşumuz polkovnik Sadirin anası Saray arvaddır, 108
yaşında rəhmətə getdi. Elə
deyirdi ki, qapı-baca yiyəsiz qaldı. Toyuq-cücə,
pişik ac-susuz qaldı... Rəhmətliyi oğlanları
Bakıda basdırdılar...".
Birdən
sözünə ara verib kövrək səslə
dedi: "Bizdə bir şəkil də yoxdur, hamısı o
viran olmuşda qaldı. Canımızın hayında idik,
uşaqların toy şəkilləri də orda qaldı...".
Rüstəm Kamal
Ədəbiyyat qəzeti.-
2020.- 18 yanvar. S. 23.