"Molla
Nəsrəddin" ədəbi məktəbinin layiqli
davamçısı
Xeyrəddin Qoca -
70
Çağdaş Azərbaycan ədəbiyyatında
"Molla Nəsrəddin" jurnalının ideya, janr və
üslub rəngarəngliyini ləyaqətlə davam etdirən
Xeyrəddin Qoca orijinal satirik yazıları ilə seçilən
yazıçılarımızdandır. Cəlil Məmmədquluzadə,
Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər
Sabir kimi ədəbi fəaliyyətinin ana xəttini vətən
və millət təəssübü, doğma xalqını
azad və xoşbəxt görmək istəyi Xeyrəddin Qoca
yaradıcılığı üçün də səciyyəvidir.
Zəngin və çoxşaxəli
yaradıcılığı onu dövrünün satirik
yazıçısı kimi məşhurlaşdırmış
və "Molla Nəsrəddin" ədəbi məktəbinin
fəal davamçılarından birinə çevirmişdir.
Azərbaycan xalqının ictimai-siyasi, ədəbi-mədəni
həyatında gedən prosesləri həssaslıqla
müşahidə edən, bir vətəndaş
yanğısı ilə bu taleyüklü məsələlərə
öz münasibətini bildirən Xeyrəddin Qoca satira və
yumor janrına böyük önəm verir və onun məsuliyyətini
dərk edərək yazır: "Satira və yumor ən ciddi
janrdır. Hətta mən deyərdim ki, bu, o qədər
ciddi janrdır ki, yazmaq üçün böyük istedad və
bacarıq tələb olunur. Az
sözlə böyük fikirləri ifadə etmək
iqtidarında olmalısan. Həm də gülə-gülə
ağlatmağı, ağlada-ağlada güldürməyi
bacarmaq lazımdır".
"Molla
Nəsrəddin" jurnalının ideoloji xətti, kəskin
satirik üslubu, aydın tendensiyası, həqiqəti ən dərin
qatlarına qədər açıb söyləməsi və
ən başlıcası isə vətən və millət
yanğısı Xeyrəddin Qocanı gənc
yaşlarından sehrləmiş, o, 1968-ci ildə "Hədiyyə"
adlı ilk hekayəsini "Kirpi" satirik jurnalında dərc
etdirmişdir. Jurnalın baş redaktoru Seyfəddin
Dağlının tövsiyəsi ilə çap edilən bu
hekayə 18 yaşlı gəncin gələcək
yaradıcılıq yolunu müəyyənləşdirdi.
Satirik üslubu ilə mollanəsrəddinçilərin
ölməz irsini yaşadan Xeyrəddin Qoca Süleyman Rüstəmin
rəhbərliyi ilə fəaliyyət göstərən
"Kirpiçilər məclisi"ndə maraqlı satirik
yazılarla çıxış etməyə başladı.
Bu proses sonralar "Ədəbiyyat və incəsənət"
qəzetinin "Həftə gülüşü" səhifəsində
uğurla davam etdirildi. Xeyrəddin Qocanın satirik üslubda qələmə
aldığı "Filankəslər" (1995), "Hərə
öz payını götürsün" (1998),
"Marallar" (2000), "Bu dünyadan məktublar"
(2002), "Gərək yazam" (2003), "Hərənin
öz payı" (ikihissəli satirik komediya, 2003), "Pyeslər"
(2004), "Bu da belə həyatdır" (2008), "Biz bizə
bənzərik" (2010), "Xeyrəddin Qocanın gülüşü"
(2015) və başqa kitablarında "Molla Nəsrəddin"
dəst-xətti açıq-aydın görünməkdədir.
Onun "Hərənin öz payı",
"Qonşulaşma, qohumlaşma, kirvələşmə",
"Bu bizim zəmanədir" pyesləri Azərbaycanın
ayrı-ayrı şəhər və rayonlarında
nümayiş etdirilmiş, cəmiyyətdəki
çatışmazlıqlardan, nöqsanlardan, eybəcərliklərdən
bəhs etdiyi üçün tamaşaçılar tərəfindən
maraqla qarşılanmışdır. "Qonşulaşma,
qohumlaşma, kirvələşmə" televiziya
tamaşası 2004-cü ildə Azərbaycan Dövlət
Televiziyası ilə yayınlanmışdır. Bu
tamaşalar haqqında "Azərbaycan", "Yeni Azərbaycan",
"Respublika", "Xalq qəzeti", "Şərqin səsi"
və başqa dövri mətbuat orqanları məqalələr
və resenziyalar dərc etmişlər.
Əlli
ildir yorulmadan satirik yazıları ilə "Molla Nəsrəddin"
ənənələrini uğurla davam etdirən
yazıçı deyir: "Biz hansı cəmiyyətdə
yaşamışıq, hansı cəmiyyətdə
yaşayırıq, sabah hara gedirik? Bu fikirlər
məni narahat edir, ona görə yazıram. Xalqı, vətəni, torpağı sevdiyimdən
yazıram. İnsanlara məhəbbətimdən
yazıram. Vaxtilə Mirzə Cəlil, Sabir,
Ə.Haqverdiyev ... niyə yazırdılar? Mən
də ona görə yazıram".
Şübhəsiz ki, ideal cəmiyyət yoxdur. Xeyrəddin
Qoca da bir vətəndaş, ziyalı kimi
yaşadığı cəmiyyətdə nöqsanlarla,
neqativ hallarla, ədalətsizliklərlə
qarşılaşmış və onun satirik sənətkar
kimi yetişməsində həyatın bu sərt həqiqətləri
ilə üzləşməsi müəyyən rol
oynamışdır. Yazıçı bu danılmaz
faktları etiraf edərək yazır: "Uşaqlıqdan
indiyədək həyatım boyu haqsızlıqlarla, ədalətsizliklərlə
rastlaşmışam. Qapılar arxasında
çox qalmışam. Hər bir
insanın müəyyən xarakteri olduğu kimi, mənim də
satira və yumora böyük həvəsim olub. Gözəl satirik əsərlər yazan sənətkarlara
heyran olmuşam. Bütün bunlar, eyni
zamanda dünyagörüşüm məni satira və yumor
yazmağa sövq edib. Ancaq bu yolla ürəyimin
dərinliklərindəki məhəbbətimi, bəzən də
nifrətimi bildirirəm. Yazılarımın
əsas qayəsi tərbiyələndirməkdir. Yəni kimisə alçaltmaq, məhv etmək yox, məhz
tərbiyə etmək üçün satira və yumordan
istifadə edirəm".
"Molla Nəsrəddin"də ana dili problemi
jurnalın başlıca məsələlərindən biri
olmuş və bu mövzulu satirik felyetonlara, şeirlərə,
publisistik məqalələrə öz səhifələrində
geniş yer vermişdir. Bu önəmli məsələ Xeyrəddin Qocanı da
dərindən düşündürür, doğma ana dilimizə
ögey münasibət bəsləyənlər onun tənqid
hədəfinə çevrilir.Yazıçı "Müsəlman
havası "çalaq"..." adlı felyetonunda Cəlil
Məmmədquluzadənin məşhur "... türk dili
danışmaq eyibdir və şəxsin elminin
azlığına dəlalət edir..." fikrini
xatırladaraq öz dilini bəyənməyib rus və ya qeyri
dillərdə danışmağa üstünlük verənləri
satira atəşinə tutaraq deyir: "... axı, nə olub
bizim baldan şirin, ana laylası kimi saf, təmiz,
axıcı, musiqili Azərbaycan dilimizə? Dilləri
öyrənmək, bilmək çox yaxşıdır.
Amma öz dilimizdə
danışdığın halda, başqa dildən istifadə
etmək nə deməkdir? Kim nə
düşünür-düşünsün, mən bunu ana
dilimizə xəyanət, ana laylalarımıza təhqir hesab
edirəm" .
Xeyrəddin Qoca bütün
yaradıcılığı boyu "Molla Nəsrəddin"
ənənələrinə sadiq qalıb. "Molla Nəsrəddin"
jurnalında silsilə şəklində dərc edilən
"Atalar sözləri", "Hikmətli sözlər"
rubrikalarında yer alan parodiya və
perifrazlar Xeyrəddin Qocanın "Məsləhətlər"ində
özünəməxsus tərzdə, sətiraltı
eyhamlarla, ironik şəkildə davam etdirilir.
Yazıçının bu uğurlu, sərrast və satirik
yönümlü tapıntıları qüvvətli aforizmlər
kimi səslənir:
"Vəzifədə-zadda olsanız, özünüzə
bir gün "ağlayın". Çünki vəzifə
həmişəlik deyil".
Pulunuz
varsa, nazir də ola bilərsiniz, şair də.
Hələ istəsəniz alim də, professor
da. Təki verən əliniz olsun.
Məşhurlaşmaq istəyirsinizsə, bir partiya
yaradın, özünüz də olun başqan. Ən
azından millət vəkili seçiləcəksiniz, bəsinizdir.
Bir vəzifəyə getmək istəyirsinizsə,
şayiə yayın ki, sizi həmin vəzifəyə
götürmək istəyirlər, amma siz razı olmursunuz. Onda sizin haqqınızda
ictimai rəy yaranar, məqsədinizə nail olarsınız.
Ev almaq növbəniz çatanda tələsməyin. Bəlkə
sizdən sonra müdirin yaxın adamları var.
Qəzetləri çox oxumayın, diliniz
söyüşə öyrənər.
Səhnədə
kim bərk qışqırsa, ona əl
çalın. Deməli, yaxşı oxuyur.
Rüşvəti manatla yox, dollarla alırlar,
çünki manatı saymaq çox vaxt aparır.
Deyirlər, gərək Məkkə, Kərbəla ziyarətinə
halal pulla gedəsən. Görün ölkəmizdə halal pul qazanan nə qədər
mömin var!
Çox məsləhət verməkdən çəkinin. Çünki hərə
öz ağlını bəyənir...".
Bu kimi sərrast, lakonik və kəskin "məsləhətlər"
Xeyrəddin Qocanın "Molla Nəsrəddin" ədəbi
məktəbinin layiqli davamçısı olduğunu bir daha
təsdiqləyir.
Azərbaycan
xalqının ictimai-siyasi və ədəbi-mədəni həyatında
fəal iştirak edən Xeyrəddin Qocanın çoxşaxəli
fəaliyyətinin
əsas istiqamətini onun satirik
yaradıcılığı təşkil edir. "Molla
Nəsrəddin" ədəbi məktəbinin XX əsrin əvvəllərində
yaratdığı, formalaşdırdığı azərbaycançılıq
ideologiyası, azad, demokratik və hüquqi bir dövlətin
vətəndaşı olmaq tendensiyası əsrin sonunda Xeyrəddin
Qoca yaradıcılığında davam etdirilir. Yazıçı içərisində
yaşadığı cəmiyyətdə hökm sürən
haqsızlığa, ədalətsizliyə, rüşvətxorluğa,
əliəyriliyə, talançılığa qarşı
barışmaz mövqedə dayanır, neqativ hallara yol verənləri
satirik ittihamla üz-üzə qoyur. Yazıçının
dərin müşahidə qabiliyyəti, yüksək
intellektual səviyyəsi, hadisələri analiz etmə
bacarığı onun dinamik fəalliyyətinə təminat
yaradır və əsl satirik yazıçı kimi
formalaşmasını reallaşdırır. Xeyrəddin Qocanın çoxşaxəli yaradıcılığı
mövzu rəngarəngliyi ilə diqqəti cəlb edir.
Xalqımızın ictimai, siyasi, sosial həyatının
bütün sahələrini öz təfəkkür süzgəcindən
keçirən yazıçının real faktlara əsaslanması
onun Cəlil Məmmədquluzadə irsinin əsl
davamçısı olduğunu bir daha təsdiqləyir.
Mirzə Cəlilin cəmiyyətdəki
yaraları sağaltmaq üçün "rişədən
başlamaq lazımdır" tendensiyası Xeyrəddin Qoca
yaradıcılığı üçün də səciyyəvidir.
Çünki Xeyrəddin Qoca da Cəlil Məmmədquluzadə
kimi, sözü zamanında deməyi bacarır: "Söz
demək üçün zamanı gözləyənlər mənim
nəzərimdə ən qorxunc adamlardır! Elələri
də var ki, zamanı gözləyə-gözləyə
ölüb gedirlər bu dünyadan. Ömür
qısadır axı! Nə sözün var, zamanında de də!".
Xeyrəddin Qoca satiralarının əsas tənqid hədəfləri
kimlərdir?
- Bürokratlar, bacarıqsız və səriştəsiz
siyasətbazlar, rüşvətxor, əliəyri,
süründürməçi məmurlar, müxtəlif adda
partiyalar yaratmaqla xalqı parçalamağa cəhd göstərən
yalançı və fırıldaqçı işbazlar,
xalqa "kişilik" dərsi öyrədən riyakar
şöhrətpərəstlər, dövlət əmlakını
talayan tamahkarlar, pul hərisləri, yalançı "vətənpərvərlər",
danosbazlar, ana dilində danışmaqdan utanc hissi keçirən
"manqurtlar", yalan, böhtan yazan mənsəbpərəst,
reket jurnalistlər, bayağı mahnılarla xalqın
zövqünü korlayan istedadsız, üzdəniraq
müğənnilər, "mən salim olum..." prinsipi ilə
gün keçirənlər, yaltaqlar və başqa neçə-neçə
antipodlar. Bu prototiplərə başqa bir səpkidə
mollanəsrəddinçilərin
yaradıcılığında da çox rast gəlirik.
Əliqulu Qəmküsarın müvəqqəti hökumətin
boşboğaz nümayəndələrinə həsr etdiyi və
1917-ci ildə "Molla Nəsrəddin" jurnalında dərc
olunan "Qarğalar pamfleti"nin mövzu və ideyası Xeyrəddin
Qocanın "Qarğalar-quzğunlar" felyetonunda uğurla
davam etdirilir:"Qartal" sözünü həmişə
fəxrlə səsləndirmişik. Axı
qartallar zirvələr fəth edir, qürur rəmzi
sayılırlar. Lakin elə ki, bunlar bir canlının
üstünə hücum çəkir, onu
didib-parçalayırlar, onda olurlar quzğun! Yəni vəhşi!.. Quzğunlar murdar leşləri
parçaladıqlarından həmişə dimdikləri
qanlı olur. Bəzi insanlar da onlar kimidir,
birinə pislik etməsələr, onun "leşini"
görməsələr, sakit olmurlar, gecə-gündüz, hər
an onu "didməkdən" ləzzət alırlar.
Qaniçən vampirlər kimi! Hərdən elə-belə də
deyirlər: "İmkanım olsa, filankəsin qanını
içərdim!". Yazıçı
bəd əməllərin daşıyıcısı olan belə
mənfi tiplərin xarakterini yaratmaqla onları islah etməyə,
cəmiyyət üçün yararlı və faydalı bir
insana çevirməyə çağırır. Mollanəsrəddinçilərin vətən və
millət təəssübkeşliyi, bəşəriyyəti
yaxşılığa, xeyirxahlığa səsləmək
kimi cahanşümul missiyası Xeyrəddin Qoca yaradıcılığının
əsas leytmotivini təşkil edir.Yazıçı cəmiyyət
üçün yararsız olan belə
"qarğa-quzğunlar"ı mikroblarla müqayisə
edir. Bu məqamda böyük realist ədibimiz Cəlil Məmmədquluzadənin
"Mikroblar" felyetonunu xatırlatmaq yerinə düşər:
"Qərinələrlə millətimizin şirin canına
milyonlarla ac mikroblar daraşıb qanını sormaqdadır və
məhz bu həşəratdır milləti xəstə edən,
məhz bu mikroblardır onu bədnam edən!..
Lazımdır mikrobları millətin bədənindən kənar
eləmək!".
Xeyrəddin
Qoca ustad Mirzə Cəlilin sözlə rəsm etdiyi bu
"mikroblar"a yeni çalar, yeni rəng verməklə
orijinal bir şəkildə oxucuya təqdim edir: "İnsan
cəmiyyətindəki saysız-hesabsız mikroblardır
qarğa-quzğunlar! Mikroblar da bilirsiniz, qaranlıqda, xəlvətdə,
işıq olmayan yerlərdə inkişaf edir, ayaqqabılarımızın
altına yapışırlar! Ona görə də
bir işıq görən kimi gözləri qamaşır,
işığın qarşısını almaq
üçün "əl-ələ verib mikrob
"divarı" yaradırlar. İnsanlar
isə bu mikrobları tamamilə yox etmək istəyirlər.
Lakin bu mümkün olmur, çünki mikroblar
çoxdur, nə qədər işıqlı insanlar var,
onlar da olacaq".
Xeyrəddin Qoca geniş və çoxşaxəli
yaradıcılığında Cəlil Məmmədquluzadə
ilə yanaşı, Əbdürrəhim bəy Haqverdiyev
yaradıcılığına da müraciət etmişdir. Təsadüfi
deyildir ki, onun kitablarından biri "Marallarım"
adlanır. Xeyrəddin Qoca Haqverdiyev
yaradıcılığından bir sənətkar kimi bəhrələndiyini
xüsusi vurğulayaraq deyir: "And olsun bizi Yaradana, birdən
oturub fikirləşirəm ki, ayə, görəsən,
bütün millətlərdə bu qədər "maral"
var, yoxsa birinci yeri biz tuturuq?" Yazıçı
bildirir ki, "növbəti kitabımda elə gülünc
"marallar" var ki, inanın, qələmimin gücü
çatmır onları olduğu kimi təsvir eləməyə.
Yəni o qədər iyrənc, dəhşətli
"marallar"dır ki, burda Mirzə Cəlil qələmi,
Sabir satirası tələb olunur. Mən
bacardığımı etmişəm. Amma bilmirəm bu
günün "marallar"ını verə bilmişəm,
ya yox?". Əlbəttə ki, verə
bilmisiniz, Xeyrəddin müəllim!
Akademik
İsa Həbibbəyli Xeyrəddin Qocanın
yaradıcılığındakı bu məqama diqqət
çəkərək yazır: "Yazıçı Xeyrəddin
Qoca müstəqillik dövrü Azərbaycan ədəbiyyatında
satirik nəsrin görkəmli təmsilçisidir. Yığcamlıq, hazırcavablıq, konkret hədəf
seçmək, sərrastlıq onun satirik nəsrinin ana xəttidir.
Ədib Azərbaycan ədəbiyyatında
Əbdürrəhim bəy Haqverdiyevdən sonra müasir həyatın
"marallar"ının bədii obrazlarını
yaratmağa müvəffəq olmuşdur. Xeyrəddin
Qocanın "marallar"ı həm də "Molla Nəsrəddin"
"marallar"ının davamçıları, xələfləridir.
O, satirada qüdrətli yazıçı və vətəndaş,
publisist Cəlil Məmmədquluzadənin rəhbərlik
etdiyi "Molla Nəsrəddin" ədəbi məktəbinin
yeni əsrdəki sadiq davamçısıdır".
Xeyrəddin
Qoca 50 illik fəaliyyəti dövründə daima
xalqımızı öz milli-mənəvi və əxlaqi dəyərlərini
qorumağa, bu yolda qarşıya çıxan maneələri
dəf etməyə, mübarizəyə səsləmiş və
bu gün də bu taleyüklü problemlərin həlli istiqamətində
ardıcıl və prinsipial mövqeyini davam etdirməkdədir:
"Adam da pulu ilə, maşınları ilə, evləri-eşikləri
ilə, villaları ilə qürrələnərmi? Bunları kasıb-kusubun gözünə soxarmı?
"Ölün, çatlayın" ədası
ilə hərəkət edərmi? - deyən
yazıçı dövlət məmurlarını, yüksək
vəzifə sahiblərini xalqın qanını sormaqla
topladıqları var-dövlətlə, haram pullarla deyil, təmiz
adla, saf mənəviyyatla öyünməyə, insanlara əl
tutmağa, xeyirxahlıq etməyə səsləyir. Yazıçı bir həqiqəti bu cür
puç mənəviyyatlı insanlara anlatmağa
çalışır ki, yalnız yaxşılıqla ad
qoyub gedənlər əbədiyyət qazanacaqlar.
Mənəviyyatı da yaradıcılığı kimi
zəngin olan Xeyrəddin Qoca müxtəlif vəzifələrdə
çalışıb və bir çox mükafatlara layiq
görülüb. Lakin bunların içərisində ən
böyük mükafat əlbəttə ki, milyonlarla oxucu məhəbbətini
qazanmaqdır. Çünki o elə bir dəyərdir
ki, heç zaman öz qiymətini itirmir, sənətkara əbədiyaşarlıq
bəxş edir.
Xeyrəddin
müəllim! Arzu edirik ki, yarım əsr yolunda qələm
çaldığınız xalqımızın tükənməyən
məhəbbəti sizi əbədi yaşatsın!
Gülbəniz Babayeva
Ədəbiyyat qəzeti.-
2020.- 18 yanvar. S. 24-25.