Şairin
vətəni sevgidir və yaxud Sevgi vətəndən
başlayır
"Ədəbiyyat bütövlükdə məscid,
poeziya isə onun minarəsidir, onda şairlər dünyada hər
şeyi - ən əvvəl isə işığı birinci
görənlərdir. Bu mənada "poeziya işıqdan
başlayır". Bu sətirlər ədəbiyyat
aləmində öz düşüncəsi ilə maraq yarada
bilən və yadda qalan İlham Qəhrəmana məxsusdur.
Açığı, onun "Şairin vətəni
sevgidir" kitabındakı ədəbiyyatla, poeziya ilə
bağlı ovxarlı misralarını oxumasaydım, ədəbiyyata
və şeirə aid dəyərli fikirlərini
"hımm" - deyib başımla əhsən fikrini təsdiqləməsəydim
bu məqaləni yazmaq istəyim yaranmayacaqdı.
İlham Qəhrəmanın
yaradıcılığını vərəqlədim,
yazılarındakı maraqlı düşüncə və fərqli
baxış oxucunu özünə çəkə bilir. Hətta kitablarına verdiyi
adlar belə cəlbedicidir - "Gülüm yarpıza
döndü, "Məni bizə gətir", "Ağlama,
qələm eşidir", "Ağlama, qu quşu,"
"Sevgi durna çırağıdır", "Ey
dil", "Əsir dağlar" və nəhayət,
"Şairin vətəni sevgidir".
Sonuncu kitabın üzərində dayanmaq istədim. "Şairin
vətəni sevgidir", əslində həyat sevgidən
başlayır. Kitaba daxil edilən
mövzular rəngarəngdir, günümüzün nəbzini
tutan mövzular diqqət mərkəzinə
çatdırılır və yaşadığımız vətən
ağrısının, əzabının şəkli
gözlərimiz önündə canlandırılır.
Ümumiyyətlə, müharibə,
ağrı poeziyasında yazılan minlərlə şeirdə
hər şair bu əzabı bir cür yaşayır,
yaşayır deyirəm, çünki torpaq itkisi mövzusu
iynənin gözündən keçməyə məcbur olan
qalın sap kimi yaradıcı şəxsin damarlarından
qaralmış və qatılaşmış qan kimi
keçir. Bir də ki, bu poeziyanı yaradan Vətənini
itirən şair ola. "Əzabın
şəkli" şeiri oxucuya dörd misrada təqdim edilir.
Ağ
suyu boyamış rəngtək canımda
Dostum, itirilmiş yurd əzabım var.
Deyirlər,
Laçını dəyişəcəklər
Qarmağa taxılmış qurd əzabım var.
Bu
misralarda yaşanan əzab "qarmağa taxılmış
qurd"un ümidsizliyi ilə eyniləşdirilir.
Demək olar ki, əzabın qarmağa
taxılmış qurd əzabı ilə hələ heç
bir poeziya nümunəsində rast gəlinmir. Eyni zamanda elinə, obasına həsrət qalan
şairin yaratdığı həsrətin portreti elə
canlı və realdı ki, həsrətin
ağrısını ciyərlərinə çəkirsən.
Gözlərin qarşısında itirilmiş
torpaqlarımızda qalan məzarlar və "ölmək
üçün gözlərini bu dünyaya yummamaq
üçün dirəşib "Allah, məni elimdə,
obamda öldür, torpağımda uyuyum" - deyə göylərə
əl açan ancaq, bu arzusu da torpaq, Qarabağ istəyi kimi
ürəyində köz olaraq dünyadan köçənlərimizi
xatırladır. Bu baxımdan "Həsrət"
şeiri elə həsrətin real portretidir.
Laçında
sinədəki evimizin
çəpər qolları
tut dizlərini
qucaqlayıb qaldı...
Digər bənddə Xırdalan qəbiristanlığından
bəhs olunur.
Bu kiçik misralarda Laçınla Xırdalan
qarşı-qarşıya qoyulur və həsrətin portreti
bu misralarda poetik məqamın ən güclü həddinə
çatır.
Xırdalanda
-
qəbiristan yanında
atamın
qolları
dizlərini
qucaqlayıb qaldı...
Sonda atanın qolları ilə həsrətində
olduğu, heç bir məkanda əvəzi olmayan,
"evin" qollarının boşalması və atanın
dizlərinin vətənsiz büküldüyü ideyası təsiredicidir.
Fələyin
ağzı-gözü yansın,
Evimizin
qolları
atamın
qolları kimi
boşaldı,
Atamın
dizləri
evimizin
dizləri kimi
qurudu.
Həsrət mövzusu "Laçın"
başlıqlı şeirdə şairin daxilindəki fəryaddan
xəbər verir. Əslində, elə bu şeir də vətənə
həsrət birinin portretidir:
Bu gün
gah kürətək qızmar,
Gah da quş kimi ayazam.
Dünya
bir ağ kağız ola,
Mən də
bircə kəlmə yazam:
Laçın.
"Gedəcəm"
şeirindəki obraz da həsrətin göynərtisi ilə
nəfəs alan şairdir. Başını
götürüb vətənə üz tutan şair - o əsir
dağların qoynuna tələsir. Vətən
həsrətindən çəkdikləri şairin içini
gəmirir, getmək, torpağa qovuşmaq üçün
ölümü belə gözə alır. Bu şeirdə şair üçün torpaq
sevgisinin nə olduğunu, yaşantıların
ağrısını görmək olur.
Quşlar
göy üzündə səf bağlasınlar,
İlham
nələr çəkdi, hesablasınlar...
Deyin
ovçulara səhv salmasınlar,
Canavar dərisi geyib gedəcəm.
Bəndin son misrasında ağrılı şairin
mübariz ruhunu da görmək olur. Şairin ümidləri
ölmür, ayrılıq, nisgil yaşasa da, içindəki
qalibiyyət inamını qıra bilmir. Evini arzulayan
şair bağının min bir nemətini xatırlayır,
susuz qalan qara tutun halına yanır, şəklini vurduğu
mismar üçün belə darıxdığı halda
yurdunda ulayan itin bir gün balasının canavar
olacağını da yada salır.
Nə
yaman uladı yurdda qalan it,
Canavar
olacaq sənin balan, it,
Dolan xəyalımtək
yurdda dolan, it,
Bu gecə evimiz yadıma düşdü.
Yurd
itkisinin ağır olduğunu, heç bir itkiyə tay tutulmadığını söyləyən
şair qovuşmadığı vətənini oxşayır.
Bu oxşamalar daha ağrılıdır. Şair vətənə olan sevgisini, içindəki
əzabla yaşadığını misralara tökür.
Yurd itkisi
elə ağır, -
Tay
tutulmaz hər itkiyə,
Yer
yarıla yerə girəm, -
Mən baxmayam xəritəyə.
Çağdaş poeziyamızda şəhidlik
mövzusu şairlərimizin əsas mövzu obyektlərindən
birinə çevrilmişdir. Bu mövzuda yazılan
şeirlər şəhidlərimizin ruhuna ehtiram poeziyası
idi. Şəhid həyatını və
ölümünü əks etdirən poetik əsərlər,
ədəbi tarixi salnamələr, o ağır, kədərli
anlarımızın real durumunu təsvir etməklə
yanaşı, həm də bu reallıqlar əfsanələrin
də yaranmasına yol açmış olurdu. Hər zaman kəsiyində xalqın tarixini
yaşadan onun şəhidləri, şəhidləri Vətənin
qan yaddaşına hopduran isə xalqın özüdür.
Qarabağın qara taleli dinc insanlarını, qəhrəmanlarını,
o cümlədən faciələrini təcəssüm etdirən
belə şeirlərdə Azərbaycanın gerçək
ictimai-siyasi mənzərəsi, ölüm-dirim təhlükəsi
ilə təhdid edilən xalqın kontraslı boyalarla sərgilənən
cazibədar portreti görüntülənirdi. Bu mənada şairlərin şəhidlik
mövzusuna münasibəti çox böyük əhəmiyyətə
malikdir.
İlham Qəhrəmanın "Şəhidlər
xiyabanında" şeiri də diqqət çəkir.
Bir vətəndaşın qəlbindən qopan ah Şəhidlər
xiyabanında bir minnətə dönür və "şəhidlik
baş tacımız" ideyası ilə birləşir. Başdaşlarıyla
vətənə keşikçi olan oğullar əvəzedilməz
bir obraza çevrilir.
Harda
adları tutulsa;
Ruhları əyan oğullar.
Başdaşları
keşikçitək,
Vətənə
həyan oğullar
- yazan şair bir şəhid ömrünün
müqəddəsliyini əbədiləşdirir.
Digər bir şeirində isə şəhidin
ölüm əvvəli yaşantılarını əks edərək,
şəhidin öz dilindən vətənə, torpağa və
bayrağa olan sevgisini poetikləşdirir.
İyirmiyəcən
yaşadım,
Həmin mərmiyəcən yaşadım.
Yıxıldım
qaldım torpağınan,
son dəfə
sarmaşdıq bayrağınan.
Ömrüm
az oldu, amma
vətən sevgimdən tamsındı bir az.
Yağış,
günəş, qarıynan sevdim,
Qanım
süzən əsgər paltarıynan
sevdim vətəni.
İlham Qəhrəmanın Azərbaycan əsgərinə
verdiyi dəyər və sevgi şeirlərinə hopur. O, bu mövzuda
yaratdığı nümunələrdə bir əsgər
ölümünün qəlb dağlayan məqamlarını
sətirlərə tökür. Bir əsgərin
ölümü bir insanın ölümü deyil, əslində,
torpağın itrilməsidi, bir əsgərin ölümü
onun yerişi, boy-buxununun cərgədə qalmasıdır,
bir əsgərin ölümü bir gənc qızın
qırılan xəyalıdır, bir ata-ananın üzündə
əbədi sönən sevincdir, gözlərinə
çökən kədərdi. Bir əsgərin
ölümü "zərgərdə qalan" bir nişan üzüyüdür.
Bir əsgər
öldü..
Quşun
qanad rəddi göydə,
Onun yeri,
boy-buxunu
Cərgədə qaldı.
Bir əsgər
öldü...
Bir nişan üzüyü
Zərgərdə qaldı.
"Əsgərlərimizə" başlıqlı
şeirdə isə döyüşçülərimizə
bir vətəndaş borcu əks edilib. Bir xalqın
dincliyi onun əsgərlərinin yuxusuz gecələri hesabına
yaranır ideyası şeirin ana xəttidir.
Sizin
qarşınızda ikiqat ollam,
Bu yurdun ən təmiz, duru yerisiz.
Vətənin
gözünün dikənəcəyi,
Xalqın ürək qutu, qürur yerisiz.
"Bizə salam düşmür" şeirində də
torpaq itkisinin ağrısını yaşayan bir şair var.
İlham Qəhrəman öz etirafını poeziya dili ilə
bəyan edir.
Bu deyimlərdə kinayə də, qınaq da, xəcalət
də var.
Bəy
olmuşuq, xan çıxmışıq,
Götürüb
canı çıxmışıq
Sağ ikən
canıçıxmışıq,
Bizə salam düşmür, oğul!
Arxamızcan ağlayan torpaq gecələr şairin vicdan
sızıltısına çevrilir, ordan da sətirlərə.
Nə qədər ki, torpaqlarımız işğal
altındadır bu mövzulu şeirlərin yazılması,
eyni zamanda da tədqiq edilməsi vacib bir məsələdir. Məhz bu
kitabda da şair nə dərəcədə insan
yaşamından, sosial məsələlərdən, məhəbbətdən
bəhs etsə də, əsas sonda bu məqama daha çox
işıq tutdu - "Sevgi vətəndən
başlayır".
Mərziyyə Nəcəfova
Ədəbiyyat qəzeti.- 2020.- 18 yanvar. S. 27.