Məqam
Hekayə
- Dur,
oğlum, dur... Daha vaxtdı, qalx ayağa... -
anası onu yuxudan oyatmaq istəyirdi. O, elə şirin
yatırdı ki, oyanmaq istəmirdi. Anası isə əl
çəkmirdi:
- Qalx,
oğlum, qalx, daha sənin vaxtın gəldi...
- Qoy bir az da yatım da, ay ana. Yuxum gəlir axı...
- Dur, mənim
balam, dur... Daha yatmaq vaxtı deyil. Mütləq durmalısan. Oyan,
qalx ayağa. İndi sənin vaxtındı, indi sən
durmalısan... - Anası durmadan təkid edirdi, - Tez elə, hələ,
tez elə, dur ayağa...
- Ay ana,
axı, hələ səhərə çox qalıb, niyə
oyadırsan məni? Yatmaq istəyirəm...
Anası onun boğazından yapışıb dik
qaldırdı. Pəncərəyə tərəf
sürüklədi. Amiranə səslə
qışqırdı:
- Səninlə
deyiləm? Qalx ayağa. Yeri,
düş həyətə. Səhərə az qalır. Dan yeri
sökülür. Bu gün sənin
vaxtındı, sənin zamanındı. Sənin
növbəndi. - Onun boğazını bir az da möhkəm sıxdı. Az
qaldı ki, boğula. Barmaqları, həm də
dırnaqları, boyun-boğazını möhkəm
sıxdığından dərisi göynəyirdi. - Hələ
bir həyətə bax... Di gecikmə, qaç
həyətə, vaxtı itirmə, tez ol, mənim
ağıllı balam. Sənin də növbən
çatdı, sənin də bəxtin açıldı...
Tez ol, yeri... Şükür sənə, İlahi...
Şükürlər sənə, Allahım...
-
Yaxşı, ay ana, qaçıram, burax, boğdun məni... -
çölə baxa-baxa xırıltılı səslə
dilləndi. Həyət süd kimi ağappaq rəngdə
idi. Hər yer Ayın şəfəqlərinə
bürünmüşdü.
Qaça-qaça həyətə düşdü. Səhərin
sərin mehi onun sifətini oxşadı. Anasının
barmaq yerləri bir balaca sızıldadı. Belə bir gecəni, daha doğrusu, gecənin səhərə
çevrildiyi anı, ömründə ilk dəfə idi ki,
görürdü. Tamamilə
çaşqın vəziyyətdə idi. Amma ayaq üstə zorla dayanmışdı. Yıxılmamaq üçün müvazinətini
güclə saxlayırdı. Südrəngli ağ gecənin gözəlliyi, cazibəsi onu
məftun eləmişdi. Yuxu ilə
reallığın sərhədini itirmişdi. Ətrafı elə görməmişcəsinə
seyr edirdi ki, sanki illərcə, bu vaxtı gözləmişdi.
Həyətin ortasında dayanıb ətrafı seyr edirdi. Sərin meh
onun yuxusunu tamam qaçırdı. Amma hələ
də çaşqınlıq içində idi. Nədənsə, bir balaca oynaqları
sızıldamağa başladı. Sonra isə
boyun-boğazında anasının əllərinin təmasını
hiss etdi, barmaq yerləri ağrıyırdı. Hələ özünə gəlməmişdi ki,
sağ tərəfdəki qonşunun həyətindən səs-küy
eşidildi. Sonra musiqi,
çal-çağır, zurna-balaban səsi gəldi.
Öz-özünə düşündü: - "Axı, bu
Fətişgildə hələ toya çox qalır. Nə əcəb,
belə tez başlayıblar?..". Mübarəkbadlıq etmək üçün
onlara tərəf yönələndə, sol qonşu Mehbalıgildə
vay-şivən səsi aləmi götürdü. Tükləri biz-biz oldu. "Görəsən,
bulara nə oldu, bu nə ağlaşmadı?..
Allah eləməsin, bir hadisə olar,
ölüb-eləyən olar. Hələ
özümü onlara çatdırım. Toy asan işdi. Vay odu ki, vay ola...
Qonşuluqdu, hələ görüm nə
ağlaşmadı". Mehbalıgilə
getmək üçün həyət qapısına
yaxınlaşdı. Elə bu vaxt yolun o
tayındakı, üzbəüz qonşu Domrul kişinin evindən
bir partlayış səsi eşidildi. Dalınca
alov göyə bülənd oldu. Səslər
çoxaldı. Evləri yanırdı.
Özü də yaman möhkəm
yanırdı. Tez özünü onlara
çatdırıb, yanğını söndürməyə
tələsdi. Küçə
qapısını açdı. Qaça-qaça
yolun o biri tərəfinə keçəndə sürətlə
gələn maşın onu elə möhkəm vurdu ki, o
göyə qalxaraq çəpərin üstündən
öz həyətlərindəki saman tayasının
üstünə düşdü.
Yarım saata qədər özünə gələ
bilmədi.
Saman tayasının təpəsində, beli üstə, əlləri
yana açılı şəkildə
uzanmışdı. Göydə hələ
ulduzlar vardı. Ay bolluca işıq saçırdı.
Hər tərəf ağappaq süd rəngində
idi. Heç bir yeri
ağrımırdı. Amma oynaqları bir
balaca sızıldayırdı. Bütün
bədəninin əzaları səyriyirdi. Tayadan enmək üçün beli üstə
aşağı sürüşməyə başladı.
Yavaş-yavaş sürüşüb yerə
çatdı. Ehmalca ayağa qalxdı.
Heç bir yeri əzilməmişdi. Amma
özünü əzgin, bir az da yorğun
hiss edirdi. Ətrafdan səs-səmir gəlmirdi.
Yəqin etdi ki, zərbənin təsirindən
qulaqları tutulub, ona görə də eşitmir. Nə çal-çağır, nə vay-şivən,
nə də yanğının partlayış səsləri
eşidilmirdi. Bircə ayaq və
çiyinlərindəki oynaq səsləri idi eşidilən.
Sanki paslı çərçivələr, əncamələr
idi, cırıldaşırdı. Oynaqlarının
sümükləri bir-birinə elə
sürtünürdü ki, şaqqıltı və
cüyültü səsləri aydın eşidilirdi. Yadına düşəndə ki, onu maşın
vurub tayanın başına atdı, qaçıb
küçəyə çıxdı. Maşın-zad
yox idi. Qaçmışdı. Küçədə də ins-cins gözə dəymirdi.
Tüpürüb, maşın sahibini
yaxşıca xalatladı. Domrulun evini, deyəsən,
söndürmüşdülər. Daha
alov görünmürdü, ancaq tüstü sezilirdi. Qonşuların həyəti çıraqban idi.
Hənirti də hiss olunurdu. Amma
yaralanıb-yaralanmamağını bilmək üçün
evə gəlməli idi. Bu qədər
hadisələri qavramaq və özünə gəlmək
lazım idi. Bütün bunlar ona çox
qəribə gəlirdi. Sanki bir yuxu idi.
Amma bunu aydınlaşdırmaq üçün
özünü bir çimdiklədi də. Bədənindən yumşaq bir sızıltı,
titrəyiş keçdi. Elə də bir ağrı
hiss etmirdi, lakin yeridikcə, hərəkət etdikcə, özünü
çimdiklədikcə bir yüngüllük hiss edir, həzz
alırdı.
Evə girib qeyri-ixtiyari olaraq işığı
yandırdı. Həyat yoldaşı Simər onu
görüb bir qıyya çəkdi. Ayağa qalxıb
onun üstünə qaçdı və çiyinlərindən
yapışıb ağlaya-ağlaya özünə
sıxdı:
- Sənə
qurban olum, ay Fərəc... Ay kişi, sən
bura necə gəlmisən? Bəs məni niyə
oyatmadın. Dörd ildi sənin
yatağından kənara çəkilmirəm, indi niyə məni
oyatmadın. Dörd il iflic yatan adam
buracan necə gəldin, ay sənə qurban... Allahm, sənə
çox şükür, min şükür, İlahi...
Arvadı danışırdı, ağlayırdı,
üzünü cırırdı, sonra gülürdü. Bir azdan
uşaqlar da səs-küyə oyandılar və
atalarını ayaq üstə gəzən görüb sevinə-sevinə
atılıb-düşməyə başladılar. Sevindiklərindən ağlayırdılar. O,
avtomobil qəzasına düşən günü anadan
olmuş dördyaşlı oğlu ilk dəfə olaraq
atasını ayaq üstə görüb əl
çalır, oynayır, dombalaq aşırdı. Hamı sevinir, gülür, göz yaşı
axıdırdı. O isə on iki il əvvəl
rəhmətə getmiş anasının ətrini ciyərlərinə
çəkir, acgözlüklə, sanki havası
çatmırmış kimi dərindən nəfəs
alır, bir daha o ətri duya bilməyəcəyindən
qorxaraq tez-tez əsnəyirdi. Səyriyən əzalarında,
boyun-boğazında anasının barmaq izlərini axtarır,
boğazındakı dırnaq ağrısının həzzini
uzatmaq istəyirdi. Bu ağrı, bu ətir, bu iz onun həyata
ikinci sağlam doğuluşu və qayıdışı
idi...
- Anam... -
bu sözü göz yaşı içində, bütün
duyğularla təkrarlayırdı...
Mükafat Yaqub
Ədəbiyyat qəzeti.-
2020.- 18 yanvar. S. 28.