"Ədəbi
Suprematizm"dən bir esse:
Bədii mətnlərdə
yuxugörmə fenomeni
Xatırlatma:
Ədəbi Suprematizm (İntellektual poeziya haqqında nəzəriyyə)
əsərində intellektual bədii mətnlərin
yaranması məqsədi ilə təqdim etdiyimiz model belədir:
elmi informasiya - fəlsəfi düşünsə - bədii təfəkkür:
Eİ - FD - BT. Yəni intellektual təmayüllü bədii mətnlər
yaradarkən istifadə etdiyimiz elmi nəzəriyyələrin,
elmi faktların və anlayışların fəlsəfi
düşüncə vasitəsilə mətnlərə gətirilməsi
texnikası bu üç komponentin şərtləndirdiyi
ardıcıllıqla həyata keçirilir.
Yuxu, elmi informasiyalardan məlum olduğu kimi, fizioloji
prosesdir və canlıların əksəriyyətinə xas
xüsusiyyətdir. Yəni canlıların əksəriyyəti
yatır və bununla da bir növ özünü yenidən bərpa
edir. Lakin bizi maraqlandıran yuxugörmə
halıdır ki, bu fenomenə müxtəlif elmi, fəlsəfi,
mistik yanaşmalar mövcuddur. Bu müxtəliflik
də yaradıcılıq üçün kifayət qədər
maraqlı və qeyri-adi xammal hazırlayır. Ədəbiyyat müstəvisində yuxugörmədən
bədii fənd kimi istifadə təcrübəsi zəngin
çalarlara malikdir. Lakin bu fenomendən yalnız yuxuda
görünən hadisələri olduğu kimi təsvir etməklə
kifayətlənmək bədii əsərin məna qatına az təsir göstərə bilər. Yuxugörmə hadisəsi ilə bağlı bir
çox fəlsəfi və mistik məlumatlara malik olmaqla qələmə
alınan bədii əsərlər daha dərin mənalara
baş vurmağa imkan yaradır.
Ümumiyyətlə,
fəlsəfi fikir tarixində yuxugörməyə, əsasən,
iki münasibət mövcud olmuşdur:
1.
Yuxugörmə - keçmişin, yəni yaşananların nəticəsidir;
2.
Yuxugörmə gələcəkdən xəbər verir.
Lap qədim zamanlardan insanlar yuxu zamanı görülən
hadisələrə və predmetlərə müəyyən
yozum verir, onları gələcək hadisələr barədə
işarələr kimi anlayırdılar. Məsələ
burasındadır ki, bu tendensiya hazırda da cəmiyyətin bəzi
dairələri arasında öz aktuallığını
saxlayır. Bu yozumlar nə dərəcədə
həqiqətə uyğundur? Gələcəklə
bağlı yuxuyozmalar barəsində elmi əsaslandırma
olmadığı üçün dəqiq bir söz demək
çətindir.
Freydə görə, yuxular gələcəkdən yox,
keçmişdən xəbər verir. O, irəli
sürdüyü bu tezisin izahını Psixoanalizin köməyi
ilə verir. Hesab edir ki, yaşam boyu
şüuraltına yığılmış istəklər,
görüntülər, həyata keçməyən arzular
insan yatdığı zaman donunu dəyişib, onun
şüuruna yuxular kimi daxil olurlar.
Demək, hər iki halda - istər keçmişdən xəbər
versin, istər gələcəkdən, yuxugörmə -
şüurla, insan düşüncəsi ilə bağlı
hadisədir. Lakin bədii mətnlərdə yuxugörmədən
istifadə edərkən, hesab edirik ki, hadisəni yuxugörmə
ilə bağlı informasiyaların fəlsəfəsindən
yararlanaraq və eyni zamanda müəllifin özünəxas
mülahizələri vasitəsilə təsvir etmək
intellektuallıq baxımından vacib amillərdən biridir.
Belə olan halda, biz də bu məsələyə bir qədər
fərqli - bu vaxta kimi mövcud olan kontekstdən fərqli
yanaşsaq, ortaya nə kimi məqamlar çıxar, görəsən? Bəlkə
özümüzü sınayaq: hesab edək ki, yuxu zamanı
gördüyümüz hadisələr də elə gerçək
hadisələrdir. Fərqli məkan-zaman
müstəvisinin real hadisələri. Nəyə
görə? Fikir verin: yuxuda hadisələr elə
sürətlə baş verir ki, əslində, həmin hadisələr
real həyatda daha uzun zaman axınında yaşanardı. Yəni real həyatda uzun zaman kəsiyində baş
verən hadisələri yuxuda bir neçə dəqiqə, bəzən
də bir neçə saniyə ərzində müşahidə
etmək mümkündür. Deməli,
yuxuda zaman axını dəyişir, daha dəqiq, yuxuda zaman
qısalır. Xüsusi nisbilik nəzəriyyəsinə
istinadən, fərqli zaman axını (zamanın
qısalması) hadisənin fərqli məkanda baş verməsi
fikrini söyləməyə əsas verir. Biosentrizm nəzəriyyəsi bir daha təsdiq edir
ki, çoxlu sayda kainat (paralel aləmlər) var və
müşahidə olunan hər bir hadisə müxtəlif
variasiyalarda bu kainatlarda eyni zamanda mövcud olur (Kvant
fizikasına əsaslanan nəticələrdən biri). Bu mülahizələrə söykənsək,
yuxuda gördüklərimizin fərqli zaman-məkan müstəvisində
baş verən gerçək hadisələr olduğunu fərz
edə bilərik.
Yoxluqların
sevgisi -
yuxu da
gerçəklikdi
Sevirəm O-nu və toxunuram O-na.
Əlimdən
tutub bərk-bərk,
gülümsəyir üzümə və sevir məni O
da.
Bu məkan
və zaman kəsiyində
başqa
heç nə və heç kim yox düşüncəmdə
O-ndan savayı.
Nə
ayrılıq barədə düşünürəm,
nə
başqa biri ağlımda.
Eyni məkan-zaman
kəsiyi;
bir mənəm,
bir O, bir də sevgi.
Məkan
haradı,
zaman
neçədi,
mən,
O və sevgidən başqa
hadisələr
hara qeyb
olub, hardadı?
Oyanıram yuxudan; çoxalır hadisələr.
Mən varam, O yoxdu.
Daha
doğrusu,
indi mən
olan yerdə
O yoxdu.
Mən
öz evimdə,
O öz
evində.
O, var olan
yerdə mən,
mən
var olan yerdə O yoxdu.
Bəs
bir az əvvəl yaşadıqlarım -
necə
toxuna bilərdim yoxluğa,
yoxluq
necə sevə bilərdi məni?
Başqa
necə ola bilər axı -
eyni
vaxtda
həm
eyni, həm də
ayrı-ayrı müstəvilərdə?..
Bir az əvvəl gecə idi;
mən
öz evimdə, O öz evində.
Bir az əvvəl
yoxluğumuz sevişirdi
mən
və O olmadığımız yerdə.
Biosentrizm nəzəriyyəsinin gəldiyi maraqlı nəticələrdən
biri də ölümün mövcud olmaması barədə
mülahizədir. Bu nəzəriyyəyə görə,
ölüm yoxdur, o, insan şüurunda yaranan
illüziyadır. Bu dünyada
müşahidə olunan hadisələrin ehtimal edilən
bütün variantları digər mövcud kainatlarda (paralel aləmlərdə)
həyata keçir. Bir kainatda insan
ölürsə, digərində yaşamağı davam
etdirir. Və insan həyatı çoxillik
bitki kimidir və o, multikainatda çiçək açmaq
üçün geri qayıdır.
Biosentrizm
nəzəriyyəsi və yanlış zəng
(şeir-esse)
Yaz tətili
vaxtı uşaqlıqdan sevdiyim,
kənd
evimizdən bir az aralı,
dayandığım yerdən üç tərəfə
uzandıqca uzanan
çöllüyə üz tuturam.
Boşluğu
və hüdudsuzluğu uzaqlara yollayan
yaşıllığı
yarımçevrə boyu qapayan evlərdə sınır
baxışlarım. Sınıb
qayıdır gözlərimə və gözlərimdən beynimə
süzülür
gətirdiyi mənzərələr bir anın içində.
Yaşıllığın
uzaqlara ötürdüyü boşluğun nizamını
adda-budda
gözə dəyən iribuynuzlular
və
çəmənliyə qonan çöl quşları pozur
azacıq.
Yaşıllıqda
otlayan mal-qara, hənirtidən ürküb qəfil uçan
çöl quşları yaşamaq və özünümüdafiə
instiktindən xəbər
verir.
Düşünürəm ki, ağıl - yaşamaq naminə
mübarizə üçün yox,
yaratmaq
üçün Tanrı bəxşişidir.
Haranı
və nəyi seyr edirəmsə, sonsuzluqdan söz
açır sanki;
uzandıqca uzanan yaşıllığın qoynuna
sığınan boşluq, boşluğu
yarımçevrə boyu qapayan evlərin getdikcə
gözdən itməsi,
çəmənlikdə gövşəyən mal-qaranın
biganəliyi, qəfil pırr edib uçan
çöl quşları, yaxınlıqdakı su kanalı,
qışdan sonra çılpaq ağaclar...
məkan
və məkanı dolduran nə varsa "mən sonsuzam" -
söyləyir sanki astadan - "son, ani dayanmaları sonsuzluğun,
sürətlə şütüyən qatarın ani dayandığı
stansiyalar misalı".
Bir film
kimi gördüyüm mənzərəyə
daldığım zaman
ölüm dəyir gözümə birdən,
su
kanalının kənarında çürüyən it cəsədinin
üstünə qonan. Ölüm -
bu da
gözgörəsi son. Amma qulağımda yeni bir
pıçıltı:
ölüm bir illüziya, şüurun doğurduğu
aldanış, mən sonsuzam,
N sayda
kainatda N sayda versiyada mövcudam
azacıq
fərqli ehtimallarla -
çoxlu sayda cürbəcür səslər qarışır
bir-birinə.
Telefona zəng
gəlir, diksinirəm:
gəl
oynayaq, təzə zərlər almışam... - səs
çox
uzaqdan gəlir elə bil, lap uzaqdan və getdikcə zəifləyir,
sanki
hardasa bir məchulluqda gizlənir yenidən
sirli
harmoniyası ilə birgə.
... yanlış zəng.
Amma dinlənildiyimi
duyduğumdan
cavab
verməyə macal tapıram:
axı
mən ancaq şahmat oynayıram.
Əli Şirin
Şükürlü
Ədəbiyyat qəzeti.-
2020.- 18 yanvar. S. 29.