Fellinini
düşünərkən
Böyük italyan kinorejissoru haqqında bu esse 1993-cü
ildə İstanbulda onun ölüm xəbərini
aldığım zaman rus dilində yazılıb. Federiko
Fellininin yüz illiyi qeyd olunduğu bu günlərdə
yazımı ilk dəfə Azərbaycan dilində oxuculara təqdim
edirəm.
Bir neçə gün əvvəl acıdan acı bir xəbər
eşitdim. Fellini komadadır, həkimlər heç bir ümid
yeri qoymur, qalan günlərinin bir həftədən çox
olmayacağını deyirlər. Dərk
edirdim ki, onu xilas etməkçün çağdaş təbabətin
ən yeni nailiyyətlərindən istifadə olunur, amma buna
baxmayaraq, artıq heç nə etmək mümkün deyil.
Bəli, bütün bunlara rəğmən yenə də
düşünürdüm: kaş bu ölüm hökmü
bir az da gec icra olaydı, kaş hələ
bir neçə gün, bir nəçə həftə də
həyatda qalaydı.
Amma budur
bax, qaradan qara xəbər gəldi: təkrarsız filmlərin
müəllifi, kino sənətində böyük bir mərhələni
tamamlayıb yeni bir mərhələ açan dahi sənətkar
dünyasını dəyişdi.
Neçə aydı dərs dediyim İstanbulda - həm
doğmadan doğma, həm yaddan yad şəhərdə -
tutqun, yağışlı bir gündə aldığım
bu xəbər, sanki məndə bir yetimlik hissi yaratdı. Buna bənzər
hissləri mən dünyamız Çaplinlə, Heminqueylə,
Pasternakla, Şostakoviçlə, Nazim Hikmətlə, Qara
Qarayevlə vidalaşdığı günlərdə də
duymuşdum. Əlbəttə, min illər boyu dünya
tarixində dahilər az olmayıb, amma sənin
çağdaşın olan, səninlə eyni bir dövrdə
yaşayan, sənin daima izlədiyin, sənin fikirlərinə,
duyğularına hakim kəsilmiş insanların itkisi daha
göynədicidir. Axı sənə elə gəlirdi
ki, bu dahilər bilavasitə sənə müraciət edirlər,
səninlə dərdləşirlər,
qayğılarını paylaşırlar, məhz sənə
təsəlli verirlər. Yaradıcılıqlarının
müəyyən dövrü sənin gözlərin
qarşısında cərəyan edir.
Fellini, yəqin ki, mənim gənclik bütlərimdən
sonuncusu idi. Və hər belə itkiylə sənin öz
ömrünün, xatirələrinin, duyduqlarının,
düşündüklərinin bir hissəsi də qeyb olur.
"Soruşma ki, çan kiminçün
çalınır, çan səninçün
çalınır".
Bütün nəslimizin adından danışa bilmərəm,
amma Fellini şəxsən mənim sənət
zövqümü, həyat və ölüm haqqında fikirlərimi,
sevgi və yaradıcılıq anlayışlarımı
formalaşdıran, müəyyənləşdirən, tənzimləyən
sənətkarlardan idi. Kino sənətində FeIlininin
böyük sələfləri, görkəmli
çağdaşları, tanınmış həmvətənləri
olub. Amma mənim fikrimcə, XX əsrdə
yaranmış kino sənətində yalnız iki
yaradıcını tam haqla dahi saymaq olar - Çarli
Çaplini və Federiko Fellinini. Daha dəqiq
desək, Çaplin səssiz kinonun, Fellini səsli kinonun
dahisidir. Kino tarixinin bu iki dövrü
yalnız texnoloji cəhətdən fərqli deyil. Bu iki dövr sənətin iki müxtəlif və
çox fərqli növləridir. Üslubiyyət,
ifadə vasitələri, plastika, estetik meyarlar cəhətdən
bir-birindən ayrılan iki sənət sahəsi.
Mən Fellininin demək olar ki, bütün filmlərini
görmüşəm. Onun yaradıcılığını
çox sevirəm. Beş filmi ruhuma daha yaxındır:
"Kabiriyanın gecələri", "Yol", "Həyatın
ləzzəti", "Səkkiz yarım", "Amar
ord". Fellininin ilk filmləri "Ağ
şeyx", "Südəmərlər", "Dələduzlar",
sanki sonrakı əsərlərinə hazırlıqdır,
eskizlərdir. Adını əvvəl çəkdiyim beş filmdən sonra yaratdığı əsərlər
isə yüksək, amma bir qədər soyuq peşəkarlığın
örnəkləridir. Sanki Fellini demək istədiklərinin,
çatdırmaq istədiyi ismarışların
hamısını deyib və artıq yeni heç bir şey
demək istəmir, ya deyə bilmir. Bu
baxımdan elə "Səkkiz yarım" filmi sənətkarın
son dərəcə səmimi etirafıdır.Təbii, bu o demək
deyil ki, Fellini fiziki ölümündən öncə sənətkar
kimi tükənmişdir. Hətta bir
dahiyanə əsər yaratmış sənətkar - Fellini isə
dediyim kimi bir yox, bir neçə dahiyanə əsərin
müəllifidir - sənətin qızıl xəzinəsinə
daxildir. Və belə əsər, ya əsərlər
həyatının, yaradıcılıq ömrünün
hansı dövründə yaranmasından asılı olmayaraq
müəllifin əbədi tükənməzliyini təmin
edir.
Dünən Türkiyə telekanalı Fellininin
ölümüylə bağlı "Səkkiz yarım"
filmini göstərirdi. Mən hələ Moskvada Ssenari
kurslarında oxuduğum zamandan etibarən o vaxt geniş sovet
tamaşaçıları üçün yasaq olunmuş bu
filmə azı on dəfə baxmışam. Və indi
növbəti dəfə tanış
kadrları seyr edərkən mat qalırdım. Haçansa
çox qəliz və çətin anlaşılan sənət
əsəri sayılan bu film nə qədər sadə və
aydındır. Halbuki, ilk dəfə seyr
edilərkən çoxlarına - elə mənim özümə
də xeyli mürəkkəb görünmüşdü.
İndi rejissor üslubunun bu özəlliyi - xüsusi qeyd
olunmadan reallıqdan xatirələr aləminə keçid,
gerçəkliklə fantaziyaların bir-birindən
ayrılmaması o qədər aydın-aşkardır ki, təəccüb
qalırsan: haçansa bunu necə anlaşılmaz saymaq
olarmış. Amma bunu dərk etməyin filmə
dəfələrlə baxmaqdan başqa ayrı bir səbəbi
də var. Fellini kəşflərinin başqa rejissorların
filmlərinə daşınması, istifadə olunması və
təkrar-təkrar işlənməsi bu sayaq montaj pərakəndəliyini
asan qavramağa yardım edir.
İndi
bu filmə baxarkən tətbiq olunan üslubu asan dərk edirsən:
olanların və olacaqların
qatma-qarışığı, xatirələrin və real
yaşanılan anların bir-birinə keçişi təbii
qavranılır. Fellininin proobrazı olan rejissor
Qvidonun (aktyor Marçello Mastroyaninin ifasında) niyyətləri
və tərəddüdləri, xatirələri və
fantaziyaları yeni bir müstəvidə cərəyan edir
"kino içində kinoda". Fellini
ekrana səksəkəli bir sənətkar qəlbinin səmimi
etirafını gətirir. Rejissor Qvidonun
zövcəsi (yəni Fellininin həyat yoldaşı
Cülletta Mazini) obrazını aktrisa Anuk Eme yaradır. Filmin bir əsas motivi gəzəyən ərin
arvadından üzrxahlığıdır. Fellini Qvidonun (yəni özünün) arvadına xəyanətlərini,
qısa sürən əhəmiyyətsiz eşq macəralarını
izah etməyə çalışır və həm də
arvadını inandırmaq istəyir ki, ona hər hansı
başqa qadınla deyil, Sənətiylə və
Yaddaşıyla xəyanət edib.
Sənət və Yaddaş. Sənətə
çevrilmək istəyən və bunu bacarmayan Yaddaş -
Qvidonu əzablara düçar edən budur. İstədiyini yarada bilməmək
gücsüzlüyü Qvidonun vurnuxmalarının səbəbidir.
Əlbəttə, bu filmin fikir və duyğu zənginliyinin
ancaq bir məqamıdır. Həyatın
hüdudsuzluğu, Yaddaşın sərhədsizliyi və bunu
sənət vasitəsilə ifadə elməyin
mümkünsüzlüyü sənətkarın məğlubiyyətidir.
Və məntiqi nəticə - sükutdur, sənətdən
imtina etməkdir. Rembo şairliyi atandan
sonra şair oldu. Mallerme yazısız bomboş ağ vərəqi tərənnüm edirdi. Filmdə bu fikirləri Qvidonun tərəf-müqabili,
opponenti tənqidçi irəli sürür.
Filmin bir motivi də səadətin
mümkünsüzlüyüdür. Qvido kardinala etiraf edir: "Müqəddəs
ata, mən bədbəxtəm". Kardinalın cavabı:
"Övladım, kim deyib ki, insan dünyaya xoşbəxt
olmaqçün gəlir".
Sevməyin mümkünsüzlüyü. Qvidonun bəyaz
paltarlı ilham pərisi (aktrisa Klaudia Kardinale) filmdə
paklığın və qadınlığın rəmzi kimi
təqdim olunur. Qvidonun bədbəxtliyinin səbəbini
isə belə izah edir: "Ona görə ki, sən sevməyə
qadir deyilsən".
Qvidonun katolik asketizmiylə zədələnmiş
uşaq zehni dəniz kənarında Saraqinanın şəhvət
dolu rəqsiylə üz-üzə gəlir.
Üç kəlmə sözlə - "aza, nizi,
maza" sözləriylə uzaq uşaqlığın
yaddaşda canlanan nostalji xatirələri.
Təsadüfü deyil ki, "Səkkiz yarım"
filmində rejissorun (Fellininin) atasını başqa bir filmində
olduğu kimi eyni aktyor ifa edir. Kinoşünasın
doqmatik mülahizələri sənət əsərini cərrah
bıçağıyla kəsib doğranması və
canlı orqanizmin meyitə çevirməsi kimidir. Bütün bunların hamısı var "Səkkiz
yarım"da. Ancaq tək bunlar yox.
Qvidonun məşuqəsi (aktrisa Sandro Milo) aşnasının
yatağında ərinin problemlərini həll edən
yüngülməcaz xanım... Çəkilməsi
nəzərdə tutulan filmin maddi xərcləri
üçün daima əndişələnən prodüser
və onun səfeh rəfiqəsi. Seksual
qayğıları olan ahıl aktrisa. Özündən
çox cavan qızın toruna düşmüş "Don
Juan" və onun sevgilisi - özünü sirli, sehrli qadın
kimi göstərməyə çalışan gənc
qadın. Yaşlı statistlər, məlum
olmayan bir ordunun təqaüdçü generalları,
subretkalar, geyimçilər, rejissorun köməkçiləri,
prodüserin ətrafındakılar - bütün bu
hay-küylü, mütəhərrik kütlə. Zərgər dəqiqliyilə ekranda canlandırılan
personajlar. Pərtliyini
kübarlığı və qüruruyla gizlətməyə
çalışan Luiza - Qvidonun arvadı. Və nəhayət, Qvidonun özü - sənətkar
və təlxək, yumşaq təbiətli, mülayim,
xeyirxah insan, kefcil və dərdli, xəyalpərvər və
tənha, bütün varlığıyla xatirələrə,
fantaziyalara qərq olmuş, tərəddüdlər
içində çabalayan varlıq.
Çoxçeşidli İnsan xarakterlərinin zəngin
qalereyası - Mikelanjelo qüdrətiylə və incə
Çexov psixologizmiylə ekrana çıxarılanlar.
Qvidonun xəyali
intiharının son anında anasının xəyali fəryadı,
Qvidonun erotik fantaziyalarında həyatından keçən
qadınların qısamüddətli macəraları fonunda
arvadının çexovsayağı məişət
replikası: "Qvido, gəl, şorba soyudu axı...".
"Səkkiz yarım" bütün xalqlar və
bütün zamanlar üçün əbədi sənət əsəridir,
amma onu yalnız italyan yarada bilərdi. Bu ümumbəşəri
olduğu qədər də sırf italyan filmidir, italyan milli
xarakterini, çoxdanışmasını, danışanda əl-qol
ölçməyini,
çılğınlığını,
zarafatcıllığını, temperamentini, qəm-qüssəsini
əks etdirən insan mənzərələridir.
Fellini yalnız
kinoda italyan neorealizminin deyil, həm də teatrda "komedi del
arte"nin varisidir. Onun sənəti
həm də başqa ölkələrdəki kino
çağdaşlarının əsərləriylə həmahəngdir.
Fellini də ispan rejissoru Luis Bünyüel kimi
katolik dünyagörüşünün əsarətindən
qurtulmağa çalışır. Çarli
Çaplin kimi, sirk sənətini yalnız şən, şux
deyil, qəmli bir oyun kimi qavrayır. İnqmar
Berqman kimi, həyatın faniliyi haqqında bədbin
düşüncələrə dalır və eyni zamanda
yalnız özü kimi yaşamanın hay-küylü
karnavalından sonra əbədi sükutun xofunu duyur.
İlham
pəriləri və idbar sifətlər, möminlər və
dələduzlar, həyatsevərlər və qaramatlar,
yaşanmamış sevgilər, incikliklər və
barışıqlar, insanı boğan
xatirələr və puç olmuş ümidlər,
hüdudsuz fantaziyalar və yaddaşın əsarətindən
xilas olmaq cəhdi.
Və sonda çəkilməyəcək filmin
başlanmayacaq çəkilişi. Sökülən
dekorlar. Rejissorun həyatından
keçmiş insanların rəsmi keçidi. Xatirələrdən xilas olmaq. Və
nəhayət, ürəyi titrədən motiv - bəstəkar
Nina Rotanın yalqız trubada çalınan kədərli
melodisi. Bu ovqatı Fellinidən başqa kim
yarada bilərdi?
Əlvida,
Ustad! Təşəkkür ki, var idin.
İstanbul
ANAR
Ədəbiyyat qəzeti.- 2020.- 25 yanvar. S. 3.