Varislər
Sadıq
Nəbiyev: “Atamın yolu ilə gedə bilərdim, amma...”
"Ədəbiyyat
qəzeti"nin yeni layihəsi - " Varislər"in ilk
qonağı akademik Bəkir Nəbiyevin oğlu Sadıq
Nəbiyevdir
O, 1930-cu ildə Ağdaşda kasıb kəndli
ailəsində dünyaya göz açmışdı.
Uşaqlıq illəri ölkədə aclıq və
qıtlıq dövrünə təsadüf etmişdi. Stalin
repressiyaları, müharibə xofu o illərin şahidi
olmuş çoxu kimi, onun da taleyindən izsiz
keçməmişdi.
Ailəyə bir yolla kömək etmək üçün
hər zəhmətə qatlaşmağa hazır idi, amma
1945-ci ildə qələbə xəbərini
Ağdaşdakı yerli radio qovşağından rayon camaatına
elan etmək onun bəxtinə düşür və
beləcə, ömrünün iki ilini rayon radiosunda diktorluq
edir. Ölkədə savadlı adamlara ehtiyac olduğundan
hələ ali təhsil almadan onu müəllim kimi işə
götürürlər, beləcə növbəti iki
ildə Ağdaş və Yevlaxda müəllimlik edir. Sonra Bakı
Dövlət Universitetinin filologiya fakültəsində
tələbəlik illəri və Bakdakı 55 saylı orta
məktəbin ədəbiyyat müəllimi... İlk
tənqidi yazılarını universitet qəzetində
çap etdirir, amma ciddi ədəbi fəaliyyəti məhz
"Ədəbiyyat və incəsənət qəzeti"nin
1951-ci il 4 noyabr sayında çap olunan "Dama-dama göl
olar" yazısı ilə başlayır. Sonra
müxtəlif mətbuat orqanlarında ədəbi işçi,
məsul katib müavini, şöbə müdiri kimi
ömrünü mətbuata bağlayır. 1960-cı ildə
namizədlik dissertasiyası müdafiə edərək ilk elmi
dərəcəsini alır və bununla böyük elmə
gedən yola qədəm basır.
Elm zirvəsinə pillə-pillə qalxır: kiçik
elmi işçidən akademikə qədər uzun bir yol.
Həm Azərbaycan SSR, həm də müstəqil
Azərbaycanın Dövlət mükafatlarına layiq
görülür. "İstiqlal" ordenli
kişilərdən biri olur...
Yəqin, çoxları artıq söhbətin kimdən
getdiyini bildi, bəli, bu gün "Varislər"də
akademik Bəkir Nəbiyevdən danışacağıq.
Onun varisi - oğlu Sadıx Nəbiyevlə AMEA
Rəyasət Heyətinin əzəmətli binasında
görüşdük. Səsi eynilə Bəkir
müəllimi xatırladırdı...
Radioda diktorluqdan akademikliyə qədər gedən yol
- Sadıq müəllim, qismət elə gətirdi ki,
"Varislər"in ilk qonağı məhz siz oldunuz. Burada
nəsə bir mistika yoxdur ki?
- Bilirsiniz ki, Bəkir müəllim ilk
yaradıcılıq fəaliyyətinə qəzetdə
başlayıb. Müxtəlif illərdə
"İnşaatçı", "Kommunist" qəzetlərində
çalışıb və ağlım kəsəndən
onun "Ədəbiyyat qəzeti"ni oxuduğunu
görmüşəm. Həmişə abunə olunurdu, amma
abunə sistemi dağılandan sonra da qəzet
köşkünə tapşırırdı ki, onun sevimli
qəzetini saxlasınlar. Uzun müddət bu qəzetin redaksiya
heyətinin üzvü olub. Özü də sevə-sevə,
həvəslə qəzet üçün yazılar yazıb
və əksər məqalələri elə bu qəzetin
səhifələrində işıq üzü görüb.
Yəqin, elə məsələnin mistikası bundadır,
çünki Bəkir müəllim bu qəzeti hər zaman
sevib.
- Demək, sizin iki yaşınız olanda Bəkir
Nəbiyev artıq alim idi, yəni elmlər namizədiydi.
Belə çıxır ki, ağlınız
kəsəndən elmin içində, elm mühitində,
ciddi adamların əhatəsində olmusunuz. Bu sizi
darıxdırmayıb?
- Qətiyyən. Anam da alimdir, biologiya elmləri
namizədidir. Atamın da, bildiyiniz kimi, ömrü akademiyada
keçib. İlk dəfə akademiyaya ayaq basanda 5
yaşım vardı. Məni özü ilə işə
aparmışdı. Oralar mənim üçün fantastik
mühit idi. Amma dediyiniz kimi, elm mühiti heç vaxt
darıxdırmayıb məni. Əksinə, bu mühit
mənim də elmə marağımı
formalaşdırıb. Evimizdə həmişə çoxlu
kitab olub. Atamın çox zəngin kitabxanası vardı,
elə indi də qalır o kitabxana. Evin sahəsi bütün
kitabları saxlamağa imkan vermirdi. Təsəvvür edin, 4
otaqlı mənzilin 3 otağı kitab rəfləri ilə
dolu idi, amma yenə yer çatmırdı. O, Ədəbiyyat
İnstitutunun direktoru olduğu üçün az qala
ölkədə ədəbiyyat sahəsində çap olunan
bütün kitablar müxtəlif yollarla onun masasına
gəlib çıxırdı. Həvəskar
məlliflərdən tutmuş görkəmli imzalara
qədər. Ona görə də ildə bir-iki dəfə o
kitabları saf-çürük edirdi, bəzilərini
ayırıb kitabxanalara paylayırdı. Doğulduğu
Ağdaş rayon kitabxasına, Akademiyanın Elmi
kitabxasınasına xeyli kitab hədiyyə etmişdi. Elə
bil bilirdi bir gün qızı həmin kitabxananın
müdiri olacaq.
- Yeri gəlmişkən, ixtisasca həkim olan
bacınız Leyla xanım Elmi kitabxanın müdiri, tibb
üzrə fəlsəfə doktorudur, siz isə tarix və
hüquq elmi ilə məşğul olursunuz. Nə
əcəb ailədə atanızın yolu ilə gedən,
ədəbiyytı seçən olmadı?
- Əslində, bəlkə də mən atamın yolu
ilə gedə bilərdim, amma gənclik öz
sözünü deyir, adam təkəbbürlü olur axı.
Fikirləşirdim ki, ədəbiyyat sahəsində
nəyə nail olsam, hamısını atamın adına
bağlayacaqlar, deyəcəklər oğluna kömək edir.
Ona görə elə o vaxt başqa sahəni seçdim və
atam da buna çox təbii yanaşdı.
- Övladlarından daha çox Bəkir
müəllimə kim oxşayır, siz, yoxsa Leyla xanım? Ya
da özünü Bəkir müəllimə oxşatmaq
istəyən, özünü onun kimi aparmaq istəyən
varmı?
- Məncə, heç birimiz, çünki bu,
mümkün deyil. Mən heç vaxt onun kimi ola
bilmərəm və məncə, heç lazım da deyil.
Hər kəs özü kimi olmalıdır. Onun missiyası
daha ağır idi: adi bir kənd uşağı Bakıya
gəlib burada dəbdə olan bir söz işlədək
də, elmin keşməkeşli yolları ilə ən
yüksək pilləyə qalxmışdı. O, bir elm
adamının nail ola biləcəyi hər şeyə nail
olmuşdu: mükafatlar, təltiflər, amma bir dəfə
televiziya müsahibəsində dedi: - "Heç vaxt
mükafat üçün işləməmişəm.
Sən öz işini gör, mükafat özü gəlib
səni tapacaq". Yəqin, onun müəyyən
xüsusiyyətləri bizdə də var, amma harada, necə,
nə qədər ona oxşayırıq, bunu deməyə
çətinlik çəkirəm.
- Oğlan uşağı dəcəl olur. Dəcəllik
edəndə sizi necə cəzalandırırdı? Və siz
onun cəza metodlarını ailədə
övladlarınıza tətbiq etmisiniz?
- Əlbəttə, dəcəllik olmasa uşaqlıq
olmaz... Cəzası isə, məsələn, "get
küncdə dayan" olurdu. Və ya biz uşaq olanda
yeganə telekanalda multiplikasiya filmləri saat 6-da
göstərilirdi, televizora baxmaq mənə qadağan edilirdi,
ya da bir-iki gün sevdiyim, yarımçıq qalmış
kitabı oxumağı yasaq edirdi, ancaq dərslərimlə
məşğul olurdum. Cəzası da sivil idi. Mən isə
daha qəddar olmuşam, deyəsən...
- Bəkir müəllimin işi çox idi: akademiya, elmi
və ictimai fəaliyyət, dissertasiyalar,
yaradıcılıq, Yazıçılar Birliyi,
müxtəlif redaksiyalar, rəhbərlik etdiyi institutun
qayğıları, elmi şuralar, səfərlər və s.
Ailəyə necə, vaxt ayıra bilirdi?
- Atamın fantastik iş qabiliyyəti vardı, iş
görmək həvəsi və bacarığı vardı.
Mən səhər yatağımdan qalxanda onu artıq yazı
masası arxasında görürdüm. O vaxta qədər
çayını da içirdi və işləyirdi. Saat 9-da
işdə olurdu, heç vaxt gecikməzdi. Məncə, bu
müharibə görmüş nəslin
alışdığı nizam-intizamdır. Axşam da
gəlib bir qədər istirahət etdikdən sonra yenə
işi ilə məşğul olurdu. İndiki kimi kompüter
yox idi, əksər yazılarını qələmlə
yazırdı və işçilərini, yəni makinaçı
qızları çox incitməsin deyə,
bacardığı qədər səliqəli yazmağa
çalışırdı. Daha sürətlə və daha
səliqəsiz yaza bilərdi, amma incitmək istəmirdi
heç kəsi.
- Bəkir Nəbiyev ölkədə kifayət
qədər tanınmış adam idi və hətta bir
neçə televiziya kanalı olan vaxtlarda onu demək olar
hamı tanıyrdı. Sonra kanalların bolluğunda az qala
hər həftə bir neçə kanalda
göstərirdilər onu. Məşhur idi, amma bugünkü
məşhurlardan deyildi...
- Əvvəla, özünü heç vaxt qeyri-adi
məşhur hiss etmirdi. Çox adi yanaşırdı
bütün bunlara. Təbii ki, tanıyanlar olurdu, elə
akademiyanın 11 min işçisi var. Axşam
gəzintisinə alim dostu, yaxud cilingər tanışı
ilə çıxmağın onun üçün fərqi
yox idi. Çalışırdı insanlarla
ünsiyyətdə olanda onlardan nəsə
götürsün. Hətta götürməyə heç
nə olmasa belə, ən azından həmin adamın
ləhcəsini, danışıq tərzini
götürürdü və tanıyanlar bilir, bu
sahədə xüsusi baməzəliyi vardı.
- Yaxın dostları kim idi? Sutkanın istənilən
vaxtı zəng vurmağa ərk edə bildiyi, hər
kəsdən darıxanda, hər şeydən bezəndə,
yorulanda görmək istədiyi dostdan gedir söhbət... Siz
necə, o dostların övladları ilə dostluq edə
bildinizmi?
- Abbas Zamanovla çox yaxın münasibəti vardı.
Kamal müəllimlə yaxın münasibəti vardı...
- Kamal Talıbzadə?
- Elə onunla da, Kamal Abdulla ilə də. Yəni onun
üçün dostluq münasibətində yaş senzi yox
idi. Çox gənc dostları vardı. Məsələn,
İsrafil İsrafilov kimi gənc və Vasim
Məmmədəliyev kimi yaşıdı. Cavanlıq
dostlarından Cəmil Əlibəyov, Şıxəli
Qurbanovla yaxın münasibətləri olub. İmamverdi
Əbilovla yaxın idilər. Gözümü açandan
evimizdə o adamları görmüşəm. Arif
Abdullazadə, Məsud Əlioğlu... çox idi dostları...
Ümumiyyətlə, gəncliyində adamın dostu çox
olur və zaman keçdikcə itkilər başlayır.
Və təəssüf ki, dostluq irsən
ötürülmür.
- Bəkir müəllimin başqa maraq dairəsi
vardımı? Köhnə kişilər nərdbaz olurlar...
Və oynayanda uduzmaqla arası necə idi?
- Nərdin ustası idi. Evə gələn qonaqlarla,
dostlarla oynayırdı, amma uduzmaq istəmirdi, xüsusilə
nərddə, çox yaxşı oynayırdı və
mən onu heç vaxt uda bilmədim.
Generalla bilyard oynayan akademik
- Belə bir məqam var: maraq oyunlarında uduzmağı
sevməyənlər həyatda uduzmaqla barışmırlar.
- Yox, atam həyatda çox uduzmuşdu. Həyatda belə
şeylərə öyrəşmişdi. Amma daha çox
bilyarda həvəs göstərirdi. Peşəkar idi.
Özünün xüsusi kiyi vardı. Oyuna gedəndə
öz kiyini götürüb gedirdi. Dostları gəlib onu
aparırdı, düzdür, pulla oynamırdılar, amma
həvəslə oynayırdılar və onun bilyard
dostlarından biri məşhur bir general idi. O qədər
bilyard həvəskarı idi ki, mənə bağa da bilyard
aldırmışdı, yayda başını qatırdı.
Mənimlə də oynayırdı, nəvələrilə
də. Kiçik oğlum onunla adaşdır, elə onunla da
oynayırdı.
- Hansı müəllifi daha çox sevirdi? Kimə akademik
yanaşması özəl idi?
- Müasirlərdən var idi elə adamlar, ad
çəkmək istəmirəm, amma Hadini, Sabiri, Mirzə
Cəlili çox sevirdi. Yaxşı hafizəsi vardı.
Mənimçün çox çətin görünən
Cavidin, Hadinin şeirlərindən əzbər bildiyi çox
idi.
Müəllimlikdən ehtiyat edən alim
- Bəkir müəllim ömrünün
müəyyən hissəsini müəllim işləyib, amma
elmlə məşğul olduqdan sonra pedaqoji
fəaliyyətdən uzaq oldu.
- Dəvətlər olurdu. Hətta ən nüfuzlu ali
məktəblərdə kafedra müdirliyinə qədər
təklif olunmuşdu, amma imtina edirdi. Səbəbi çox
ciddiydi. Bəzi ali məktəb müəllimlərinə
cəmiyyətdə münasibət birmənalı deyildi,
adının nədəsə hallana biləcəyindən
ehtiyat edirdi. Onun üçün ailə və təmiz ad
hər şeydən üstün idi. Həm də
vaxtını çatdıra bilmirdi. Sakit akademik mühitə
üstünlük verirdi.
- Belə başa düşdüm ki, Bəkir Nəbiyev
haramdan qaçıb və haramdan qaçan adamlar çox
vaxt müəyyən məhrumiyyətlər yaşayır.
Evdə, ailədə hər şeyi çatdıra bilirdimi?
Ağlınızdan keçmirdi ki, atam elm adamı olmaqdansa,
mağaza müdiri olsaydı daha yaxşı idi.
- Əlbəttə, hər şeyi çatdırmaq olmurdu.
Belə bir rus deyimi var, generalın həyat yoldaşı olmaq
üçün leytenanta ərə getmək lazımdır.
Akademik olmaq üçün də əvvəl kiçik elmi
işçi olmalısan. Məhz həmin dövrlərdə
çətin dolanırdıq. Maşınımız yox idi,
atamın heç vaxt maşını olmayıb.
Universitetdə oxuyanda imkanlı tay-tuşlarım vardı,
instituta şəxsi maşını ilə
gələnlər olurdu və bir gün atama dedim ki,
mənə də maşın al. Etiraz etmədi,
məmnuniyyətlə razılıq verdi, amma dedi ki, oğlum,
o maşının min manatını sən düzəlt
qalanı mənim boynuma. Sevindim, amma sonra fikirləşdim ki,
tələbə adamam, min manatı necə
düzəldəcəyəm, neçə ay
tələbə təqaüdünü yığmalıyam?!
Bununla sadəcə məni başa salmaq istəyirdi ki, o
maşının onda birini özün qazana bilərsənmi?
Bəli, vaxt gəldi, mən özümə maşın
aldım, atamı həmin maşında gəzdirdim və hiss
etdim ki, o, bununla çox qürur duyur.
Ölümündən 10 il əvvəl yazılmış
vəsiyyətnamə
- Bəkir müəllim 82 yaşında vəfat etdi.
Xəstə yatdımı, əziyyət çəkdimi?
Ailəsinə, övladlarına nə vəsiyyət etdi?
- Yox, qısamüddətli xəstəlikləri oldu.
Ömrünün sonuna yaxın bir neçə dəfə
üç, gün, dörd gün xəstəxanada yatdı,
vəssalam. Ürək çatışmazlığı idi
onda. Səhhəti ilə bağlı hamı ona deyirdi ki,
dövlət hesabına xaricdə müalicə olunmaq
üçün ölkə rəhbərliyinə müraciət
etsin, deyirdi mən akademik adamam, yaxşı maaş alıram,
mən də dövlət hesabına müalicə
olunacağamsa, bəs öz hesabına kim müalicə
olunacaq? Elə bil nəsə hiss etmişdi. Gecə
dünyasını dəyişdiyi günün səhəri
işə gedib mühasibi çağırmış,
gecikməsin deyə, maaş cədvəlini
imzalamışdı, elmi şuradan işi keçəcək
bir neçə nəfərlə bağlı protokolları
imzalamışdı, müdafiə şurasına təqdim
olunacaq sənədləri hazırlamışdı, yəni
elə bil bütün yarımçıq işlərini
tamamlamağa çalışmışdı. Sonra da
şöbələri gəzib işçilərlə
görüşmüşdü. Halallaşmaq kimi...
vidalaşıb hamıyla. Və həmin gecə
rəhmətə gedib. Anam olub yanında. O, rəhmətə
gedəndən sonra yazı masasında 10 il əvvəl
yazılmış vəsiyyətini tapdıq, sadəcə
sonuna bir neçə cümlə əlavə etmişdi, o da
bacım oğlunun toyu ilə bağlı. Yazmışdı
ki, mənə bir şey olsa uşağın xeyir işini
saxlamayın. Qalan hər şey 10 il əvvəl
yazdıqları idi və orada mülk, var-dövlət
bölgüsü barədə bir söz belə
yazılmamışdı, çünki elə böyük
imkanları yox idi, anamı bizə tapşırırdı,
ailəni bir tutmağı vəsiyyət edirdi. Yazırdı
ki, mənim üçün böyük ehsan verməyin, insan
ehsanını sağlığında öz
əməllərilə verir. Yəni belə şeylər.
Onun bu fikirləri ailəmiz üçün proqram idi, mesaj
idi.
- Bəkir müəllim "Ədəbiyyat
qəzeti"nin daimi oxucusu olub, siz necə, oxuyursunuzmu "Ədəbiyyat
qəzeti"ni?
- Oxuyuram. Çalışıram, hər nömrəsini
oxuyum, çünki qəzet çox yaxşı
çıxır, xeyli müasirləşib, ədəbi
prosesi izləmək üçün mənə yeganə
vasitədir. Təsadüfi hallarda qaçıra
bilərəm.
Sadıq Nəbiyev
Söhbətləşdi: Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2020.- 25 yanvar. S. 4-5.