Unudulmayan
mübarək doğumlara...
Yaratmaq ölümü öldürmək deməkdir.
Romen Rollan
Vaxtilə
Frans Kafka dostu Maks Broda əlyazmalarını verib onları
yandırmağı istəmişdi. Maks Brodsa onları
yandırmayıb dünyaya bir Kafka ehtişamı
yaşatdı. Azər Turan da dostu Faiq İsmayılovun iynəboyu
şeirlərini onunla bir ölməyə qoymadı. Şeirlərini
çap elədi, haqqında "Ölüm süvarisi"
kitabını yazdı, "Ədəbiyyat qəzeti"nin
baş redaktoru olduğu bu illərdə Faiqin şeirlərini
ədəbi prosesin həmişə hərəkətdə
olan canlı orqanizminə çevirdi. Azərbaycan
poeziyasına Faiq İsmayılov adlı şair
qazandırdı.
Poeziya
üfüqlərində qəfil gün işığı
kimi doğub gəldiyi qəfil sürətlə də qeybə
çəkilən Faiq ancaq yaddaşlarda, xatirələrdə,
bir də yazdığı şeirlərin sətirlərində
yaşadı. Onların heç biri ona vəfasız
çıxmadı. Heç olmasa burda bəxti gətirdi.
Heç olmasa burda fələyin çərxi tərsinə
fırlanmadı. Bir dost əli, bir də şeir
yaddaşı onu çəkildiyi qaranlığın hücrəsindən
alıb gün işığına çıxartdı.
Müvəqqəti olan ömrün əbədi
yürüşü başladı. Yenidən doğuldu Faiq
İsmayılov...
İndi
budur, haqqında ikinci kitab ərsəyə gəlib:
"Doğumun unuduluşu"! Müəllifi Ülvi Babasoyun
təbirincə desək, "Faiq İsmayılov səfərdən
qayıdır. Təmiz, nadir bioqrafiyası və Azərbaycan
poeziyasındakı layiqli yeri ilə". Qəribədir,
çox qısa ömür kəsimi yaşayan, yaşlanmadan
həyatı tərk edən Faiq İsmayılov bu gün az
qala poeziyanın klassiki səviyyəsində qəbul, dərk
edilir. Bunu həm də klassikanın oxunuşu məqamı
üzərindən səsləndirmək olar. Hər gələn
nəsil klassik irsi yeni gözlə dəyərləndirdiyi
kimi, Faiqin də şeirləri yetişən gənc nəslin,
yeni ədəbi nəfəsin, poetik düşüncənin
predmetinə çevrilir. "Doğumun unuduluşu"
kitabı dediklərimizə sübutdur. Ülvi
çağdaş, modern sənət görüşlərini,
elmi-nəzəri bilgilərini, poeziya sistemi haqqında yeni
dünyagörüşləri, düşüncə
paradiqmalarını Faiqin şeirləri əsasında
sınaqdan çıxarır. Bu şeirlərə istinadən
ümumən mətnin struktur və ifadə estetikası
haqqında fikirlərini, sənətlə bağlı nəzəri
düşüncələrini bölüşür.
Çünki Faiqin şeirləri hər zaman yeni oxunuşa
imkan verən mətnlərdir. Əsl sənətin, əsl
poeziyanın gücü həm də bundadır. Yeni sənət
paradiqmalarını içindən keçirə bilməsində.
Ülvi
Faiq İsmayılovu "sevgidən ölən şair"
adlandırır: "Siz heç sevgidən ölən adam
görmüsünüzmü? Mən görmüşəm.
Ancaq real həyatda deyil. Sənətin fenomenal estetika
bucağında kəsişən bir ömürdə şahid
oldum bu nadir yaşamaq, var olmaq formasına. "İynəboyu
şeirlər" yazan Faiq İsmayılovun
yaradıcılığnda rast gəldim sevinc və kədərin
poetik izdivacına. Bir-birinin əksi olan bu iki duyğu sifətimdə
eyni anda canlandı, təzahür etdi. Ruhum və bədənim
isə ayrı-ayrılıqda qəzaya uğradı, sanki.
Çünki Faiqin həyatı da şeirləri kimi, zülmət
qaranlıqda iynə boyda işıq axtaran, ümidli bir
sevginin qurbanına çevrilmişdi".
Poeziyanın
fəlsəfəsi onsuz da sevgi həqiqətində ehtiva
olunur. Faiq həyatın, yaşamağın mənasını
sevgidə görürdü və sonadək
inandığı bu ideyanın iradəsi əleyhinə getmədi.
Ölümü ilə sevgi mətnlərinin
tamlığını, daxili saflığını
qorumuş oldu. Göydən bəxtinə yazılan qəzavü-qədərə
elə yağan yaz yağışına olduğu kimi çətir
tutmadı: "Siz Allah, bağlayın o çətirləri,/açın
başınızı yaz yağışına", - dedi.
Amma ona ayrılan az vaxtda sürreal rəsm tablolarına
sığdırılan mənanı öz kiçik şeirlərinin
bətninə yığıb: "Bu dünyanın istisiylə
soyuğu/öpüşən yerdən/küləyi
başlayır...", - kimi misralarla təkcə təbiətin
yox, poeziyanın hadisəsini yaratdı Faiq İsmayılov.
Bu mənada
onun şeirləri və ölümü sevgi aktının
metaforudur. Sevgi ilə bağlı Faiqin öz gerçəkliyi
var və Ülvi haqlı olaraq bunu insanın ilahi mahiyyətə
bağlılığının ekvivalenti kimi səciyyələndirir.
Çünki bədii mətn həm də ilkin
dünyanı, onun gerçəklik strukturunu ehtiva edəndir.
Ülvi bu şeirləri mifopoetik təfəkkür sisteminin
hüdudları daxilində təhlilə çəkir,
şeirdəki əsl mənanı, sanki daim gizli,
örtükdə saxlanılan ilahi mahiyyətin sirrini dərin
qatlarda arayır. "Faiqin şeirləri üç müxtəlif
tarixi, mifoloji və poetik yaddaşı özündə birləşdirir.
Beləliklə, sivilizasiyanın üç fərqli
dövrü eşq, şeir və müdrikliklə
uzlaşır". Müəllif şeirlərdəki məhəbbət
duyğusunun ali səviyyədə təqdiminə adekvat olaraq
qadın, sevgi anlamlarının cazibəsini mümkün olan
bütün nöqtələrdən və estetikalardan
göstərir.
Təklik
və hüzndən, həsrət və ayrılıqdan
boylanan, darıxan, gözləri yol çəkən,
küçələri qərib-qərib gəzən şair
obrazı... Faiq niyə kədərdən bu qədər məhrəmliklə
bəhs edirdi, görəsən? Bu şeirlərin
canındakı yorğunluğun səbəbi nələr idi?
Bəlkə sadə bir kənd uşağı kimi doğulub
dünyanın çirkinliklərinə bulaşmamaq
acısı, onu irəlidə gözləyən bəxtsiz
taleyi duyub ağrımaq, yarım qalmış niyyətlər,
paralanmış ümidlər, amma və lakin... diri qalan,
heç solmayan arzuların göy qurşağı... Bu fikirləri
2016-cı ildə Faiq haqqında "Duyğuların
çiçək ətri" adlanan yazımda
yazmışdım. "Doğumun unuduluşu"
kitabında da müəllif bu kontekstdə dəqiq vurğular
edir: "Faiq yalqızlığı Avropa modernistləri kimi
lənətləmir. Tənhalıq hissini mənimsəyir,
doğma, məhrəm duyğuya çevirir. Kazimir
Maleviç "Qara kvadrat"da incəsənətin tənhalığını,
bəlkə də, sonunu təsvirsizliyin və rəngsizliyin
qara kölgəsinə çevirdiyi kimi, Faiq "Qara"
şeirində insanı kölgətək izləyən mənliyin,
eqonun zərif bədii strukturunu yaradır. Çünki
"Qara" şeirində üsyan yoxdur, təsdiq,
razılaşma var. Faiq insanın özüylə - kölgəsiylə
barışmağının poeziyasını yaradır.
Modernist struktur antimodernist məzmunda təqdim edilir":
Bir mənəm,
bir də
ağ divarda
qara
kölgəm...
Deyirəm
nə yaxşı
tək
deyiləm.
Faiqin
hər çür söz oyunundan uzaq dillə yazılan,
metafora zənginliyi və qəribəliyi, bədii
tapıntılar və obrazlı ifadələr çeşidi
ilə seçilən, ayrı bir intonasiya ladında gerçəkləşən
şeirlərini Ülvi müxtəlif yollarla, fərqli
mövqelərlə öyrənməyə can atır. Elmin dəqiq
və əsaslandırılmış müddəaları, fəlsəfi
fikrin çoxyönlü və mürəkkəb
konsepsiyalarının hasilə gətirdiyi mülahizələrlə
yanaşı, o, şeiri qavramanın digər aspektlərindən
də yararlanır. Dil və mifologiyanın, mifologiya ilə
incəsənətin birgəliyini, sözün mifopoetik təfəkkürdən
gələn metaforik gücünü Faiqin şeirləri əsasında
izah etməyə çalışır. Faiq İsmayılov
şeirlərinin aparıcı poetik amili dil vasitələrinin
xarici effekt və təəssürat yaratmaqdan daha çox
xüsusi anlam yaradıcı mexanizmə, məntiqi
gücü olan dəlil və əsaslara çevrilməsidir.
Bu baxımdan, Ülvi təxəyyülünün imkan verdiyi
qədər bu şeirləri fərqli kulturoloji aspektlərdən
açmağa yönlənir. İlk baxışda rasional ifadə
ilə yazılan bu məqalələrdə emosional gərginlik,
film və musiqi fonunun birgəliyi mətnə dolğun səciyyə
qazandırır. Ülvi Babasoy fərqli coğrafi məkan və
zaman qatlarına daxil olur, mətnlərarası sərhədləri
müəyyənləşdirməyə
çalışır, onlar arasında cizgilər
aydınlaşdıqca hər mətnin daxilində oxşar səslər,
notlar öz modusu ilə meydana çıxır.
Daha
bir məqam. Müəllif Faiqin şeirlərindəki
"oxucu-bədən dili" amilini vizual mətnin plastik ifadəliliyində
önəmli rol daşıyan amil olaraq səciyyələndirir.
Vizual şeirlər məsələsinə toxunur. Bu gün
çağdaş poeziyada funksional olan vizual şeir yazmaq
tendensiyasını Faiq 80-ci illərdə gerçəkləşdirib:
"Faiq iyirmi yaşında şeir sənətində yeniliklər
edir. O, nəzəri anlayışlardan birbaşa xəbərdar
deyildir. "Yağış" şeirində irəli və
geriyə sıçrayışlar, vizual effektlərin
kadrarxası və kadrönü təcəssümü maraq
doğurur. Yəni oxucunun yaddaşı, misraların
yaddaşı və şairin yaddaşı vahid bir harmoniya
yaradır".
İstənilən
mətn - istər poeziya nümunəsi olsun, istər proza,
özündə müxtəlif zaman qatlarını ehtiva edir.
Keçmişin yaddaşı və indinin müasirliyinə dair
elementlərin cəmləşdiyi mətn yalnız
qızıl orta yaradıb zamanın axarına daxil ola bilir. Və
daxil olduğu zamanda öz daxili iyerarxiyasını qurub,
öz zamanı ilə sərbəst davranmağı, dil
tapmağı bacarır. Ülvi Babasoy Faiqin şeirlərinin
daxili-bioloji ritmlərində zaman anlayışına
sığmayan virtual bağları üzə
çıxarır. Müəllif ədəbiyyatşünaslıqda
müəllif-obraz-oxucu səviyyələrində gerçəkləşən
mətnin bədii zaman konsepsiyasında əks olunması məsələsini
qabardır. İntertekstual mətnlərdə oxucu amili vacib məsələdir.
Niyə? Çünki bədii mətnin metaforik
çoxqatlılığında zamanın varlığı
və düzümü xaotikdir, fərqli mədəniyyətlərdən
gələn mətnlər hansısa eyni başlanğıcda
birləşirlər. Deməli, müəyyən zaman
hüdudunu aşmış olurlar. Amma bu təmərküz
nöqtəsi, vahid estetik ərazinin sahibi artıq
yazıçı yox, oxucudur. Umberto Eko
"Qızılgülün adı" romanı haqqında
yazırdı: "Mətn sizin qarşınızdadır və
öz mənasını yaradır. Mən istəsəm də,
istəməsəm də tapmaca meydana gəlib. Ziddiyyətli
ikilik. Burada bir (ola bilsin ki, hətta bir neçə) gizli mənanın
həkk olunduğunu anlasam da heç nəyi izah edə bilmirəm.
Müəllif kitabı bitirən kimi ölməli idi. Mətnin
yolunu kəsməmək üçün".
Ülvi
Babasoy şərhlərində başqa yolu tutur. O, Faiqin
şeirlərinə əsasən həm müəllifin
özünün daxili xarakter özəlliklərini, həm də
onun düşüncə tərzini,
dünyagörüşünü, mətnlərindəki
"dünya və gerçəklik modeli"ni, sənət
haqqında fikirlərini duymağa çalışır. Bəzən,
sanki özü də bu mətnlərin içinə daxil olub
onların fəal personajına çevrilir. Və bu zaman
şeirlərin "oxucu qavrayışı"nı müəllifini
"öldürmək" hesabına gerçəkləşdirmir,
belə bir yol düzgün də olmazdı. Bütün
şeirlərin təhlilində obrazlı element kimi
çıxış edir. İ.Erenburqun belə bir fikri var ki,
müəlliflə oxucu arasında qəribə
yaxınlıq var, müəyyən məqamda onların hər
ikisi eyni işi görür: oxucu da eynilə
yazıçı kimi süjet uydurur, əsəri öz
düşüncələri, xatirələri, hissləri ilə
zənginləşdirir.
Ülvi
Babasoy poetik mətnlərin təhlili zamanı şairin
psixoloji əhval-ruhiyyəsi məsələsini qabardır, mətləbə
müəllifin ruhunun dərki müstəvisindən gəlir,
onu şərh edir. Azər Turanın 1994-cü ildə
yazdığı "Ölüm süvarisi" kitabı da
V.Hüqodan alınmış belə bir fikri epiqraf seçməklə
başlayırdı: "Orda tənha qalmış bir ruh
vardır". Maraqlıdır ki, Ülvinin kitabının
epiqrafı da ruhla bağlı Azər Turanın kitabda yer
almış qeydlərindəndir. Bu, ədəbiyyatımızda
az rast gəlinən, amma vacib məqamlardandır.
Çünki ədəbiyyatda üslub rəngarəngliyi ilə
bir-birindən fərqlənən, təhkiyə tərzləri
ilə seçilən mətnlərin meydana
çıxmasının təminatçısı kimi müəllif
kimliyinin və onun psixoloji durumunun mühüm əhəmiyyəti
vardır. Ülvi də Faiqin şeirlərindəki xüsusi
fərdi-psixoloji yük daşıyan təzadlar sistemini,
güclü emosiyaya malik yığcam epizodlar monolitliyini,
fikirlə düşüncənin vəhdətini, hər
addımda oxucunu heyrət, gözlənilməzlik
qarşısında qoya bilmək özəlliklərini üzə
çıxarmağa çalışarkən daha çox
fikrin, ruhun obrazını gözəgörünən edir, mənəvi
dünyasını önə çəkir: "Şeir insan
kimi bədən və ruha malik orqanizmdir. Deməli, ruh metaforu,
ruhun estetik obrazı əbəs yerə deyildir".
Bəli,
mən Ülvi Babasoyla razılaşıram, o mənada ki, bizdə,
Azərbaycan ədəbiyyatşünaslığında bir
çox poetika məsələlərinin konseptual nəzəri
təhlili aparılmayıb, xüsusən özünün
vurğuladığı kimi, "şairin ruhu və bədəni
anlayışına bizim poeziya və ədəbiyyatşünaslıqda
ötəri nəzər salınıb. Daha çox kövrək,
duyğulu, şeiriyyətli bir şair obrazı
canlandırılıb. Halbuki, şairin ruhunun daxili qatı,
şüuraltı vəziyyəti poeziyada daha həssas və
vacib olan struktur və ifadə estetikasını yaradır".
Bu, təbii ki, sovet dövrünün qapalı ideoloji məkanda
fəaliyyətindən irəli gələn məsələdir.
Hər halda varsa da keçmişin sosioloji təhlil kontekstində
fiaskoya uğramış bəzi nəzəri kateqoriyalar kimi,
bu gün yeni kontekstdə - dünya ədəbi-estetik fikrinə
əsaslanan baxış sistemində həllini tapması gərəkdir.
Burada mətnlə ona yanaşanın arasında dialoqun
yaranması amili də vacibdir. Bu gün reseptiv tənqidin əsas
prinsiplərindən biri də məhz budur: yazıçı
və onun mətnini oxuyan arasında dialoq! Faiqin şeirləri
ilə Ülvi arasında münasibət daima dialoq şəklində
gerçəkləşir. Bu dialoq nəticəsində
Ülvi Babasoy şeirlərin məsamələrində,
süxurlarında gizlənən ideya və düşüncələri
önə çıxarır, onları uzaq ölkələrin,
ayrı mədəniyyətlərin
yazıçılarının mətnləri ilə eyni məqamda
görüşdürür. Faiqin mətnlərinin linqvistik və
vizual kodlar əsasında açımına
çalışır. Bu mənada, kitabda ideyanın həllinə,
açımına yönəlmiş müxtəlif bədii əsərlərin
eyni məqamda bəhsləşməsi, birləşməsi ilə
yanaşı, bunun kinematoqrafik kodlarla çatdırılması
işləkliyi də diqqətdən qaçmır. Belə
bir qəribə və qərib görünən müqayisələr
müəllifə niyə gərək olur? Göstərmək
üçün ki, sənət konseptualdır, bəşəridir,
biri digərini törədəndir.
Faiqin
şeirləri ilə müxtəlif sənət nümunələrinin
təhlili, fərqli fəlsəfi-estetik, arxitektonik-üslubi,
kompozisiya və təhkiyə quruluşları olan mətnlərin
bir araya gətirilməsi də məhz sənətdəki
konseptuallığın dərki baxımından maraq
doğurur: "Yarpaqların üzündə ölüm
kölgəsi" şeirinin təhlili Edqar Morenin eşq,
şeir və müdriklik tezisi kontekstində" izah olunur.
"Lui Araqonun "xoşbəxt sevgi yoxdur" misrası ilə
Faiqin "deməli, görmüsən səadət nədir"
ifadəsi arasında estetik planda bir ünsiyyət, rabitə
yaranır. İlk baxışda bir-birinə zidd görünən
bu misralar eşqin mahiyyətindəki kədərdə
qovuşur". Yaxud qızı Gülə
çaldığı laylanın mistik haləsi, Nazim Hikmət,
Xalidə Edip Adıvar, Yəhya Kamal Bayatlı mətnləri,
Cozef Koşutun "Bir və üç stul" əsəri
ilə Faiqin şeiri arasındakı əlaqə, Sara
Kolancelonun "Bağça müəllimi" filminin müəllifə
5 yaşındakı Faiqi xatırlatması və s. hər
biri şeirlərdən görünən ruhun diktəsi ilə
yaşanır. Maraqlısı budur ki, Ülvi Faiqin şeirlərinin
hər birində dərin psixoloji yük daşıyan kontrasta
köklənir, onların poeziyadan daha çox nəsri
xatırladan təəssürat bütövlüyünün əks-sədasını
arayır. Onun təhlilə cəlb etdiyi bir çox əsərin,
deyək ki, Mövlud Süleymanlı, Jan-Lük Qodardan gələn
və ayrılan notların vurğulanması, film, musiqi və
rəsmlərin struktur-tipoloji müqayisəsinə zəmin
buradan doğur. Müxtəlif zaman və məkan
koordinatlarında yaradılan bu sənət nümunələrinin
daxili motivi eyni bir melodiyanın vahid zəminli törəmələri,
ayrıntıları statusunda görünürlər.
Biz hər
şeir, musiqi, film parçasında dünyamıza yaxın nələrsə
tapıb duyğulana bilirik. Zaman keçir, illər geridə
qalır, bəzən yaddaşının lap uzaq
küncündə qalan hansısa munislik oyanır,
oyanışı ilə çox şeylərin sükutu
pozulur. Biri digəri ilə uyuşluq tapan bu nəsnələr
çox uzaqlara gedib çıxır. Bizdən sonra gələnlərdən
belə uzaqlara adlamaq gücünə sahib olurlar. Faiq
İsmayılovun şeirləri də belədir. İldən-ilə
keçərək, zamanlara qarışaraq həm yaşa
dolmaqdadır, həm də hər zamanın ruhunu
daşıya bildiyi üçün cavandır. Ona görə
həm tarixin, sivilizasiyanın, mifoloji
yaddaşımızın başlanğıc məqamından
boy verir, həm həməsri Nazim Hikmətlə qovuşur, həm
yeni yaradılışın ruhunda - körpə Gülə
oxunan laylada bir daha durulur, müqəddəsləşir, sanki.
"Ömür
çevrəsi qapanmayıb Faiq İsmayılovun. Heykəlləşmiş
şair olmaqdansa, şeirin dünyasında daimi mövcudluq,
var olmaq daha yaxşıdır. Qara torpaqla günəş
arasındakı fərq qədər bir uçurum var bu
bölgüdə. Faiq şeirdə yaşamağı
seçməklə ortaq düşmənimiz ölümü
öldürməyi bacarır".
Mən
bu məqamda, gənc ədəbiyyatşünas Ülvi
Babasoyun yazıb hasilə gətirdiyi kitabın məziyyətlərinə
müəyyən vurğu salandan sonra onun niyyətinə,
gördüyü bu dəyərli işin dəyərinə
fokuslanıram. İndiki ədəbi xaos və stixiya məqamının
işlək olduğu, az qala hər şeyin alınıb
satıldığı çağımızda Ülvinin əsl
ədəbiyyat faktı olan Faiq İsmayılovun şeirlərinə
diqqət ayırmasını, onları böyük sevgi və
səliqə ilə təhlilə çəkib kitab meydana
qoymaq əzmini alqışlayıram. "Doğumun
unuduluşu" adlandırdığı bu kitabın adı
içimdəki təəssüf nidasını təsəlli
sevinci ilə əvəzləyir.
Nə
qədər ki, sözə, sənətə saf duyğulardan
yanaşan qələm adamları olacaq, Doğumlar unudulmayacaq!
Bu kitab da unudulmayan mübarək doğumlara ithafdır!
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.-
2020.- 25 yanvar. S. 8-9.