Dərviş
ruhlu Eloğlu
Dərviş
Cavanşir haqqında birinci yazı, yaxud bir şair
haqqında qısa tezislər
Tələbəlik illərinin mənə
qazandırdığı müəlliflərdən idi Dərviş
Cavanşir. 2001-ci ilin ilk günlərində Naxçıvan
Dövlət Universitetinin 3-cü kurs tələbəsi ikən
"Qızlar gözlərində sevgi gəzdirir" adlı
ilk şeirlər kitabım nəşr olunmuşdu. Bütün dünyanın mənim olduğunu
düşündüyüm o günlərdə
kitabımı imzalayıb filologiya fakültəsində dərs
deyən müəllimlərimə havalı-havalı hədiyyə
edirdim. Əziz və dəyərli müəllimlərimizdən
biri olan filologiya elmləri namizədi Şirxan Məmmədov
da onlardan biri idi. Tələbə-şairin yeni
kitabını əlinə alıb vərəqləyəndən
sonra indi də qürurla xatırladığım xoş bir təbrikini
dilə gətirmişdi: "Universitetin tarixində XXI əsrin
ilk kitabının bir tələbəyə məxsus
olmasına görə səni təbrik edirəm".
Şeirlərimi növbəti dərslərin birində təhlil
edən, bəyənən Şirxan müəllim bir
maraqlı məlumatı da auditoriyaya
açıqlamışdı: "Azərbaycanda şeir kitabı
nəşr olunan ilk tələbə mənim
qardaşımdır: Cavanşir Eloğlu - Dərviş
Cavanşir". Bir bənd şeirini də
demişdi ki, bizim qrupun poeziyaya maraqlı tələbələri
həmin şeiri bu gün də əzbər bilir.
Sonradan müşahidələrim göstərəcəkdi ki,
təkcə bizim qrup yox, vətən sevdalı bütün
poeziyasevərlərin əzbərində yurd salıb:
Qurban olum
torpağına, daşına,
Qaldır məni, Əlincənin başına.
Qoy
dolanım, Vətən, sənin başına,
Deməsinlər pərvanəsi çatışmır.
Tələbə şair Cavanşir Eloğlunun 1981-ci ildə
nəşr olunmuş "Gözümün ilk ovu"
şeirlər kitabı da məhz "Vətən"
adlı bu bir bəndlik şeirlə başlayır. Həmin kitaba
ön söz yazmış Xalq şairi Məmməd Araza
görə, Cavanşir Eloğlu "axtara-axtara
düşünən, düşünə-düşünə
axtaran" şairdir. İrəli gedib
deyim ki, oxuduğum bütün kitablarında Dərviş
Cavanşirin Məmməd Araz təyini ilə nə qədər
üst-üstə düşdüyünü müşahidə
etdim.
Yeni il tətili ərəfəsində dəyərli
müəllimimi - Şirxan müəllimi evində ziyarət
elədim. Məqsədim həm özünü
görmək, yeni çıxan kitabımı ona vermək, həm
də şeirdən, ədəbiyyatdan, poeziyadan, xüsusilə
Dərviş Cavanşirdən danışmaq idi. Bir neçə saat necə keçdi, xatırlamıram.
Amma qardaşının hər bir şeiri haqqında ən
incə məqamlarına kimi, şeirin arxasındakı hadisələrə
qədər, hətta şairin tələbəlik
dövründə "əjdaha" müəllimləri tərəfindən
necə sevilməsi barədə də doyunca söhbət
etdik. Onu da deyim ki, Dərviş Cavanşir təkcə
poeziyası ilə deyil, publisistikası ilə də Şirxan
müəllimin yaddaşında dipdiri, olduğu kimi
yaşayır. Söhbətimiz əsnasında
neçə-neçə şeirini əzbərdən deyən
müəllimimin gizlətməyə
çalışdığı kövrəkliyini titrəyən
səsindən anlamaq çətin deyildi.
Tətil günlərində oxumaq üçün
şairin məndə olmayan digər kitablarını da
alıb evə döndüm. Üç həftə
keçməsinə baxmayaraq o kitabları qaytarmağa tələsmirəm.
Çünki nə vaxt sözə sığınmaq
ehtiyacı hiss edirəmsə, götürüb o kitabları
təkrar-təkrar oxuyuram. Həm də soyuq bir
yanvar günündə (9 yanvar 1954) dünyaya gələn
şairin misralarıyla qızınmaq üçün.
Şairin
"Gözümün ilk ovu" (1981),
"Ömrümüzdə yanan ocaq" (1988), "Mən qəribin
qardaşıyam" (1996), "Haqdan yanan bir
çırağam" (2010), "Hörün məni
divarlara" (2012) şeirlər kitabları nəşr olunur.
Son kitabı həm də 2014-cü ildə İranda fars əlifbası ilə oxuculara təqdim
olunub. Bundan əlavə, "Durnalar qərib olmur" (2000)
kitabında Dərviş Cavanşirin vaxtı ilə işlədiyi
"Aydınlıq", "Meydan", "Xalq qəzeti"
və digər mətbu orqanlarda nəşr olunmuş
"Durnalar qərib olmur", "Aman təklik əlindən",
"Balıqqulağı", "Balıqlar balasını
tanımır", "Arvadlar duelə
çağırılmır", "Bərkdi fələyin
yayı" və sair publisistik yazıları, "Qiblə
yeli" (2013) kitabında isə eyniadlı povesti,
"Ənik" və "Danışın, hələ
üç dəqiqəniz var" hekayələri yer
alıb. İstər publisistik yazılarında,
istərsə də nəsr əsərlərində şeir
havasındadır Dərviş Cavanşir.
"Əsgər
barmaqlarında gitara tellərinə çevrilən tikanlı məftillər",
"yaşıl vərəqli şehli yamaclarda misra
cığırlar", "uşaqlıq illəri gizlənqaç
oynadığı bucaqlarda qalan", "uşaqlıq xatirələri
kövrək xatirələrə bükülü qalan",
"bəndə günaha batmasın deyə,
ölümünün haqdan gəlməsini" istəyən
və yüzlərlə bu cür ifadələrin müəllifi
olan şairin şeirlərində ruhani təkliyinin mənəvi
zənginliyi boy göstərir:
Hörün
məni divarlara,
Divarlar uca görünsün.
O
ucalıqdan baxanda
Bu qapı-baca görünsün.
"Çağırış" adlı şeirini
düşüncələrə qərq olaraq oxuyuram. Başdan-ayağa dumduru
duyğuların içində gördüyüm gənc igidi
xatırladan Dərviş Cavanşirin şeirin alt qatında
gizlətdiyi nə qədər mübarizə ruhlu vətən
şeirləri varmış:
Damcılar,
birləşin!
Şeh
olub yarpağa qonmayın,
Budağa qonmayın.
Sonradan soyuqdan.
Sazaqdan donmayın.
Birləşin,
damcılar!
Sizlərdə fırtına gücü var.
Damcıdan
ümmanlar törəyir,
Ümmanlar damcılar gücünə kükrəyir.
Daha nə deməlidi ki, yeni-yeni közərən
müstəqillik arzularının ifadəsi üçün? 1970-ci ildə xalqı birliyə
çağırma niyyətilə yoğrulmuş öz
düşüncələrini vətəndaş-şair
başqa necə dilə gətirməliydi!?
Yaxud bir
körpənin yatışına hansımız belə poetik
baxış ortaya qoya bilmişik:
Bir
beşik nəvaziş geyib əyninə,
Ümid - körpə yatır.
Mərdlikdən ayrılmış bir qəlpə
yatır.
Gecələri
sabahlara bələnəcək
"heyrət" yatır.
Sabah ona
qız isməti güvənəcək
qeyrət
yatır...
Dərviş
Cavanşirin tam fərqli Vətən anlayışlı
şeirləri var. Onun Vətən şeirləri bir qəribin
qürbətdən boylanan bənövşə taleyidir, lalə
könlüdür, dağ qarıdır, ana duasıdır,
qonşu həyətidir, nakam sevda məktubudur, uşaqlıq
uzaqlığıdır...
Bütün
köklərimlə, budaqlarımla,
Döşündən nur əmən körpə
ağacam.
Bu
yaşıl ömürlü yarpaqlarımla
Ancaq Vətən deyib oxuyacağam.
Bir də anası Səbayelə yazılan şeirlər
var ki, layla ruhludur, bayatı yüklüdür, nağıl pişrovludur, dastan ləngərlidir.
Sevgi
şeirlərində toyuna çatmadığı kənd
qızlarından tutmuş, ahı tutan gözəl, dolmuş
gözlərinə söz deyə bilmədiyi sevdası,
gözünün ilk ovu var:
Baxışın
gizlədir qəlbin deyəni,
Gözündən oxunmur həsrətin izi.
Bu
yaxın soyuqluq yandırır məni,
Bu soyuq yaxınlıq ayırır bizi.
Cavanşir Eloğlu ötən əsrin sonlarında xalq
şeirindən süzülən işıqla nurlanan irfan
şeirinə tərəf yol aldı. Və o yolun sonunda xalq
dastanlarında rastlaşdığımız cilddəyişmə
baş verdi. Cavanşir Eloğluda bu mifik
proses təkcə təxəllüslə yekunlaşmadı. "Eloğlu" "Dərviş" çevrilməsi
şeirlərinin məna qatının dərinliyinə
doğru endikcə, oxucunu da özüylə çəkib
aparmağa qadir bir mərhələylə davam etdi. Maraqlıdır ki, Dərviş Cavanşir irfan
ruhunu klassik şeir janrlarında göstərmədi, elə
xalq poeziyasından gələn ovqatla buna nail oldu.
Köynəkdən keçərək, durna səsinə
qoşularaq...
Bir də
ki, bu dərvişlikdə XIX əsrin tənqidi-realizm mətnlərinin
dərvişi yox, Nəsimiyə vurğun tərki-dünya bir
dərvişanəlik var idi:
Cavan
ömrü yelə tutan qoca dərvişəm,
Xəlbirimdə ac quşa da dən saxlamadım.
Ağız
açdım, yalan satdı yenə dil dişə,
Dodağımda
gülüşümə gün ağlamadım.
Dərviş Cavanşir hər şeirində folklor
mayalıdır. Bir folklorşünas kimi onun şeirlərində
mən atalar sözlərindən dastana kimi hər janrın
rüzgarında sərinlədim. Şeirləriylə bədii
zövqümüzə bir ocaq qalayan şairin salxım
söyüdlü ədəbiyyat kölgəsində bir fikir
düşüncələrimə hakim kəsilib: Dərviş
Cavanşir sazı olmayan haqq aşığı idi. Şeirlərinin
hər bəndində saz səsi var:
Söyüddən
asılı nənnilər,
Küləklərlə yellənirlər.
Söyüdlər
layla demirlər,
Ağlayırlar
için-için,
Ağlayırlar övlad üçün.
Poeziya
sevdalı fədakar bir gənc folklorşünas gərəkdi
bu şeirləri misra-misra təhlil eləyə, Cavanşir
Eloğlunun Səbayel anasından, Tutu nənəsindən,
bibisindən, xalasından, qonşusundan eşidib şeirlərinə
yüklədiyi folklor kodlarını aça, şifahi
yaddaşımızı elmi müstəviyə çəkə:
Sevdan
başımda ağlar,
Gözdə yaşım da ağlar.
Könül
verdiyim bilir,
Nə çəkdi başım, dağlar.
Gecənin bir yarısı otağımda Dərviş
Cavanşir şeirləri nura çevrilir. Onsuz da
şair təkliyi İlahidən nur almış nəfəs
kimidi. Amma bu ayrı bir ovqatdır. Nur topasının içindən bir söz göyərir.
Şeirlərinin mistik aurasından qəfil
qopmaq istəyirəm. Dur deyir, dinlə deyir o nur və
bir bənd şeir pıçıldayır mənə:
Sonum
sözdü, ilkim sözdü,
Varım sözdü, mülküm sözdü.
Qurusam da
köküm sözdü,
Mən bir sözdən göyərəcəm.
Nə demək istəyir son günlər məni
poeziyasına butalayan şair? Nədi o söz... Yenidən
ələk-vələk eləyirəm kitablarını, hər
şeirində o sözü axtarıram. Ahaaa,
deyəsən, tapmışam. Dərviş Cavanşirin
göyərəcəyi "SÖZ" durna səsində
gizliymiş:
Eşq dəryadı,
gəmi könül,
Qərq eyləməz qəmi könlüm.
Havalanma,
dəli könlüm,
Havada durna səsi var.
Yada toyu,
mənə yası,
Necə qıydın, qız anası?
Başımda
sevda havası,
Havada durna səsi var.
Baxma elə
uşağıydı,
Boyu şamama tağıydı.
Qızın
durna çırağıydı
Havada durna səsinə.
Kaş
ki, məni açıq-aydın,
Sənin qarğışın tutaydı.
Geri
dönüb baxmayaydım,
Havada durna səsinə.
Mən qəlbimlə
öc eylədim,
Oda saldım, puç eylədim.
"Köçəri"
çal, köç eyləyim,
Havada durna səsi var.
Dərviş Cavanşir Naxçıvan şəhərinin
Əliabad kəndində dünyaya göz
açmışdı. İndi Naxçıvan şəhərinə
birləşmiş Əliabadda mən məkan salmışam.
Görünür, yanvar ayında dünyadan
köçən şairi həmin ayın soyuq günlərində
qısa tezislərlə yada salmaq da ilahi bir mesajmış.
Hələ onun dua-dua şeirlərindən,
ovsun-ovsun sözlərindən yazacaqlarım çoxdur.
Tanrı ömür verə, bir də bir çin yuxu. O
yuxuda Dərviş gələ, dərviş gələ...
Oturaq qabaq-qənşər, yuxu dünya, dünya məhşər...
Mən soruşam, o danışa, gedəndə də bu
şeirlə vidalaşa:
Döndər
məni dağa-daşa,
Qoy yem
olum qurda-quşa...
Haşa,
haşa, məndən haşa,
Ömür
ki, mənimdi Allah!
22 yanvar
2020 Naxçıvan
Elxan Yurdoğlu
Ədəbiyyat qəzeti.-
2020.- 25 yanvar. S. 12-13.