Modernizmdən
kənarda qalan ədəbiyyat
XX əsrin böyük türk
yazıçılarından olan Əhməd Həmdi
Tanpınarın "Aydakı qadın" romanını
oxudum. Tanpınar çox sevdiyim
yazıçılardandır, türk nəsrini dünya
romançılığı prinsiplərilə
ayaqlaşmağa sövq edən bir yazıçıdır.
Bu barədə ayrıca bir məqalə də
yazmışam. "Aydakı qadın"
yazıçının sonuncu əsəridir, nə yazıq
ki, əcəl ona romanı tamamlamağa imkan verməyib.
Buna baxmayaraq, roman bitkin təsir
bağışlayır. Əsərdəki
qırıqlıqlar yazıçının gündəliklərindən
əlavələr edilməklə bərpa edilib. Yazıçı gündəliklərində bu
romanın eskizlərini cızıb və bu da onun vəfatından
sonra əsəri bərpa etməkdə onun
araşdırıcılarına yardımçı olub.
Əks halda roman, doğrudan da,
yarımçıq görünərdi. Bu əlavələrlə
birlikdə roman ilk dəfə 1987-ci ildə,
yazıçının vəfatından iyirmi altı il ötəndən sonra nəşr edilib.
Bitkin struktura malik "Aydakı qadın" romanı
gündəliklərindəki qeydlər hesabına tamamlansa belə,
Tanpınarın yazıçı olaraq üslub özəlliklərini
özündə ehtiva edir, hətta mövzu baxımından
1948-ci ildə qələmə aldığı
"Hüzur" romanıyla da müəyyən
oxşarlıqlar diqqəti çəkir. Çox
maraqlıdır ki, adını çəkdiyimiz roman da
yazıçının ölümündən sonra nəşr
edilib. "Hüzur"un qəhrəmanları
sivilizasiya və mədəniyyət böhranı keçirən
bir cəmiyyətdə yaşayırlar, hadisələr
İkinci Dünya müharibəsi ərəfəsində cərəyan
edir. Bu dövrdə yeni həyat tərzinə
qovuşa bilməyən türk ziyalılarının
içində bir rahatsızlıq var, tərəddüdlərlə
çarpışmaqdadırlar.
Çökmüş bir imperiyanın
iqtisadi şərtləri içində nə edəcəklərini
bilmirlər. Hadisələr şeirsəl tonda təsvir
edilir, yeni sivilizasiyaya adaptə oluna bilməyən
insanların ruh halı, ənənəyə
bağlılığı "inanan ruhun Allahını arayan
çırpınışı", dərvişanəlik və
sonda inzivayə çəkilmə bu insanları yeni
dövrün qapısı arxasında qoyur. "Aydakı
qadın" romanının qəhrəmanları Selim, Leyla,
Asım da eyni problemlərin, mənəvi-psixoloji təbəddülatların
ağuşundadırlar.
İç monoloqlar üzərində qurulan romanın əsas
qəhrəmanı Selimdir. Selim introvert tipdir,
yaşadığı uğursuz sevgilər həyatının
düzənini pozub. Tanpınarın Prustvari cümlələri
Selimin iç dünyasının bütün
künc-bucaqlarını işıqlandırır. Selimi bir növ, Oğuz Atayın "Təhlükəli
oyunlar" romanının qəhrəmanı Hikmət Benolun
sələfi də adlandırmaq olar. Selim
də eyni vücudda, sanki bir neçə insanın
düşüncələrini daşıyır və bu fərqli
düşüncələr içərisində boğulur,
çıxış yolu tapa bilmir. Sentimental
xarakterli Selim roman boyu özüylə daxili savaşdadır,
həyata, siyasətə, sevgiyə münasibətində tərəddüdlər
burulğanında çabalamaqdadır. Selim-Leyla-Asım
üçbucağında heç biri mənəvi əsarətdən
qurtula bilmirlər. Selimin "İflas" adlı bir roman
yazdığını öyrənirik. Romana bu
adın seçilməsiylə də yazıçı oxucuya
bir mesaj ötürür. Burada müəyyən
mənada romanın qəhrəmanlarının mənəvi
çöküşünə işarə edilir. Oxucu
roman boyu bu iflası hiss edir. Bu daxili təbəddülatlar, əslində,
Cümhuriyyət ziyalılarının qarşısında
duran dilemmadan qaynaqlanır: Qərbə üz tutaq, yoxsa milli
kimliyimizi qoruyaq? Tanpınarın bütün əsərlərindən
bu xətt keçir. Yazıçı, əlbəttə,
modernləşməklə milli ruhu qoruyub saxlamağın tərəfdarıdır.
Yazını başlayanda məqsədim heç də
Tanpınarın romanı haqqında yazmaq deyildi. "Aydakı
qadın"ı oxuyub bir kənara qoyandan sonra bir anlıq
düşündüm: bəs görəsən, niyə
ötən əsrin 50-60-cı illərində Azərbaycan nəsrində
bu tipli intellektual romanlar yazılmayıb? Ruslaşmaya
qarşı öz milli kimliyini qorumağa çalışan
ziyalı obrazı niyə yaradılmayıb? Suala sualla
cavab verək: heç buna imkan verərdilərmi? Dərhal həmin yazıçının kürəyinə
millətçi damğası vurub gedər-gəlməzə
yollayardılar.
Əhməd
Həmdi Tanpınar türk ədəbiyyatına yeni
baxış, yeni üslub gətirən
yazıçılardandır, əsərlərindən də
göründüyü kimi, onun təhkiyə tərzində
modernizmin yaradıcıları Ceyms Coysun, Marsel Prustun
güclü təsiri var. Bu yeni xətt türk ədəbiyyatına,
türk nəsrinə Oğuz Atayı, Yusif Atılğanı
və Orxan Pamuku qazandırdı. Bəs Azərbaycan nəsrində
nə baş verdi? Sosrealizm ədəbiyyatı
Azərbaycan nəsrinin boy artımının
qarşısını aldı. Dünya ədəbiyyatının
qapıları Azərbaycan oxucusunun üzünə
bağlı idi və bu da bizdə ədəbi
inkişafın qarşısına çəpər çəkdi,
nəticədə direktiv, qısır ədəbiyyat
yarandı. Bu fikirləri yazmaqla öz
yazıçılarımızı əsla
aşağılamaq fikrində deyiləm. Əsla! XX əsr
Azərbaycan nəsrində Süleyman Rəhimov, Mirzə
İbrahimov, Əli Vəliyev, Mehdi Hüseyn və digər
qüdrətli qələm sahiblərimiz olub ki, onlar ədəbi
dilimizin inkişafında böyük xidmətlər göstəriblər.
Rəhmətlik Vaqif İbrahimoğlu demiş, amma və
lakin... XX əsrin 40-cı, 50-ci, 60-cı illər
nəsrimizə nəzər salaq. O dövrdə bizim
modernist düşüncə baxımından Əhməd Həmdi
Tanpınarla müqayisə edilə biləcək
yazıçımız varmı? Yeni əsrin
ibtidası Mirzə Cəlil, Əbdürrəhim bəy
Haqverdiyevlə başlasa da bu xətt yarıda
qırıldı. Ədəbiyyat sosialist
ideologiyasının vintciyinə çevrildi. Sosialist məkanında modernizmin havası bizə gəlib
çatmadı və bu da onunla nəticələndi ki, Azərbaycan
nəsri modernizm mərhələsini yaşamadı. Kolxoz-sovxoz ədəbiyyatı yarandı ki, bu
gün həmin əsərlər çoxdan öz
aktuallığını itirib. Modernist ədəbiyyatın
ən vacib nümunələri hələ indi-indi dilimizə
tərcümə olunur, bəziləri hələ də
dilimizdə yoxdur. Halbuki, bu əsərlər ən
azı, 50-60 il bundan öncə tərcümə
edilməliydi. Azərbaycan ədəbiyyatını
dünya ədəbiyyatından geridə qoyan əsas səbəblərdən
biri də 70 illik sovet rejimində yaşamağımız
oldu. Bu qapalı rejimdə ədəbiyyatımız
demək olar ki, dünya ədəbiyyatında gedən proseslərdən
kənarda qaldı.
Tanpınar
haqqında araşdırmaçı Mehmet Samsakçı
yazır: "Tanpınar gəlməsəydi, klassik türk
şeirinin təbiətini, əski şairlərin kim olduqlarını və nə dediklərini,
nə üçün klassik və böyük
olduqlarını, bir şeirdə nəyi axtarmaq lazım
olduğunu, tarixlə ədəbiyyatın, fərdlə
toplumun ədəbiyyatda hansı problemləri
doğurduqlarını anlaya bilməyəcəkdik".
Tanpınar türk mədəniyyətində, ədəbiyyatında,
düşüncəsində hansı boşluğu doldurub deyə
sual etsək, belə cavab verə bilərik: Tanpınar
özünün ədəbi dilini yaratdı. Türk
nəsrində modernizm onunla başladı. O, türk nəsrinin
Marsel Prustudur. Tanpınar xətti türk nəsrinə
Oğuz Atayı, Yusif Atılğanı, Orxan Pamuku, Murat
Menteşi qazandırdı.
Azərbaycan nəsrində 60-cılar nəsliylə
intibah başlandı ki, bunun da bünövrəsini İlyas
Əfəndiyev, Ənvər Məmmədxanlı və
İsa Hüseynov qoymuşdu.
Kənan Hacı
Ədəbiyyat qəzeti.-
2020.- 25 yanvar. S. 13.