İlham Bədəlbəyli haqqında dost sözü

 

Keçən əsrin 80-ci illərinin əvvəli idi. Moskvanın ünlü "Xudojestvennaya literatura" yayıneviylə sıx əməkdaşlıq edirdim. Orada mənim hazırladığım Nazim Hikmətin "İnsan mənzərələri", "İkicildliyi", Yaşar Kamaldan və başqa türk yazıçılarından etdiyim tərcümələr, antologiyalar nəşr olunurdu. Bir gün "Şərq ədəbiyyatı" redaksiyasının  baş redaktoru Alev İbrahimov, " bizim nəşriyyatda sənin bir həmyerlin işləyir, istəyirsən, gedək səni onunla tanış edim" - dedi. Təbii ki, istəyirdim. Biz "Sovet ədəbiyyatı" redaksiyasına yollandıq. Alev redaksiyanın kiçik otağında dörd-beş redaktorla birlikdə oturan bəstəboy adama işarət edib, eşiyə çağırdı   uzaqdan-uzağa tanıdığım şair, tərcüməçi İlham Bədəlbəyli ilə ilk tanışlığım elə orada, yayınevinin dəhlizində oldu.

Bundan sonra hər dəfə nəşriyyata gedəndə mütləq İlhamla görüşür, birinci mərtəbədəki kafeyə enib birlikdə ya nahar edir, ya da çay içib dərdləşirdik. Zamanla bu tanışlığımız möhkəm, səmimi, ailəvi dostluğa çevrildi. 35 illik dostluğumuza və müşahidəmə dayanaraq səmimiyyətlə deyə bilərəm ki, İlham olduqca təvazökar, sadə, hər kəslə son dərəcə tolerantlı davranan və olduqca istedadlı bir insandır. Mənim üçün o həm də yüz faiz inandığım sədaqətli dostdur. Boynumuza alaq ki, dost dediyimiz insanların bir çoxu zamanla dəyişir, bu münasibəti merkantil, xırda çıxarlara qurban verirlər. İlham Bədəlbəyli dostluğu, doğrunu hər şeyin üstündə tutan nadir adamlardandır.

Soruşa bilərsiniz, yubiley yazısına nə üçün şair İlham Bədəlbəylinin insani keyfiyyətləriylə başladım? Çünki müdriklərin də dedikləri kimi, yazıçı, alim olmaq asandır, böyük hərflə Adam olmaq çətin. İlham Bədəlbəyli, heç şübhəsiz, belə nadir insanlardandır.

İlham Bədəlbəylinin yaradıcılığıyla tanış olanlar bilirlər ki, o, olduqca istedadlı rusdilli Azərbaycan şairlərimizdən biridir. Onun ilk şeiri 20 yaşında, 1965-ci ildə "Molodyoj Azerbaydjana" qəzetində çap olunmuşdur. Deməli, bu il İlhamın ədəbi yaradıcılığa başlamasından da 50 il keçir.

27 yanvar 1945-ci ildə Sabirabadda, həkim ailəsində dünyaya gələn İlham, Bakı Politexnik İnstitutunda məzun olduqdan sonra bir müddət Bakı Soyuducular Zavodunda işləmişdir. Ədəbiyyata olan sevgisi üstün gəldiyindən o, M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirmək üçün 1970-ci ildə Moskvaya gedir.  Artıq uzun illərdir İlham Bədəlbəyli Moskvada yaşayır və orada da yaradıcılıqla - şeirlə, tərcümələrlə, Azərbaycan ədəbiyyatının təbliği ilə məşğul olur. Onun"Cənuba məktublar", "Səsə doğru gedirəm" və başqa kitabları öz orijinal fikirləri, metaforaları, obrazları, paradoksal üslubuyla fərqlənir. Heç də təsadüfi deyil ki, İlhamın son kitabının adı da "Paradokslar" adlanır.

Gəncliyində o, azəri türkcəsində də şeirlər yazmışdır. Onların bir neçəsi bir müddət əvvəl "525-ci qəzet"də çap olunmuşdu. Vətən həsrətinə həsr olunan bir şeirində İlham yazır:

 

Əziz Vətən, səndən çox-çox uzaqlarda,

 

Tufanlarda, sərt şaxtalı boranlarda,

 

Diz çökdürən, qartal uçmaz qayalarda

 

Diz çökmədim, heç dönmədim yolumdan mən,

 

Özün oldun mənə dayaq, əziz Vətən!

 

 

 

Ana yurdum, gəlməmişəm sənə qonaq,

 

Yad ellərdən almamışam səndən soraq,

 

Qayıtmışam, "sən bir ana, mən bir uşaq".

 

Ayırmadım xoş laylanı bal südündən,

 

Onlarla mən qüvvətləndim günü-gündən!

 

İlham Bədəlbəyli yaradıcılığının leytmotivini Ana Vətəni Azərbaycana olan sevgisi təşkil etməkdədir. "Çayxana", "Zuğulba" kimi şeirlərində o, Vətənlə bağlı nostalji duyğularını, məhəbbətini orijinal, özünəməxsus poetik şəkildə dilə gətirir. Bəlkə də bu səbəbdən Azərbaycandan uzaqlarda yaşayan həmyerlilərimiz onun belə əsərlərinə daha çox maraq göstərirlər.

İlham Bədəlbəyli Azərbaycan, Rusiya ədəbi mühitində geniş tanınan yazarlardandır. Onun şeirləri Rusiyanın önəmli ədəbi jurnallarında çap olunmaqdadır. O, ilk şeir kitabı - "Dənizdəki ada" ilə Nikolay Ostrovskiy adına Ümumittifaq mükafatı laureatı olmuşdur. Ədəbiyyatımıza verdiyi qatqılardan dolayı İlham, Rəsul Rza adına mükafata da layiq görülmüşdür.

İlham həm də gözəl ədəbi tərcüməçidir. O, bir çox Azərbaycan, türk, ərəb, əfqan və başqa şairlərin əsərlərini ruscaya tərcümə etmış və çap olunmuş bu tərcümələri iki il əvvəl "Ölkələrin sərhədləri üzərindən uçarkən" adlı kitabında toplamışdır.

Azərbaycan ədəbiyyatının təbliğində İlham Bədəlbəylinin rolu olduqça böyükdür. "Xudojestvennaya literatura" nəşriyyatında işlədiyi illərdə o, Nizami Gəncəvi, Səməd Vurğun, Mirzə İbrahimovun  bütün əsərlərini, Rəsul Rza, Nəbi Xəzri, Fikrət Qocanın seçmə əsərlərini çapa hazırlamış və redaktə etmişdir. "Rusanov" nəşriyyatının müdiri işlədiyi zamanda da bir neçə Azərbaycan yazıçısının əsərlərini nəşr etdirmişdir.

İlham Bədəlbəyli Moskva və eləcə də bütün Rusiyada Azərbaycan diasporunun tanınmış rəhbərlərindən biridir. O, 25 ildən çox Moskvadaki "Ocaq" Cəmiyyəti idarə heyətinin üzvü və sədrinin müavini olmuşdur.

İlham Bədəlbəyli yubileyini yeni-yeni şeirlər, əsərlərlə qarşılayır. Bu yaxınlarda o, Mirzə Fətəli Axundovun "Lənkəran xanın vəziri" komediyası əsasında rusca yazdığı mənzum pyesini tamamlamışdır.

75 illik yubileyi və 50 illik yaradıcılıq fəaliyyəti münasibətilə İlham Bədəlbəylini təbrik edir, düşündüklərini həyata keçirə bilməsi üçün bu gözəl şair və insana uzun ömür, möhkəm cansağlığı və yaradıcılığında yeni-yeni uğurlar arzulayıram.

 

Tofiq Məlikli

Ədəbiyyat qəzeti.- 2020.- 25 yanvar. S. 14.