Arzusu çin olan şair

 

Adil BABAYEV - 95

 

Görkəmli şair, dramaturq, tərcüməçi Adil Babayev (1925-1977) XX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatına gəlmiş yeni nəfəsli qələm sahiblərinin ən istedadlı nümayəndələrindən biridir. Təsadüfi deyil ki, hələ 1945-ci ildə "Kommunist" qəzetində Səməd Vurğun ona "Şair! incədir rübabın sənin, Uçurdu qəlbimi çaldığın bu saz!" - misraları ilə başlayan "Mənim arzum" adlı bir şeir ithaf etmişdi.

Həyat eşqi, gələcəyə ümid, İnsana inam, Vətənə sevgi hissi Adil Babayevin çoxşaxəli yaradıcılığını səciyyələndirən əsas xüsusiyyətlərdir. Yaşadığı mürəkkəb ziddiyyətlərlə dolu dövrdə haqsızlıq qılıncı dəfələrlə gənc şairin qəlbini qanatsa da, ümidini əsla qıra bilməyib. Sağlam əqidəsi möhkəm iradəsi Adilin içindəki nikbinlik çırağını əsən küləklərdən, kəsən şaxtalardan, aramsız yağmurlardan qoruyub. Adil Babayevin misralarında sızıltı yoxdur, həyat eşqi var. Onun sonetlərində şəxsi giley-güzar deyil, haqq-ədalət naminə sənətkar yanğısı, vətəndaş harayı, ədalət savaşına çağırış var. Bu səbəbdən Adil Babayevin poeziya dünyasına səyahət oxucular üçün hər zaman maraqlıdır. Şairin ilk şeiri 1939-cu ildə "Sovet Gürcüstanı" qəzetində, son poeziya çələngi isə vəfat etdiyi gün - 1997-ci il avqust ayının 20-də, uzun illər şöbə müdiri, məsul katib, baş redaktor müavini vəzifələrində çalışdığı "Ədəbiyyat incəsənət" qəzetində oxuculara təqdim olunub. Bu illər ərzində otuza yaxın kitabın, Babək, Əcəmi, Sabir, Ərəblinski kimi parlaq tarixi simalar haqqında tarixi poemaların, müxətlif teatların səhnəsində oynanılan dram əsərlərinin, yüzlərlə elmi-publisistik məqalənin müəllifi kimi tanınıb hörmət qazanıb Adil müəllim. Dünyasını dəyişən son dərəcə təvazökar qələm sahibinin şair ömrü indi ləyaqətlə davam edir. Onun "Ümid sərvləri" ("Azərnəşr", 1977), "Mənim abidəm" ("Gənclik ", 1979), "Təzədən doğulur şair ölən gün" ("Gənclik", 1981), "Pyeslər" ("Yazıçı", 1984), "Ata sorağında" ("Gənclik", 1985), "Anamın bayramı" ("Gənclik", 1987), "Fəsillər dəyişəndə" ("Yazıçı", 1991), "Yaşamağı bacarmıram" ("Mütərcim", 2010), Seçilmiş şeirlər (Təbriz, 2018) kitabları nəşr olunub. Musiqili Komediya Teatrında "Qız görüşə tələsir", Sumqayıt Dram Teatrında "Ən xoşbəxt adam" tamaşaları hazırlanıb. Sözlərinə yazılan populyar mahnılardan ibarət "Ayrılıq olmasaydı" musiqi albomu Türkiyədə istehsal edilib. Dövri mətbuatda şeirləri, yaradıcılığı haqqında məqalələr, xatirələr dərc olunub, müxtəlif teleradio verilişləri hazırlanıb, efirdə sözlərinə bəstələnən nəğmələr səslənib. Adil Babayevin həyat yaradıcılığına həsr olunmuş çoxsaylı elmi məqalələr, o cümlədən 4 monoqrafiya yazılıb. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində "Ata olsam belə, ata istərəm" adlı tammetrajlı sənədli film çəkilib. Onun şəxsi arxivində hələ çap olunmamış əlyazmaları var. Xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda Gəncədə iki küçəyə, Naxçıvanda kitabxanaya Adil Babayevin adı verilib. Təvazökar şairin həyatda ən böyük arzusu isə onun öz misralarında belə ifadə olunub:

 

...Ömrüm Aya, Günə sirdaş,

Ağarır saç, çoxalır yaş.

Bircə kəlməm, bircə sözüm

Ürəklərdə qalaydı kaş

Mən dünyada olmayanda...

 

Adil Babayevin yaradıcılığı qələm dostlarının da heç vaxt diqqətindən kənar qalmayıb. Mirzə İbrahimov, Məmməd Rahim, Mehdi Hüseyn, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Cəlal Məmmədov, Kamal Talıbzadə, Yaşar Qarayev, Bəxtiyar Vahabzadə və başqaları onun haqqında mətbuat səhifələrində çox maraqlı fikirlərini paylaşıb. Adil Babayev qələm dostları tərəfindən xeyli sayda şeir ithaf edilən şairdir Onlardan bir neçəsini oxuculara təqdim edirik.

 

 

Ədəbiyyat qəzeti.- 2020.- 25 yanvar. S. 16.