Sən dünyada olmayanda...
"Mən dünyada olmayanda" şeirinin müəllifi şair Adil Babayevin əziz xatirəsinə
Az deyil nəğmələrin,
Bu nəğmənsə
yaman toxunur bizə.
Elə bir ürəyin
Canlı
bir kitaba dönüb
Təkrar-təkrar oxunur bizə.
Toxunur dedim, yox dostum,
İçim-içim göynədir bizi.
Axı illər axır çay kimi -
Seyrəldir bizi.
Seyrəldikcə sıralar,
Təzədən dövr eyləyir,
Sızıldayır yaralar.
***
...Sahildə bir körpə gördüm,
Sənin nəvəndir, dedilər.
Bir mahnı qanadlandı
Pərdə-pərdə,
Sənin nəğməndir, dedilər.
Kitabını əllərdə gəzən
gördüm,
Neçə şair dostunu
Sənə şeir yazan gördüm.
Öz ömrün qısa,
Şair ömrün uzun.
Sən gözəl nəğməkarısan
Bizim gözəl
yurdumuzun.
***
Nəğməm dodağımda,
Səsin
qulağımda,
Sözün varağımda,
Ürək səhər-axşam
Sənin
sorağında -
Sən dünyada
olmasan da.
***
Sevindin də, qəm də yedin,
Nə dedinsə,
şirin dedin,
Unudulmaz
sözün, adın,
Alovludur
yenə odun,
Sən dünyada
olmasan da.
Həmid Abbas
Ədəbiyyat qəzeti.-
2020.- 25 yanvar. S. 17.