Danışın, üç dəqiqə vaxtınız var...

 

 

Danışın, üç dəqiqə vaxtınız var

 

Səni bircə anlıq da olsa əlimdə hiss etmək üçün

 

yerdəki çiçəyi dərdim,

 

dolunayın əksi düşən quyuya boylanıb baxmaq üçün

 

bir şüşə "Bojole" içdim

 

evə qayıtdım

 

qızılı yarıqaranlıqda pencəyimi çıxardırmış kimi

 

dərimi soyunuram əynimdən

 

həddindən artıq yaxşı bilirəm

 

dünyanın ən çox adam yaşayan şəhərinin ortasında

 

tənha qalacağımı.

 

 

 

Buranın soyuq olduğunu,

 

yağış damcılarının

 

kofe fincanıma düşdüyünü

 

kif atmış əllərimin rütubətinin hər yerə yayıldığını

 

öyrənəndə mənim zarıldamağımı bağışlayacaqsan.

 

 

 

Bağışlayacaqsan, axı başqa şeylər bilirsən:

 

həmişə sənin haqda fikirləşirəm,

 

elə bil idarə olunan oyuncağam

 

ya titrətməyə tutulmuş xəstəyəm

 

ya da qələndərəm

 

tutduğum göyərçini tumarlayıram

 

barmaqlarımın lələklərə necə təmas etdiyini hiss edərək.

 

 

 

İnanıram: sənin yoxluğumu hiss etdiyini

 

hiss edirsən,

 

çox güman, mənim dərdiyim çiçəkdən dərmisən sən

 

indi evə qayıtmısan,

 

, dəqiq qayıtmısan

 

biz artıq tənha deyilik,

 

biz artıq vahid çiçəyin ləçəyiyik.

 

 

 

An

 

Əgər saçlarınla üzün sənin üçün qiymətlidirsə,

 

onda məndə qal.

 

Axı bilmirsən,

 

dənizin qayıdıb səni batıracağını.

 

Hər təəssürat, hər sima sənin simanda iz qoyur,

 

hər ad vurulmuş qartal kimi

 

adının üstünə düşür.

 

Sən - Senanın ovusan, necə xilas edim səni,

 

Pikassonun qadınları sığallarıyla səni öldürürsə?!

 

Hər səhər duranda sənin haqda fikirləşirəm,

 

sən hər dəfə başqasan,

 

sənin simanı tapmaq istəyirəm,

 

portretlərdə axtarıram sənin simanı,

 

yağışlı gecədə qollarım arasında olanda necəydisə,

 

o simanı axtarıram.

 

Yox, özünü məhv etməyə icazə verməyəcəksən,

 

məğlub olmayacaqsan!

 

Mən mübarizə aparıram,

 

mən ağacam,

 

amma axı sən quş deyilsən

 

mən edə bilərəm

 

qəfildən qalxan sənin nəğməni aparan külək

 

səni aparsa?!

 

Xulio Kortasar

 

 

Tərcümə edəni:  Həmid PİRİYEV

 

 

Ədəbiyyat qəzeti.-2020.- 25 yanvar. – S.21