Şuşa. Daşaltı. Yanvar. 1992-ci il

 

Ramiz Rövşənin “Azərbaycan” jurnalında çap olunan “Xəyanət” kinopovesti barədə

 

 

"Bu dünyanın içi tozdu,

bu dünya toz içində".

 

                    Ramiz Rövşən

 

Azərbaycan ədəbiyyatının, təxminən, son 30 ilini sözügedən dövrdə ölkədə baş verən proseslərdən - müharibə faktoru, azadlıq mücadiləsi, müstəqilliyimizin bərpası, ictimai-siyasi formasiyaların əvəzlənməsi, keçid dövrü... və bu amillərdən dolayı millətin yaşantılarından kənarda təsvir etmək qeyri-mümkündür. Bu kontekstdə çağdaş ədəbiyyatımızın görkəmli nümayəndələrindən olan Ramiz Rövşənin "Xəyanət" kinopovesti ehtiva etdiyi illərin mövcud ictimai-siyasi, mənəvi-əxlaqi və sosial problemlərini içəriləyən və gerçəklikləri bədii müstəvidə əks etdirən əsər kimi ortaya çıxmışdır.

Povest xəyanət mövzusunun müxtəlif kontekstlərdə, fərqli və mahiyyət etibarilə daha miqyaslı və ciddi mündəricədə bədii təsvir predmetinə çevrilməsi, ayrı-ayrı problemlərin məhz xəyanət mövzusuyla əlaqələndirilmiş şəkildə təsvir olunması ilə diqqəti çəkir. Povestdə bəşər övladının mövcudluğu sürəcə bütün zamanlar üçün öz aktuallığını saxlayacaq qadın-kişi münasibətlərilə yanaşı, əsərin əhatə etdiyi zaman kəsimi üçün, eləcə də, bu günümüz üçün aktual olan bir sıra ciddi problemlərdən də bəhs edilmişdir. Gerçəklikləri realist üslubda bədii əsərə gətirən müəllif burada mövzu və problematikaya müəyyən məqamlarda fərqli və özünəməxsus yanaşma sərgiləmişdir.

Əsər yaxın keçmişimizin - 1991-ci ilin sonları-1992-ci ilin əvvəlləri (yanvar ayı) Azərbaycan reallığının bir sıra vacib məqamlarından, müharibə faktorundan, cəmiyyətdə baş verən ictimai-siyasi proseslərdən, mənəvi-əxlaqi, sosial problemlərdən, bunların insan həyatına və psixologiyasına təsiri məsələlərindən bəhs edir. Bütün hallarda isə mənəvi-əxlaqi aşınmaların təzahür formalarından olan xəyanət əsas xətt kimi ön plana çəkilir.

Povestdə xəyanət qadın-kişi münasibətləri kontekstində başlayıb digər fərqli müstəvilərdə davam etdirilir. Yazıçı İsmayıl müəllim artıq neçə illərdir ki, vaxtilə oğlu Ceyhunun bağça müəlliməsi olmuş Suğra ilə görüşür. Onun vecsiz aktrisa arvadı isə oğlunu da atıb rejissora ərə gedib. Əsəri oxuduqca görürük ki, bu ailədə xəyanət birtərəfli deyil, qarşılıqlı olmuşdur.

Suğranın əri Teymur isə "arvad söyüşü" üstündə birini bıçaqladığına görə səkkiz illik həbs cəzası almışdır. Bu müddət ərzində Teymura xəyanət edən Suğra, hətta əri həbsdən qayıtdıqdan sonra da İsmayıl müəllimlə onun bağ evində görüşür. "...İsmayıl müəllimin qısqanmağa haqqı yoxuydu. Çünki o Teymur hər nə köpəyoğluydusa, hər halda, Suğranın əriydi. Bir də ki, o Teymur lap şir, pələng, cin, şeytan olub indən belə yüz oyundan çıxsaydı da, yenə bu oyunda İsmayıl müəllimə uduzmuşdu; çünki Teymur Suğranın əriydi...".

Əsərdə obrazların, demək olar ki, əksəriyyətinin xislətində və əməllərində bu və ya digər dərəcədə xəyanət və fitnəkarlıq mövcuddur: "Şələ-küləsini yığışdırıb" Kremllə vidalaşan Qorbaçovun da, mitinqlərdə eyforiya yaratmaq üçün boğazdan yuxarı odlu-alovlu nitq söyləyən İsmayıl müəllimin də, 1990-cı il 20 Yanvar faciəsindən sonra əri Mahmud kişini atıb Moskvaya gedən Mariyanın da, evinə yiyələnmək üçün səbirsizliklə Mahmud kişinin ölümünü gözləyən qonşu oğlanın da, bağlara "axranniklik" edərək işi-gücü həmin bağ sahiblərini və kəndə gəlib-gedənləri aşkar və gizli şəkildə izləyib məlumat toplamaq olan, xəbər dağarcığı, "kaftar keqebeşnik" Göyüş kişinin də, təsvir olunan bağ sahiblərinin də, bilet satan qadının da, rejissorun da, rejissorun mənəvi-əxlaqi qüsurlu aktrisa qızının da...   

Kinopovestdə obrazlar maraqlı ştrixlərlə təsvir edilmişdir və bu kontekstdə Göyüş kişi xüsusilə diqqəti çəkir. Təsadüfi deyil ki, əsər müəllif təhkiyəsində elə məhz Göyüş kişinin təsvir-təqdimi ilə başlayır:

"Zalım oğlunun özü də, iti də elə bil, iy bilirdi.

Hər l bağ mövsümü sovulandan sonra, payızda, qışda, yazda, haçan olur-olsun, İsmayıl müəllim hər dəfə öz bağına baş çəkəndə, il boyu bu ətrafdakı bağlara keşikçilik eləyən Göyüş kişinin konslager ovçarkasına oxşayan zəhmli iti qəflətən hardansa peyda olub hürə-hürə maşının üstünə cumurdu, o dəqiqə də Göyüş kişinin gurultulu səsi gəlirdi:

- Molçat!.. Smirna!..

Və it səsini xırp kəsib dal ayaqları üstə mil dayanırdı.

...Bu gün də belə oldu.

İsmayıl müəllim maşını sürüb itin böyründən keçdi, öz bağının qabağında, darvazanın ağzında maşını saxlayıb düşdü.

Göyüş kişi Ərəbzəngi kimi darvazanın ağzını kəsdirib durmuşdu".

Bu kiçik tanıtım kifayətdir ki, "köhnə keqebeşnik"in mahiyyəti haqqında müəyyən təsəvvür yaransın. Süjetin sonrakı məqamlarında isə onun mənəvi-əxlaqi baxımdan nə qədər qüsurlu biri olduğu daha aydın görünür. Fikrimizcə, yazıçının az sözlə, lakin ustalıqla təsvir etdiyi Göyüş kişi sıradan bir obraz olmayıb, əsərdə konkret funksiyanın daşıyıcısı kimi çıxış edir. Mövzu ilə bağlı elə ilk sətirlərdəncə oxucuda müəyyən təəssürat yaradan, müvafiq ovqata kökləyən bu obraz, eyni zamanda uyğun məqamlarda hadisələrin gedişatına təsir göstərərək süjetin gəlişməsində konkret rol oynayır.

Qeyd etdiyimiz kimi, əsərdə hadisələr, təxminən, 1991-ci ilin dekabr-1992-ci ilin yanvar aylarını əhatə edir: ictimai-siyasi vəziyyət yenə də kəskin olaraq qalır, ölkədə xaos, anarxiya hökm sürür. Qarabağda şiddətli müharibə səngimək bilmir, paytaxt Bakıda isə mitinqlər davam edir. Lakin artıq əvvəlki mahiyyətində olmayan bu mitinqlərə münasibət birmənalı deyil: "Balam, day SSRİ dağıldı da. İndən belə nə mitinq?".

Əsərin adı mövzunun təqdimində bədii tədqiq və alınan nəticəni bircə kəlmə ilə ehtiva edir. Povestin adı "Xəyanət" olsa da, mətn içərisində (epiloq istisnadır) bu sözə, demək olar ki, rast gəlmirik. Burada xəyanət haqqında danışılmır, onun bilavasitə və bilvasitə konkret və lakonik təsviri verilir. Maraqlıdır ki, povestdə xəyanətin bir neçə növünü müşahidə edirik. İnsan xislətinin ən çirkin təzahür formalarından olan xəyanət, burada, məhdud çərçivə ilə kifayətlənmir. O, qadın-kişi münasibətləri kontekstindən çıxıb şəxsi mənafe naminə vətənə, millətə, torpağa xəyanət kontekstində davam etdirilir. Bu, edənlə edilən müstəvisindən çıxıb edənlər və edilənlər müstəvisində gerçəkləşən, saysız-hesabsız günahsız insanların məhvi, torpaq, yurd itkisi ilə nəticələnən, məkrli məqsədə hesablanan daha dəhşətli bir xəyanətdir. Və əsəri oxuduqca, birincinin, tədricən kölgədə qaldığının, ön plana isə bu faktorun keçdiyinin şahidi oluruq. Təəssüf ki, mənəvi deqradasiya sözügedən dövr üçün xarakterik olan xaosun tərkib hissəsi kimi bir sıra faciələrin yaşanmasına da  bu və ya digər dərəcədə öz təsirini göstərmişdir. Üstündən kifayət qədər zaman - 28 il ötməsinə baxmayaraq, hələ də bir sıra qaranlıq məqamları açılmamış qalan, itkilərimizin miqyası ilə ürək dağlayan Daşaltı faciəsi də məhz bu sıradandır.

"Şuşa. Daşaltı. Yanvar. 1992-ci il.

1992-ci ilin o qarlı yanvar gecəsində ağacların arasıyla bir dəstə əli silahlı döyüşçü gedirdi.

Ceyhun da onların arasındaydı...

Döyüşçülər ağacların arasından açıqlığa çıxdılar. Qaranlıqda dizəcən qara bata-bata getdilər, getdilər... amma meşəliyə rast gəlmədilər.

Qəflətən dörd bir yandan göyə fişənglər atıldı. Göyün üzü süd kimi işıqlandı və o işıqda döyüşçülər özlərini bir ağappaq, bomboş çölün ortasında gördülər. Ağac-zad nə gəzirdi?!..

Bələdçi onları azdırmışdı.

Elə o dəqiqə də bu qarlı gecədə üstlərinə yağış kimi güllə yağmağa başladı.

- Xəyanət! Xəyanət!.. Alçaqlar! Əclaflar!.. 

Döyüşçülər qışqıra-qışqıra, söyə-söyə, canlarına güllə dəyə-dəyə, qan içində çabalayıb ölə-ölə dörd tərəfdəki boşluğa güllə atırdılar.

Düşmən onları görürdü, onlar düşməni yox...

Ceyhunu lap axırda vurdular.

Sağa-sola güllə ata-ata əlindəki avtomatın darağını boşaltdı, amma ürəyindəki hirsi, acığı soyumadı ki soyumadı.

Onu öldürən güllə də düz ürəyinin başından dəydi.

Üzüqoylu yıxıldı. Ürəyinin isti qanı soyuq qarı əridə-əridə axıb getdi. Sönən gözləriylə qana bulaşıb qızaran qara baxdı, baxdı. Sonra əlini uzadıb tərtəmiz, ağappaq qardan bir az götürdü. O qarı güclə ağzına sarı apardı. Bəlkə, son nəfəsində ürəyinin hirsini, acığını o qarla soyutmaq istədi.

Amma əli açıldı və qar yerə səpələndi..." .

Burada tariximizə qanla yazılmış Daşaltı faciəsinin yalnız bir hissəsindən, əməliyyatda iştirak etmiş dəstələrdən yalnız birinin acı taleyindən bəhs olunur. 25-26 yanvar 1992-ci ildə Şuşanın strateji əhəmiyyətə malik Daşaltı kəndinin erməni quldurlarından azad edilməsi üçün həyata keçirilən Daşaltı əməliyyatı sözügedən dövrdə vahid mütəşəkkil ordumuzun olmaması, hərbi texnika və döyüş ləvazimatı baxımından düşmənin üstünlüyü, əhəmiyyətli faktor olan informasiya mübadiləsinin zəif təşkili, köhnə hərbi rabitə vasitələrinin, demək olar ki, yararsız vəziyyətdə olması və bütün bunların müqabilində yaranan çətinliklər... nəticəsində uğursuzluqla sonuclandı. Və təkcə uğursuzluq deyil, böyük bir faciə yaşandı. Onlarca əsgərimiz şəhid oldu, itkin düşdü, yaralandı... Daşaltı faciəsi mənəvi-psixoloji olaraq döyüş əzmimizə, ruhumuza təsir etdi. Strateji üstünlük düşmənin əlinə keçdi. Və nəticədə daha yeni-yeni itkilərə, faciələrə yol açdı. Hələ qarşıda bizi nə qədər faciələr, itkilər gözləyirdi... Üstündən düz bir ay keçəndən sonra 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vəhşiləri amansızlığına, işgəncələrin, qətllərin ağlasığmaz növünə görə bəşəriyyət tarixində ən dəhşətli faciə olan Xocalı soyqırımını törədəcəkdi... Daha sonra xan-bəy yurdu olan Şuşamız işğal ediləcəkdi... İtirilmiş, talan olunmuş yurd yerləri, saysız-hesabsız şəhidlər, itkinlər, əlillər... Müharibənin minlərlə günahsız qurbanları... Daha nələr, nələr yaşanacaqdı...

Nə yazıq ki, Daşaltı faciəsini araşdıranların və şahidlərin söylədiklərinə görə, bu faciənin bir səbəbi də var idi: Xəyanət! Daşaltı "doğma" və yad xəyanətlərin qurbanı" olmuşdu. Ramiz Rövşən eyni adlı kinopovestində faciənin məhz bu tərəfinə diqqət yetirmişdir. Haqqında neçə-neçə tarixi və bədii əsərlər, araşdırmalar tələb edən bu faciə barəsində epiloqda yarım səhifədə bəhs olunması onun miqyasına xələl gətirmir. Sanki yazıçı bu ağrının qarşısında artıq söz işlətməklə xəta edəcəyindən çəkinmişdir. Buradakı hər bir cümlə vizual olaraq sadə görünsə də, funksional mahiyyət etibarilə mürəkkəb və düşündürücü olub, sanki sözügedən hadisənin ağırlığına və kədərinə bələnmişdir. Bu kiçik epiloqda müəllifin, az qala, hər bir cümləni ayrıca abzasda verməsi və təhkiyədə fikri xüsusi intonasiya yaradan müəyyən üslubi çalarlıqla ("Döyüşçülər... Qaranlıqda dizəcən qara bata-bata getdilər, getdilər... amma meşəliyə rast gəlmədilər"...) ifadə etməsi də, məhz, buna hesablanmışdır. Bəzi cümlələr isə bir neçə anlamda olub, həm də mətnaltı məna ifadə edir:  "Bələdçi onları azdırmışdı", "- Xəyanət! Xəyanət!.. Alçaqlar! Əclaflar!..", "Düşmən onları görürdü, onlar düşməni yox...", "Onu öldürən güllə də düz ürəyinin başından dəydi"...

Əsərdə sözügedən dövrdə ərazisində müharibə gedən ölkədə paytaxt və cəbhə bölgəsi arasındakı fərq də aydın şəkildə görünür. Bir tərəfdə amansız müharibə, digər tərəfdə isə gündəlik sakit və rahat həyat tərzi. Lakin bu sakitlik və rahatlıq da nisbidir və heç də hamı üçün keçərli deyildir. Yazıçı povestdə bu iki məqamı, sanki bir-birilə qarşılaşdırır, bir-birinin əksi olan bu iki mühiti birləşdirən yeganə faktor isə yenə də xəyanətdir. Ceyhun müharibəyə, bəlkə də, daha çox, ətrafında baş verən xəyanətlərdən, haqsızlıqlardan qaçıb qurtulmaq, gördüklərinə, yaşadıqlarına bir etiraz əlaməti kimi gedir, lakin burada onu və onun kimi yüzlərlə, minlərlə günahsız insanı daha dəhşətli xəyanətin gözlədiyindən xəbərsiz olur.

Ramiz Rövşən bu faciəli hadisəni, hansı tərəfdən baxsaq, gizli və aşkar görünən bircə sözlə ifadə edir - Xəyanət! Bəs bu xəyanət haradan qaynaqlanmışdır? Necə və kimin tərəfindən düzənlənmişdir?.. Doğrudanmı, bu, hansısa adi bir bələdçinin satqınlığı idi?.. Müəllif heç bir şərh vermədən oxucunu, əslində, cavabı bəlli olan (!) bu suallarla təkbətək qoyur.

Povestdə müxtəlif məzmunda olan xəyanətlər süjetdə paralel şəkildə və bir-birilə əlaqəli, nəticə etibarilə biri o birinin yaranmasına gətirib çıxaran zəncirvari bir proses kimi təqdim olunur, hadisə və obrazları bir-birinə bağlayır. Süjet xətti elə qurulur ki, təsvir-təqdim tərzi və mahiyyət etibarilə, həm də xəyanətin, günahın miqyası, ölçüsü ilə, daha doğrusu, ölçüsüzlüyü ilə isə Qarabağ mövzusu əsərin üst qatına çıxır, özündən əvvəl təsvir edilən hadisələri, demək olar ki, üstələyir, süjet sözügedən kontekstə yönəlib onunla əlaqəli şəkildə sonuclanır.

Əsərdə, nə yazıq ki, cəmiyyətdə mövcud olan mənəvi-psixoloji problemə - intihar faktoruna da diqqət yetirilmiş, xəyanət, burada, intihara gətirən əsas səbəblərdən biri kimi ön plana çəkilmişdir. Problemə yanaşma da məhz xəyanət = onun yaratdığı ruhi-psixoloji sarsıntı = intihar müstəvisində gerçəkləşdirilmişdir. Lakin müəllif burada bir məqama da diqqət çəkmişdir. İntihar, adətən, özünənəzarəti itirib düşüncəyə hakim ola bilməməyin nəticəsində ortaya çıxır.  İstənilən halda insanın başına gələnlərdən dolayı keçirdiyi dərin ruhi-psixoloji sarsıntı altında düşdüyü vəziyyətdən, qarşılaşdığı arzuolunmaz situasiyadan qurtulmağın "çarəsi" kimi "düşündüyü" intihar, şübhəsiz ki, qurtuluş və çıxış yolu deyildir. O, sadəcə özünəqəsddir. Həm də təkcə bu dünyada yox, axirət həyatında da.

Arvadının xəyanəti ilə qarşı-qarşıya qalan və affekt halında olan Teymur çıxış yolunu intiharda görmüşdü, yoxsa içkili olduğundan eyvandan yıxılmışdı? Əgər intihar etmişdisə, bəs, ayıq başla necə, özünə qəsd edərdimi? Yazıçı oxucunu bu suallarla təkbətək qoymaqla onu düşünməyə vadar edir, eyni zamanda insan beynini dumanlandıraraq psixologiyaya təsir edib onu qeyri-adekvat hərəkətlərə, o cümlədən intihara sövq edən sözügedən arzuolunmaz halı da diqqətə çatdırır.

"Quş qanad çala-çala lap yuxarı qalxdı, qanadlarıyla gah təzə çıxan Ayı, gah da ulduzları gizləyə-gizləyə göyün üzündə dövrə vurub uçdu, sonra yenə enib beşinci mərtəbədəki o tanış eyvanın məhəccərinə qondu.

Amma Teymur o eyvanda yox idi.

Teymur indi aşağıda, qollarını bir cüt qanad kimi açıb üzüqoylu torpağa sərilmişdi.

...Teymur o eyvandan özünü atmışdımı?! Yıxılmışdımı?!..

Bunu bir Allah bilirdi.

Bəlkə də, Teymur qollarını bir cüt iri qanad kimi açıb bir güclü, acıqlı və bədbəxt quş kimi bu dünyadan uçub getmək istəmişdi...".

Bədiilik keyfiyyətləri və hisslərin inandırıcılığı ilə diqqəti çəkən kinopovestdə lirik-dramatik məqamlar oxucuda daxili-psixoloji assosiasiya yaradır, mənəvi-ruhsal təsir edərək onu mövzu ətrafında düşünməyə vadar edir. Ramiz Rövşənin az sözlə dərin mətləbləri və aktual problemləri süjetə gətirmək bacarığından və onu narahat edən məsələləri bədii təsvir yolu ilə mətnə çevirib oxucuya çatdırmaq məharəti və istəyindəndir ki, burada bir neçə mövzu və problemi paralel şəkildə müşahidə edə bilirik: Qarabağ müharibəsi, qlobal siyasi proseslər, sosial problemlər, mənəvi-əxlaqi aşınmalar, xəyanət, intihar... Lakin bütün hallarda yenə də süjetdə əsas aparıcı xətt xəyanətdir. Başqa sözlə desək, xəyanət burada həm mənayaradıcı, həm də süjetyaradıcı komponent kimi çıxış edir. Povestdə təsvir olunan hadisələrin, hətta epizodik məqamların belə aşkar və gizli qatlarında xəyanət motivlərini görməmək mümkün deyildir. Müəllifin fikrincə, əslində, sözügedən problemlərin, cəmiyyətdəki mənəvi-əxlaqi aşınmaların kökündə xəyanət dayanır. Nə olursa-olsun, əsas qurtuluş yolu vicdanlılıq, mənəvi-əxlaqi saflaşma, həqiqi sevgi, sədaqət və dürüstlükdür. Əsərin əsas ideyası da məhz bundan ibarətdir.

Müxtəlif proseslərin vəhdətdə alındığı əsər, əslində, ehtiva etdiyi dövrün mövcud mənəvi mənzərəsini təsvir-təqdim edir. Ayrı-ayrı insan talelərini məhv edən, hisslərini, güvəncini, inandığı nəsnələri darmadağın edən xəyanət, burada fərdi xarakter daşımır, o, sözügedən zaman kəsimində xaosun tərkib hissəsi kimi, amma daha çox da elə xaosun səbəbi kimi təqdim olunur. Axı, mənəviyyatda baş verən aşınmalar nəticə etibarilə cəmiyyətdə nizamın pozulmasına gətirib çıxarır, yaxud da əksinə.

Və nəhayət, biz millət olaraq böyük bir xəyanətə uğradıq. Bu "doğma" və yad xəyanət"in nəticəsində isə milli yaddaşda Daşaltı faciəsi adlı daha bir ağrı qərarlaşdı.

Xalq şairi Ramiz Rövşənin sözügedən "Xəyanət" əsərində süjet boyu müşahidə etdiyimiz mənəvi deqradasiya sonadək davam etdirilir, məhv olmuş talelər, onlarca insan itkisilə nəticələnən faciənin yaratdığı ağrı isə sonucda ruhi-psixoloji çöküşü ortaya qoyur.

Dünyanın suyu çirklənir,

Suyunda balıq boğulur.

Çirklənir, göyü çirklənir,

Göyündə Allah boğulur.

 

 

Aynur XƏLİLOVA

Ədəbiyyat qəzeti.- 2020.- 25 yanvar. S. 22-23.