Söz
yerinə düşəndə
Haqqında danışmaq istədiyim alim İmaməddin
Zəkiyevdir.
Onu 1958-ci ildən Bakının isti avqust
günlərindən tanıyıram. Mən Cəbrayıldan,
o, Qonaqkənddən gəlmişdi. Bakı
indiki kimi yaşıllıqlarla örtülməmişdi.
İstidən nəfəs almaq olmurdu. İkimiz də sənədlərimizi Bakı
Dövlət Universitetinə vermişdik. Hər ikimiz tələbə
adını qazanıb beş il yataqxanada
bir otaqda yaşadıq. Düz 61 il bundan
qabaq, o gündən bu günə kimi də Bakıda elə
bir yerdəyik.
Kimdir İmaməddin Zəkiyev?
80 yaşlı alimin ömür tarixçəsinin və
yaradıcılıq yolunun bəzi səhifələrini vərəqləsək
sualın cavabı aydın olar.
İmaməddin Şahverdi oğlu Zəkiyev yeddiillik təhsilini
keçmiş Qonaqkənd (indiki Quba rayonunun Cimi kəndində)
uşaq evində, orta təhsilini Qonaqkənd orta məktəbi
nəzdindəki internatda almışdır. Ədəbi
yaradıcılığa 1954-cü ildən başlayıb.
Görkəmli Azərbaycan yazıçı və şairləri
ilə uşaq evində görüş zamanı oxuduğu
"Cimiçayın sahilində" adlı ilk şeiri
H.Abbaszadənin təqdimatı ilə "Azərbaycan
pioneri" qəzetində çıxanda o, VII sinfi yenicə
bitirmişdi. Orta təhsilini tamamlayıb bir il
rayon qəzeti redaksiyasında çapçı işləmişdir.
ADU-ya (indiki BDU) qəbul olunana qədər rayon
qəzetində çoxlu satirik şeiri, tənqidi məqaləsi,
felyetonu, oçerki çıxmış və mərkəzi
mətbuatın "Rayon qəzetlərinin xülasəsi"ndə
təqdir edilmişdi. Tələbəlik
illərində də qəzet və jurnallarda, ədəbi
almanaxlarda vaxtaşırı yazıları yer
almışdı.
Biz
universiteti yenicə bitirəndə Azərbaycan Elmlər
Akademiyası Terminologiya Komitəsinin təsdiqi ilə "Azərnəşr"
respublikada ilk dəfə olaraq "Kitabxana-biblioqrafiya terminləri
lüğəti" (1963) adlı kitabı kütləvi
tirajla çap edib satışa buraxmışdı. Kitabda nəşriyyat terminlərinə də qismən
yer verilmişdi. Çapdan əvvəl kitabın əlyazması
universitetdə və M.F.Axundzadə adına
Azərbaycan Dövlət Kitabxanasında (indiki Milli Kitabxanada)
müzakirə edilsə də, orada külli miqdarda səhvlərə
yol verilmişdi. Lakin onları nə görən,
nə islah edən olmamışdı. Bu
haqda İ.Zəkiyevin "Təşəbbüs
yaxşıdır, amma..." sərlövhəsi ilə tənqidi
məqalə yazıb "Azərbaycan gəncləri" qəzetində
dərc etdirməsi böyük rezonans doğurmaya bilərdimi?!
Adı çəkilən tənqidi məqalədən
sonra onu elmi tədqiqat işinə ruhlandıranlar da
olmuşdu.
"Moskva kitabxanalarında" , "Kağız necə
yaranmışdır?", "Yazının
yaşı", "Həyat kompası", "Cəmiyyətdə
kitaba maraq", "Kitablar səltənətinin
açarı", "Yazıçı məsuliyyəti və
söz gözəlliyi" və s. yazıları da buna əsas
verirdi.
Universitet və aspirantura təhsilindən sonrakı illəri
İ.Zəkiyevin yaradıcılığında
dönüş illəri hesab etmək olar. Oxucu və tədqiqatçıları
yalanın təkzibinə, doğrunun təsdiqinə
inandırmaq onun
yaradıcılığından işıq
şüası kimi keçir.
Uzaq əsrlərdən üzü bəri onu yüzlərlə
açılmamış tarixi həqiqətlərin izinə
düşməyə ruhlandıran
çalışqanlığı və elmə xeyir vermək
istəyi olmuşdur. Məqalə və kitablarının
maraqla oxunması işlədiyi hər mövzuya yenilik
mövqeyindən yanaşmağın nəticəsidir.
O, haqlı olaraq Azərbaycan kitab mədəniyyətinin
çoxşaxəli inkişafını dünya kitab mədəniyyəti
okeanına qovuşan güclü çaylardan biri kimi
araşdırmışdır. "Kitab mədəniyyəti"
sözünü işlədənə "müharibə"
elan edən müəlliflərin və müəllimlərin
mövqeyi ilə razılaşmayan İ.Zəkiyev universitetdə
dərs deməkdən imtina edib AMEA-nın Nizami adına
Ədəbiyyat İnstitutuna getmək məcburiyyətində
qalsa da, heç nə itirməmiş, əksinə,
ünvanını daha düz tapmışdı. İlk dəfə
tanış olduğu görkəmli ədəbiyyatşünas-kitabşünas,
tənqidçi Əziz Mirəhmədovla görüşdən
məmnun qalan İ.Zəkiyev burada "Azərbaycan ədəbiyyatı
və mətbuat tarixi", "Fəlsəfə",
"Fars dili" fənlərindən "Əla" və
"Yaxşı" qiymətlərlə imtahan verib 1971-ci
ildə "M.F.Axundov və Azərbaycan kitab mədəniyyəti"
mövzusunda uğurla dissertasiya müdafiə etmişdir. Sənədlər
Moskvaya çatan kimi Lomonosov adına MDU-nun professoru, filosof
Şeyda bəy Məmmədovun və AAK-nın dissertasiya
işləri üzrə məsul işçisi A.Bəxtiyarovun İ.Zəkiyevə
göndərdiyi təbrik məktubundan az sonra dissertasiya
haqqında AAK-nın əməkdaşı E.N.Kuznetsovanın
"İzdatelskoe delo. Kniqovedenie" məcmuəsində
təqdirəlayiq məqalə çap etdirməsinin (Moskva,
1971, ¹10, səh.33-34) əlamətdar hadisə kimi
qarşılanmasını indi də yaxşı
xatırlayıram. Bu təqdirdən sonra "Azərnəşr"in
üç illik "həbsindən" azadlığa
çıxan İ.Zəkiyevin "M.F.Axundov və Azərbaycan
kitab mədəniyyəti" əsəri də elmi
dövriyyəyə daxil olmaq hüququ qazanmışdır. Bu onun "Yazıçı və kitab" əsərindən
sonra yaxşı əks-səda doğuran yeni uğuru idi.
Alimin nailiyyətləri təkcə bu deyilənlərlə
məhdudlaşmır. O, gənclik illərindəki vətənpərvərliyini,
sadəliyini, səmimiyyətini və s. mənəvi keyfiyyət
cizgilərini elmi axtarışları kimi ildən-ilə təkmilləşdirən
tədqiqatçıdır. XI-XX əsrlərin
ədəbi-elmi nailiyyətlərini işıqlandıran və
qonorarının hamısı Qarabağ müharibəsi
fonduna köçürülmüş "Əsrlərin əks-sədası"
(Azərnəşr, 1992. Redaktoru: Ə.Mirəhmədov,
rəyçi: X.Məmmədov) mədəniyyət tariximizə
dair öyrənilməmiş səhifələrlə zəngindir.
Monoqrafiyanın hər iki ustad alim tərəfindən
"qüssəli düşüncələrə son qoyan əsər"
kimi dəyərləndirilməsi müəllifi Azərbaycan
kitabının inkişaf yolunu daha uzaq əsrlərin bizdən
əsirgədiyi əsərlərin şəfəqləri ilə
işıqlandırmağa ruhlandırmışdı.
O, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi,
professor Ə.Mirəhmədovun elmi rəhbərliyi ilə
"Azərbaycan kitabının inkişaf yolu (Qədim
dövrdən XIX əsrin sonuna qədər)" mövzusu
üzərində işləməyə səy göstərsə
də, mövzu uzun müddət doktorluq işi kimi təsdiq
edilməmişdi. Bu mövzuya qarşı iki bəhanə
irəli sürülürdü. Birinci bəhanə
bu idi ki, keçmiş əsrlər "qaranlıq əsrlər"
olduğuna görə o dövrlərdə "bizim heç
nəyimiz olmamışdır". İkinci əsassız
səbəb bu idi ki, adıçəkilən "mövzu
bir institutun görə biləcəyi işdir...". Buna baxmayaraq İ.Zəkiyev
maneələr səddini yara-yara, qələmini yora-yora elmi məziyyətlərə
doğru cəsarətli addım ataraq daha bir sensasiya
doğuran monoqrafiya ilə elmi ictimaiyyəti heyrətləndirib
Azərbaycan kitabşünaslığına da, özünə
də halal şöhrət qazandırdı.
Bütün şübhəli baxışları, o cümlədən
1920-ci ilə qədər Azərbaycan əhalisinin "99
faizinin savadsız olması", "hər min nəfərdən
bir nəfərin savadlı olması" kimi yanlış
fikirləri alt-üst etdi. İnsanların
yaxından görə bilmədiyi uzaq əsrlərin həqiqətlərini
təşəbbüskar və vicdanlı fəaliyyəti ilə
öyrənib göz önünə qoydu. Kitabşünaslığın əvvəlki dar
cığırını genişləndirib şücaət
yoluna çevirdi. Bu işıqlı yol
indi elm, ədəbiyyat və mədəniyyət tariximizin zəfər
yolu kimi tanınır, sevilir, öyrənilir və öyrədilir.
Alimin "Azərbaycan kitabının inkişaf yolu (Qədim
dövrdən XIX əsrin sonuna qədər)" əsəri
işıq üzü görən kimi (2000) radio və
televiziya verilişlərində, kitab və mətbuat səhifələrində
ən xoş sözlərə layiq görüldü. Qeyd olundu ki,
bu monoqrafiya Azərbaycan kitabşünaslığı və
mədəniyyəti tarixində "bir sıra yeni məlumatlar
və şəxsi mülahizələrlə zənginləşdirilmiş
ilk əsərdir, daha doğrusu, kitablar haqqında ilk irihəcmli
kitabdır". İnamla demək olar ki,
İ.Zəkiyevin bu dəyərli kitabı "öz
aktuallığını həmişə saxlayacaq, gənc
alimlərin, kitabşünasların əsaslandığı
etibarlı elmi mənbə olacaq". Akademiklərdən
İ.Həbibbəyli, M.Nağısoylu, T.Bünyadov,
AMEA-nın müxbir üzvü A.Nəbiyev, Əməkdar elm
xadimləri A.Xələfov, M.Qasımlı, Q.Paşayev,
Dövlət Mükafatı laureatı, Əməkdar elm
xadimi, professor N.Şəmsizadə, professor A.Babayev, professor
Ş.F.Fərzəlibəyli və başqa alimlərin də
İ.Zəkiyevin üç min illik dövrü əhatə
edən tədqiqatını Azərbaycan kitab mədəniyyətinin
şərəfli inkişaf yolu keçdiyini əsaslandıran
əsər kimi qiymətləndirməsi həm söz sərvəti
tariximizə, həm də monoqrafiya müəllifinin gərgin
əməyinə verilən doğru qiymətin parlaq təzahürüdür.
İ.Zəkiyevin
"Azərbaycanda nəşriyyat işi" (şərikli),
"Qonaqkənddən başlanan yol", "Ömürdən
səhifələr", "Heyrət doğuran qeyrət"
və başqa kitabları da müəllifin ədəbi və
elmi nüfuzuna yeni rəng qatmışdır.
O, tərtibçi,
redaktor, ön söz yazarı, elmi rəhbər, opponent, rəyçi,
portret-oçerklər müəllifi, respublika və beynəlxalq
səviyyəli elmi konfransların məruzəçisi kimi də
çox iş görmüşdür. Azərbaycan həqiqətlərinin
Vətəndən kənarda da tanınmasına göstərdiyi
səylərin məntiqi nəticəsi olaraq xeyli məqaləsi
Türkiyə, Qazaxıstan, Ukrayna, Rusiya universitetlərinin
"Elmi əsərlər"ində və digər
nüfuzlu jurnallarda işıq üzü görmüş və
təqdir edilmişdir.
Etibarlı mənbələr əsasında dəqiq
araşdırma aparmaq uğurlu nəticə əldə etməyin
əsas şərtlərindəndir. Bu ideya İ.Zəkiyevin
tədqiqatlarının ana xəttini təşkil edir. Fədakar alimin kitablarında olduğu kimi, elmi məqalələrində
də xeyli həqiqətlərin yer alması həm fakt
yeniliyi, həm də dil zənginliyi baxımından çox
maraqlıdır.
İ.Zəkiyev yazır ki, ərəblər Qafqaza gələnə
qədər Şərq xalqlarının əksəriyyəti
kimi, Azərbaycan da bir çox yeniliklərə imza
atmışdı. IV-VII əsrlərdə müəllimlərə
yüksək əməkhaqqı, şagirdlərə təqaüd,
pulsuz yemək, paltar, kitab, qələm, qrifel taxtası
(üstünə nazik mum təbəqəsi çəkilmiş
yazı lövhəsi) verilməsi, pulsuz tibbi qayğı göstərilməsi
ərəblərin özlərini heyrətə
salmışdı. Azərbaycanda və digər Şərq
ölkələrində, məsələn, Tacikistanda ipək,
dərman, rəng, yazı aləti (qələm), yazı
materialları (o cümlədən perqament, hər iki
üzü cilalanmış dəri) istehsal edilməsi,
kitabxanaların, kitab emalatxanalarının, kitab bazarları və
dükanlarının fəaliyyət göstərməsi ərəblərlə
yanaşı, Avropanın da hərəkətə gəlməsinə
səbəb olmuşdu. V əsrin sonundan VII əsrin
ortalarına qədər Azərbaycanda 1000-dən çox
şair, 2000-dən çox alim və kitabçı (xəttat,
cildçi, bərpaçı...) ölkənin mənəvi
tərəqqisinə töhfələr verəndə, apteklər
dolub boşalanda, cərrahiyyə alətləri ilə həkimlər
vaxtsız ölümlərə meydan oxuyanda, əlyazma
kitablarının sayı bir milyona yaxınlaşanda, gənclər
təhsil, idman, incəsənət, elm, ədəbiyyat,
şahmat tədrisinin və yarışlarının uca zirvələrinə
can atanda... "müsəlman mədəniyyətinin
qüdrəti önündə titrəyən Avropa
dünyası" uşaqlıq dövrü keçirirdi. Belə
faktlar ərəb xilafətindən əvvəlki əsrlərdə
Şərqdə, o cümlədən əlifbası,
yazısı, kitabı və kitabxanaları olan "15 xalqdan
biri" kimi tanınan Azərbaycanda "dövlət
mexanizminin" daha yaxşı qurulmasından soraq verir. Alimin
qənaətinə görə,
ərəblər ən azı min illik söz sərvətimizi
"yelə verdilər", ulu əcdadlarımızın
yaratdıqlarını "zavala uğratdılar" - deyəndə
M.F.Axundzadə həmin həqiqəti nəzərdə
tutmuşdur. Hər iki oğlu Qarabağ müharibəsinin
veteranı olan vətənpərvər alim ilk dəfə
sübut etmişdir ki, ərəblər VII əsrdə 100 min
əhalinin yaşadığı Bərdə şəhərinin
saray kitabxanasının 100 mindən çox kitabını, X
əsrdə isə 150 mindən çox yazılı abidəsini
qaranlıq gecələrin birində Tərtər
çayına töküb əzəmətli kitab
sarayını külə döndərməklə nifrət və
lənət qazanmışlar. XI əsrdə
Şamaxının da dörd kollecini və kitabxanasını
eyni üsulla yox etmişlər...
Bütün əsrlərdə Azərbaycana
kağızın xaricdən gətirilməsinə dair fikirləri
rədd edən müəllif ilk kağız fabrikinin IX əsrin
sonunda Cənubi Azərbaycanın Xunəc (Kağızkunan)
şəhərində (Təbriz yaxınlığında)
işə düşməsi və xaricə məhsul ixrac etməsi
faktı ilə cavab vermişdir. Onun qənaətinə
görə, yaxın qonşumuz gürcülər də Azərbaycan
kağızından çox yararlanmış və
kağız sözünü olduğu kimi işlədərək
sonralar onu öz dillərinə uyğunlaşdırıb
"kağadi" kimi işlətmişlər. Alimin X əsrdə Azərbaycanda və onun
hüdudlarından uzaqlarda yazıb-yaratmış 100-dən
çox kitab yaradıcısının adını qeydə
alması, yeni-yeni əsərlərlə, ensiklopediyalarla ərəblərin
özlərini də təəccübləndirməsi kimi
faktları üzə çıxarması böyük zəhmət
hesabına başa gəlmişdir.
"İynənin
ucu boyda böyük kəşf" məqaləsində
(Bakı Dövlət Universitetinin "Dil və Ədəbiyyat"
elmi-nəzəri jurnalı, 2005, ¹ 6, s.123-128) durğu işarələrinin
sirrinin tapılması və tətbiqi tarixindən
danışan müəllif göstərir ki, nöqtə,
vergül, iki nöqtə, üç nöqtə və s.
işarələr yazıda, kitab və mətbuat səhifələrində
iynənin ucu boyda yer tutsa da, rəqəmlərin (ən
çox sıfrın) riyaziyyatda inqilabi kəşf
sayılması kimi, durğu işarələrinin də hər
biri dünyanın ən böyük kəşfləri ilə
müqayisə edilmişdir. "Durğu işarələri tarixindən:
nöqtə, vergül" məqaləsində də müəllifin
yenilikçilik ruhu aydın görünür.
"70 il
qələm və fırça ustaları arasında" məqaləsində
azərbaycanlı ustad Cəfər Təbrizi haqqında tutarlı söz
deyən alim "Naməlum "Hesabat"ın məlum mətni"
məqaləsində də yeni bir elmi açıqlamaya imza
atmışdır. 1410-cu ildə əsası qoyulmuş Herat
saray kitabxanasında 60 il (1420-1480) rəis işləmiş və
azərbaycanlıların da çalışdığı
100 nəfərdən çox sənətkarın (o cümlədən
40-dan çox xəttatın) gördüyü işlər
haqqında Herat hakimi Baysunqur Mirzəyə fars dilində
yazdığı (iyun 1427) "Ərzədaşt"ın
("Hesabat"ın) İstanbul Topqapı Sarayı Muzeyində
saxlanılan bir avtoqraf nüsxəsinin tam mətnini Azərbaycan
dilində nəşr və tədqiq etməklə İ.Zəkiyev
sübut etmişdir ki, kitabxanaların hesabat vermək
ideyasının ilk dəfə Rusiyada yaranması faktı
yanlışdır. Orta əsrlərdə Şərq
(o cümlədən Azərbaycan) kitabxanalarında hər
rübdə (üç aydan bir) və ilin sonunda
görülmüş və görüləcək işlər
haqqında hesabat vermək mədəniyyət tarixinin indiyə
qədər öyrənilməmiş ən maraqlı səhifələrindəndir.
Alimin "Kitab sandıqlarının
açılmamış sirləri" məqaləsi də
yeniliyi ilə maraq doğurur. Bu barədə bircə
cümlə də yazılmadığına görə elə
başa düşülmüşdür ki, kitablar
keçmişdə də indiki kimi rəflərdə
düzülmüşdür. Müəllif yeni
açıqlamasında göstərir ki, dünyanın bir
çox ölkələrində olduğu kimi, Azərbaycanda
da kitablar X əsrin sonuna qədər açarlı və
açarsız sandıqlarda üst-üstə, sonralar yan-yana
(dikinə) mühafizə edilmiş, XI əsrdə rəf və
şkaf üsuluna keçilməklə yanaşı, kitab
sandıqlarından da XIX əsrin sonuna qədər məhdud
şəkildə istifadə edilmişdir. "Orta əsrlərin
naməlum Xınalıqlı alimləri" məqaləsində
təkcə xınalıqlılara yox, Azərbaycan elminə məlum
olmayan parlaq şəxsiyyətlər haqqında verdiyi elmi
açıqlama ilə həmvətənlərimizi sevindirən
müəllif
"Qədim yazı materialları, yazı alətləri,
kitablar və kitabxanalar" məqaləsində də bu
sevinci oxucu və tədqiqatçılardan əsirgəməmişdir.
M.F.Axundzadənin
Azərbaycanda ədəbiyyat və mətbuat nəşrinə
kömək məqsədi ilə Tiflisdə ilk mətbəə-nəşriyyat
açmasına və az sonra fəaliyyətini Bakıda davam
etdirməsinə icazə verilməsinə dair (1830-1840-cı
illərdə) göstərdiyi təşəbbüsə
biganə qalanlar ədibin elm, dövlət və din xadimlərindən
ibarət komissiya təşkil edib imtahan qəbul etməklə
professor adı almaq üçün verdiyi ərizəsinə
də müxtəlif bəhanələrlə mane olmuşlar.
Həmin ərizə əldə olmasa da, yazılmasından 56 il
keçəndən sonra Tiflisin rusdilli mətbuatında dərc
olunmuş şərhini əldə edən İ.Zəkiyev
"M.F.Axundzadənin naməlum ərizəsinin məlum şərhi"
adlı geniş məqalə yazaraq ("Qobustan", 2012, ¹ 4,
s.16-23) ədibin kitab və mətbuat çapına dair ərizəsinin
şərhini Azərbaycan və rus dillərində oxucu və
tədqiqatçıların diqqətinə
çatdırmış, həm də ərizənin rusca əhatəli
xülasəsinin tam mətninin ana dilində ilk nəşrinə
nail olmuşdur.
XI-XIX əsrlərdə
yaşamış, lakin şəxsiyyəti öyrənilməmiş
İbrahim Qrızi, İbn İbrahim, Mahmud Xınaluqi, Mirzə
Məhəmmədəli Qasımov, Rizvan Əlikli, Əli
Hilmi, Sədi Xaltani və başqa Azərbaycan
ziyalıları haqqında alimin elmi açıqlamaları da
az düşündürücü deyil. Onun "Nizami -
öyrənilməmiş səhifələr",
"S.Ə.Şirvaniyə aid edilən bir imza
haqqında", "Bir cümlənin açımı",
"Klassik irsin tədqiqi", "Klassik irsə müasir nəzər",
"Zor-ağıl kürsüsündə", "Ədəbiyyatşünaslıq.
Ensiklopedik lüğət", "Bir elmi mübahisə
haqqında", "Bir avtoqrafın taleyi", "Qori
seminaristlərindən biri", "Azərbaycan
teatrının yaddaş kitabı", "Alim
ömrünün mənzərəsi", "Seyfəlmüluk"
dastanı haqqında naməlum açıqlama" və s.
elmi, tənqidi məqalələrində də səmərəli
əməyin nəticələri fərəh doğurur.
Akademik
Əbdülkərim Əlizadə, İmam Mustafayev, Səfaət
Mehdiyev, AMEA-nın müxbir üzvü, Əməkdar elm
xadimi Əziz Mirəhmədov, yazıçı-jurnalist Cəmil
Əlibəyov, şair Davud Ordubadlı, professor Xeyrulla Məmmədov,
Nazif Qəhrəmanlı, şərqşünas alim Məmməd
Adilov, yazıçı-publisist Əkrəm Qaflanoğlu və
başqa tanınmış simalar haqqında yazdığı
portret-oçerk və xatirələrində də İ.Zəkiyev
elm və ədəbiyyat qanunlarına sadiqliyini qoruyub
saxlamışdır. Eyni fikri "Tarixə çevrilmiş
səhifələr", "Azərbaycan kitabının
öyrənilməmiş səhifələri", "Sultan
Məhəmmədin ömür kitabından səhifələr",
"Məktəb kitabxanalarının inkişaf yoluna bir
baxış", "XIX əsr Azərbaycan kitabxanaları
tarixindən", "Qızıl medallı şair",
"Rahatlığını narahatlığında tapan
alim" və s. məqalələri haqqında da demək olar.
Alimin "Üç əsri görmüş qubalı
müdrik" məqaləsindən aydın olur ki, Xaltanlı
Tağının məşhur Azərbaycan qaçağı
Molla Nura həsr etdiyi maraqlı bir şeiri ilk dəfə
üzə çıxarıb mətbuatda
işıqlandırmaq şərəfi də ona aiddir. Çar Rusiyasının nəzərində
çox təhlükəli sayılan adamların cəza
çəkdiyi Omsk həbsxanasında dünya şöhrətli
yazıçı F.M.Dostoyevskinin "Qafqaz Aslanı",
"Bahadır kimi qüvvətli, igid bir insan, öz
xalqının istiqlaliyyəti uğrunda vuruşmuş nəcib
bir mübariz", "Mərd və qorxmaz partizan"
adlandırdığı Molla Nurla dörd il dostluq etməsi,
onun və hələlik kimliyi bilinməyən azərbaycanlı
Əlinin cəsurluğu, xeyirxahlığı, vətənpərvərliyi
və sair insani keyfiyyət cizgilərini gündəliyində
yazıb onları yaratdıqları rus obrazlarının
simasına köçürməsi haqqında ilk elmi
açıqlama da İ.Zəkiyevə məxsusdur. "Bakı Universitetinin Xəbərləri"
jurnalının humanitar elmlər seriyasında işıq
üzü görmüş "İlk azərbaycanlı
ensiklopediyaçı və nəşri
dayandırılmış ilk Azərbaycan
Ensiklopediyası" məqaləsində göstərilir ki,
1930-cu illərin əvvəllərində Azərbaycan KP MK
bürosunun qərarlarından biri 17 cildlik Azərbaycan
Ensiklopediyasının nəşrinə başlamaq haqqında
olmuşdu. Bu məqsədlə
İçərişəhərdə yaradılmış
Ensiklopediya Nəşriyyatına rəhbərlik görkəmli
filosof Heydər Hüseynova, AŞE-nin (Azərbaycan Şura
Ensiklopediyasının) baş redaktorluğu
İ.İsmayılova, elmi katibliyi professor V.Xulufluya etibar
edilmişdi. Bütün cildlər 1941-ci
ilə qədər çapdan çıxmalı idi.
Moskvada istifadəyə verilmiş 10 cildlik "Kiçik
Şura Ensiklopediyası"na ("Malaya Sovetskaya
Ensiklopediya") daxil edilmiş məqalələrin miqdarı
35 minə qədər olduğu halda,
17 cildlik AŞE-də 55 mindən çox olacaqdı. N.M. imzalı kiçik bir yazıda göstərilmişdi
ki, 17 cildin hazırlanmasına 80-dən çox görkəmli
alim cəlb edilmişdir.
Ədəbiyyatşünas,
kitabşünas alim və tənqidçinin
yazdığı kimi, 1935-ci ildə nəşr edilməsi
planlaşdırılmış 3700 söz-məqalədən
ibarət birinci cild xəyanətkar ermənilərin Moskvaya
ünvanlandırdıqları şər-böhtan dolu
imzasız məktublardan sonra 2039 məqalə və 55
çap vərəqi həcminə salınaraq 1936-cı ilin
sentyabrında yenidən çapa təqdim edilmiş, II-III
cildlərin həmin il üçün çapa
hazırlığını
başa çatdırmaq işi sürətləndirilsə
də, erməni xəyanəti nəticəsində 17 cildlik
ilk Azərbaycan Ensiklopediyasının nəşri
dayandırılmış, elmi əməkdaşlarının
isə başının üstünü qara buludlar
almışdı...
Bu qeydlərdən görünür ki, qədim dövrdən
XX əsrin sonuna qədər elm və mədəniyyət
tariximizlə bağlı açıqlamaların bir çoxu
İ.Zəkiyevin arqumentləri qarşısında aciz
görünür. Bu həqiqəti nəzərə alan
professor N.Şəmsizadə doğru yazır ki, "İmaməddin
Zəkiyevin Azərbaycan ədəbi-mədəni mühitində
heç kimə bənzəməyən bir yeri var". Uğur dolu ömür yolu keçmiş yorulmaz
alimin kitabları kimi, məqalələri də
açılmamış səhifələrlə zəngindir.
Məncə, onlar kitab halında nəşr edilərsə,
faydası daha çox olar.
Baş
var - yükü söz yüküdür,
Baş
var - yükü öz tüküdür
- deyən İ.Zəkiyev görkəmli şərqşünas
alim Məmməd Adilovun vaxtsız vəfatına həsr etdiyi
"Vida ağrısı" poemasında onun əməyini
belə dəyərləndirir:
Qələmin
ucundan bir-bir sürüşüb,
Sözləri yerə yox, yerinə düşüb.
Eyni sözləri poema müəllifinin özünə
də aid etmək olar. 80 yaşlı dostuma
cansağlığı, yaradıcılıq uğurları
diləyirəm. Arzu edirəm ki, bundan
sonrakı illərdə də sözləri yerə yox, yerinə
düşsün.
Yasif
NƏSİRLİ
Ədəbiyyat qəzeti.-
2020.- 25 yanvar. S. 24-25.