Poeziya
ruhi həyəcanların təzahürüdür
Adil Cəmilin yeni
şeirləri haqqında
Mən
bir oxucu kimi daima poeziyaya minnətdar olmuşam, gərgin halıma məlhəm olmuşdur, içərimi
təmizləmişdir, yüngülləşdirmişdir,
poetik zövqümü tərbiyə etmişdir, etirafı
gizlətməyə nə halım! Görünür, gənclik
illərimdən Bakı mühitində ətrafımda Tofiq
Abdin, Abbas Abdulla, Oqtay Şamil, Ələkbər Salahzadə,
İsa İsmayılzadə, Seyran Səxavət, Mövlud,
Əfrayıl Məhərrəm, Ramiz Məmmədzadə və
başqaları olmuşlar. Sonrakı nəsildə Vahid
Əziz, Ramiz Rövşən, Səyavuş Sərxanlı, Məmməd
Aslan, Musa Yaqub və digərlərinin şeirlərini
oxumuşam, fikir mübadiləsindən çəkinməmişik.
XXI əsrin bəxtinə isə Adil Cəmil, Vaqif Bəhmənli,
Ağacəfər Həsənli, Elşad Səfərli,
Alış Kamal, Ramiz Qusarçaylı, Əbülfəz
Naxçıvanlı, Əbülfət Mədətoğlu,
İslam Sadıq... düşdü. Hər
üç nəsil üçün qürurlanıram. Bunlar və unutduqlarım bir şeirin belə məsuliyyətini
duymağı bacarmışlar. Mən isə belə bir
şeir səltənətində onların poeziyası
haqqında onlarca məqalə və monoqrafiyalar
yazmışam... Lakin məqsədim
keçmişi və indini xoş ovqatla qarşılamaq deyil,
mənimçün əlçatmazdır - yox. Reallığa qalsa, "son nəsil" nümayəndələrilə
müntəzəm görüşürəm, poeziya ətrafında
söhbətlərimiz baş tutur, nə yaxşı
iddiasızdılar bu istedadlar. Lakin onlar
özlərini dərk edirlər, seyr etmirlər, öhdələrinə
düşəni yerinə yetirirlər, yüksək
zövqlüdürlər, düşünməyi
bacarırlar, insanlarla yola gedirlər, iradları qəbul edirlər,
haqsızlığa tabları çatır. Poeziyada xüsusilə miyanəçiliyə güzəştə
getmirlər, nə edəsən ki, cızma-qara misraların
müəllifləri göbələksayağı
çoxalırlar.
Mən illər boyu bəzi şairlərimizin belə bir
intəhasız ömrü yaşadıqlarını izləmiş,
idrak etmiş, haqqında yazmağa üstünlük
vermişəm. Bunlardan biri də "Sözün Adil Cəmili"
olan elə Adil Cəmildir. Şəxsiyyətiylə
poeziyası üst-üstə düşən, bir-birini
tamamlayan istedadlı şair haqqında monoqrafiyamın
üstündən beş ildən bir qədər
çox zaman kəsiyi adlamışdır. O prosesdə mən
bir sualın cavabında idim: Şeirin həqiqət
axtarışında. Özümü oda-közə
vurdum, hətta proqnozlarımı işə saldım və qənaətim
o oldu ki, poeziya dərddir, həzz aşılamaq ikinci vəzifəsidir.
Atasının və anasının yoxluğuna
bir neçə şeir həsr edən Adil Cəmil dərd-kədəri
necə üstündən kənarlaşdırsın? Ata itkisi, başdan ürəyəcən dərd
deyilmi?
Məni
ovundurar göz yaşı çətin,
Xəyalım yolundan yığışmır, ata.
O qədər
böyükdür sənin həsrətin
Gözümün yaşına
sığışmır, ata.
Belə bir ekskursu özüm üçün təbii
sayıram və yaradıcılıq psixologiyasında əsas
amil hesab edirəm. Adil Cəmil şeirinə gələndə
onun poeziyasına cüzi işıq salmamışam ki, unudum,
xeyr - belə düşünməmişəm. Ona
görə ki, Adil Cəmil poeziyaya məğlub olmayan
şairdir, şeir isə mübarizə meydanıdır, ilham
(istedad) bu meydanda top atəşindən də qat-qat
güclüdür, necə ki, tarixdə bəllidir:
Avstriyanın baş komandanı Melas Fransa imperatoruna necə
acınacaqlı məğlub olmuşdu, hər ikisi üzbəüzdə!
Adil Cəmilin poetik qələbəsi onun təfəkkürlə
emosiya (hiss) arasındakı sıx münasibəti tərs
mütənasib etməməsidir, didişməyə imkan verməməsidir. Qalib gəlsə
də, bu, üsyankarlığın hesabına
olmamışdır, hissiyyat, hissiyyatın arxasınca
getmişdir. Şairlər heç vaxt bədbin
şeirlər yazmağa köklənməmişlər, kədəri
içlərində yaşamışlar, amma dərin itki -
ölüm ruhu tamam dəyişdirir, bu halətdə emosiya irəli
keçir, streslə də nəticələnə bilir.
Şairin son şeirlərinin "dayaq nöqtəsi"
bir arzuolunmaz vaqeədən yarandı, yaradıcı təxəyyüllü
oğul itkisindən sonra. Bu hadisə valideynlərinin
ölümündən sonra ən ağır zərbədir,
şair üçün poeziyasını ağ
kəfənə bükməkdir, bunu oxucusu da yaşamaqda
acizdir. Vaxtilə bu hissi bəyan eləmişdi:
Mənim
kimi dərdli olsan
Bilərsən
ki, nə var, nə yox
- demişdi, içində bir nikbinlik
görmüşdü; heç kəs dünyanı tutub
yaşamır, yaşa dolur. Lakin cavan oğul
itirmək müsibəti faciədir və baş qoyduğu
torpağı qurumamış "Ruhum yanır" şeirini
yazdırdı. Mən yaxından
tanıdığım, tez-tez görüşdüyüm,
oğlunun yaşaması ümidini itirməyən bir
atanın nələr çəkdiyini gördüm. Belə halda təsəlli də gücsüzdür.
Şeirə Adilin verdiyi poetik epiqraf
ümidsizlikdirmi, təsəllidirmi, yoxsa ölümlə
razılaşmaqdırmı? Cavab verməkdə
çətinlik çəkirəm. Sualı nə
yaxşı cavablandırmır:
Öncə
yurdumu itirdim,
Sonra
atamı,
Sonra
anamı...
Hələ
ölməmişdi içimdəki
Yaşamaq inamı.
İndi də
oğlumu itirdim -
Yeganə oğlumu.
Siz deyin,
bundan sonra
Yaşamaq doğrumu?
Yaşamağa dəyər, axı, ölümdə bəd
şey yoxdur, ona görə ki, onun varlığını kimsə
hiss etmir, bircə mütləqliyinə inanır. Ölməmək
üçün ilahiyə yalvarmağa dəyməz. Qədim yunan filosofu Epikür (e.ə. 342-271)
yazmışdır ki, əgər Allah insanların
yalvarışlarına qulaq assa idi, onda adamlar çoxdan
ölüb qurtarmışdılar. Adil Cəmil
savadlı olmaqla yanaşı, alimdir və yaşamağın
və ölümün fəlsəfəsini idrak etdiyi
üçün bu sualı (yaşamaq doğrumu) qoymuşdur.
Və anladı ki, mövcud həyatda insan xislətində
yaşamaq elə də asan olmur, üstəgəl yeganə
oğlunu itirəsən. Məşhur Frans
Kafka yazmışdır ki, yaşamağın yolu yerdən
bir qarış yuxarıda dayanan gərgin kəndirə bənzəyir,
ancaq bu kəndir üstündə yeriyə bilmək
üçün deyil, yıxılıb pis günə
düşmək üçündür. Kafka
yorucu, gözlənilməz gərdişlərə istər-istəməz
dözürdü, ancaq içindəki fikirlər, ideyalar onu
masa arxasına çəkirdi. Bu
müqayisə üçün mən ifrata varmıram,
Kafkanı da öz yaradıcı istedadlarımızdan
üstün tutmuram. Adil Cəmil heç də ondan az həyatı, ağır itkini
yaşamır:
Neyləmişdim,
sən mənim bu yaşımda
Gözlərimdə yaşa döndün, ay oğul?!
Daha gəlməz
allı-güllü baharım,
Ürəyimdə qışa döndün, ay oğul.
İndən belə ağlamağın nəfi nə?!
Əcəl varsa, bu həyatın kefi nə?
Qapısından
tək çıxdığın evinə
Tabutunla qoşa döndün, ay oğul.
Misralara
tab gətirmək ağırdır, nə edək? - Sual
içimdən gəldi və antik filosof Siseronun (e.ə.
106-43) kəlamlarını xatırladım, müdrik
tövsiyə edir, həyatın bütün əngilliklərinə
və çətinliklərinə sinə gərib ideal vətəndaş
olmağa, insanları Vətən uğrunda hünər
göstərməyə, bir-biriylə yarışmağa
çağırırdı... Demək, ata Adil
Cəmil bir də ona görə yaşamalıdır - Vətənə
və ailəyə lazımdır, poeziyamıza gərəklidir
və bundan sonra da istedadla, ilhamla yazmağa məhkumdur.
Hərçənd, şairlərə təkan verən amillər
az deyil: kədər və sevinc, vüsal və
həsrət... Bunlar şair(lər)
üçün gözləniləndir, gərək onlara
hazır olasan. Necə ki:
Ruhum
yanır yanan canın içində,
Qəlbim dərdin, bağrım qanın içində.
Əlimizdən
bircə anın içində
Uçub gedən quşa döndün, ay oğul.
Mən Adiləm, bulaq kimi
çağlaram,
Fəryadımla dağları da dağlaram.
Qara
daşa "Orxan" deyib ağlaram,
Niyə belə daşa döndün, ay oğul?!
İnsan
itkisində, onun əbədi yoxluğunu yaşamada iynənin
ucu qədər də olsa nikbinlik çəkilməməlidir,
təbiətin qanunları ilə yaşamaq gərəkdir; əgər
insan təbiətlə həmahəngdirsə, hesab edirəm
o, xoşbəxtliyini əldən
qaçırmamışdır, bu vəziyyət o halda
mümkündür - o insan sağlam düşüncə
sahibidir, ruhən iradəli və mərddir, alicənabdır,
dözümlüdür, yaradıcılıqdan
ayrılmamışdır. Bu, o demək deyil o,
taleyin oyununa laqeyddir. Bir də insan səadəti
üçün yaşayır, bu isə təbiətin
çağırışına səs verməkdir. Həqiqətənmi, ağır itki səadət
doğurur? - Xeyr, bu cür fikrə gəlmək yersizdir,
lakin "səadəti"n yerini tapmaq lazım gəlir, bu,
yaradıcılıqda, xüsusən poeziyada "gizlənmişdir".
Vaxtilə yazmışdım: "Səadət
yaradıcılıqdır" - sözümün
üstündə dayanıram! Unutmayaq ki, bu proses - nəzəriyyə
nə qədər həyati və ustalıqla şərh
olunsa da, şair (yaxud yazıçı) öz
açıqlamasını söyləyə bilməz,
çünki hansı ovqatla qarşılaşmışdır,
səbəblərdən ümdəsi narahat anlardan, incə (kədər
də istisna deyil) duyğulardan doğur, daha çox şairin
emosional gərginliyini əks etdirir. Demək,
şair səbəbsiz şeir yaza bilməz, poetik
ovqatının təsirinə isə düşər. Ona görə ki, baş vermiş hadisədən -
itkidən sonra nikbin motiv dəyişir. Mən bu yozumumu
Adil Cəmilin ötən il qələmə
gələn (intuisiya istisnalıq yaratmır) şeirlərində
hiss etdim: "Dərdim", "Bizim yerimizə utanır
dağlar", "Bu ayrılıq". Bu
poetik nümunələrin yükü "dərddir", bu,
təbii ki, şairin üslubuna da təsir göstərir.
Xüsusi bədii zövqə aşina olan şair(lər) həyatın
hər bir görümündə gözəllik, lətafət
duydusa, sonuncu əhval-ruhiyyəli ağır kədərin, dərdin
köləsidir, hətta şeirlərinə bədii boya verməyi,
estetikliyə meyilliliyi gözləmir, çünki içindəki
dərd hələ ölməmişdir, diridir, yaradıcı
təfəkkür intuitiv hisslə
"danışır", intellektuallıqla yox. "Dərdim"də oğul itkisinə məruz
qalan şair - müəllif, hətta dərd əlindən
harayasa getdiyini gizlətmir, buna el içində "baş
götürüb getmək" də deyilir, bəlkə
yüngülləşə. Amma:
Başımı
götürüb hayana getdim,
Məndən irəlidə yeridi dərdim.
Çəkiyə
gəlməyən ağırlığı var,
Çəkilməz dərdlərin biridi dərdim.
Adil Cəmil "dərd" məfhumunun obrazını
yaradır, şəxsləndirir, amma bu, şairə
yüngüllük, doyumluq gətirmir, əksinə, kabus
rolunda çıxış edir. Mən deyərdim ki, bədii
informasiya da deyil, "emosional fərasətə" qapı
açır, yalnız daxili - psixoloji rezenans rolunu oynayır və
bu oyanma, qıcıqlanma şeirin yazılması gedişinə
təsir göstərir, şairi etiraf etmək məcburiyyətinə
gətirir:
Əkdiyim
əkindən, biçindən yedi,
Doymadı, bağrımın içindən yedi.
Qalan taqətimdən,
gücümdən yedi -
Dərdlərin təzəsi, təridi dərdim.
Daha Adil Cəmil
dirənib küncə,
Kimsə çəkdiyimi çəkməyir məncə.
Belimdə
şələ var vallah ölüncə -
Necə ki, diriyəm, diridi dərdim.
Bəli, dərd ölmür, ondan qaçana gəlir. Dözüm dərdi
yüngülləşdirir, dərd insanı ağıllı
olmağa çağırır. Adil Cəmil
baş vermiş hadisənin ruhi ovqatından çıxa bilməmişdir,
bu, ondan asılı olmayan, ürəyinə və təxəyyülünə
daxil olan informasiyadır ki, dərdin dairəsindən
çıxa bilmir, mənbənin analizini
düşünür. Məsələn,
doğulduğu Kəlbəcərin yad əllərə
keçməsini belə xatırlayır, yəni dərdi fərdiləşdirmir,
bəşəriləşdirir. Neçə illər
qabaq (mart, 1993) Kəlbəcər son azad günlərini
yaşayanda şair Tərtərlə üzbəüz
qalmışdı: "Qan çəkən gözlərilə
Tərtərə baxırdı, Tərtər də ona".
Suları
qırmızıydı -
Qanlı axırdı Tərtər.
Sahildə
görünmürdü
Qarmaq atan
barmaqlar
Balıqlar
üzürdülər
Çənəsində
qarmaqlar...
Yosunlara
ilişib
Tövşüyürdü farellər.
Bu
misralar, əlbəttə, öz təsirində o hissi
yaradıbdır ki, şairi uşaqlığına
qaytarmışdı, amma bu olmuşlar heç də xoş
deyil: azad gəzən balıqlar qarmaqlara ilişib qurbana
çevrilirlər, necə ki, indi Kəlbəcər o
balıqların taleyini yaşayır. Bu torpaqlar
"mərmilər atəşində qovurğatək
qovrulurlar". Balığın yuvası
olmur, yaddaşı da iki-üç saniyəlikdir. Adilin
isə kəndi-kəsəyi hafizəsindədir... "tüstüsü ərşə
çıxan, külü göyə sovrulan kəndimə
uzaq idim" - pıçıldamır, elləri harayına səsləyir:
"Leyləklərin, qaranquşların isə yuvaları
dağılmışdır, ağaclar
ütülmüşdür, puçurlarını
qurğuşun əvəzləmişdir - Poetik assosiasiya budur
poeziyada, amma intuisiya deyil, real hadisələrin
inikasıdır. Bu şeirdə instinktiv hisslərə
ehtiyac qalmır, bunu şeirin yazılma tarixi (25.04.2019) də
göstərir.
Adil Cəmilin böyüklüyü, geniş qəlbi və
vətənpərvərliyi məhdud dairədə
qapılıb qalmır, qloballaşır, qələmi cibindən
çıxarmadan necə dözə bilər? Təbiət
günahkardımı? Sual versən təbiətə,
görəsən, cavab necə olar. Mən də
soruşmaq iqtidarında deyiləm, imkanım yunan filosofu Platinə
üz tutmaq oldu: "Əgər kimsə təbiətdən
soruşsa, o, nəyin xatirinə yaradır, təbiət cavab
verərdi ki, məndən soruşmaq lazım deyil, hər
şeyi səssiz-səmirsizlikdə özün etməlisən,
necə ki, mən daima susub danışmamağa vərdiş
etmişəm". Şair Adil Cəmilsə "Bu
ayrılıq"la susmaq istəmədi, dərdini də gizlətmədi:
Ayım
getdi, ilim gəldi,
Daşqın oldu, selim gəldi.
Qəm qəlbimə
gəlin gəldi -
Fələk toy tutdurdu mənə.
Bu
ayrılıq uzun sürdü,
Keçilməyən divar hördü.
Ulu
Tanrım çoxmu gördü
Doğulduğum yurdu mənə.
Adil Cəmilin poeziyasının poetikası mənə bəllidir
və onu araşdırarkən təbii yaradıcılıq
psixologiyası ilə qaynayıb-qarışdım - baxmayaraq
şair deyiləm, demirəm şeir yazmaq üçün
doğulmuşam. Hiss etmişəm, duymuşam ki, şeir (poeziya) nə məntiqi
mühakimə, nə də fəlsəfi motivlərlə qələmə
alınmır, "layihələr"ə də tamamilə
yad möcüzədir, yeganə "dayaq nöqtəsi" həqiqət
axtarışıdır. Poeziya (şeir) həqiqətlərin
və yalanların qovuşmasıdır, emosional və
intellektual yaranışların əriş-arğacıdır,
şairin fərdi üslubunun təzahürüdür,
iztirabların, əzabların və kədər-dərdlərin,
ruhi həyəcanların məhsuludur. Başqa
müqayisələr də fikrimə gəldi. Lakin şair Adil Cəmilin son şeirləri bu dediklərimin
təsdiqidir. Oğul itkisinin, Orxan yoxluğunun
diktə etdiyi üslubdur. Bəlkə də bu
"üslub" (şərti işlədirəm) əvvəldən
yol gəlirmiş - belə qərara gəlirəm, ona görə
ki, Adil Cəmil xeyli əvvəl (2018) anasına "Anama
layla" şeirini həsr etmişdi, anasının
obrazını nikbin ovqatda yarada bilməmiş - belə
düşündüm: yurd-yerin itkisində,
köçkün həyatda... şən əhvalı
yaşamaq qeyri-mümkün olardı:
Qəm
bağında ümid əkən,
"Yuvam"
deyib haray çəkən,
Ömrü-günü
fənam lay-lay,
Anam laylay, anam lay-lay.
Şeirdə
intellektuallıq axtarmaq əbəsdir, ana itkisi yaşayan
şairin kədəri necə nikbin ola bilər,
lakin Adil Cəmil haradasa özündə inam görür,
nikbinliyə ümid bəsləyir. O, məgər bundan sonra
yaşayıb yazmaq "açarını" dərin,
dibsiz okean sularına atmaq fikrindədir, əsla! Axı istedad yaradıcı təxəyyüldən,
ilahidən gəlmə fenomendir, inteqral prosesdir ki, sahibinin
poetik fəaliyyətini stimullaşdırır, bundan
qaçmaq mümkünsüzdür - israrımda qalıram, o
halda Adil Cəmilin varlığında həmişə sevgi
atəşi olmuşdur, məhəbbət çiçəkləri
solmamışdır. Bu hissi o, "Uzanan
ayrılıq ömür qısaldır" adlı unikal
şeirində oxuculara ünvanlamışdır.
Düzü, şeirdən başqa bir ovqat umurdum, ötəri
oxumaq qərarını da vermişdim, lakin...
Əllərim
çatmayan xəyal kimisən,
Tutaram əlindən - əl yeri qoysan.
Sevən
kül olmazmı eşqin oduna -
Alışıb yanaram kül yeri qoysan.
Mənim
məhəbbətim bir qeylü-qaldır,
Uzanan ayrılıq ömür qısaldır.
Bəlkə
də hicranın sonu vüsaldır,
Ay nədir,
dözərəm il yeri qoysan.
Bu bəndləri
oxuyanda dilimdən "Əhsən" kəlməsi
çıxdı - özümdən asılı olmadı və
bir daha inandım ki, poeziya (şeir) mübhəm hissdir, ilahi kədərdir...
Mən məqaləmi
dahi filosof Epiktetin kəlamları ilə bitirmək arzusunda
oldum: - Neynəməli, əgər ayrılıq və ya
ölüm sənə belə qorxunc gəlirsə, onda gərək
taxıl yetişəndə oturub ağlayasan ki, sünbüllər
məhv oldu, payızda ağlayasan ki, yarpaqlar quruyub yerə
töküldü. İnsanların ayrılığı
kiçik dəyişilmədən, ölüm isə bir az böyük dəyişilmədən
başqa heç nə deyil. Dünyada məhvolma
yoxdur, yalnız bir həyatın başqa birisi ilə əvəz
edilməsi var.
06.01.2020
Allahverdi Eminov
Ədəbiyyat qəzeti.-
2020.- 25 yanvar. S. 26-27.