Ölümə gedən

 

Pyes

 

 

İştirakçılar:

Murad

Mədinə            

 

 Gecə lampasının öləziyən işığı kiçik səhnədə tutqun, darıxdırıcı əhval yaradıb. Divarlardan asılan rəsmlər, nizamsız yapışdırılan kiçik kağız parçaları güclə seçilir. Otaqda hər şey köhnədir, nimdaşdır - stol-stul da, çarpayı da, yerə atılan xalça da, kitab şkafı da... Bircə gecə lampası təzədir. Stolun üstündə yarım zavod çörəyi, iri pomidor, çaynik, stəkan və güldan görünür. Güldanın içində bir dənə dekorativ gül var.

 Mobil telefon zəng çalır. Bir neçə saniyə sonra zəng kəsilir. Mədinə ağır, bezgin addımlarla səhnəyə gəlir. Saçları dağınıqdır, üz-gözündə bədbəxtlik ifadələri var. Ətrafı gözdən keçirir. Tamaşaçılara zəndlə baxır. Sükut.

Mədinə. Telefon zəng çaldı, yoxsa mənim qulağıma səs gəldi? Hə?! Məndən başqa eşidən oldu zəngi?! Dillənin də, dillənin! Nolar, dillənin! Bəlkə o idi zəng edən, hə?! Bəlkə məni axtarır? (Tamaşaçılara yaxınlaşır). Olar, telefonu verəsiniz, bir nömrə yığım?! Olar?! Onun səsinə hava qədər, su qədər ehtiyacım var e. Vallah! (Tamaşaçılardan birindən telefonu alır, rəqəmləri yığır. Tamaşanın rejissorunun telefonu zəng çalır. Mədinə qəzəblə onun üstünə yeriyir. Rejissorun telefonunu əlindən alır, təəccüblə baxır). Sən... sən kimsən? Eşitmirsən?! (Yaxasından yapışır, çəkir özünə). Səndən soruşmuram?! Bu nömrəni kim verib sənə?! Hə?! Bəlkə onun ruhu sənə keçib?! Yox, yox... Nə ruh? Mənim axtardığım adam yaraşıqlı, boylu-buxunlu adamdır. Yaraşıqlı adamdır... Yaraşıqlı... (Birdən əli-qolu boşalır, hərəkətindən peşman olur. Rejissorun üst-başını səliqəyə salır). Siz Allah, bağışlayın məni. Deyəsən, başıma hava gəlir. Ağlıma gələn rəqəmləri yığdım, gəlib sizə düşdü. Mənim axtardığım adam yoxdur e, yoxdur. Əlini, ayağını, nəfəsini, gözlərini götürüb, uzaqlara gedib. Bunu dilə gətirmək nə qədər ağırdır. Elə darıxıram... Elə darıxıram... Hamınız yığışmısınız ki, mənə təsəlli verəsiniz, hə?! Axı, siz onu tanımırsınız. Axı, siz heç məni də tanımırsınız. Hardan biləsiniz ki, mənim dərdim nədir. (Kədərlə gülümsəyir). Nə qədər alicənab adamlarsınız. Tanımadığınız birinin dərdinə şərik olmağa gəlmisiniz. (Toparlanmağa çalışır). Yaxşı, onda nə ziyanı var, gəlin, tanış olaq. Mənim adım Mədinədir. Siz çoxsunuz, mən tək. Ona görə də heç kimin adını soruşmuram. Qonşunun uşağını aptekə göndərmişəm, indi harda olsa, gələr. Dərmanımı atmasam, halım pisləşər, yıxılıb qalaram burda. Ürəkkeçmə axmaq şeydir. (Qapı döyülür). Hə... Hə... Gəldi. (Çıxır. Əlində dərman qayıdır. Çaynikdən stəkana su süzür, dərmanı içir). Bax, belə! İndi başlayaq. Sizcə, şəhərin ən işıqlı küçəsi hansıdır? Bax, mən hər gün həmin küçədən keçib işə gedirdim. Avtobus şoferi qəribə adam idi. Hər gün dönə-dönə bir mahnıya qulaq asırdı. (Nilufərin "Caddelerde rüzgar" mahnısı səslənir). Hə, hə... Bax, bu mahnı. Onun bu mahnıya qulaq asa-asa ağlamasına şahid də olmuşdum. Mən Muradı həmin avtobusda görmüşdüm. Bu mahnını dinləyə-dinləyə görmüşdüm. Ağır, sakit görkəmi vardı. Saqqallı idi. Geyimi də səliqəsiz. Oğrun-oğrun mənə baxırdı. Mən hər gün avtobusdan düşüb evə gedəndə... evə yox, bağışlayın, tabuta gedəndə... Lap düzü qəbrə gedəndə... Çünki ona ev demək olmazdı. Orda ancaq uzanıb ölə bilərdin, başqa heç nə. Ev yiyəsi də... bağışlayın, qəbir yiyəsi də qapını kəsdirirdi ki, puldan nə xəbər? Hələ vermirsən? Offf... Nə isə, qanınızı qaraltmayım. Avtobus dayanacaqda saxladı. Murad düşəndə yanına qoyduğu torbası yadından çıxıb qaldı oturacağın üstündə. Torbanı götürüb düşdüm bunun dalınca. Torbada yeməkqabı, çörək tikəsi, bir də iri pomidor var idi. Bir də kitab. Şopenhauerin "Dünya: iradə və təsəvvür kimi" kitabı. Murad bir qapıdan içəri girdi. Bir az gözlədim, mən də girdim onun ardınca. Pomidoru götürdüm. (Stolun üstündən pomidoru götürür). Torbanı qapıya qoyub çıxdım. Küçədə pomidoru çəkdim dişimə. (Yeyir). Ləzzət... Sonra noldu? Bir səhər mən yuxudan duranda ev qapısının ağzında balaca zərf gördüm. Açıb baxdım. Ohoo... 100 manat pul və gül ləçəyi. Ləçəyin üstündə də gülüş işarəsi. Pulu çoxdan xərcləmişəm, amma ləçək qalır. Göstərim sizə? Bir dəqiqə, gözləyin. (Stolun siyirməsini çəkir, kitab götürür. Kitabın içindən qızılgülün ləçəyini götürür, göstərir. Tamaşaçılardan bir-ikisinə yaxınlaşır). Baxın... Baxın... (Ləçəyi qoxlayır, öpür, yenidən kitabın arasına qoyur). Bəs niyə soruşmursunuz ki, mən nə elədim? Murad səhər durub, ayaqqabısını geyinəndə hiss edib ki, içində nə isə var. Çıxarıb yoxlayıb. Əlinə kağız keçib. Nə yazsam, yaxşıdır: "Bilmirəm, nə deyim. Hər şey üçün sağ ol. Mənim maraqsız keçən günlərimə rəng qatdığın üçün çox sağ ol. İstəmirəm bir-birimizi yaxından tanıyaq. İstəmirəm sənə dərd gətirim. Ən yaxşısı elə uzaqdan-uzağa tanışlıqdır. Oyuna davam". (Gülümsəyir). Necə yazmışam? Amma görün sonra nə oldu? Mən bax burda - "Nizami" metrosunun yanındakı kafedə ofisiant işləyirdim. Bir də gördüm, qapı açıldı, Murad girdi içəri. (Həyəcanlanır). Nə mən onun gələcəyini gözləyirdim, nə o məni görəcəyini. Bir-birimizə heyrətlə baxırdıq. İkimiz də çaşmışdıq. Murad oturdu. Gördüm, salfetə nəsə yazır. Mənə işarə elədi, yaxınlaşdım. Salfetə bircə söz yazmışdı: "Pivə". Düzünü deyim, hələ də başa düşə bilmirəm ki, bunu yazmaq nəyə lazım idi? Elə dillə deyərdi də! (Gülür). Onun belə qəribəlikləri olurdu. Qayıdanda başım gicəlləndi. Özümü saxlaya bilməyib yıxıldım. Təsəvvür edin də, nələr oldu. Murad qaçıb məni yerdən qaldırdı. Çöldə taksiyə əl elədi. Məni xəstəxanaya aparmaq istəyirdi. Razı olmadım. Dedim, yaxşıyam, məndə hərdən belə şeylər olur. Taksi onun qaldığı evin qabağında dayandı. Mən gözucu ona baxdım. Özümü saxlaya bilməyib bic-bic güldüm. (Gülür). Bildiniz də nəyə gülürdüm? Hə... Nəhayət, gəlib çıxdıq Muradın iqamətgahına. Bəh-bəh, ev nə ev... Hər yanda kitab. (İstehza ilə) Bir də divarlara yapışdırılan bu ağıllı, çox ağıllı sözlər. Nə bilim hansı kitablardan köçürmüşdü. (İşıq kağızların üstünə düşür. Mədinə tamaşaçılara xitabən). Oxuya bilirsiniz? (Səhnənin arxasından Murad çıxır. Əli cibindədir, sanki heç kimi görmür və başını aşağı salıb öz-özünə danışırmış kimi var-gəl etməyə başlayır).

Murad. Qadına tüpür. Qadın Tanrının xətasıdır. Qadın saçı uzun, ağlı qısa varlıqdır. Qadının yanına gedəndə şallağı unutma. (Qəfildən Mədinəyə sarı çevrilir, başqalaşır). Mağazaya dəyib gəlirəm. Nə istəyirsən, alım?

Mədinə. Siqaret.

Murad. (Tutulur. Bir qədər heyrətlə). Siqaret?

Mədinə. Hə. (Rejissora yaxınlaşır). Bəlkə siqaretin ola? (Rejissor onun qulağına nəsə pıçıldayır). Həə... (Tamaşaçılara). Çəkən deyil. (Murada). İstəsən, bir dənə də çaxır al.

 

Murad. Yaxşı. (Çıxır).

Mədinə. Muradın gedib-qayıtmağı çox çəkmədi. Mağaza yaxınlıqda idi. O gələnə kimi mən də bax, bu kağızların qabağında dayandım, kitabları vərəqlədim. (Kağızların qarşısında dayanır, kitabları vərəqləyir). Bir də gördüm, əlində torba qayıtdı. (Murad gəlir). Nə almışdısa, düzdü stolun üstünə. (Murad çörəyi, kolbasanı, meyvəni, siqareti, çaxırı düzür stolun üstünə).

Murad. İndi özünü necə hiss edirsən?

Mədinə. Yaxşıyam. Heç əvvəl də pis deyildim. Amma səni qorxutdum.

Murad. Deyəsən, kafedə özündən xəbərin olmadı. Bir az keçsəydi, öləcəkdin e.

Mədinə. Mən yerə yıxıldım, sən də inandın?

Murad. (Heyrətlə). Necə yəni inandım?!

Mədinə. Fikir vermə, özüm qəsdən elədim. (Siqareti yandırır). Gördüm gəlmisən, istədim, fürsətdən istifadə eləyim. Heç olmasa, iki gün işdən canım qurtarar də.

Murad. Həə... Belə de.

Mədinə. İncimədin məndən?

Murad. Yoo-x, yox, niyə inciyim ki?

Mədinə. Düzdür, yazmışdım ki, istəmirəm bir-birimizi yaxından tanıyaq. Onda daha maraqlı olardı də. Amma... nə bilim. Həm də yazdığım kimi: sənə dərd gətirmək istəmirdim.

Murad. Gəl, belə danışaq: deyəsən, bizim bir-birimizə sözümüz çoxdur. Ona görə, oturub nə isə yeyək, çaxır içək, sonra görək, başımıza nə gəlir. (Gülür).

Mədinə. (İncik). Mən deyirəm, sənə dərd gətirmək istəmirdim, sən gülürsən.

Murad. Qədim buddistlər deyirdilər ki, dünya əzablarla doludur. Doğulmaq əzab, qocalıq əzab, xəstəlik və ölüm əzab, sevdiyin insandan ayrılmaq əzab. Elə Şopenhauer də bunu deyirdi. Dünya əzab və mənasız boşluqdan başqa bir şey deyil. Bütün bunlara isə arzuları öldürməklə qalib gəlmək olar.

(Mədinə istehza ilə qaşlarını qaldırır, başını tərpədir).

Mədinə. Yoldaş filosof...

Murad. Yox, filosof deyiləm, amma deyəsən, həyat məni filosof etmək istəyir. Sadəcə, fəlsəfə ilə maraqlanıram. Bax, orda mənim kitablarım var. Hamısını özümüz çap etmişik. Hər gün mətbəədə beş-altı kitab çap edirik, mağazalara paylanılır, insanlar oxuyur, öyrənir.

Mədinə. Soruşmaq ayıb olmasın, sənin kitablardan öyrəndiyin ancaq bunlar olub? (Divarlardan asılan şüarlara işarə edir).

Murad. Onun əhvalatı başqadır. Dedim axı, bizim bir-birimizə deyəcəklərimiz çoxdur.

Mədinə. İndi mən də "Kişiyə tüpür" yazıb divara vurmaq istəsəm, bunun üçün çox oxumalıyam?

Murad. (Pauza). İstehzanı başa düşürəm. (Stolun üstünü düzəldir, çaxır süzür). Götür, sənin sağlığına.

Mədinə. Sağ ol. (İçirlər). Mən hər gün evə bilirsən necə gedirəm? Elə bil, tabuta girəcəm. Özümü söyə-söyə gedirəm.

Murad. Narahat olma, bir-birimizə tayıq. (Gülürlər). İndi de görüm, necə oldu rastlaşdıq.

Mədinə. Görürdüm ki, hər gün mənimlə eyni vaxtda, eyni avtobusa bir oğlan minir. Pinti, amma üz-gözündə qəribə rahatlıq olan biri.

Murad. Aha, maraqlıdır...

Mədinə. Məni də elə qəribə sakitlik özünə çəkdi. Daha doğrusu, doğmalaşdırdı.

Murad. Sən emosional adamsan. Görünür, mənim sakitliyimlə sənin çılğınlığın bir-birini tamamlayır. Ona görə sən özün də hiss etmədən öz yarımçıqlığını mənimlə bütöv etmək istəmisən. Bir-birini ən çox ovsunlayanlar bir-birini ən çox tamamlayanlardır.

Mədinə. Heyif ki, mənim savadım bunu izah etməyə imkan vermir. (Gülürlər). Mən ancaq hiss etdiklərimi deyə bilirəm.

Murad. Bu da bizim tam olmağımızın şərəfinə. (İçirlər. Mədinə qutudan siqaret çıxarıb yandırmaq istəyir). Hələ yandırma.

Mədinə. Çəkmək istəyirəm.

Murad. Bunu xahiş kimi qəbul et. Siqaret çəkməyini istəmirəm. Əgər çətindirsə, başa düşürəm. Onda heç olmasa mənim yanımda çəkmə! İstəmirəm, sənin əlində siqaret görüm.

(Mədinə tutulur, amma heç nə demir. Siqareti könülsüz qutusuna qoyur).

Mədinə. Çalışaram.

Murad. Başa düşdüyünə görə, sağ ol. Hə, söhbətimiz yarımçıq qalmışdı, davam et. Bir-birimizi tanımağımızdan danışırdıq.

Mədinə. Hə... Hər dəfə rastlaşanda çalışırdım ki, səndən arxada oturum, sənə fikir verim. Sonra bir dəfə hardansa ağlıma gəldi ki, sənin ardınca düşüm, yaşadığın yeri öyrənim.

(Murad heyrətlənir).

Murad. Sumkanı qapıdan içəri sən qoymuşdun?

Mədinə. Hə. İçində Şopenhauerin kitabı, bir də pomidor var idi.

Murad. Həə, var idi.

Mədinə. Kitabı qoydum yerinə, pomidoru yedim.

Murad. Aha... aydındır. (Yavaşdan öz-özünə) Pomidor qadının özü-özünü yeməsinə işarədir.

Mədinə. Nəyə işarədir?

Murad. Heç, fikir vermə.

Mədinə. Yox-yox, maraqlıdır, dedin nəyə işarədir?

Murad. Pomidor... bilirsən, necə... deyim... pomidor vaginanın simvoludur.

Mədinə. Nəyin nəyidir?

Murad. Vaginanın...

Mədinə. Vagina nədir?

Murad. Yəni... qadın cinsiyyət...

Mədinə. Həə...

Murad. Yəni bir qadın küçədə diri pomidor yeyirsə, deməli, təkdir. Həyatında heç kim yoxdur, özü-özünü yeyir. Bu, Freydin psixoanaliz nəzəriyyəsində...

Mədinə. Bağışla, onda kişi də... xiyar yeyirsə...

Murad. Həə-hə... yoo..x-yox, bilirsən, necə...

(Mədinə gülür).

Mədinə. Nə isə. Ondan sonra da sən məni izləməyə başladın.

Murad. Hə, təəssüf ki, yaxınlaşmağa cəsarətim çatmadı. Ancaq onu bacardım ki, gecə gəlib qapının altından evə zərf atım.

Mədinə. Sən hardan bildin ki, mənim pula ehtiyacım var, evin pulunu verə bilmirəm?

Murad. Bunu bilməyə nə var? Tək yaşayan bütün qadınların pula ehtiyacı olur. Nə isə, içək. (İçirlər). Sən özün haqqında danışmadın.

Mədinə. Bəlkə birinci sən danışasan?

Murad. Olar. Amma nə danışım? Mən bədbəxtin biriyəm. Bir kişini ki arvadı atıb gedə, ondan nə gözləyirsən?

Mədinə. Necə yəni atıb gedə?

Murad. Çox sadə. Günlərin birində deyir ki, başqasını sevir. Və ona qoşulub gedir. Həmin vaxt nələr çəkdiyimi sənə başa sala bilmərəm. (Kövrəlir).

(Mədinə Muradın əlindən tutur, oxşayır).

Mədinə. Başa düşürəm. Amma... Amma bilirsən, bu dünyada sənə ehtiyacı olan nə qədər qadın var?

Murad. Mənim heç kimə ehtiyacım yoxdur. Bədbəxtlikdən hələ də gözləyirəm ki, o, nə vaxtsa qayıdacaq.

Mədinə. Çox nahaq... Gedibsə, deməli, belə də olmalı idi. Amma... niyə getdi?

Murad. Deyirdi, fərqli adamlarıq, vaxtında səhv etmişik. Mən onun üçün hər şeydən keçməyə hazır idim. Başa düşürsən? Hər şeydən. Pis odur ki, o məni yazığı gəldiyi üçün sevib. Yox, sevib yox, özünü elə göstərib. Əslində isə məni heç vaxt ürəyinə yaxın buraxmayıb. Bir tərəfdən də uşaq olmadı. Mənim üçün çətin oldu, çox çətin. Bunu sənə başa sala bilmərəm. Ondan sonra bütün qadınlara nifrət edirəm. Hamısına!

Mədinə. İndi başa düşdüm ki, "Qadına tüpür" nə deməkmiş.

Murad. Bilirsən, əslində, qadın namərd məxluqdır. Yarımçıqdır. Yəqin ki, sözlərimdən inciməzsən. Qadının əzabını çəkib, axırda axmaq vəziyyətə düşən tək mən deyiləm. Məsələn... Yenə deyəcəksən filosofluq edir. Elə götürək Şopenhaueri. Onun qadına nifrəti lap uşaqlıqdan başlamışdı. Səni yormuram?

Mədinə. Yox, yox, danış.

Murad. Götür, bunu da içək.

Mədinə. İçək Şopenhauerin sağlığına.

(Murad tənəli nəzərlərlə ona baxır).

 Mədinə. Yaxşı, incimə. (Onun əlini tutur, oxşayır). Zarafat edirəm də. İstəyirəm, ortalığa bir az yüngüllük gəlsin, fikrin dağılsın. Amma elə bilmə ki, mən lap savadsızam ha. Sənin kimi universitet bitirməsəm də, məktəb vaxtı o qədər kitablar oxumuşam ki... Nə isə. İcazə versən, sənə Şopenhauer deyim. (Murad qeyri-ixtiyarı gülür). Şərəfə, Şopenhauer.

Murad. Şərəfə!

(İçirlər).

Mədinə. Hə, danış da, yarımçıq qaldı.

Murad. (Bir qədər tez-tez danışır). Həə... Şopenhauer lap balaca olanda anası onu atıb. Deyilənə görə, bir diplomata qoşulub qaçıb. Sonralar peşman olsa da, Şopenhauer bu qadının məktublarına cavab verməyib. Nəinki cavab verməyib, anasına o qədər nifrət edirmiş ki, ölənə qədər onu lənətlə xatırlayıb. İkinci dəfə isə qadın ona daha böyük bədbəxtlik gətirir. Məsələ belə olur: bir nəfər Şopenhauerin bacarığını qiymətləndirir və onu təqdimat məktubu ilə şair Bayronun yanına göndərir. Bayron... Ohooo... Əjdaha. Bayron öz nüfuzundan istifadə edib gənc Şopenhaueri ingilis cəmiyyətində bəzi dairələrə təqdim etməliymiş. Şairlə görüşməyə gedəndə nişanlısı da Şopenhauerin yanında olub. Deməli, hər ikisi Bayronun mülkü qarşısında dayanıb onu gözləyirmişlər, bir də görüblər, ağ atın üstündə gəlir. Və bu yerdə Şopenhauerin nişanlısı özünü saxlaya bilməyib deyir ki, Bayron, İlahi, Bayron... Şopenhauer bilirdi ki, qadın naqis məxluqdur. Ona görə məktubu elə həmin vaxt cırır, Almaniyaya qayıdır. Sonra ömürlük ayrılırlar. Bax, belə... (Ah çəkir). Qadın xəyanəti dəhşətdir.

(Süküt. Bir-birinə baxırlar. Musiqi. Murad köks ötürür).

Murad. Bağışla, səni yordum.

(Mədinə fikirli-fikirli gülümsəyir).

Mədinə. Eybi yox, bir az da mən səni yoraram, olar əvəz-əvəz. (Gülümsəyirlər).

Səncə, hansı daha bədbəxtdir: tək qadın, yoxsa tək kişi?

Murad. Yəni səni də... yəni səni də atıb gediblər?

Mədinə. Kişi hardansa başlaya bilər, qadın isə... deyəsən, qadının bədbəxtliyi çox uzun çəkir, hə?

Murad. Hə... Bəlkə də. Qadın üçün daha çətindir.

Mədinə. O qadın həm də anadırsa, onda necə?

Murad. Bu daha pis. Uşaq var?

Mədinə. Hə... mənim oğlum var. Bilirsən, hardadır? (Sükut). Uşaq evində. Mən onu öz yanımda saxlaya bilmirəm.

Murad. Çıxararıq ordan. Qalar sənin yanında. Mən nə bacarıramsa, kömək edərəm.

Mədinə. Amma ona köməyi sən yox, atası etməliydi. Atası da ki...

Murad. Hardadır?

Mədinə. Həbsxanada... Bacısını şəhərdə bir oğlanla tutmuşdu. Tutmuşdu deyəndə ki, elə belə də... şəhərdə, əl-ələ gəzirmişlər. Oğlanı bıçaqlayıb öldürdü.

Murad. Vay-vay...

Mədinə. (İstehza ilə). Qeyrəti yol verməyib də. Qeyrətli çıxıb. (Gözü dolur). İndi mən uşaqla küçələrdə qalmışam.

Murad. Neçə il iş veriblər?

Mədinə. On üç il idi, üç il keçəndən sonra qardaşları pul verib bir az azaltdılar. Bizdən də xəbərləri yoxdur ki, necə yaşayırıq, nə yeyib-içirik.

Murad. Nə vaxt çıxacaq?

Mədinə. Hadisə 2009-cu ildə olub. Uşaq təzə doğulmuşdu. Deyəsən, üç il azaldıblar. Çıxmasına hələ üç il var.

Murad. Harda yatır?

Mədinə. Şəmkirdə.

Murad. Yanına gedirsən?

Mədinə. Əvvəllər bir-iki dəfə getdim, sonra tüpürdüm. Bağışla məni, üzümə deyirdi ki, axşam kimə veribsən? Mən ona yemək aparırdım, paltar aparırdım, o məni hamının içində belə alçaldırdı. Onsuz da o alçağı əvvəldən istəmirdim. Evdən məcbur elədilər. Hələ tutulmamışdan əvvəl mənə verdiyi zülmləri ona heç vaxt bağışlamayacam. Atamı-anamı da bağışlamayacam ki, məni bədbəxt etdilər. O qədər arzularım vardı ki... (Ağlayır). Oxumaq istəyirdim. Tələbə olmaq ən böyük arzum idi.

Murad. Uşağın adı nədir?

Mədinə. Elçin...

Murad. Hansı uşaq evindədir?

Mədinə. Binədə. "Ümid" uşaq evində. Elə ağıllı uşaqdır ki. İstedadlıdır. Çox istedadlı. Yaxşı şəkil çəkə bilir.

(Murad ayağa qalxır).

Murad. Qalx ayağa...

Mədinə. Noldu? (Çaşqın).

Murad. Qalx, deyəcəm.

Mədinə. Axı, noldu ki?

Murad. Gedirik uşağı gətirməyə.

Mədinə. Yox, hələ lazım deyil.

Murad. Gəl... (Qapıdan çıxır).

(Sükut. Mədinə fikirli-fikirli gəzişir).

Mədinə. Həmin gün mən oğlumla uşaq evindən çıxanda Murad da bax mənim kimi belə fikirli-fikirli gəzişirdi. Murad onu öpdü, sonra taksiyə əl elədi və mənim kirayə qaldığım evə gəldik. Elçin necə sevinirdi, İlahi. Həmin gün Elçinlə evdə qaçdı-tutdu oynayırdıq. O mənə deyirdi ki, ay ana, mən bir də ora getməyəcəm, yaxşı? Mən ona deyirdim ki, yaxşı, ana sənə qurban olsun! Qoymayacam səni ora gedəsən.

(Dialoqları Elçinin də dilindən oynayır. Nəvazişlə, bir qədər də şən).

- Məni yanında saxla.

- Saxlayacam. Amma mən işə gedəndə sən evdə necə tək qalarsan?

- Qalaram. Qorxmuram. Evdə şəkil çəkərəm, yazı yazaram başım qarışar.

- Yaxşı, səni yanımdan heç yerə aparmayacam.

- Ana, o əmi kim idi?

- Əmi... Əmi bizim dostumuzdur. Sənin böyük dostun.

- Həə... Məni kim incitsə, ona deyə bilərəm?

- Hə, niyə demirsən. O qoymaz heç kim səni incitsin.

- Ana, mən acmışam e.

- Ay, balam acıb. Balamın qarnı boşdu. (Qarnına vurur).

Mədinə. Elçinə yemək verdim. O yeyəndə mən gülləri sulayırdım. Sonra telefonuma zəng gəldi. Bir köhnə tanışım idi. Xahiş elədim ki, bir də mənə zəng vurmasın. Üz vurdu ki, kimsə var? Dedim, hə, var. Çoxdan deyil, təzəlikcədir. Sonra telefonun nömrəsini çıxarıb sındırdım. Üç-dörd gün keçmişdi. Getdim işə, dedilər, yerinə başqasını götürmüşük. Get, özünü müalicə elətdir. Vəssalam! Ağlaya-ağlaya çıxdım çölə. Yağış yağırdı. Murada zəng vurdum. Görüşdük. Sığındım ona. Başımı qoydum sinəsinə. Başladı gülməyə ki, müdir sağ olsun, elə istəyirdim deyəm ki, işdən çıx. (Murad gəlib onun arxasında dayanır). Bir-iki ay dincəl, Elçin də üzünü doyunca görsün. Mən yenə ona sığındım. (Murada sığınır, başını sinəsinə qoyur. Murad onu qucaqlayır). Çox sağ ol. (Yavaşdan öz-özünə). Nə yaxşı ki, varsan. Nə yaxşı ki, sənə rast gəldim.

Murad. Bir saat vaxtım var, gedək bir az gəzək.

Mədinə. Gedək. (Çıxışa tərəf yönəlirlər. Bir qədər gedirlər, Mədinə çıxır, Murad qayıdır. Əlləri cibində divara söykənib düşünür. Sükut).

Murad. Mənim əlimdə kitab var idi. Nitsşe, "Zərdüşt belə demişdi". Başladı suallar verməyə. Mən də ki, çənədən boş. Başladım danışmağa ki, alman filosofudur. Bədbəxt adam olub. Qadın sarıdan bəxti heç gətirməyib. Luiza Salome adlı bir qadını dəlicəsinə sevib. Rus generalının qızını. Luiza ərköyün, qəribə qadın olub. Özü də Nitsşedən 17 yaş böyükmüş. Nitsşe istəyir ki, Luiza ona ərə gəlsin. Amma qadın razı olmayıb. Nitşe, Luiza, bir də dostları Paul Re bir yerdə yaşayıblar. Mədinə təəccübləndi ki, necə yəni bir yerdə?

Dedim, çox sadə. Onların çılpaq şəkilləri var. Üçü bir yerdə, tamam çılpaq. Nitsşenin Elizabet adında bir bacısı olub. Elizabetə ölənə qədər nifrət edib. Deyilənə görə, Elizabet onu sevirmiş. Nitsşenin xatirələrində var ki, gecələr bacım yanıma gəlirdi, deyirdi, mənimlə seviş. Hətta etiraf edirdi ki, bacımın barmaqları qarşısında aciz idim. Ona görə də Elizabet qardaşını Luizaya qısqanırdı. Onlar ayrılandan sonra Nitsşe bax, bu kitabı yazır və belə bir ifadə işlədir: "Qadının yanına gedəndə şallağı unutma".

(Mədinə gəlir).

Mədinə. (Səhnənin arxasından səsi eşidilir). Sən niyə axı, ancaq qadına nifrət edənlər haqqında oxuyursan?

Murad. (Ucadan). Belə şeyləri adama həyat öyrədir.

Mədinə. Həyat öyrədir, mən tərgitdirərəm.

(Gülürlər. Mədinə gəlir).

Mədinə. Bəs sonra nə olur?

Murad. Luiza ona görə qəribə qadın idi ki, heç kimlə yatmaq, sevişmək istəmirdi. Bir neçə dəfə ərdə olub, amma şərt kəsirdi ki, aramızda heç nə olmayacaq. Sonralar onun iradəsini sındırırlar. Bir siyasətçiyə ərə gedir, axır ki, bakirəliyini itirir. Sonra boşanır və gəzmədiyi, sevişmədiyi kişi qalmır. Ağıllı qadın olub. Sevgili olanda da bilirmiş kiminlə sevgili olmaq lazımdır. Məsələn, məşhur şair Mariya Rilke ilə. Onlar bir yerdə Rusiyada Tolstoyun görüşündə olublar. Təsəvvür edirsən? Sonra Luiza Freydlə tanış olub, onunla bir yerdə yaşayırmış. Uşaqda fərasətə bax e... Hitler hakimiyyətə gələndə Nitsşenin bacısının əlinə yaxşı fürsət düşür. Onu yəhudilərə kömək etməkdə günahlandırır və tələb edir ki, rədd olub Almaniyadan getsin. Bilirsən də, Hitler yəhudiləri özünə düşmən bilirmiş.

Mədinə. Aha, bilirəm.

Murad. Luiza qorxmur, xəbər göndərir ki, bura mənim vətənimdir, heç yerə getməyəcəm. 1937-ci ildə xərçəngdən ölür. 76 yaşında...

Mədinə. Bəs Nitsşenin axırı nolur?

Murad. Nitsşe o qədər bədbəxt adam olub ki... Həyatı lap uşaqlığından gətirməyib. Beş yaşında atasını itirib. Evdə anasından, bacısından və üç qarımış bibisindən başqa heç kim olmayıb. 21 yaşı olanda pritona gedir.

Mədinə. Priton nədir ki?

Murad. Fahişəxana. Orda zöhrəvi xəstəliyə tutulur. Onun həyatını Şopenhauer dəyişib. Daha doğrusu, Şopenhauerin fəlsəfəsi. Sonralar Fransa-Almaniya müharibəsində iştirak edir. Müharibə onun sağlamlığında problemlər yaradır. 35 yaşında olanda tibb fakültəsində keçirilən bütün xəstəliklərdən əziyyət çəkirmiş. Bir tərəfdən də gözləri tutulurdu. Tək yaşayır, kasıb restoranlarda yeyib, ucuz otaqlarda qalırmış. Get-gedə ruhi xəstə olurdu. Bir dəfə küçədə yıxılır, möhkəm əzilir. Qarşısına çıxan atın boynunu qucaqlayıb ağlayır. Amma Avropa onu öldüyü ərəfədə daha yaxından tanımağa başlayır. Nitsşe öləndən sonra bir daha kəşf olunur. Arxivi yaradılır və həmin arxivin açılışını Hitler özü edir.

Mədinə. Maraqlıdır. (Muradın qoluna girir). Mən də oxuyub sənin kimi maraqlı adam olmaq istəyirəm.

Murad. Boş şeydi. Maraqlı adamı arvadı atıb getmir. Nə isə. Sənə kitablar verəcəm, oxuyub öyrənərsən.

Mədinə. Olar, bir söz deyim?

Murad. Aha...

Mədinə. Amma incimə, yaxşı?

Murad. De, incimərəm...

Mədinə. Nə yaxşı ki, o səni atıb gedib.

Murad. Başa düşmədim.

Mədinə. Deyirəm, nə yaxşı ki, o səni atıb gedib. Yoxsa, mən səni hardan tanıyacaqdım?

Murad. Bəs mənim əzablarım?

Mədinə. Sən özün o gün dedin ki, dünya əzablarla doludur.

Murad. Hə. Bir məsəl var e, onu eşidibsən?

Mədinə. Hansı?

Murad. Deyir, atı-atın yanında bağlasan... (Gülürlər). İndi sən də mənim kimi yavaş-yavaş dəli olursan... Təbrik edirəm, böyük qələbədir.

Mədinə. Mən sənin o gün dediyin sözü əzbərləmişəm. Kitablardan birinin arxasına yazmışdın.

Murad. Hansı sözü?

Mədinə. Qədim buddistlər deyirdilər ki, dünya əzablarla doludur. Doğulmaq əzab, qocalıq əzab, xəstəlik və ölüm əzab, sevdiyin insandan ayrılmaq əzab. Elə Şopenhauer də bunu deyirdi. Dünya əzab və mənasız boşluqdan başqa bir şey deyil. Bütün bunlara isə arzuları öldürməklə qalib gəlmək olar.

Murad. Səni bir daha təbrik edirəm.

(Gülürlər).

Mədinə. Hələ kitabların arxasına yazdıqlarından birini də əzbərləmişəm. Deyim?

Murad. De gəlsin ee.

Mədinə. Şopenhauer deyirdi ki, əzab həyatın ayrılmaz hissəsi olmasa, həyatımızın bir məqsədi olmaz. Şübhəsiz, bədbəxtlik özlüyündə nə isə qeyri-adi hadisə kimi görünür, amma ümumilikdə həyatın qanunudur.

Murad. Birini də mən deyim?

Mədinə. De.

Murad. Bəlkə gedib-gəlim deyim?

Mədinə. Yox, indi de.

Murad. Sokrat deyirdi ki, qadını gözəl olan adam xoşbəxt olar, gözəl olmayan isə filosof. İndi mən bunu dəyişirəm: kişisi ağıllı olan qadın xoşbəxt olar, olmayan isə filosof.

(Gülürlər. Murad çıxır).

Mədinə. Həmin gün mən qab-qaşıq yuyurdum, Elçin şəkil çəkirdi. Mənə deyirdi ki, ana, mən Muradın şəklini çəkim, o məni yenə karuselə aparsın. Yenə Zooparka gedək, yaxşı? Mən də onu əzizləyirdim: yaxşı, ağıllı balam. (Elçinin dilindən də danışır).

- Mən axşama çəkib qurtaracağam.

- Sabah da onun ad günüdür. Sürpriz eləyərik.

- Bəs birdən yaxşı oxşada bilmədim? (Gülür).

- Elə çək, oxşasın. Səni bilirsən ona nə qədər tərifləmişəm?

- Birdən oxşamadı?

- Heç nə olmaz. Əsas odur, çəkirsən. Şəkil ona oxşamasa, o sənə görə özünü şəklə oxşadacaq.

 Səhəri onun ad gününə hazırlaşırdıq. (Süfrə açır). Elçin şəkli evin yuxarı başına qoymuşdu. Üstündə də ağ örtüyü. (Rəsmi səhnəyə gətirir, uyğun yerə qoyur). "Qadına tüpür" şüarını "Qadını sev" sözləri ilə əvəz etmişdim. Divara qadın haqqında ən yaxşı sözlər yazılan lövhələr asmışdım: (Lövhələri ucadan oxuya-oxuya bir-bir asır). "Qadını gözəl olan adam xoşbəxt olar, gözəl olmayan filosof. (Sokrat). "Qadın hər şeyi fitrətən bilir, kişi kitablardan öyrənir". (Budda). "Qadın haqqında pis düşünəndə onu da fikirləş ki, qadından doğulmusan. Qadın həyatın özüdür". (Naməlum). Bir az sonra qapı döyüldü. Murad girdi içəri. Onu şövqlə qarşıladıq. Elçinlə bir ağızdan dedik ki, təbrik edirik. Biz səni çox istəyirik. Təbrik, təbrik, təbrik. Dünyaya xoş gəlmisən. Bizi qucaqlayıb öpdü. Elçinin çəkdiyi rəsmin təntənəli açılışını keçirdik. (Örtüyü rəsmin üstündən götürür). Çox heyrətləndi. Dedi ki, mən də bir rəssama portret sifariş vermişəm. Tələsik soruşdum ki, kimin? Kimin? Nə desə, yaxşıdır? Sənin deyil, sevinmə. (Gülür.)

Murad. (Əvvəl səsi eşidilir, sonra özü görünür.) Şopenhauerin portretini. Lap böyük portret olacaq. Bax, ordan, evin yuxarı başından asacam.

Mədinə. Şopenhauer bizim evə xoş gələcək.

Murad. Portretin hazır olmağı hələ üç-dörd ay çəkəcək. Amma onu asmaq üçün böyük mıx almışam. Kömək et, onu vurum. (Ayağının altına stul qoyur). Siyirtməni çək, orda çəkic var, onu ver. (Mədinə çəkici verir, Murad mıxı divara bərkidir). Möhkəmdir. Əla! Bundan portret nədir, adam da asmaq olar. (Gülür).

Mədinə. İraq olsun! O nə sözdür? Mənim sənə bir hədiyyəm də var. (Kitab şkafının arxasından ayaqqabı qutusu çıxarır. Qara, ipli tuflidir). Ayaqqabın köhnəlib, bunları geyinərsən.

Murad. Çox sağ ol, əzizim.

Mədinə. "Nərimanov" metrosunun yanından bir mağazadan almışam. Hər dəfə ordan keçəndə vitrində görürdüm. Çox xoşuma gəlirdi. Fikirləşirdim, görəsən, mənim də elə bir əziz adamım olacaq ki, bunu həmin adama hədiyyə edim? Bir dəfə bir qadın o ayaqqabını soruşdu. Ürəyim titrəyirdi ki, indicə alıb aparacaq. Alıb apardı da. O qadına elə həsəd apardım ki... Arxasınca düşdüm. Xeyli getdik, sonra gördüm, özümü saxlaya bilməyib ağlayacam, qayıtdım. Gördüm, onun yerinə təzəsini qoyublar. Elə sevindim ki... Amma gizlətmirəm, ürəyimdə yalvarırdım ki, kaş oğluna, ya da qardaşına alsın. Qəribədir, hə? Başa düşürəm, paxıllıq etmişəm, onun xoşbəxtliyinə sevinməmişəm... amma neynim, mən də o qadın kimi bunu alıb bağışlamağa adam arzulayırdım.

(Murad Mədinəni öpür. Qucaqlayır).

Murad. Məni kövrəltdin. Sənin nə boyda ürəyin var... İndi gəl, qeyd edək. (Otururlar. Şərab süzür, içirlər).

Mədinə. Hər şeyə görə, çox sağ ol. Hər şeyə görə... Nə yaxşı səni tanıdım. Nə yaxşı ki, sən varsan!

Murad. Sən də yaxşı ki, varsan. Mənə çox şeyi unutdurmusan.

(Mədinə ağlayır. Qəfildən yerindən durub Muradın ayaqlarını qucaqlayır).

Mədinə. Nə yaxşı ki, səni tanıdım. (Hönkürür). Nə yaxşı ki, varsan. Hər şeyə görə sağ ol.

(Murad onu qaldırmaq istəyir).

Murad. Yox, bu olmadı. Qalx! Mədinə...

Mədinə. Mən sənə hər şeyi unutduracam. Söz verirəm. Həmişə yanımızda ol. (Onun dizlərini buraxmır. Murad onu qaldırır).

Murad. Bu gün mənim də sənə hədiyyəm var. Siz də həmişə mənim yanımda olacaqsınız. Bu gündən burda qalacaqsınız.

 (Qucaqlaşırlar. Murad tamaşaçıların içində oturur).

 

Mədinə. Hər şey o qədər gözəl idi ki... Mən göylərdə uçurdum, mən həyatı, insanları təzədən sevməyə başlamışdım. İlahi, sevmək nə gözəl hiss imiş. İlahi, hər axşam sevdiyin adamın yolunu gözləməyi, onu addım səslərindən tanımağı necə başa salmaq olar? Bunu yaşamalısan, bunu içinə, ruhuna çəkməlisən. Amma... Amma Tanrım, mən sənə nə etmişdim, nə? (Üzünü yuxarı tutur, üsyan edir). Niyə mənə çox gördün adam kimi sevməyi, adam kimi yaşamağı? Niyə mən o gündən sonra ancaq üzümü balınca sıxıb ağlamalı idim? (Özünü çarpayıya atır. Hönkürür). Murad məni belə görüb çaşmışdı, nə qədər dilə tuturdu, sakitləşə bilmirdim. (Murad onun saçını oxşayır). Qalx ayağa. (Qolundan tutub qaldırmaq istəyir). Mədinə, qalx ayağa, de görüm nə olub?

 

Mədinə. Onu buraxacaqlar. Gələcək.

Murad. Başa düşmədim?!

Mədinə. Pul verib çıxarırlar. Qardaşları çıxartdırır.

Murad. Kim dedi?

Mədinə. Evdə darıxırdım, bibim qızına zəng vurdum. Təzə nömrəmi bilmirdi, deyir neçə vaxt idi səni axtarırdım. (Hönkürür).

Murad. Sakit ol, axıra qədər danış.

 

Mədinə. Qardaşları qohumları ilə gediblər onun yanına. Hardansa eşidiblər ki, mən səninlə yaşayıram. Qohumlarından biri onun yanında ağzından qaçırıb. O da deyib çıxıb ikisini də öldürəcəm. Təki namusum təmiz olsun, bura yenə düşərəm.

 

Murad. Yaxşı, özünü qorxutma. Mən də deyirəm, nolub.

Mədinə. Necə nolub?! Sən onu tanımırsan. O elə qorxulu adamdır ki, sənə başa sala bilmərəm.

 

(Murad onu ayağa qaldırır. Gözünü silir, sakitləşdirir, qucaqlayır).

Murad. Narahat olma, heç nə olmayacaq. Nə vaxt çıxır?

Mədinə. Dəqiq bilmirəm, amma bir-iki aya işi həll olunmalıdır.

Murad. Özünü qorxutma.

Mədinə. Yox, o deyibsə, edəcək.

Murad. Türmə görən adam ikinci dəfə o qələti eləməz.

        Mədinə. Niyə eləmir? Azdır belə adam. Sən onu tanımırsan, ona görə rahatsan. Qardaşları deyib onda üç il də burda yat, çıxmayacaqsan. Bir az qorxudublar, amma bilirəm, çıxaracaqlar. Xəstədir, onu orda qoymayacaqlar.

Murad. Sən mənə güvən, yerdə qalanı ilə işin yoxdur.

Mədinə. Yox, yox, vallah, sən onu tanımırsan. Bilmirsən, necə dəhşətli adamdır. Mən ondan qorxuram, çox qorxuram, başa düşürsən? Neçə dəfə xəbər göndərib ki, mənim yanıma gəlmir, çıxıb, hesabını istəyəcəm. Mənim də vecimə deyildi, çünki vaxta çox var. Amma düzünü deyim, həmişə içimdə qorxu olub ki, günlər gec getsin, onun vaxtı bir az uzansın. Mən bacarmıram. (İsterika içində ora-bura qaçır, qışqırır). O... bizi bədbəxt... edəcək.

Murad. Mədinə... Mədinə... (Qışqırır).

Mədinə. Səni də öldürəcək, məni də.

 

Murad. Həkim çağırmaq lazımdır. Səni həkimə göstərməliyəm. (Çıxır. Pauza. Mədinə ayağa qalxır, gözünü silir, sakitləşməyə çalışır). Özümü öldürməkdən başqa çarəm qalmamışdı. Mənə elə gəlirdi ki, ölsəydim, Muradla uşağa dəyməzdi. Heç olmasa, onları qorumaq istəyirdim. Onun qisası mənimlə idi. Mən bədbəxtlə. Yolda o qədər fikirli gedirdim ki, maşın təkərinin səsindən diksindim. Sürücü başını pəncərədən çıxardı. Titrəyirdi. Qorxmuşdu.

 

- Ay bacı, ay xanım. Yola baxın...

- Bağışlayın, bağışlayın. Siz Allah, bağışlayın. Fikirli idim.

- Məni niyə bədbəxt eləmək istəyirsən?

 Bir qadın mənə yaxınlaşdı.

- Qızım, sənə nolub?

- Fikirli idim. Vallah, fikirli idim. (Qorxa-qorxa).

- Sən fikirli deyilsən, düzünü de, özünü maşının altına atmaq istəyirdin?

- Yo-yoo-x, vallah yoxx. Mənim balam var, niyə özümü maşının altına atım?

Sonra o qadın dedi ki, gəl, gəl su iç, özünə gəl. (Tədricən rejissora yaxınlaşır. Rejissor oturacağın arxasından içi su ilə dolu kiçik butulka çıxarır, ona verir. Mədinə içir). Çox sağ olun. Çox sağ olun. (Gözü qəfildən rejissorun ayaqqabısına sataşır). Siz də onun ayaqqabısından geymisiniz. Siz onun ayaqqabısını hardan götürmüsünüz? (Yalvarır) Düzünü deyin, mənim ona aldığım ayaqqabıdır, hə? (Rejissor başını inkar mənasında tərpədir). Yox? Yox... Yox... (Məyuslaşır). Həə... Bildim... bildim. "Nərimanov" metrosunun yanındakı mağazadan almısınız. Yox-yox, özünüz almamısınız. Sevdiyiniz qadın alıb. Düzdür? (Rejissor başını təsdiq mənasında tərpədir. Mədinə sevinir. Tamaşaçılara xitab). Gördünüz, düz tapdım. Mən Murada bunu danışmışdım. Hər gün o ayaqqabıya həsrətlə baxırdım. Deyirdim, kaş bir əzizim, bir sevdiyim ola, alıb aparam. Elə bunu fikirləşirdim ki, bir qadın o ayaqqabını soruşdu. Ürəyim titrəyirdi ki, indicə alıb aparacaq. Alıb apardı da. Deməli, o sizin sevgiliniz olub. Nə yaxşı, nə yaxşı... Bağışlayın, ona paxıllıq etmişəm. Bizi tanış eləsəniz, olar? (Rejissor yenidən inkar mənasında başını tərpədir. Oturacağın arxasından kəndir çıxarıb ona uzadır. Mədinə uzun-uzadı kəndirə baxır, nəyisə xatırlayır, başqalaşır). Hə... Hə... Özümü asmaq istəyirdim. Adamların ən çox sevdiyi ölüm üsulu. Ölümə aparan ən qısa, ən rahat yol... Bir kəndir, bir boğaz, bir adam... Ayağının altına qoymağa stul yoxdu? Dərd eləmə, dizlərini qatla və xırılda... (Ağlayıb yerə çökür. Tez-tez kəndirə baxır. Qəfildən ayağa durur, kəndiri qeyzlə rejissorun üstünə atır. Sonra gedib onun əlindən dartıb alır, yerə vurur. Stolun üstündən kibrit götürür, kəndiri yandırır). Ona yalvarırdım ki, Bakıdan gedək. Uzaqlara, lap uzaqlara gedək. Təki bizi bədəxt etməyə əlləri çatmasın. Amma o, neynirdi? Mənim üstümə qışqırırdı.

(Səhnənin arxasından Muradın səsi eşidilir)

Murad. Bəsdir... Nə qədər davam edəcək bu müsibət? Nə qədər?

(Mədinə üzünü ora-bura tutur)

Mədinə. Qurban olum, gedək Bakıdan.

Murad. (Yenə səhnənin arxasından). Mənim heç yana getmək fikrim yoxdur. Neçə dəfə deyim sənə? Heç yerə gedən deyiləm. Dedim ki, hər şey yaxşı olacaq.

Mədinə. Mən həm də səni qorumaq istəyirəm.

Murad. Mənim heç kimdən və heç nədən qorxum yoxdur.

Mədinə. (Sükut). Elçini qonşuya yola saldım. Özüm başladım yır-yığışa. (Güzgüyə yazır: "Səni sevirəm". Divarlara Elçin üçün dəftərxanadan aldığı rəngbərəng kağızlara "Sən mənim gördüyüm ən yaxşı adamsan", "Nə yaxşı ki, səni tanıdım", "Məni bağışla", "Buna məcburam, səni də, özümü də qorumaq üçün bunu etdim", "Gedirəm, amma özümü həmişə bu evdə səninlə bir yerdə hiss edəcəm" və s. sözlər yazır. Muradın Elçini çəkdiyi şəklini öpür, onu qucaqlayır. Ağlayır). Və mənə bədbəxtlik gətirən bu şəhərdən, bu adamlardan uzaqlara qaçdım. O yerlərə ki, orda quşların səsi daha gözəl, ağacların boyu daha hündür idi. O yerlərə ki, orda heç kim heç, heç kimi öldürmürdü. Quşu ağacda, iti-pişiyi torpaqda yuva qururdu. Amma kimsə bir-birinin yuvasını dağıtmırdı. Orda adamlar başqa cür gülümsəyir, yağışlar başqa cür yağırdı. Orda adamlar sevdalandığı adamlara qucaq-qucaq sarılıb, qol-qol uzanırdılar. Buğdalar cücərirdi, ağaclar tumurcuqlayırdı. Orda adamlar hər açılan sabaha, hər doğan günəşə görə Tanrıya şükranlıq etməkdən doymurdular. Və nə oldusa, mənim uzaqlara getməyimdən sonra oldu. Mənim arxada qoyub getdiyim yerlərdə nə günəş doğdu, nə buğda cücərdi. Heç kimin yadına düşmədi ki, hardasa uzaqlarda Tanrıya şükranlıq edirlər. (Asta addımlarla uzaqlaşır. Projektorun gur işığı onu yola salır. Sükut. Musiqi. Sonra projektorun işığı qəfildən səhnənin sağında divardan asılan pərdənin üstünə düşür. Pərdə tədricən aşağıya sürüşür. Muradın divara mıx vurduğu yerdə Şopenhauerin böyük portreti işıqlanır. Divara söykənib. Yuxarıdan iki ayaq sallanır. Ayaqlarda Mədinənin Murad üçün aldığı ayaqqabılar. Uzaqdan addım səsləri gəlir. Açılıb-bağlanan bıçağın şıqqıltısı eşidilir. Kimsə bıçağın ucu ilə qapını döyür. Səhnənin yuxarısından on beş-iyirmi bıçaq əvvəl bir-bir və aramla, sonra iki-iki, üç-üç və ardıcıl yerə düşür, döşəməyə batır. Səhnənin arxasından Mədinənin səsi eşidilir).

Mədinə. Qaçın, qaçın... Göydən ölüm düşür. Qaçın ölüm olmayan yerə. Qaçın ağacda quşların, torpaqda itin-pişiyin yuva qurduğu yerə. Qaçın yuvaların dağılmadığı uzaqlara. O mənə qulaq asmadı, ölümə getdi. Heç olmasa siz eşidin: qaçın insanın insanı sevdiyi yerlərə. Eşidirsiniz? Eşidirsiniz? Qaçın insanın insanı sevdiyi yerlərə. O yerlərə ki, orda dünya əzablarla dolu deyil. Orda nə doğulmaq əzabdır, nə qocalıq əzab, nə ölüm əzab. Orda sevdiyin insandan ayrılmaq da əzab deyil. Orda heç arzuları öldürmək də lazım olmur...

 

 

Cavid Zeynallı

Ədəbiyyat qəzeti.- 2020.- 25 yanvar. S. 29-31.