İlk
"Qobustançıların" sonuncusu
Azər Abdullanın ölüm xəbəri məni sarsıtdı və dərindən kədərləndirdi. Ailəsinə, yaxınlarına, doğmalarına
böyük hüznlə
başsağlığı verirəm.
Azər
gözəl şair, nasir, publisist, sədaqətli dost, etibarlı
və güvənilən
insan idi. Həmişə ləyaqətini qoruyan,
qürurlu, məğrur
şəxsiyyət idi.
Əlli neçə il bundan əvvəl
"Qobustan" incəsənət
toplusunda bərabər
çalışmağa başladıq,
"Qobustan"ın Birinci
nömrəsini hazırlayanlar
- ilk "qobustançılar" - toplunun məsul katibi Vidadi Paşayev,
şöbə müdirləri
Tofiq Abdin və Yusif Əliyev,
texniki redaktor Azər Abdulla, rəssam Ramiz Yambulatov və mən - Baş redaktor.
Əlbəttə, Azər savadına və təhsilinə görə texniki redaktorluğa yox, daha münasib vəzifəyə layiq idi. Amma ştat imkansızlığından
onu bu adla
işə götürmüşdük.
Doğrudur, Azəri heç
vaxt başqa ədəbi işçilərdən
ayırmırdıq. "Qobustan"da o, ilk növbədə,
bu toplunun müəlliflərindən biri
kimi maraqlı yazılarıyla, müsahibələriylə
iştirak edirdi.
Onu işə
götürməyi mənə
Tofiq Abdin (Məhərrəmoğlu) məsləhət
etmişdi. "Qobustan"dan
əvvəl Tofiq də, Azər də ağır sınaqlardan keçmişdilər.
Dilimizin qayğısını, millətimizin
təəssübünü çəkən vətənsevər
gənclərdən (gözəl
yazıçımız Mövlud
Süleymanlı da daxil olmaqla) bir neçəsi sadəlövhcəsinə gizli
cəmiyyət yaratmışdılar,
amma çox tez məsələ açılmışdı və
hamısını həbs
etmişdilər. Xoşbəxtlikdən o vaxt Azərbaycanda Dövlət Təhlükəsizlik
İdarəsinin rəhbərlərindən
biri Heydər Əliyev idi. Millətin gələcəyi haqqında
düşünən, gənclərə
xüsusi diqqətlə
yanaşan Heydər Əliyev məsələni
şişirtməyə imkan
vermədən cavanları
yüngülvari məzəmmət
edib buraxmışdı.
İndi,
hər yerindən duran özünü sovet vaxtı rejimə qarşı alovlu mübariz kimi qələm verən zamanda nə Tofiq, nə Mövlud, nə Azər o çətin zamandakı təhlükəli və cəzalandırılmış hərəkətlərilə möhtəkirlik
etmədilər.
O vaxt bu hadisələr
barədə mənə
Tofiq danışmışdı,
amma Azərlə nə onda, nə
sonralar bu haqda söhbətimiz olmayıb. Çox sonralar onu da bildim ki,
müəyyən idarələrin
"Qobustan"a xüsusi
marağının və
əlahiddə diqqətinin
bir səbəbi də redaksiyada iki gənc asinin
işləməsi imiş.
Hətta müəyyən
yerlərə çağırıb
"dostcasına" söz
almaq istəyirmişlər:
redaksiyaya kimlər gəlib gedir, nə barədə danışırlar? Sovet dönəmində
olduğu kimi, müstəqillik illərində
də bir-birimizin gözünün içinə
şax baxa bilməyimiz boşuna deyil.
Mən "Qobustan"dan
gedəndən sonra da Azərlə əlaqələrimiz kəsilmədi. Heç
vaxt onun dilindən özüm haqda şit tərif eşitmədim, amma özündən yox, başqalarından eşitmişdim ki, yeri gələndə dalımca danışanların
ağzından vurur. Özbaşınalıq dövründə haqsız hücumlara məruz qaldığım
zaman Azərin mənimlə geniş müsahibə aparmasını
da unutmuram.
Yazıçılar Birliyində
"Oğuz eli"
qəzetini yaratdıq,
qəzetin ömrü
uzun sürməsə
də, onun nəzdində "Yazıçı"
adlı əlavə buraxılışlar nəşr
etməyə başladıq.
"Yazıçı"nın
özəl sayları
ayrı-ayrı klassik
və çağdaş
yazıçılara həsr
olunurdu. Bu nəşrlərin
təşəbbüskarı, təşkilatçısı və
redaktoru Azər Abdulla
idi. Yazıçılar Birliyi bu nəşrlərə maliyyə
dəstəyi verirdi.
Binamızın birinci mərtəbəsində
icarəyə verdiyimiz
restoran absurd bir bəhanəylə hücuma
və talana məruz qaldı, bağlandı. Ordan aldığımız gəlir
də kəsildi və ehtiyacı olan yazıçılara maddi yardımlarımız
kimi, "Yazıçı"nın nəşrini də dayandırmalı olduq. Amma hərdən
Azər özü hardansa maddi imkan tapıb "Yazıçı"nın
yeni saylarını buraxırdı. Son böyük arzusu Üzeyir Hacıbəyliyə
həsr olunmuş xüsusi nömrə buraxmaq idi. Mən də söz vermişdim ki, necə olsa bu buraxılışa vəsait tapacam. Əfsus ki, Azərin ömrü bu arzusuna çatmamış
qırıldı.
Həm böyük Üzeyir bəyin, həm də Azərin xatirəsi naminə "Yazıçı"nın
bu sayı mütləq işıq üzü görəcək.
Amma nə yazıq ki, hazırladığı
nömrəni Azər
özü görməyəcək.
Azər Abdulla ilk
"qobustançıların" sonuncularından idi. O da getdi. İndi o "ilklərdən" tək mən qalmışam.
23 mart 2021
Ədəbiyyat qəzeti.- 2021.-
3 aprel.- S.5.