"Uşaq ədəbiyyatının elmi
müstəvidə daha
dərindən öyrənilməsi əsas
hədəfimizdir"
Hər il aprelin
2-də görkəmli Danimarka uşaq yazıçısı
Hans Xristian Andersenin ad günündə Beynəlxalq Uşaq
Kitabı Günü qeyd olunur. Bununla əlaqədar Azərbaycan
Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu
orqanı olan "Elm" qəzeti AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı"
şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent
Elnarə Akimova ilə müsahibə təşkil edib. Həmin müsahibəni "Ədəbiyyat qəzeti"
oxucularına təqdim edirik.
- Elnarə xanım, rəhbərlik
etdiyiniz şöbə Ədəbiyyat İnstitutunda nisbətən
yeni yaradılan şöbələrdən biridir. Zəhmət
olmasa, şöbənin fəaliyyəti haqqında qısaca məlumat
verərdiniz.
- Elədir,
şöbə 2018-ci ilin noyabrında yaradılıb. Akademik İsa Həbibbəylinin təşəbbüsü
ilə. İsa müəllim Prezident
İlham Əliyevin apardığı siyasət nəticəsində
aparıcı ölkələrdən birinə
çevrilmiş müstəqil Azərbaycanda yeni nəslin
yetişdirilməsini qarşıya qoyulan dövlət səviyyəli
əsas problemlərdən biri olduğunu daim səsləndirirdi.
Bunu Yeni Azərbaycan Partiyasının VI
Qurultayında ölkə başçısı İlham
Əliyevin özü də xüsusi olaraq bir daha
vurğuladı. Milli ruha sahib, təməlli,
sağlam əqidəli, dürüst, layiqli, dövlətinə
və xalqına sədaqətli nəsil yetişdirməyi
vacib məram kimi irəli sürdü. Yeni
nəslin yetişməsində uşaq ədəbiyyatı,
uşaq musiqisi, folkloru, təsviri incəsənəti əsas
amillərdən biridir. Bu işin elmi
müstəvidə öyrənilməsi prosesinə təkan
verilməkdədir. Müstəqillik
dövrünün artıq yeni tipli uşaq ədəbiyyatı
yaranmalıdır. Şöbə yaranana qədər
Ədəbiyyat İnstitutunda uşaq ədəbiyyatının
öyrənilməsi istiqamətində mühüm işlər
görülmüşdü. 28 yanvar 2015-ci ildə
"Uşaq ədəbiyyatı: Ədəbi-tarixi ənənələri
və müasir problemləri"nə həsr olunan
müşavirənin keçirilməsi, bu ədəbiyyatın
təbliği və problemlərinin gündəmə gətirilməsi
istiqamətində dinamikliyin yaranmasına rəvac verdi. Tək onu demək kifayətdir ki, hər il keçirilən "Ədəbi proses"
elmi yaradıcılıq müşavirəsində bu sahəyə
dair silsilə məruzələr dinlənir. Bu
məruzələr hər halda uşaq ədəbiyyatının
inkişaf qanunauyğunluğu ilə bağlı müəyyən
fikir hasil etməyə, ümumiləşdirmələr
aparmağa imkan yaradır.
Uşaq ədəbiyyatı şöbəsinin
yaradılması da həmin işlər çərçivəsində
görülən işlərdən biridir. Bu sahədəki
problemlərin həlli istiqamətində daha sistemli işlər
görmək məramına hesablanmış addımdır.
Etiraf edim ki, əvvəlcə şöbəyə
rəhbərlik etmək işinə tərəddüd
etmiş, sanki sıfırdan başlamaq kimi bir yükü
çəkə bilməyin haqqını verə bilməmək
məsuliyyəti məni gərginləşdirmişdi. Amma işin içinə girdikcə uşaq ədəbiyyatının,
əslində, məfkurəmizin təməlində dayanan bir
sahə olduğunu hiss edərək necə əhəmiyyətli
bir missiya ilə məşğul olmaq qənaəti məni
ruhlandırdı. Hətta ilk yazımı belə
adlandırdım: "Uşaq ədəbiyyatı - məfkurə
qaynağımız". Şöbə olaraq,
gördüyümüz işlərə bu kontekstdən nəzər
yetiririk. Məfkurəyə, milli ruha, milli
ideala xidmət. Yəni Azərbaycan
uşaq ədəbiyyatında azərbaycançılıq məfkurəsi.
Bu, ideologiyadan da üstün bir dəyərdir.
- Ötən iki il
ərzində Uşaq ədəbiyyatı şöbəsində
aparılan tədqiqat işləri, əsasən, hansı
istiqamətləri əhatə edib? Əldə
olunan nəticələr barədə məlumat verərdiniz.
- İki il ərzində görəcəyimiz işlər
sırasında bitmiş olanları da var, davamını
gözləyənlər də. 2019-cu il oktyabrın 18-də
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu, Uşaq və Gənclik
Ədəbiyyatı Yazarlar Birliyinin və digər
qurumların birgə təşkilatçılığı
ilə VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı
Simpoziumunu keçirməyə müvəffəq olduq. Müxtəlif türk respublikalarından simpoziuma təşrif
buyuran qonaqları, alim və şair, yazıçı heyətini
bir məramın, bir missiyanın ətrafına cəm edərək
uşaq ədəbiyyatının ortaq problemləri ətrafında
müzakirə apardıq. Simpoziuma Türkiyədən,
Rusiyadan, Qazaxıstandan, Makedoniyadan, Pakistandan, Kpirdən və
digər ölkələrdən qonaqlar
qatılmışdı. Uşaq ədəbiyyatının
ümumi dəyərlərinin, problemlərinin öyrənilməsi
istiqamətində bu çox əhəmiyyətli məqam
idi.
Bundan
başqa, şöbə olaraq, İnstitutumuzda görkəmli
insanların həyat və yaradıcılığından bəhs
edən "Şəxsiyyətin pasportu" seriyasından
Xanımana Əlibəyli haqqında "Uşaq ədəbiyyatında
Xanımana Əlibəyli imzası" kitabını meydana
qoyduq ki, burada şairənin şeirləri, poemaları,
dramaturgiyasının təhlili ilə yanaşı,
ömür yolunun bütün əhəmiyyətli
çalarları ehtiva olunur. Təəssüf
ki, hər sahədə olduğu kimi, pandemiya məsələsi
bir çox planlarımızı həyata keçirməyə
imkan vermədi. Abdulla Şaiq adına
Kukla Teatrında bu kitabın geniş təqdimatını nəzərdə
tutmuşduq. Eyni zamanda teatr Xanımana Əlibəylinin
"Dovşanın ad günü" tamaşasını məktəblilərin
ifasında səhnələşdirmişdi. Yəqin ki, pandemiya məhdudiyyətləri aradan
qalxdıqdan sonra hər iki məsələni gerçəkləşdirmək
imkanımız olacaq.
Daha bir məqama toxunmaq istəyirəm. Hər bir sahənin
mənzərəsi onun çağdaşlığını
ilə vəhdətdə daha aydın görünür.
Bu mənada, hazırkı uşaq ədəbiyyatı
nümunələrini mütəmadi izləyir, yeniliklərə
həssas yanaşırıq. "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana bu xüsusda
xüsusi təşəkkür edirəm. Bu sahəni
hər zaman diqqətdə saxlayır. Həm
uşaq ədəbiyyatı yazarlarının əsərlərini,
həm də onlar haqqında istedadla yazılan elmi-nəzəri
yazıları daim çap edir. Ötən il 1 iyun
"Uşaqların Beynəlxalq müdafiəsi
günü" ilə əlaqədar qəzetin bir
sayını bütünlükdə "Uşaq ədəbiyyatı"na
həsr etmişdi ki, burada əsas işi bizim şöbə
gördü. Müsahibələr, reportajlar hazırladıq,
təhlil yazıları ilə çıxış etdik və
s. Redaksiyaya iki dəfə müxtəlif qonaqlar dəvət
edib uşaq ədəbiyyatının problemlərini
"Müzakirə saatı"ına
çıxarmışıq. Ölkənin bir
nömrəli ədəbiyyat qəzetində bizə verilən
bu imkanı yüksək dəyərləndiririk.
Bir məqamı da deyim. F.Köçərli adına
Respublika Uşaq kitabxanası, AYB Uşaq ədəbiyyatı
bölməsi, müxtəlif nəşriyyatlar şöbə
ilə daim əlaqədədirlər. Yazarlarımız
yeni yazdıqları nümunələri təqdim edirlər,
çapa getmədən öncə mətnlərin bədii-estetik
səviyyəsi barədə müzakirələrimiz olur.
- Hazırda şöbədə
hansı sahədə elmi-tədqiqat işləri həyata
keçirilir?
-
Hazırda "Şəxsiyyətin pasportu" seriyasından
görkəmli uşaq yazarı Tofiq Mahmudun həyat və
yaradıcılığı üzərində
çalışırıq. Amma qarşımızda dayanan ən
mühüm məsələ "Uşaq ədəbiyyatı
tarixi"ni yazıb ərsəyə gətirməkdir.
Şöbə yenidir, bu bir ildə uşaq ədəbiyyatının
tarixini, immanent inkişaf qanunauyğunluğunu, tarixi və
müasirliyini dərk etmək baxımından həm meydanda
olan elmi-nəzəri tədqiqat işlərini, həm də
uşaq ədəbiyyatı ilə bağlı folklordan bu
günümüzədək yazılan çoxsaylı bədii
yaradıcılıq nümunələrini izləmək,
araşdırmaqla məşğul olmuşuq. Bunsuz predmetin çağdaşlığını
vermək, müasir uşaq ədəbiyyatını
bütün tərkib və parametrləri ilə təhlil etmək
mümkün deyil və belə bir köklü sahənin
tarixiliyinə varmaq onun bu günü ilə bağlı dəqiq
analiz vermək baxımından çox vacib, hətta deyərdim,
zəruri amildir. Ona görə də
uşaq ədəbiyyatının tarixi üzərində məsuliyyətlə
işləməyə çalışırıq. Burada folklor, klassik ədəbiyyat, XX əsrin əvvəli,
sovet dövrü Azərbaycan uşaq ədəbiyyatı və
müstəqillik dövrü uşaq ədəbiyyatının
bütün mənzərəsini verməyə
çalışacağıq.
Bu il,
bildiyimiz ki, Azərbaycanın müstəqilliyinin 30 ili tamam
olur. İnstitutumuz bu böyük hadisəyə
layiq işlər görməyi planlaşdırır. Belə işlərdən biri də Azərbaycançılıq
məfkurəsini bədii mətnlər kontekstindən tədqiq
predmetinə çevirməkdir. Şöbə
olaraq, "Ayrılarmı könül candan" adlı
antologiyanı da biz təqdim etmişik ki, burada uşaq
yazarlarımızın vətənə, onun tarixi abidələrinə,
məkan tərənnümünə, ana dilinə, məktəbə
həsr olunan seçmə şeirləri əksini tapır.
Bir də qarşıda uşaq ədəbiyyatı
ilə bağlı daha bir beynəlxalq konfrans keçirmək
planı var. Uşaq mətbuatı, uşaq nəşrlərinin
vəziyyəti, tərcümələr, uşaqlar
üçün yazılan əsərlərin faydalılığını
müzakirə etmək baxımından belə bir konfransa
böyük ehtiyac olduğunu düşünürəm.
Eyni zamanda uşaq ədəbiyyatı ilə
bağlı ölkədə və dünyada
tanınmış elm adamlarının yazdığı elmi-nəzəri
materiallardan ibarət kitab hazırlamağı
planlaşdırırıq.
Türkiyənin
Milli Eğitim Bakanlığı, Pamukkale Universiteti ilə
perspektivli bağlantılarımız var. Müstəqilliyimizin
30 illiyi ilə əlaqədar "Türkiyə və Azərbaycan
çocuk ədəbiyyatı" adlı kitab
hazırlayırıq. Soner Sağlam və
Yaşar Sözenle birlikdə. Kitabın Azərbaycan
türkcəsinə daxil olan bölümünün tərtibçisi
və redaktorluğu mənə həvalə edilib. Bu kitabda son otuz ildə müstəqilliyə, istiqlal
mövzusuna dair yazılmış müxtəlif janrlı ən
yaxşı uşaq ədəbiyyatı nümunələri
yer alacaq və "Bengü yayınları"nda çap
olunacaq. Sağlıq olsun, görüləcək
işlər, arzular çoxdur.
- Bildiyimiz kimi, aprelin 2-də Beynəlxalq
Uşaq kitabı Günü qeyd edilir. Ənənəvi olaraq
həmin gün bir çox ölkələrin təhsil müəssisələrində,
kitab klublarında və digər məkanlarda müxtəlif sərgi,
müsabiqə, tamaşa, konfrans və festivallar, uşaq
yazıçı və şairləri ilə
görüşlər, yeni nəşrlərin təqdimat mərasimləri
təşkil olunur. Bəs Azərbaycanda Uşaq
Kitabı Günü necə qeyd edilir? Respublikada
bu bayramın təşkilində şöbəniz iştirak
edirmi?
- "Uşaq kitabı günü" bizdə də
müxtəlif formalarda qeyd olunur. Elə son olaraq 2019-cu ildə
F.Köçərli adına Respublika
Uşaq Kitabxanasında bu münasibətlə təşkil
edilmiş sərgidə olduq, uşaq yazarları ilə
görüşdük, məktəblilərin onlarla
görüşlərinə şahid olduq. Çox
maraqlı idi, məsələn, şeir və hekayələrini
dərsliklərdən, uşaq kitablarından oxuduqları
yazarlarla məktəblilərin canlı olaraq ünsiyyət
yaratması. Eyni zamanda kitabxana məktəblilərin
ifasında Andersonun "Qar kraliçası" əsərini
hazırlamışdı. Tamaşaçı
qismində də ancaq uşaqlar iştirak edirdi. Sonda bütün uşaqlara kitab hədiyyə edildi.
Onu da deyim ki, ölkəmizdə "Uşaq kitabı
günü" ilk dəfə elə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, 2008-ci
ildə keçirilib. Bu il də
kitabxananın direktoru Şəhla xanımla söhbətimiz
olub. Pandemiya ilə əlaqədar kitabxana iki
istiqamətdə virtual sərgi hazırlayıb. Burada həm Andersonun bütün əsərləri
təqdim olunacaq, həm də XX əsrin əvvəllərindən
başlayaraq bütün tanınmış uşaq
yazarlarının əsərləri, onlar haqqında
biblioqrafik məlumat sərgilənəcək. İkinci istiqamət son illərdə ölkəmizdə
nəşr olunan uşaq kitablarının virtual sərgisi,
uşaq yazarları ilə onlayn görüşlərlə
bağlıdır ki, şöbəmiz bu görüşlərdə
birmənalı şəkildə iştirak edəcək.
Müsabiqəyə gəlincə, onu deyim ki, bu
yaxınlarda Mədəniyyət Nazirliyi "Vətənpərvərlik"
mövzusunda təşkil etdiyi müsabiqəyə məktəbliləri
də cəlb etmişdi. Ən
yaxşı şeir, hekayə və esse janrında bu
müsabiqəyə 30 məktəbli qatılmışdı.
Onlardan 6 nəfərin mətni ekspert heyəti tərəfindən
öz qiymətini aldı. Bu cür
müsabiqələrin olması çox yaxşı
haldır.
- Təşəkkür edirik, Elnarə
xanım. Sizə gələcək fəaliyyətinizdə
uğurlar və yeni nailiyyətlər arzulayırıq.
Elnarə Akimova
Söhbətləşdi: Nəzmin
CƏFƏROVA,
sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Ədəbiyyat qəzeti.- 2021.- 3 aprel.- S.10.