Müharibə gündəliyi

 

İllərdi gecələr yuxudan təngnəfəs oyanırdım. Bəzən tər içində, bəzənsə boğulmaq üzrəykən... Bu oyanmalar 2010-cu ilin əvvəlindən 2020-ci ilin sentyabrına kimi davam etdi. Əvvəlki illər hər gecə, sonra həftədə bir, sonrasa, ayda 1-2 dəfə yuxularıma haram qatan bir qız idi. Üzünü görmədiyim, heç zaman rastlaşmadığım bir qız. Daha doğrusu, bir qızın səsi. O, heç danışmır, hesabını bilmədiyim sayda "alo, alo, alo...". Yuxularıma haram qatan bu "alo"lar idi. Axı, kim idi bu qız, niyə hər gecə yuxularımda "alo" deyərək qışqırır mənə əzab verir?!

Vətən müharibəsi məni bu əzabdan qurtardı. Daha o yuxuları görmürəm, kimsə yuxumda "alo" deyə qışqırmır. İndi öz əzablarım, öz yaşantılarım, bu müharibədə gördüklərim yuxumu qarışdırır. Vətən müharibəsi təkcə Qarabağı deyil, məni o qızdan, o səsdən xilas etdi.

2010-cu ilin qışı... Ağdam. İşğal olunmuş kəndlərin qarşısı... Səngər həyatımız davam edir. Burada başını səngərdən qaldırmaq ya hansısa snayperin sinəsinə medal taxmaqdır, səngərdən qırağa çıxmaqsa, ayaqlarını minalar üstündə unutmaq.

Niyə 2010-cu ilin hadisələrindən indi bəhs edirəm - deyə bilərsiniz. Keçmişdə etdiyim qaralamalarıma maraq Vətən müharibəsi zəfərindən sonra maraq oyatdı. Həm əvvəl bunlara elə həvəsli deyildim. Çünki məğlub bir ölkənin səngər həyatından bəhs etməyi ya özümə yaraşdırmır, ya da utanırdım. Axı kimə nəyi sübut edəcəkdim? Utanırdım... Məğlub bir ölkənin zabiti kimi xatirələr dərc etməkdən. Eləcə səngər şeirlərimlə ovunurdum. , bu müharibə məni həm şeirlərlə ovunmaqdan, həm yuxularımdakı qızın səsindən xilas etdi...

Müşahidə postunda duran əsgər anidən qışqırdı; - "Komandir, erməni". Dərhal müşahidə postuna çıxdım. Postda ermənini görmək sizə qədər qəribə gəlsə , arzuladığın əzizini görməklə müqayisə edə bilərdim. Yox, yox, o ermənini bağrımıza basmaqçün deyil, gülləyə tuş etməkçün.

Tr-8-lə müşahidə apardıq. Bir əli cibində, birindəsə telefon qulağına söykəyərək hərəkət edir. Hərəkət edir deyirəmsə, gövdədən yuxarını görürük. Özünü o qədər itirib ki, düşmən valının arxasından çıxdığının fərqində deyil. Axı, adam kiminlə belə danışıb dünyanı unudub öz səngərini tərk edə bilər? Anasımı, sevgilisimi, bacısımı? Onun özündənrazı, tərki dünya olaraq harda olmasını unutması adamın ağlına yalnız sevgilisini gətirə bilir. İnsan onun etdiklərini sevgilisi ilə danışanda edə bilər...

Bu qədər danışmağıma baxmayın, bu qədər düşüncə bir neçə saniyə ərzində baş verir. Vuraq? Ani olaraq beynimin içindəki düşüncələr mənə imkan vermir? Bəlkə danışdığı adam anasıdır? həmin vurulsa... Ya da sevgilisi? Bu elə ən böyük sevgi qətliamı olar. Telefonun qarşısındakı şəxsin o vurulduğu an keçirəcəyi hissləri ağıla gətirmək belə mümkün deyil. Bəs, o əsgərin yerində biz olsaydıq? Danışdığımızsa sevgilimiz, anamızdırsa?

Bəlkə , bütün bu düşüncələr bir saniyəlik zaman intervalı olmadan ildırım sürətilə beynimin bir guşəsindən keçir. Amma...

Erməni əsgəri ordadırsa, əminəm ki, bizi görsə, böyük sevinc hissi ilə vurardı. O burdadır ki, o ona görə vurar ki, bir azərbaycanlının vurulması onunçün medaldır, məzuniyyətdir, özgüvən hissidir, gələcəkdə karyerada yüksəlişdir, məclislərdə özünün qohumlarının bu hadisədən genələ-genələ danışması, erməni TV-lərində bol-bol öz qəhrəmanlığından danışmaqdır.

Vuraq? Snayper başından nişan aldığını bildirir. Vur!..

Səngərdə əsgərlərimiz atışdan sonraura!” deyə qışqırır, sevinir, sonrasa ani boşluq. Rabitə ilə koordinatı verib məruzə edirik. Atəşkəs dövründə belə atışlar zamanı koordinat məruzə olunur, vurulmanın dəqiq olub-olmadığını gözləyirdik. Bizə lazım olan xəbərin təsdiqlənib-təsdiqlənməməsidir. Bir neçə saat gözləyir, bu hadisənin ilə sonuclanacağından səbrsizlənirdik. Amma deyilsə , atışdan sonra onun necə yerə sərildiyinin gözümüzlə şahidi olduq, axı, - deyirəm özüm-özümə.

Axşama yaxın rabitə ilə xəbər verilir ki, verdiyiniz xəbər təsdiqini tapıb, vurmusunuz. Sevinclər yenidən artır... Qeyd olunası xəbərdir. Həmin gecəni aşağıdan gətirtdiyim yeyib-içməklə qeyd edirik. Bir növ səngərdə bu xəbərə əsl qonaqlıq verirəm. Ölüm xəbərinə sağlıqlar deməklə. Səhv etmirəmsə, Dövlət radiosunun axşam buraxılışıdır. Verilən xəbər sağlıqlarımıza qoşulur. Atəşkəs pozulub, düşmən təxribatının qarşısı alınıb, düşmən hərbi qulluqçusu "..." məhv edilib.

(Əlbəttə, istəyən şəxslər bu adı, yeri s. arxiv materialına əsasən əldə edə bilər. Burada bu məlumatı, adı olduğu kimi vermək həm etik, həm bəzi məsələlərə görə doğru olmadığından hallandırılmır).

Səngərin bir köşəsinə çəkilirəm. Kimsənin məni görməyəcəyi bir küncünə. Özümdən asılı olmadan ağlayıram. Bütün gecəni. Həm sevinmək, həm ağlamaq. Axı mən kimə ağlayıram belə? Məni ağladan kimdir, hansı hisslərdir? Kimə ağlayıram belə? Ölən erməniyə, ölən sevgiyə, yoxsa nəyə? Bəlkə elə özümə? İçimdə qopan fırtınaya cavab tapa bilmirəm...

O gündən sonra yuxularımda kimsə, daha doğrusu, bir qız "alo, alo" deyərək qışqırır. Mənsə təngnəfəs, tər içində oyanır, mətbəxə keçir, su içir, bəzən ağlayır, bəzənsə siqaret yandırırdım... 2020-ci ilin sentyabrına kimi... Məni kölgə kimi izləyən o qız, o səs qeybə çəkilib. Artıq öz əzablarımı görürəm, öz əzablarım yuxudan oyadır məni...

...Yenə belə əmr verə, yenə belə edərdimmi? Mütləq ki, bəli. Yenə öldürərdik, yenə bu ölüm xəbərinə qonaqlıq verərdim, yenə səhərə kimi ağlayardım...

 

Emin PİRİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 3 aprel.- S.13.