ŞEKSPİR
“YALAN” OLDU
"Vəziyyət
ruscadır"
VIII yazı
1862-ci ildə Peterburqda "Apraksin dvor" deyilən
yaşayış yerində yanğın baş verir. Əhatə
etdiyi əraziyə və vurduğu ziyana görə fəlakət
səviyyəsində qəbul olunan bu hadisə gündəmin
baş mövzusuna çevrilir. Hətta
Çar II Aleksandr yanğın yerinə gəlir və
meydanda xalqın gözü qarşısında
hönkürüb ağlayır, kütlənin
heyranlığını qazanır. Özü
də, xanımı da ziyan çəkən ailələrə
böyük ianələr edir, köməkliyi əsirgəmirlər.
Bəli, bir il öncə təhkimçilik
hüququnu ləğv edən, reformator kimi seçilən
Çara sevgi elə bu millətlə qaynayıb
qarışmasına görə min qat çoxalır. İntəhası, burda məsələnin başqa
tərəfi də varmış. Deyirlər,
bir qrup gənc, "nihilistlər" adlandırılan
cavanlar II Aleksandrın xoş münasibətindən faydalanmaq
və şəhərin müxtəlif yerlərində
yanğınlar törədib yeni imtiyazlara nail olmaq,
"mülayimləşməni" qlobal istiləşməyə
çevirmək istəyirmişlər. Hər halda qeybət
sevdalıları orda-burda danışıb deyirmişlər
ki, bu xına o xınadan deyil... Hətta Gertsen səviyyəsində
"xına"dan və qeybətdən uzaq intellektual da
Turgenevin "Atalar və oğullar"ından
danışanda və onun qəhrəmanını indiki
cavanlarla yanaşı qoyanda - Bazarov bu donuzlarla müqayisədə
Allahdı, bunlar "nihilizm" adı altında
analarını da döyürlər - deyirmiş. Nə qədər
dəqiqdi bu yozum... Hətta müasirlərimizi yada salır
e... Goruna and içmək üçün
atasını öldürənlər, gözünü
çıxarıb Koroğlu ilə yarışa girənlər
həmişə olub. Elə o vaxt da belələrinin
yenilik arzusundan, azadlıq tələbindən şəhər əziyyət çəkirmiş.
Amma bu yanğının səbəbləri ilə
bağlı ehtimallar pıçıltı ilə
danışılırmış. Günün birində
isə (30 may 1862-ci ildə) "Severnaya pçela" qəzetində
Nikolay Leskov məqalə ilə çıxış edir və
bütün şübhələri ümumiləşdirir. O
zamana kimi orda-burda danışılanların belə sistemli
şəkildə təqdimatı oxucular tərəfindən
danos kimi qəbul olunur. Müəllifi hakimiyyətə
xəbərçilik etməkdə qınayırlar və qəribədir
ki, Çar II Aleksandr da məqaləni bəyənmir,
yazılanlar yalandı - deyir. Buna qədər
aşağı sinfin problemlərini əks etdirən bir
neçə oçerki ilə tanınmış müəllifin
yarlığı yapışdırılır. Vəssalam, indən sonra nə etsə də,
hansı bəraətə çalışsa da, xeyri olmur.
Hətta işlədiyi dərgi müəllifin
"reabilitasiyası" üçün onu imperiyanın Qərb
əyalətlərinə ezamiyyətə göndərir,
xalqın problemləri haqda yazmasını tapşırır,
amma yenə də xeyri olmur. Reputasiyası
korlanmış Nikolay Leskovun yazıları istər sadə
xalq, istər ədəbi tənqid, istərsə də senzura
tərəfindən zərrəbinlə oxunur, hər
sözü, hər cümləsi yanğın əhvalatının
davamı kimi yozulur. Düz deyirlər, qazanmaq sadədi,
qoruyub saxlamaq çətin və sonradan nə isə sübut
etmək mümkünsüz... Hər halda Nikolay Leskovun elə
ilk romanı - "Heçliyə" ("Nekuda") böyük səs-küyə
səbəb olur. Yenə də nihilistlərin məişəti
ilə xalqın zəhmətsevərliyini, ailə dəyərlərini
qarşı-qarşıya qoyur və əlindən iş gəlməyən
iddialı cavanlara gülür yazıçı. Romanda o zaman fəaliyyətdə olan radikalların bir
çox nümayəndələrinin prototipləri tanınan
olduğu üçün yazıçıya qarşı
çıxanlar daha amansız danışırlar.
Nikolay Semyonoviç bu çağdaş dillə desək,
"trollinq"i belə şərh edir: "Bu roman mənim
məşhurluğumun günahıdı... Ən
ağır təhqirlərin sonsuzluğudu. Yazırlar ki, roman III şöbənin sifarişi ilə
yazılıb. Əslində isə hələ heç bir əsəri senzura
belə amansızlıqla sıxıb-boğmayıb...".
Həmin
o senzura bundan bir neçə il sonra
yazıçının oxşar mövzuda yazdığı
"Qanlı-bıçaq" ("Na nojax") əsərini
elə hala salıb, sonra çapına icazə verir ki, hətta
müəllif özü romandan imtina edir, zəifliyini boynuna
alır... Hakimiyyətə də, xalqa da qəzəbinin sonucu
kimi ölüm ayağında olanda vəsiyyətini yazır:
qəbrimin üstündə kimsə çıxış etməsin.
Sənətkarın bu küskünlüyü
başadüşüləndi. Çünki
yuxarılar bir cür döyür, aşağılar ayrı
cür. Hakimiyyət "kəsib
doğrayır", xalq ortaya çıxana ağız
büzür və bu vəziyyətdə yaşamaq da, yazmaq da
çətinləşir. Yazıçının
bioqrafiyasını və yaradıcılığını
araşdırdıqca səbəbləri axtarıram. Kütlənin savadsızlığı, hakimiyyətin
sənətkara skeptik münasibəti, ədəbi mühitdə
qruplaşmalar və sözün düzünün acı
olması? Bu səbəblərdən hansıdı
görən... Cavab vermək çətindi.
Bir də bütün günahları cəmiyyətin
kifayət qədər inkişaf etməməsinin boynuna
yıxmaq olardı, əgər tarixdə və elə
bugünümüzdə də başqa nümunələr
olmasaydı. Misal üçün, Amerika
yazıçısı Dos Passos Heminqueyin dostu, müasiri olub
və kifayət qədər diqqətəlayiq əsərlər
yaradıb. Amma o da zamanında siyasi
baxışlarına, əqidəsinə görə
damğalanıb və yazdıqları da kölgədə
qalıb. Əvvəldən sol meyilli
yazıçı SSRİ-yə gələndə xəyalları
darmadağın olur, inqilabın və kommunizmin acı nəticələrini
görəndə təzadlı fikirlər səsləndirir,
İspaniya vətəndaş müharibəsinin dəhşətlərini
gözləri ilə görəndən sonra isə
düşüncəsi tam dəyişir. Heminqueyin də
onu qorxaq adlandırmasından sonra mühitin sənətkara
acımasız münasibəti alovlanır... Bax belə, XIX əsr
Rus İmperiyası, XX yüzilliyin azad Amerikası, ya da XXI əsr
... nöqtələrin yerinə istənilən ən
demokratik ölkənin adını yaza bilərsiniz, sənətkarı
siyasi əqidəsindən, hətta onun şəxsi həyatından
ayrı qəbul edə bilmir, bacarmır... Açar
deşiyindən gördüyünü, çayxanada
eşitdiyini mətnin yozumu üçün əsas da saya
bilir hətta!
Ancaq zaman çox ciddi və obyektiv şəkildə
nizamlayır bu işləri. Bu gün Nikolay Leskov
Tolstoyun təbiri ilə desək, ən rus yazıçı
hesab olunur. Xalq dilində, təmiz rusca
yazması, millətin xarakterinə aid çoxlarının
görmədiyi incəlikləri təsvir etməsi
çağdaş ədəbi tənqidin daim
vurğuladığı məqamlardır. Misal üçün, təkcə elə məşhur
"Solaxay" əsərində ingilislə yarışa
girib birəyə nal düzəldən rusun yerə-göyə
sığmaması, amma sonra lazımi aləti
sındırması rusların özünəironiyası
üçün mövzudu. Bu mənada
dünyəvi, ümumbəşəri və hətta ən
üst səviyyənin düşüncə və
ağrılarını balacalaşdırıb kiçik rus əyalətlərinə
sığdırması da xüsusi məqamdı. "Mtsensk əyalətinin Ledi Maqbeti" povestinin
adından çox şey bəlli olur. Şekspir
ehtiraslarını hansısa Mtsensk əyalətinin sakinlərinə
aid etmək əslində, insan duyğularının məkana,
zamana, mühitə dəxli olmadığını göstərir.
Ümumiyyətlə, o zaman rus nəsrində
Şekspir mövzularının
"ruslaşdırılması" dəbə
düşmüşdü. Elə Turgenev də
"Şiqrovsk əyalətinin Hamleti"ni
yazmışdı bir vaxt. Amma Leskovun Maqbeti - Katerina Lvovna
Şekspirin qəhrəmanından seçilir. Maqbet hakimiyyət
uğrunda hər şeyə hazır olur, Katerina isə
sevgi... 24 yaşlı gənc Katerina tacir xanımıdır,
uşaqlığını kasıblıqla yaşasa da, bu
gün yemək-içmək sarıdan korluğu yox,
qabağında qulluqçuları, əri səfərə
gedəndə onu qoruyan, nəzarət edən nüfuzlu
qayınatası... Amma sevgi yoxdusa, darıxmaq çoxdusa, bunun
adı - "Hər şey var, heç nə yoxdu" da ola bilər! Və elə bu ovqatda, biganə ərinin
uzun səfəri boyu sıxıntıdan özünə yer
tapmayanda qulluqçusu Sergey ona hisslərini açır... Yazıçının süjeti necə qurması,
quru yerdə məhəbbət yaratması, yer-göy uzaq təbəqə
insanlarının bir-birinə necə aşiq olmasını dəqiq
çatdırması heyrətamizdir. Misal
üçün, hələ Katerina sadəcə
bağçanı gəzməyə çıxıb xidmətçiləri
ilə söhbət edəndə mətbəxdə işləyən
Aksinya arvad Sergeyi tərifləyir, zirək olduğunu, amma əvvəlki
işindən eşq-məhəbbət üstündə
qovulduğunu bildirir. Yazıçı bu
cür toxumları mətnin içinə səpə-səpə
al-əlvan mənzərə yaradır və oxucunu
inandırır ki, hər kəsin sevməyə haqqı
çatır. Lakin sevgini necə
yaşamaq, hansı səviyyədə saxlamaq və ona görə
nələrə qadir olmaq şəxsiyyət işidir.
Yəni özün nəsənsə, hansı yerdəsənsə,
sevgin də odu... Katerina isə bu məşəqqət
içində əldə etdiyi xoşbəxtliyi heç vəchlə
itirmək istəmir və bu yolda qabağına çıxan
hər kəsi aradan götürməyə, öldürməyə
hazırdı.
Leskovun bu əsəri real faktlar əsasında
yazdığı iddia olunur. Bir müddət Orlov məhkəməsində
çalışması və ordakı cinayət işlərindən
faydalanması dəqiqdir. Təsadüfi
deyil ki, müəllif özü əsərin janrını
oçerk kimi müəyyən edib və niyyətini də
gizlətməyib; imperiyanın müxtəlif quberniya və əyalətlərində
yaşayan qadınların xarakterini silsilə şəklində
yazmaq istəyirmiş. Ardını yaza
bilməyib, elə bircə Mtsensk gözəlini tanıdıb
oxucusuna.
Bu əsəri də, onun qəhrəmanlarını da
başqa rus klassik nümunələri ilə, qadın xarakterləriylə
çox müqayisə edirlər. Misal üçün,
Ostrovskinin "Fırtına" əsərinin qəhrəmanı
Katerina Kabanova ilə müqayisədə mtsenskli Maqbetin necəliyi
daha aydın görünür. Ostrovskinin Katerinası
hisslərinə və yaşantılarına görə əzab
çəkir, utanır, Leskovsa hər şeyi daha
çılpaq yazır və sevginin insanı bir az da "tsinik"ləşdirdiyini göstərir.
Bu mənada başqa bir məqam da ağlıma
gəlir, Dostoyevski də ən ağır cinayətkarların
xarakterini qələmə alıb, amma onların Allah
qarşında peşmançılığını da
göstərib. Katerina Lvovna isə
qayınatasını, ərini, hətta yeniyetmə
oğlanı öldürdüyündən heç təəssüflənmir.
Katorqa da qorxutmur onu, çünki sevdiyi kişi
təkcə hisslərində yox, həm də törətdiyi
cinayətdə ortaqdı onunla, deməli, cəzanı da birgə
çəkəcəklər. Doğrusu, bu
tükürpədici xislət insanda ikrah hissi də doğura
bilərdi, əgər ortada bütün zamanların ən
böyük bəraəti - Sevgi olmasaydı. Cinayətkarların cəzasını yüngülləşdirən
affekt vəziyyəti elə bəlkə budur?
Yazıçının
ustalığı bütün düyünlərin
açılmasına yardımçıdır; Sergeyin xarakteri,
ondan ötrü hər şeyə hazır qadın
üçün nələrə getməsi və əslində,
sevginin dozası bircə faktla aydın olur. Sergey
Katerinanın tacir ərini birgə öldürdüklərini
etiraf edir. Bəli, əslində, qadının ondan
ötrü etdiyini açır... Günahı öz boynuna
götürmür! Bax bu, əsərin
açarıdır. Katerinanın katorqaya gedən gəmidə
dəlilik səviyyəsində
qısqanclığının, yüngüləxlaqlı
Fionanı qucaqlayıb suya atılmasının,
özünü də, onu da boğmasının
izahıdı... Bu qədər cinayətləri
törədəndən sonra, həm də kimə görə
etdiyini anlayıb çilik-çilik olandan sonra yaşamaq
mümkünsüzdü. Amma bu xasiyyətdə qadın
sadəcə intihar edə bilməzdi, məhz bu yerə, bu
zirvəyə çatmalı idi onun taleyi!
Maksim Qorki Nikolay Leskov haqqında danışanda deyir ki,
bu yazıçı zamanında qiymətini almayıb, amma əsərlərinin
səviyyəsinə görə Tolstoy, Qoqol, Dostoyevski, Turgenev
və Qonçarov kimi sənətkarlarla yanaşı
tutulmağa layiqdir. Elə "Mtsensk əyalətinin Ledi Maqbeti"ni oxuyanda da məhz klassikaya xas olan
bütövlük, tamlıq, qüsursuzluq oxucunu heyran qoyur.
Görünür, tənqidçi-alim Lev Aninskinin də onu
Tolstoy, Dostoyevski ilə yaxın qatda görməsi gəlişigözəl
təsvir deyil.
Aninski deyir ki, dünyanı bütöv qəbul
ediriksə, Tolstoy səmadı, insanın başının
üstündəki problemləri, görüntünü
yazıb, Dostoyevski torpaqdı, dibdəki çətinlikləri,
qorxuları, əzabları qələmə alıb, Leskov isə
bunların arasında qalandı, gerçək həyatdı.
Doğrudan da, elə təkcə haqqında söz
açdığım əsəri təhlil edəndə istər-istəməz
Tolstoyun eyni ağrını yaşayan üst təbəqə
qadın qəhrəmanını
düşünürdüm... Olduğu yerdə nəfəs
ala bilməyən, hisslərinin əsiri olan, sevdiyi ilə
bağlı xəyal qırıqlığı yaşayıb
çıxış yolunu... Nə isə, uzatmayım, bu
haqda gələn dəfə...
PƏRVİN
Ədəbiyyat qəzeti.- 2021.- 3 aprel.- S.14.