Sevgi nəydi?
“Filmdən həyata”
Türk serialları nəinki Azərbaycanda, bir çox xarici ölkələrdə baxılır,
sevilir. Mən də bir neçə serial izləmişəm.
Onların arasında məni
ekrana bağlaya bilənləri də olub, bağlaya bilməyənləri də.
Bütün serialların mövzusu əsasən sevgidir. Böyük insan
kütlələrini hansı
mövzuyla uzun müddət ekrana bağlamaq olar ki? Əlbəttə,
eşq mövzusuyla! Əzəli-əbədi, bitib-tükənməz
bir mövzuyla!
Serial izləyiciləri baş qəhrəmanlar arasında sorunlar yarananda, cütlük ayrılıq, küsülülük
yaşayanda qıcıq
olurlar. Onlar istəyirlər ki,
ekranda ölümsüz
sevgini izləsinlər.
Hansı
ki, özləri də həmişə arzusunda olublar, ancaq ölümsüz sevgiyə əlləri çatmayıb.
"Leyli və Məcnun", "Xosrov və Şirin",
"Romeo və Cülyetta"
əsərlərindən tanıdıqları,
arzusunda olduqları o bitib-tükənməz, əbədi
yaşayacaq eşq hər kəsə nəsib olmadığından,
ssenaristlər səmimiyyətlə,
insanlara doğruları
anlatmağa məcburdurlar.
Bu gün türk
seriallarının çoxunun
baş qəhrəmanları
axıra qədər bir-birinə sadiq olmur. Ya qadının,
ya kişinin həyatına mütləq
başqa biri girir, boşanırlar, ayrılırlar və s. Düzdür, ssenarilərdəki
bu situasiyalar tamaşaçıların çoxunu
qıcıqlandırır. Onlar bu ssenariləri ailə dəyərlərinə,
köhnə ənənələrə
zidd hesab edir, küfür, həqarət dolu şərhlər yağdırırlar.
Ancaq
"həyatı olduğu
kimi" göstərməyə
can atan ssenaristlər
"Leyli - Məcnun"
eşqindən fərqli
bir sevgi nümayiş etdirirlər.
TRT1 kanalında yayımlanmış, xeyli
populyarlıq və reytinq qazanmış "Leyla ile Mecnun"
serialında Şərqin
heyranlıqla dinlədiyimiz,
oxuduğumuz məşhur
əfsanəsini absurd komediyaya
çevirmişdilər. İnsanlar əsrlərlə ağladıqları
əhvalata indi gülürdülər.
"Sevgi nədir?" - bu sualın cavabını əsrlərdir
axtarır insanlıq,
ədəbiyyat, incəsənət.
Bu suala hərənin öz cavabı var. Frederik Beiqbederin öz eyniadlı əsəri əsasında
çəkdiyi "Məhəbbətin
ömrü üç
ildir" (2011) filmində
bu suala baxaq görək necə cavab verilir...
Ədəbiyyat tənqidçisi olan
Mark Marronye arvadı tərəfindən tərk
edilir, bundan sonra o qənaətə gəlir ki, məhəbbət cəmi
üç il
yaşayır. Film onların keçmiş xoş günlərinin təsviri ilə başlayır. Get-gedə aralarının necə soyuduğunu, artıq bir-birinə nə qədər maraqsız olduqlarını
və ayrılıq qərarı verdiklərini
tezləşdirilmiş təsvirlərdə
görürük. Qadın
onu tərk edəndən sonra bu kədərlə Mark eşqdən bəhs edən bir kitab
yazır və kitabında sevginin keçici, müvəqqəti
bir hiss olduğunu anlatmağa başlayır.
Ancaq kuzeninin arvadı Alis
ilə rastlaşandan,
onu tanıyandan sonra Markın dincliyi qaçır, o, eşqə düşür.
Alis həm
gözəldir, həm
də əlçatmaz.
Həmişə özüylə Markın arasına sərhədlər qoyur.
Mark var gücü ilə çalışıb,
Alisin ağlını
başından almağı
bacarır, ancaq Alis təsadüfən
Markın "məhəbbətin
ən çox üç il sürdüyü" iddiasında
olduğu kitabıyla qarşılaşır. Ondan sonra
Mark Alisin könlünü
təzədən qazanmaq
üçün dəridən-qabıqdan
çıxır. Romantik komediya
janrında çəkilən
film üzlərə təbəssüm
bəxş etməklə
yanaşı, ciddi suala da cavab
axtarır. Filmin sonlarına
doğru tamaşaçı
yaxşı bir mesaj almış olur: "Əgər doğru adamı tapa bilmisinizsə, həqiqətən arzusunda
olduğunuz və sizi anlamağı bacaran adamla bir yerdəsinizsə, məhəbbət bir ömür də sürə bilər".
Türk kinosunun tarixə düşmüş filmlərindən
sayılan "Səlvi
boylum, al yazmalım"
(1977; rejissor Atif Yılmaz) filmində də "sevgi nədir?" sualının
qeyri-ənənəvi, fərqli
cavabı var. Qırğız
yazıçısı Çingiz Aytmatovun romanı əsasında
çəkilən bu filmdə baş rolları türk
kinosunun məşhur və yaraşıqlı
oyunçuları - Kadir İnanırla Türkan Şoray
paylaşır. Bir-birlərinə dəli kimi vurulan
İlyasla Asyanın evlilikləri ayrılıqla bitir. Dastan kimi başlayan eşq gözlənilmədən
sona çatır. Həyatdakı ən
böyük tutqusu sürdüyü yük maşını
olan İlyas yük maşını əlindən alınandan
sonra qəfildən içkiyə qurşanır. Evə gəlişini dördgözlə gözləyən
qadınının yanına hər axşam içkili gəlir,
sevgili oğlu Səmədə belə gözünün ucuyla
baxmaz olur. Asya səbrlə hər şeyin
düzələcəyini gözlərkən, bütün
bunlar azmış kimi, İlyas xəyanət də edir, Asya ərini
başqa bir qadının evində öz gözləriylə
görəndən sonra uşağı da götürüb
evi tərk edir. Asyaya ailəsini itirmiş,
tək-tənha yaşayan, xeyirxahlıq timsalı Cəmşid
arxa çıxır, onu evinə gətirir, hər cür
kömək göstərir. Asya
İlyasın yolunu illərlə gözləsə də, hər
gün yol kənarına çıxıb onun yük
maşınını görəcəyini ümid eləsə
də, İlyas gəlib çıxmaq bilmir. Bu müddətdə həm Asyanın, həm balaca Səmədin
könlünü qazana bilən Cəmşidə uşaq
artıq "ata" deməyə başlayır. Cəmşidi özünə ata seçən Səmədi
xoşbəxt eləmək üçün Asya Cəmşidlə
evlənməyə, ailə olmağa razılıq verir.
Bir gün İlyas Asyanı tapmaq ümidilə
kəndə qayıdır, təsadüfən Cəmşidin
evinin yaxınlığında qəza törədir. Cəmşid İlyası evinə gətirir, Asya ilə
köməkləşib yarasını sarıyır.
İlyas geri qayıtdığı
gündən Asyanın dincliyi
qaçır.
O, sevgisi ilə ərinin arasında qalır, günlərlə
tərəddüd edir, nə edəcəyini bilmir. Cəmşid
İlyasın kim olduğunu elə həmin
axşam başa düşür, Asyaya seçimini eləməsi
üçün heç bir zor göstərmir, onu tamamən
azad buraxır.
Ancaq Asya bütün tərəddüdlərinə
qalib gələrək, hələ də sinəsində
yanmaqda olan eşqini, arzularını basdıraraq Cəmşidlə
qalmağı seçir. Asya ürəyində sevginin tərifini axtarır:
"Sevgi omuydu? Sevgi nəydi? Coşqun axan dərə, son bahar yeliylə ürpərən
yarpaqlar, şüşəyə dəyib dağılan
yağış damlaları, bir ürək
çırpıntısı. Axırda
coşqun dərə durular, yarpaqlar quruyub tökülər,
yağış kəsər, günəş
çıxardı. Sevgi nəydi?
Sevgi sahib çıxan dost, isti insan əli, insan əməyiydi.
Sevgi xeyirxahlıqdır, sevgi əməkdir".
Sovet yazıçısı
Çingiz Aytmatov əməyin
insan həyatının hər sahəsində necə
böyük əhəmiyyətə malik olduğunu incə-incə
izah edir.
1980-ci ildə Bayram Bayramovun ssenarisi əsasında çəkilən
"Onun bəlalı sevgisi" (rejissor Ziyafət Abbasov)
filmindəki qadınla kişi
arasındakı münasibətlər də fərqlidir. Diplom işi üçün "İstehsalı
idarəetmə psixologiyası" mövzusunu seçən tələbə
Bəhruz (Mikayıl Kərimov) müdafiəyə
yaxşı hazırlaşmaq üçün tikiş
fabrikində direktor katibi vəzifəsinə düzəlir.
Fabrikin direktoru gənc, gözəl Şövkətlə
(Nataliya Tağıyeva) tanışlığı başlayan
gündən Bəhruzla onun arasında işgüzar
münaqişə də başlayır. Film
boyu biz bu ikisinin çəkişmələrini, mübahisələrini
izləyirik. Ancaq, eyni zamanda onların
arasında təmiz, gözəl duyğular da əmələ
gəlib, Bəhruz Şövkətə vurulub. Şövkətin əvvəlcə tərəddüdləri
olsa da, sonradan o da duyğularını sərbəst
buraxır, onların qarşısını ala bilmir.
İşdə, sosial həyatda üst-üstə düşməyən fikirləri,
mübahisələri, cütlüyün sevgi münasibətlərinə
pis yandan təsir eləyə bilmir. Bəhruz səbri, səmimiyyəti,
doğruluğu sayəsində Şövkətin
gözünü açmağa nail olur, Şövkət də
fabrikin işinin düzgün qurulmadığını,
işdə yol verdiyi səhvləri başa düşür.
Bərabər olduğunuz adamla bəzi fikirləriniz üst-üstə
düşməyə bilər. Hər hansı mövzuda fərqli
düşünə, ayrı-ayrı fikirlərdə ola bilərsiniz. Əgər
öz həqiqətinizə bütün qəlbinizlə
inanırsınızsa, səbr edin, ədalət bərqərar
olacaqdır.
"Onun bəlalı
sevgisi" filmi insanda
ədalət duyğusunun nə qədər vacib olduğunu
önə çəkir. Əgər tərəflərdən
birində ədalət hissi qətiyyən yoxdursa, o münasibət
məhv olmağa məhkumdur. Aranızda nə
mübahisələr baş verir versin, ikinizdə də ədalət
duyğusu olduğu müddətdə siz bütün
mübahisələrin, münaqişələrin öhdəsindən
müvəffəqiyyətlə gələcəksiniz. Ədalət özü sizi barışdıracaq.
Yetər ki, onu görən gözləriniz olsun!
"Onun bəlalı sevgisi" filmi bizə bu mesajı
verir: Həyatınıza
dost, sirdaş, sevgili kimi aldığınız
istənilən insanda
ən başlıcası
ədalət hissini sorğulayın. Ədalət
hissi olmayan insandan isə uzaq durun!
Sevinc ELSEVƏR
Ədəbiyyat qəzeti.- 2021.- 3
aprel.- S.32.