Qədim türklərin tanrılar və
dünya modeli barədə təsəvvürləri
Hər
bir xalqın tarixi əfsanələrdən və onun
tapındığı inanc sistemindən başlayır. Biz
Şumer, Misir, Qədim yunan, Çin, Hindistan kimi
sivilizasiyaların tarixini və mifologiyasını
yaxşı bilirik. Bunları orta məktəb dərsliklərində,
müxtəlif kitablarda oxumuşuq. İslam və xristian
mifologiyası da bizim məişətimizin ayrılmaz hissəsidir.
Əksər türk xalqları kimi, azərbaycanlılar da
öz inanc sisteminə görə İslam dünyasına mənsubdur.
İslamdan öncə Azərbaycan ərazisində zərdüştilik
və xristianlıq kimi dinlər mövcud olub. Lakin bu dinlərin
uzun əsrlik mövcudluğu, xalqın genetik yaddaşına
hopmuş əski türk inancının -
tanrıçılığın izlərini hələ də
tamamilə silə bilməmişdir.
Tanrıçılığın izlərini bu və ya digər
formada bütün türk xalqlarında müşahidə etmək
mümkündür. Dağa, ağaca, suya inam, məişətdə
bu gün də istifadə edilən rituallar bu gün də
yaşayır, amma bu inam xalqın təfəkküründə
İslam libasına bürünüb, yəni ayrı
inancların zamanı gəlib, ayrı tapınaqlar dəbdədir
indi. Lakin genetik yaddaş qəribə şeydir, günlərin bir günü unudulan
tarix oradan baş qaldırır. Doğrusu, türklər
öz göy tanrılarını həmişə
xatırlamışlar, müsəlman türklər bu günə
qədər yaradıcıya Allahla bərabər Tanrı deyə
müraciət edirlər.
Tanrıçılıq
türklərin qədim dinidir və onun yaranma tarixi cox-cox qədimlərə
uzanır. Onun harada yarandığı da bəlli deyil.
Avrasiyanın geniş ərazilərində köçəri
həyat tərzi sürən tayfaların və xalqların əksəriyyətinin
mədəniyyətində Göy Tanrı inancının izlərini
tapmaq mümkündür. Amma bu inanc sistemindəki təkallahlılıq
elementləri onun Yaxın Şərq mənşəli olduğunu söyləməyə əsas
verə bilər.
Qədim
Türklər savaşçı və təşəbbüskar
insanlar idi. Onların cahangirlik iddiaları min illərlə
tapındıqları Göy Tanrı inancından gəlirdi. Tək
Tanrı bütün dünyaların hökmdarı olduğu
kimi, onun göndərdiyi kağan da yer üzünün tək
hökmdarı olmalı idi. Bu amal uğrunda savaşan
türklərin həyatı elə amansız
döyüşlərdə keçirdi ki, bəzən
böyük çayların rəngi də qan
qırmızısı olurdu. Bu döyüşlərdə o
qədər çox oxlar atılırdı ki, göy
üzü, sanki qartal lələkləri ilə
örtülürdü.
Amma
onların həyatı yalnız savaşlardan ibarət deyildi,
onlar şəhərlər salır, mədəniyyətlər
yaradırdılar. Yer üzündə var olmuş hansı
böyük mədəniyyəti eşələyirlər,
oradan türk izi çıxır. Şumer, Misir, etrusk...
saymaqla qurtaran deyil. Göy Tanrı inancının sonuncu təntənəsi
Çingiz xan tümenləriylə birgə az qala
dünyanın yarısına yayıldı və sonda daha gənc
və mütərəqqi dinlərin içində əridi.
Xüsusən İslam və tanrıçılıq
arasında ümumi cəhətlər çox idi və din
onların fütuhhat iddialarına daha çox cavab verirdi.
İslam türklərin milli kimliklərini saxlamasında da
mühüm rol oynadı. Digər dinləri qəbul etmiş
türklərin əksəriyyəti assimilyasiyaya uğradı
və milli kimliyini unutdu. Buna baxmayaraq onlar öz qədim inanc
sistemlərini qəbul etdikləri dinlərə daxil edə
bildilər. Bu gün katoliklərin də, pravoslavların da,
qriqoryan kilsəsi tərəfdarlarının da ayinlərində
çoxsaylı tanrıçı elementləri var.
Yeni
dinlər özüylə yeni təsəvvürlər gətirirdi
və zaman-zaman türklərin dünya təsəvvürü
də dəyişirdi. Vaxt ötdükcə onlar özlərinin
möhtəşəm keçmişini unutmağa
başladılar. Qədim əsatirlər və əfsanələr
unuduldu. Onların yerini yeni dinlərin gətirdiyi miflər
tutdu. Biz həmin unudulan mifləri xatırlamağa, görkəmli
fransız tədqiqatçısı Jan Pol Runun "tenqrizm" adlandırdığı
dünya qədər qədim və möhtəşəm o
inanc sisteminin mahiyyətini anlamağa
çalışırıq. Bu
posesdə əsas cətinlik törədən cəhət
odur ki, qədim türklərin
inanc sistemi, tanrı panteonu və mifologiyası barədə
yazılı mənbələr çox azdır. Biz bu barədə
məlumatları əsasən daş abidələrdəki
yazılardan və qismən də Çin mənbələrindən
alırıq. Həmin mətnlər qədim türk
mifologiyası və inanc sistemi barədə tam təsəvvür
yaratmasa da, elm adamları onlardan çıxış edərək
həmin dövrün mifik təfəkkürünün
ümumi obrazını rekonstruksiya etməyə
çalışmışlar. Biz də məlum yazılı
mətnlərdən çıxış edərək, qədim
türklərin tanrılar və dünyanın modeli barədə
təsəvvürlərini günümüzün
açısından canlandırmağa
çalışacağıq.
Orxon
abidələrindəki mətnlərdə türklərin
tapındığı yalnız üç tanrıçanın
adı çəkilir - Tenqri, Umay, İduk Yer-Sub.
Aldığımız məlumatlarda, onlar arasında Tenqrinin
daha yüksək mərtəbə tutması və
funksiyalarının univesallığı qabarıq sezilir.
Ancaq bir çox tədqiqatçılar qədim türklərin
inanc sisteminin bir neçə qədim qatlardan oluşduğunu
qeyd edirlər. Q.Derferin fikrincə, "qədim türk dini
üç qata bölünə bilər: totemist, şamanist və
sit venia verbo, tenqriçi".
(D¸rfer, II, 580).
Orxon
abidələrində adları çəkilən
tanrıçaların spesifik funksiyaları və hakimiyyət
pillələri barədə birbaşa məlumat verilmir. Qədim
türk tanrı panteonunu bərpa etməyə
çalışan İ.Stebleva onu türklərin
üçqatlı dünya təsəvvürlərinə
(üst, orta, alt dünya) uyğunlaşdıraraq "səviyyələrə"
ayırır. (İ.Stebleva. K rekonstruküii. s.213-217). Burada
yüksək səviyyə Tenqriyə, ikinci səviyyə
Umaya, üçüncü səviyyə Yer-Suba,
dördüncü səviyyə əcdad kultuna aid edilir.
Panteonun başında isə Tenqri yerləşir.
Tanrıçaları, canlıları və ruhları öz
içində birləşdirən üçqatlı
dünya təsəvvürü üfüqi (horizontal) və
şaquli (vertikal) aləmləri öz içinə alır və
çox qədimlərə aid edilir. Bir çox türk
xalqlarının inanc sistemində (yakut, tuva) yaşayan bu təsəvvürə
biz Etruskların inanc sistemində də rast gəlirik.
Qədim türk panteonunda baş tanrı Tenqridir. Üst
dünyanın tanrıçası Tenqri digər
tanrıçalarla birgə dünyada baş verən
bütün hadisələrə hökm edir, insanların
taleyini müəyyənləşdirir. Amma
Tenqri həyatın müddətini (qədəri) müəyyənləşdirsə
də (KTb, G.Kloson. Notes, s.21); "kişi
oğullarının" doğuluşunu Umay,
ölümünü isə Erkliq tənzim edir. Xalqlara xaqan və xaqanlara müdriklik verən də
Tenqridir.
Artım ilahəsi Umay yeni doğulanların hamisidir. VII əsrdə
xristian Albaniyasının yepiskopu İsrael Qərbi türklərdə
olan "Afrodita kahinələrindən" söhbət
açarkən yəqin ki, Umayı nəzərdə tutur.
(İstoriə aqvan Moiseə Kaqankatvaüi.
SPb. 1861). X əsr Uyğur mətnlərində
o "edgiiliig Uma-qatun"-"şəfqətli Uma-xatun"
kimi təqdim olunur və türk-buddist panteonuna daxil edilir.
Umay Tenqri ilə birgə
döyüşçülərin hamisidir. Əgər
türk xaqanı Tenqriyə bənzərdisə (teqriken), onun
xatunu Umay sayaqdır: "Umajteg ogim qatun" - "Xatun anam
Umay sayaqdlr". Buradan xaqan-xatun
cütlüyünün Tenqri-Umay cütlüyü ilə
eyniləşdirən bir təsəvvürün
mövcudluğunu ehtimal etmək olar. Kudırqanda
daş sütun üzərində həkk edilmiş bir rəsmdə
əsgərlər nəhəng və yavuz bir sifətə
(Tenqrixan), üçbuynuzlu baş geyimi olan qadına (Umay) və
daha bir nəfərə (Yer-Sub - maraqlıdır ki, burada təsvir
olanan üçüncü personaj uşaqdır. Yerdəki yarıqdan-mağaradan çıxaraq
etrusklara dini bilgilər verən tanrıça Taq da uşaq
görkəmində idi) təzim edirlər.
Orta dünyanın hakimi "yduq Yer-Sub" dur. Orxon
yazılarında bu tanrıçanın adı heç yerdə
ayrıca çəkilmir, o ya Tenqri və Umayla, ya da Tenqri ilə
bir yerdə türklərə hamilik edir və
suçluları cəzalandırır. Yenisey
yazılarında epitafiyanın Alt dünyaya yollanan qəhrəmanı
ayrıldığı üst dünyanın
atributları Günəş, Ayla birgə, Orta dünyadan,
"jerim subym"da doymadan getdiyini bildirir. (S.Malov.
Eniseyskie pisğmennosti MEPT, ¹ 11, s.31; ¹ 45, s.81). Bir çox müəlliflərin məlumatına
görə, türklər Yer tanrıçasına xüsusi
ehtiram göstərirdilər. Məsələn,
bizanslı Feofil Simokatta yazır ki, "türklər
torpağa himnlər oxuyur".
(Feofilakt
Simokatta. İstoriə, s.161). M.Kaqankatvatsi "torpağa alqış deyən",
"torpağa və suya qurbanlar verən" Xəzər
cadugarlarını zikr edir. Çin mənbələrində
VI əsrdə türklərin tapındığı dağ
"Yerin tanrısı" adlandırılır. (Liu
Mau-tsai. Die chinesischen Nachrichten, Bd l, c.10). Bunu tanrının
yaşadığı məkan kimi də ifadə etmək
olar. Dağ zirvələri kultu qədim
türklərin Yer-Sub inancının bir hissəsiydi.
Orxon abidələrində Üst və Orta dünya barədə
müəyyən məlumat tapmaq mümkün olsa da,
"üçqatlı dünya" konsepsiyasına uyğun
olaraq, Alt dünya barədə heç bir məlumat verilmir. Amma biz digər
qədim türk mətnlərindən alt dünyanın hakimi,
tanrıça Erkliq barədə məlumatlar əldə edə
bilirik. (Bu gün şamanist Sibir
xalqları Erkliqi monqol deyimində, Erliq-xan kimi ifadə edirlər.
(Kloson, 224).
Türk yazılı mətnlərində Erkliqin adı
və funksiyaları hələlik əldə olan ən qədim
məlumat Altın-göl abidəsinin səkkizinci sətrində
verilir. Bu mətn qırğız xaqanı Inançu Alp
Bilgəyə yazılmış epitafiyadır (Bars-beqa, sr.
KTb, 20) və yazılma tarixi də dəqiqdir - b.e.-nın
711-712-ci illəri. Mətn tanınmış sovet
türkoloqu S. Klyaştornı tərəfindən oxunub:
"Biz dörd nəfər sanlı idik, Erkliq bizi
ayırdı. Əfsus!". (S.Q.Kləştornıy. Stelı Zolotoqo ozera. -
Turcologica. K semidesətiletiö akad. A.N.Kononova. L., 1976, s.261-264.). Bu mətndə
Erkliqdən başqa, Bürt adlı ölüm mələyinin
də adı keçir.
Erkliq barədə
daha bir yazılı məlumata biz 930-cu ildə maniçi
uyğurlar tərəfindən türk əlifbası (run) ilə
yazılmış "Irk bitik" - "Fal kitabında rast gəlirik.
(W.Bang, A. v. Gabain. Türkische Turfan-Texte. I,
s.242-243). "Bitik"də Erkliqin adı
üç yerdə (XII, LV, LXV məsəllər) çəkilir.
Birinci mətn:
(XII) (e)q:
(a)bqa: b(a)rmy§: ta-yda; q(a)ml(a)mys46 t(e)gride: (e)rkl(i)g: tir: anca:
bilipl(e)r: j(a)b(y)z: ol.
Tərcüməsi:
"Ər ova varmış. Dağda
qamlamış. Teqridə (göydə)
Erkliqdir der (hakim). Bilin - bu
günahdır". (transkripsiyası Klyaştornı, tərcüməsi
Elxan Zal)...)
Burada maraqlı cəhət, maniçi kahinin suç
sandığı tanrıçı türk təfəkkürü
Erkliqi göydə (tenqridə) təsəvvür etməsidir.
İkinci
mətn:
(a)lp:
(e)r: oyly: su"ke: b(a)rmys: su: jirinte: (e)rklig: s(a)bcy; tor(e)tmis:
tir: (e)bin"(e)ru: k(e)ls(e)r: o"zi: at(a)nmys":
o"gr(u")ncu"lu"g: (a)ty: jetiglig: k(e)lir: tir: (a)nca:
bilin"l(e)ri (a)nyy": (e)dgi":
Tərcüməsi:
Alp ər oğlu savaşa getmiş. Savaş
yerində Erkliq (ona) mərhəmət göstərmiş.
Deyir: evinə gələndə özü
addımlamış. Oğrunçuluq (məşhur
olmayan) adı yetkinləşib gəlir. Bilin: bu çox
yaxşıdır.
Çox maraqlıdır ki, Alt dünya hökmdarı,
ruhlar üçün yerikləyən Erkliq
savaşçılara himayədarlıq edir, mərhəmət
göstərir.
LXV:
(a)nc(i)p:
(a)lqu: k(e)ntii: u"lu"gi: (e)rklig: ol:
V.Tomsen bunu belə tərcümə edib. "Hər kəs
öz taleyinin sahibidir". V.Orxun,
İ.Stebleva, C.Klosonun tərcümələri də
Tomseninkindən cüzi fərqlənir. (s.625,
statğə iiliig). S.Malovun tərcüməsi: "Hər
kəsin belə əzəmətli fərqlənən taleyi
var! (S.Malov. Pamətniki drevnetörkskoy
pisğmennosti. MPDP, s.91). Bu tərcümələrdə hörmətli
türkoloqlarda çaşqınlıq yaradan "ulug" və
"erkliq" sözləridir. "Uluq"
xoşbəxtlik kimi, "erkliq" isə sahib, əzəmətli
kimi anlaşılmışdır. Biz
Klyaştornının tərcüməsini orijinala daha
yaxın hesab edirik. "Hər kəsin və
hamının qədəri Erkliqdədir. (Erkliqin
əlindədir). Bunu daha dəqiqləşdirsək belə
ifadə etmək olar: "Hər kəs öz uluğunu
(uğurunu) Erliqdən alır.
Mətnlərdən gördüyümüz kimi, Erkliq
heç də Yeraltı dünyanın amansız və qorxunc
tanrıçası kimi təsəvvür edilmirmiş. O, can almaqla bərabər,
göydə də (tenqridə) təsəvvür edilir,
savaşda uğur verir, qədər müəyyənləşdirir.
Qənirə
Paşayeva
Elxan Zal
Ədəbiyyat qəzeti.- 2021.- 3 aprel.- S.28.