Nəsrdə ritm
Zaman və məkanda
yerdəyişmə
1
Poeziya, ədəbiyyat... təbiətin ölü,
cansız halından dirçəlib canlandığı məqamı
tutmaq üçün əlləşir və həmişə
ilk misra və sətirlərdə ağacların yarpaqları
arasından quş civiltisinin eşidilməsini, bayaqdan
tutulmuş havanın quşların səsiylə
oyanmasını qeydə alır. Ona görə bu ilk misra və ilk sətir
səndən bütün gücünü istəyir...
Amma bəzən
elə olur ki, içinə dolmuş, səni yazmağa,
anlamağa, hiss etməyə sürükləyən nəsnə
(aşağıda bəhs edəcəyimiz hekayələrin
birində belə bir ştrix var: qız istəyir ahıl
kişinin üzündəki göz yaşlarını silsin,
amma ürək eləmir, çünki onlar o üzə
çox yaraşırdı...) içindən qopan enerjinin
ağrısını, iztirab və əzabını sənə
hiss etdirmir.
Tədqiqatların birində yazılır ki, nəsrdə
intonasiya ilə ritmi bir-birinə qarışdırmaq olmaz,
onlar fərqli anlayışlardır. Müəllifin və
personajların nitqi ritmik baxımdan deyil, intonasiya etibarilə
fərqlənirlər. Nəsri poeziyaya
yaxınlaşdıran təkcə ritm deyil, həm də
metaforadır. Bu metafora zaman və məkanda
yerdəyişmələri bir kontekstdə birləşdirib
inteqrallaşdırır.
2
Bu məsələni araşdırmaq üçün
müxtəlif nəsr mətnlərinə müraciət etmək
olar. Seymur Baycanın "Zamanın nəhayətsiz zənciri"
hekayəsini götürək. Personajlar: qoca, ahıl kişi və gənc qız. Elə ilk cümlədən
hadisələrin inkişaf stixiyası, yayın
dartılıb gərilməsi hiss edilir, daha doğrusu, hərəkətin
özündən savayı, onun harda, hansı nöqtədə
qırılmaq ehtimalının olması, harda böyük bir
boşluğun yaranacağı məsələsi maraq
doğurur və bu maraq ritm (hərəkətin zaman və məkanda
yerdəyişməsi) yayının əzab içində
qıvrılan bütün enerjisini ötürə bilirmi?
Hekayənin ilk cümləsinə diqqət yetirək: Qatar
işıqları yanan birmərtəbəli kiçik
stansiyada dayanmadan sovuşdu. Nərgiz
stansiyanın adını da oxuya bilmədi. İlk dəfə oxuyanda sənə elə gələ
bilər ki, qız həqiqətdə birmərtəbəli
stansiya binasının işıqları yanmadığı
üçün onun adını oxuya bilməyib. Ancaq məhz
binanın işıqları yanırdı deyə, - həm də
sürət məsələsinə görə qız
stansiyanın adını oxumağa macal tapmayıb; səbəb
bu da ola bilərdi: qızın fikri
dağınıq idi, evdən qaçıb, gözlərini
yuman kimi anasının dəhşətdən əyilən
sifətini görür və barmağına tikan
batmış kimi diksinir... Belə olduğu üçün, qatar ən aşağı sürətlə
getsəydi belə, həmin ad şübhəsiz ki,
oxunmayacaqdı. Bu fraqmentdə "dayanmadan
sovuşdu" ifadəsini yadda saxlayaq. Ritm
məsələsinə görə. "Sovuşmaq"
feilinin semantikası bütün mətn boyu, bütün hərəkət
və hərəkətsizliyin, qızın
yarımçıq gördüyü yuxuyla gerçəklik
arasında qıvrılan obrazların üzərində astaca
iz buraxır, yəni həm də sən, oxucu bu iş bitəndən
sonra o izləri hiss edə bilirsən, hadisəni, əşyanı,
insanı... yox, onu xatırladan hansısa obrazı bu izlərdən
tanıya bilərsən. Hekayənin bu qəribə
aurası fərqli intibalar doğurur. Dünya fanidir,
hamı, hər şey ölüb, əriyib,
çürüyüb gedəcək, bu sadalanan nəsnələr
arasında belə baxanda, yəni dünya boyda səs-küyün
içində bir əlaqə-filan da yoxdu, amma dərk eləyəndə
ki, bu sakit, qəribə səslərdən, qoxu və
qorxulardan hörülmüş bu gecə zamanın nəhayətsizliyində
sadəcə bir həlqədər, xoşbəxt olursan, yuxu gəlir,
dünya, cahan beşik kimi yırğalanır. Təhkiyənin
ritmi hardadır, onu - yəni bu vacib kompozisiya elementini necə
hiss edirik. Diqqət edin, bir fraqmentdə
qız ahıl kişiyə hekayəsini danışır, evdən
qaçdığını anladır və axmaq
olub-olmadığını soruşur (şübhəsiz ki, hərəkətinin-!),
qoca cavabına uzaqdan başlayır. Nisbiliklə...
Aşağıdakı pasajda haqqında
danışdığımız, ritmi oluşduran birinci
metafora üzə çıxır: "Qulaq asın, icazənizlə
sualınıza cavab vermək istəyirəm. Axmaqlıq
nisbi anlayışdır. Son vaxtlar adamlar
nisbi anlayış sözünü tez-tez işlədirlər.
Xoşbəxtlik nisbi anlayışdır, bədbəxtlik
nisbi anlayışdır, gözəllik nisbi
anlayışdır... Şəxsən mən
bu sözləri son vaxtlar müxtəlif adamların dilindən
tez-tez eşidirəm. Əlbəttə, nisbilik sərhədsiz,
həddi-hüdudu olmayan böyük bir boşluqdur, amma bu o
demək deyil ki, kim nəyi istəsə
götürüb bu boşluğun içinə tullaya bilər.
Yəni şəxsən mən adamların yeri
gəldi-gəlmədi nisbilik sözündən istifadə etmələrinin
əleyhinəyəm". Əvvəl də
yazdığımız kimi, Seymurun yolu bu boşluqları
görə bildiyi üçün orijinaldır. Sonra qızı çaşdıran Bethoven söhbəti.
Nə əlaqə? Nisbilik
ucu-bucağı, həddi-hüdudu olmayan bir boşluqdur, nə
atsan gedər görünməz yerlərə, nə
olduğunu da bilməzsən. Ancaq
qocanın fikrincə, hər bir sonsuzluq adlanan yerin də bir
ölçüsü olmalıdır. Elə
bir məqam mütləq var ki, orda mütləq dəyər
yer alır, o məqamda "nisbətən" söhbəti
keçmir. Nisbilik öləri, fani
şeylərə, varlıqlara aid edilir. Bu
boşluq və nəhayətsizlik mətndəki zamanın
hüdudsuzluğu ilə hekayənin öz diliylə desək,
nisbi paraleldir, əslində isə əks şeylərdir.
Söhbət birincini dəf edən, ancaq həm də onunla
bir sırada durmağa məhkum edilmiş ikinci metafora gəlir,
təhkiyədə inteqral məsələsi məhz bu yerdə
meydana gəlir (bu məqam adi vəziyyətdə insanların
bir-birlərinə deyə bilmədiklərin sözlərin
asan, ürək xoşluğuyla deyilməsiylə əlamətdardır):
"- İtlər hürür. Eşidirsiniz?
-
Eşidirəm.
- Sifətlərini
görməsək də, səslərini eşidirik.
Zamanın nəhayətsiz zənciri...
- Sizdə
belə hallar olur?
- Necə?
- Bir hadisə
sizə tamam başqa dövrdə baş vermiş hadisəni xatırladırmı?
- Bir-iki dəfə
olub.
- Əgər sirr deyilsə, necə olub?
- Hmmmm... Bir dəfə gözəllik salonunda
saçımı kəsdirəndə neçə oldusa birdən-birə
Janna Darkı xatırladım. Xahiş edirəm
sözlərimə gülməyin.
- Yox, yox
siz nə danışırsınız. Belə şeylərə
necə gülmək olar...
- Başqa vaxtı mən heç vaxt bu sözü deyə
bilməzdim".
Bu
kontekstdə mahiyyətcə əks olan nəsnələr
paralel və "sinonim" kimi göstərilir, biri bədbəxtlik,
o biri xoşbəxtlik, bir gecə, o biri gündüz kimi, ancaq
...
Ritm həm
də daxili hərəkətin burulma, özündən
qaçma anını da bildirir və məhz bu məqamlarda
özünü hiss etdirir: Qoca kişi
qıza sual verir: heç olubmu bir hadisə sizə tamam
başqa dövrdə baş vermiş hadisəni
xatırlatsın? Qız cavabında deyir ki,
gözəllik salonunda bir gün saçımı kəsdirəndə
Janna Darkı görmüş kimi oldum. Kişi də
eyni tərkibli başqa hadisəni nəql edir: Bu gün səhər
yuyunduğum zaman məni bərk öskürək tutdu,
ağzımdan qan gəldi. Ovcumdakı qan damcılarına
baxdım və öz-özümə dedim; Demək belə, nəhayət!
Axır ki, başlandı! Bu, doğrudanmı həqiqətdir?
Bu indiyə qədər özümə verdiyim
sualların arasında ən çətini idi. Sizə qəribə gələ bilər, həmin
anda mən Leninqrad blokadasında acından ölən
adamları xatırladım. Soruşsanız
bəs niyə belə oldu, heç bir cavab verə bilməyəcəm.
Mən heç nə başa düşmürəm.
Bu, tam bir səadət idi. Elə
səadət ki, bu barədə dərindən
düşünmək özü belə təhlükəli
idi. Bunlar şübhəsiz ki, izahsız
şeylərdi, həm də hekayə bitən kimi o gecənin,
o qızla ahıl kişinin bir kupedə olduqlarını, dəhlizə
çıxıb qəribə söhbət etdiklərini
unudur və buna inanmırsan. Ancaq məhz həmin anda səadət
(xoşbəxtlik yox-!) deyilən nəsnəyə toxunmuş
kimi olursan...
Seymurun
"Qəbiristanlıqda" hekayəsinin ritmi isə "irəliləmək"
feilində ehtiva olunur, yəni bu cümlədə: "O,
ağlaya-ağlaya xırda, lakin iti addımlarla avtobus
dayanacağına tərəf getdi". Bu
cümləyə bir hekayənin əvvəlində, bir də
sonunda rastlanırıq. Bu cümlə, bu
ritm vahidi mətndə gəzib-dolaşan hərəkətin, əlbəttə,
təhkiyədə ifadə olunan dinamikanın bütün əsas
mənasını göstərə bilir. Bu xırda,
amma iti addımlar bir tərəfdən məlum situasiyada qəbahət
iş tutmuş, yaxud tutduğunu düşünən bir
qızın ruhunda ona əzab verən fikirlərin zəncirini
göstərirsə (həm də ifadəyə fikir verin:
Göz yaşları Əminənin gözünün
qabağını örtdü. Qız başını əyib
iştahla ağladı... Başqa bir cümlə:
Özünü qaydaya salmaq üçün ona çox az vaxt lazım oldu. Bu arada həm
də bir neçə təbəssüm növünü
sınaqdan keçirdi. Üstünə ətir çilədi...),
digər tərəfdən, içində əbədi yer
tutmuş saflığını ifadə edir, təbəssümlə
əlaqədar ifadələrin tərs üzü peyda olur: bu
dəm, yəni Bəhramın arvadı onu küncə
sıxışdıranda bilmədi neyləsin, ayaqları taqətdən
düşdü, az qaldı yuvalarına
azuqə daşıyan qarışqaların üstünə
aşsın...
Hekayənin
təhkiyə, kompozisiya təşkilində belə bir cəhət
var: qəhrəmanın daxili düşüncələri,
içində özü ilə həsb-hal etməsi, bazardan
gül alıb (həm də xoşlanmasa da, gözü iri və
bahalı gül dəstəsində qalsa da) qəbiristanlığa
üz tutduğu andan, ta Bəhramın qəbrinin üstünə
gül dəstəsini qoyana qədər, elə ondan da sonra
özünü təcrid edir, ağlayır, bir də kənarda
onu izləyən qadın var (ağbənizli, iri qara
gözlü... ağ bənizi gözlərini, qara gözləri
isə üzünün ağlığını daha
qabarıq nəzərə çarpdırırdı, yəni
daha gözəl...), ərinin qəbrinin üstünə
gül qoyub ağlayan qadına yaxınlaşmır, yəni nə
qədər hirsli olsa da, bu sükutu, bu müqəddəs mərasimi
pozmağa ürək eləmir, müəllifsə ara-sıra
(yenə qəbiristanlığa gedən baş) "mənasız",
ilk baxışdan hadisəyə dəxli olmayan, ümumiyyətlə,
heç nəylə ilgisi olmayan, sadəcə axıb gedən
şeylərə ricətlər edir, ancaq bu müdaxilələr
bir məqamda bir yerə yığılaraq hekayənin
ümumi "dağınıq" kompozisiyasının
bütövləşməsinə şərait yaradır və
bu məqamda qəbiristanlıqda cavan yaşda həyata vida
etmiş qızının qəbrinin dəmir çəpərinə
sarı rəng çəkən kişi, bir də səs
çıxarmadan ağlayan xanımı fokusa gəlir, qəbiristanlıqda
hamı səssizdir, sarı rəng həyata keçməmiş
ümidlərin rəngidir...
"Puqaçov üsyanı" hekayəsi
Seymurun qısa hekayələrindəndir. Hekayədə
yeniyetməliyini təzəcə atlamış, hərbi məktəbə
daxil olmuş bir uşağın darıxmağından, rus
dilini bilmədiyi üçün gecələr az yatıb dərsi
əzbərləməsindən, müəllimlərin bu zəhmətin
qarşısında məcbur olub ona qiymət yazmasından və
nəhayət, sinifdə qəfil hönkürməsindən
bəhs edilir. Atası təzəcə rəhmətə
getmiş, hərbi məktəbin atmosferinə heç cürə
uyğunlaşa bilməyən uşaq pəncərənin
ağzında oturub o günün yağışlı
havasında şəhərə üz tutan avtobuslara baxır
və olmazın qəhərlənir. Hekayənin ilk
cümləsi (...Yaddaşım hər zaman, hər yerdə
adamlarda heyrət doğurub...) təkcə əzbərləməklə,
avtobus nömrələrini dəqiqliklə yadda saxlamaqla
bağlı deyildir, bu yaddaş zolağı unutmamaqla
unutqanlığın arasından keçir, ekvator xətti
kimi. Mətndə yadasalmalarla indi, bu an baş
verən hadisələr arasında nazik, şəffaf bir pərdə
var, o pərdə həm də hərbi məktəbdə
darıxan, ümumən həyatda darıxmağın
öldürdüyü adamların içindədir, bu mənada
hekayənin kompozisiyası müqayisə-refrenlər əsasında
yaradılır. Tarix müəlliməsi
uşağın hönkürtüsünü eşidib
yaxınlaşır, onun saçlarını oxşayır və
bir cümlə deyir: ona görəmi? İllər keçsə
də, uşaq hər şeyi unutsa da, bu cümləni unutmur,
müəllimin toppuş əllərinin istisini məbəd
sakitliyi kimi hiss edir. Hiss edilən şeysə
canlıdır və həyatdır. Və məsələ həm
də adamın içində qopan Puqaçov
üsyanındadır.
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 3 aprel.- S.26.