Elmi təfəkkürün imkanları,
bədii mətnin həqiqətləri
Təyyar Salamoğlu - 60
"Təyyar Salamoğlu" imzası elmi və ədəbi
ictimaiyyətə yaxşı tanışdır. Bunun əsas səbəbi
odur ki, onun yazılarında həmişə bir gözlənilməzlik, məsələlərə
qeyri-adi yanaşma olur. Tədqiqat obyekti kimi
seçdiyi problemlə bağlı əsaslı sözü
yoxdursa, Təyyar Salamoğlu yazmır, yazırsa, deməli,
araşdırdığı məsələni fərqli
rakursdan, tamam fərqli elmi-nəzəri və metodoloji
yanaşma əsasında həll edir. Lakin
həqiqət naminə onu da demək lazımdır ki, belə
bir yazı manerası, üslub aydınlığına o birdən-birə
nail olmamışdır.
T.Salamoğlu 80-ci illərdə ədəbiyyatşünaslıq
elminə gəlsə də, onun imzası 2000-ci illərin əvvəllərindən
ədəbi mühitin diqqətini xüsusi şəkildə
cəlb etmişdir. Yeni əsrin ilk onilliyində onun
yaradıcılığı məhsuldar olmuşdur. Əsrin birinci onilliyində o, daha çox roman tədqiqatçısı
kimi tanınmış, xüsusən 80-ci illər romanına
dair konseptual araşdırmalar aparmış,
çağdaş ədəbi prosesi də nəsrin hərəkəti
istiqamətində izləmişdir.
Bu bir həqiqətdir
ki, əsrin ikinci onilliyində Salamoğlunun tədqiqat dairəsi
sovet dövrü Azərbaycan ədəbiyyatının
müxtəlif mərhələlərinə, professional ədəbi
tənqidimizin M.F.Axundzadədən başlayaraq bu günə
qədər keçdiyi yola dair fundamental əsərlərlə
xeyli genişlənmiş və zənginləşmişdir.
Bu onillikdə o,
ondan artıq monoqrafiya, ədəbi-nəzəri və tənqidi
məqalələr toplusu, dərs vəsaitləri çap
etdirmişdir. Ümumiyyətlə, bu onillik Təyyar
Salamoğlu imzasının daha geniş potensiallarını
ortaya qoymaq baxımından, deyərdik ki, çox səmərəli
olmuşdur. 2010-cu illərdə
Salamoğlu ədəbiyyatımızın XIX əsrin sonu, XX
əsrin əvvəllərini əhatə edən çox
mürəkkəb tarixi mərhələsi ilə
bağlı son dərəcə polemik yönümlu, hətta
ədəbi mühitdə sensasiya doğuran elmi-nəzəri
və metodoloji xarakterli ciddi tədqiqatlara imza
atmışdır. 2012-ci ildə nəşr edilən
"Sabirin milli intibah idealı ("İctimai yuxarılar"a
münasibət kontekstində)" məqaləsindən
revanş götürən bu istiqamət az bir zaman kəsiyində
"M.Ə.Sabirin milli intibah idealı" (2015) və "Azərbaycan
tənqidi realizminin estetikası" (2018)
monoqrafiyalarının nəşri ilə nəticələnmişdir.
Artıq elitar elmi ictimaiyyət səviyyəsində
belə, bu əsərlərdə T.Salamoğlunun XX əsr tənqidi
realizminin estetikası, C.Məmmədquluzadə və
M.Ə.Sabir kimi aparıcı nümayəndələrinin
yaradıcılığı haqqında tam yeni bir söz
dediyi qəbul olunmuşdur. "Azərbaycan tənqidi
realizminin estetikası" monoqrafiyasının elmi redaktoru,
akademik İ.Həbibbəylinin "Tənqidi realizmin
estetikasına realist elmi baxış" adlı "ön
söz"ündə oxuyuruq: "Professor Təyyar
Salamoğlu böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin
və görkəmli satirik şair Mirzə Ələkbər
Sabirin simasında tənqidi realizm estetikası və ədəbiyyat
məsələlərini yenidən tədqiq edib, ümumiləşdirilmiş
şəkildə təqdim etmişdir. Bu məqsədlə
hər iki qüdrətli sənətkarın
yaradıcılığı yeni elmi təfəkkür
işığında təhlildən keçirilərək dəyərləndirilmişdir".
T.Salamoğlunun
bu il "XIX əsrin sonu, XX əsrin əvvəlləri
Azərbaycan ədəbiyyatının aktual problemləri"
kitabı (Bakı, "Elm və təhsil", 2021, s.664)
ortaya çıxmışdır. Alim bu əsərində
XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatını
fərqli bir konsepsiya işığında
araşdırır. Kitabı oxuyarkən
qarşımıza tamam fərqli Sabir, Mirzə Cəlil,
Haqverdiyev, Nərimanov, İ.Musabəyov, S.M.Qənizadə,
A.Şaiq, C.Cabbarlı, Ə.Cavad çıxır və bizdə
heç bir şübhə yeri qalmır ki, Salamoğlu
adıcəkilən sənətkarların irsini ənənədən
fərqli şəkildə "oxumağ"ı və dəyərləndirməyi
bacarmışdır.
Görkəmli alimin 60 illik yubileyi günlərində ədəbi-elmi
ictimaiyyətə bu kitabdan bir qədər geniş bəhs etməyi
daha səmərəli hesab edirik.
Bu kitab bir daha sübut edir ki, Təyyar müəllim, hər
şeydən əvvəl, Azərbaycan ədəbiyyatı
tarixinin öyrənilməsndə, elmi ictimaiyyətə
çatdırılmasında, təqdimində yetərincə
boşluqların, yanılmaların, nöqsanlı fikir və
təhlillərin olduğunu duyur və görür.
"Aktual problemlər"də XIX-XX əsrlərin
qovuşağında Azərbaycan ədəbi prosesində
özünü büruzə verən ədəbi cərəyanlar
- tənqidi realizm, maarifçi realizm və romantizmlə
bağlı araşdırmalarla üzləşirik. Bundan əlavə,
T.Salamoğlu cəsarət və cəfakeşliklə öz
tədqiqatçı yükünü bir az
da artıraraq XIX əsrin sonu, XX əsrin əvvəllərindəki
ədəbi tənqidin əsas simalarının
yaradıcılığına nəzər salmağı da
unutmamışdır. Nəticədə mənzərə
dolğunlaşmış, bütövləşmiş və
bir-birini tamamlamışdır. Yəni kitabda
dövrün həm ədəbi cərəyanlarının
mahiyyəti və estetikası, onların aparıcı
simalarının yaradıcılığının əsas məqamları,
məfkurə yükü barədə, həm də o dövr
ədəbi tənqidimizin ümumi mənzərəsi haqqında obyektiv
elmi təhlillərlə qarşılaşırıq.
Salamoğlunun "aktual problem" kimi üzərində
dayandığı nöqtələr çoxdur. Bunların
hamısına bizim toxunmağımıza nə imkan, nə də
lüzum yoxdur. Həmin problemlərlə
tanışlıq üçün ən etibarlı qaynaq elə
kitabın özüdür. Ancaq fikrimizin
sübutu üçün bir-iki fakta (münasibət və təhlilə)
toxunmaq yerinə düşər. Məsələn,
bütün sovet dönəmində Mirzə Cəlilin ədəbiyyatşünaslıqda
daim diqqət və dövriyyədə olan, barələrində
sıx-sıx danışılan Novruzəli və Məmmədhəsən
əmi obrazlarına alimin münasibəti, baxışı ənənəvi
münasibət və baxışlardan tamamilə fərqlənir.
Belə ki, ədəbiyyatşünaslığımızda
ta 20-ci illərdən başlayaraq "qaranlıq
dünya"nın bu zavallı insanlarına, "kiçik
adamlar"ına, daha dəqiqi, yaddaqalan bədii
obraz səviyyəsinə qaldırılmış tiplərinə,
bir qayda olaraq, canlı meyit, çörək yeyən və
danışan, lakin heç bir düşüncəsi,
mühakiməsi, dərrakəsi olmayan alət kimi dəyər
verilmişdir. Guya hər cür şüur,
mühakimə, idrak və götür-qoy etmək qabiliyyətindən
məhrum olan novruzəlilər, məmmədhəsən əmilər
canlı cənazələrdir, cəhalət
dünyasının ictimai robotlarıdırlar.
T.Salamoğlu məsələni konkret qoyur: Bədii mətn
bütün bu xarakteristikaları təsdiq etmir. O yazır:
"İdeoloji resept Novruzəlini ancaq "qaranlıq
dünya" adamı kimi təqdimə imkan verir. Buna görə
də onun ictimai şüurunda dünyanın
"qaranlığı"nı təsdiqləyə biləcək
bütün potensial əlamətlər qabardılır,
"qaranlığı" yarıb keçmənin əlamətləri
kimi qəbul edilə biləcək bütün
düşüncə və hərəkətlər
mümkün qədər "zərərsizləşdirilərək"
təqdim edilir".
Sabir yaradıcılığına baxışda da tədqiqatçının
fikirləri orijinal və təzə görünür. Doğrudur, çağdaş ədəbiyyatşünaslar
içərisində bu baxışı qəbul etməyənlər
(və ya qəbul etmək istəməyənlər), ona
çiyin çəkənlər, dodaq büzənlər də
vardır. Stereotiplərdən kənara
çıxan yeni elmi mövqeyin bu cür
qarşılanması da təbiidir, başa düşüləndir.
Kitabda diqqəti xüsusi olaraq cəlb edən zəruri
bir məsələyə də toxunmaq lazım gəlir. Məlumdur ki,
kommunist ideologiyası ateizmə əsaslanırdı. Dini qəbul etmir, istər dinə, istərsə də
onun xadimlərinə, ruhanilərə düşmən
münasibət bəsləyir, inkarçı mövqedən
yanaşırdı. Belə bir tendensiya, hətta
sosial-ideoloji mühitdə dinlə din xadimini eyniləşdirmək,
onlara eyni prizmadan baxmaq kimi qeyri-obyektiv nəticəyə gətirib
çıxarmışdı. Məsələ
burasındadır ki, belə bir səhv, nimdaş və həqiqətdən
kənar baxış bütünlüklə ədəbiyyatşünaslığı
da öz ağuşuna almışdır. Təyyar
müəllimin həssaslıqla, ayıq təfəkkürlə
diqqət yetirdiyi "aktual problemlər"dən biri də
budur. O, məsələni belə qoyur: XIX-XX əsrlərin
qovuşağında yaşayıb fəaliyyət göstərmiş
çoxlu sayda qələm və istedad sahiblərimiz hansı
ədəbi cərəyana mənsubluğundan asılı
olmayaraq dinə son dərəcə rəğbətlə, məhəbbətlə
yanaşmış, onu vacib etiqad, inanc sistemi, bəşər
övladında müsbət mənəvi-əxlaqi dəyərlər
formalaşdırmağa stimul verən ən vacib vasitə kimi
qiymətləndirmişlər. Onlar mürtəce,
mühafizəkar, mənfəətpərəst din xadimlərini
sıx-sıx, ardıcıl və kəskin şəkildə
tənqid etmişlər. Deməli, bir
sıra din xadimlərinin çirkin əməllərini,
onların törətdikləri fəsadları dinin
ayağına yazmaq ciddi yanlışlıqdır. Sovet ideoloji konsepsiyasına, onun ateist fəlsəfəsinə
sərf etdiyindən siyasi rejim bu qüsurlu və həqiqətdən
uzaq yükü ədəbiyyatşünaslığın da
boynuna qoya bildi.
Kitabın II fəsli maarifçi realizm ədəbi cərəyanının
nümayəndələrinə həsr olunmuşdur. Bu fəsildə
Ə.Haqverdiyev, N.Nərimanov və İ.Musabəyov, S.M.Qənizadə
kimi sənətkarların yaradıcılığında
üzləşdiyimiz və maarifçi-realizmin
estetikasına, ölçülərinə, tələblərinə
uyğun gələn, lakin uzun illər boyunca fərqli,
yayğın, qeyri-qənaətbəxş baxışlarla
şərh olunan bir sıra "aktual problemlər" nəzərdən
keçirilir. Həmin problemlərin çoxunun
indiyə qədərki şərhi müasir tələblər
baxımından, daha doğrusu, həqiqət baxımından
mübahisə doğurur və yeni baxışa, yeni
münasibətə ehtiyac vardır. Təyyar
müəllimin mülahizələrində mübahisəli cəhətlərin
varlığı işin ancaq uğurlu məziyyətlərindən
sayıla bilər. Çünki həqiqət
yalnız bu mübahisələrin gedişində üzə
çıxa bilər. Filoloq alim bu məqamda müstəqillik
dövrü ədəbiyyatşünaslığımızın
bu yöndə qarşısında duran vəzifəni də
xatırladır və haqlı olaraq yazır: "Müstəqillik
dövrünün ədəbiyyatşünaslığının
qarşısında duran vəzifə əsərdə dini
dünyagörüşünün bədii ifadəsinə
göz yummaq deyil, yaxud ateist mövqedən verilmiş şərhləri
bir qədər də "tündləşdirmək, qəlizləşdirmək"
deyil, bədii mətnə istinadla və bu gün müstəqilliyin
bizə verdiyi imkanla yazıçı
dünyagörüşünü bədii həqiqətə
uyğun şəkildə şərh etmək, mövzunun
ideya-estetik ifadəsində dini
dünyagörüşünün yerini bərpa etməkdir".
Bu nöqteyi-nəzərdən alim
"uçurum dərələr" probleminə də
aydınlıq gətirməyi zəruri hesab edir. Deyilən məsləyə tədqiqatçı N.Nərimanovun
"Bahadır və Sona" romanını analiz edərkən
toxunur. T.Salamoğlu
araşdırmasında "uçurum dərələr"
probleminə "Uçurum dərələr hansı dərələrdir?"
sualı kontekstində cavab axtarmışdır. Onun bu kontekstdə yürütdüyü mülahizələr,
söylədiyi fikirlər orijinallığı ilə diqqəti
cəlb edir.
Kitabda Azərbaycan romantizminin bəzi nümayəndələrinin
yaradıcılıq irsinin müəyyən məqamları,
bədii nümunələri üzərində
araşdırma aparılır, Azərbaycan romantizminin bir
sıra "aktual problemləri" nəzərdən
keçirilir.
Burada tədqiqatçı, əsasən,
A.Şaiqin "Həpimiz bir günəşin zərrəsiyiz"
şeiri, C.Cabbarlının dramaturgiyası, Ə.Cavad və
Umgülsüm Sadıqzadənin yaradıcılıq
yolları üzərində dayanır. Əvvəlki
fəsillərdə olduğu kimi, buradakı baxış, elmi
analiz və mühakimələrdə də bir təravət,
orijinallıq vardır. Ancaq mübahisə doğuran,
sağlam elmi polemikaya yol açan məqamlar da az
deyil. Biz ortalığa qoyulan arqumentlərin
tutarı əsasında tədqiqatçının mülahizələri,
qənaətləri ilə razılaşmalı oluruq.
Sonda bir daha görkəmli alimimizi 60 yaşının
tamam olması münasibətilə təbrik edir, ona bu tipli tədqiqatlarının
dairəsini mümkün qədər genişləndirməyi
arzu edirik.
Yaqub BABAYEV
Ədəbiyyat qəzeti.- 2021.- 3 aprel.- S.24-25.