Rasim Qaracanın fədakarlığı
Sıradan
yazı
Rasim Qaraca Ədəbiyyatı bilən və Ədəbiyyatın nəyə
xidmət elədiyini idrak edən az yazarlarımızdandır.
"Mənim həyatımı yaz"
("Alatoran", 2020) hekayələr
kitabı da bunu deyir.
Rasim Qaraca sadə yazır. Haqqında da
sadə yazmaq gərəkdir. "Kəpənəkli
günlər", "Mənim
həyatımı yaz",
"Tanya", "Əlibaba bacı", "Çaqqal
görüşü", "Nilufər" və s. kitabda tanış olduğum 17 həyat hekayəsinin hər biri "mənim həyatımı yaz",
"mənim həyatımı
yaz", "mənim
həyatımı yaz"
deyir və R.Qaraca da yazır.
Qlobal ölçülərdə
əhəmiyyətsiz görünən,
getdikcə də əhəmiyyətsizləşən, kimsənin yadına düşməyən küncdə-bucaqda
gizlənmiş hekayətlər...
Rasim Qaracanın
hekayələrinin üzü
keçmişədir, keçib-gedən
zəmanələrədir. Maraqlı bir
"uzaq təhkiyə"
xronotopu da uydura bilib. Təhkiyəçi birisi
başqasının hekayəsini
danışır, başqası
bir başqası ilə tanış edir səni - o danışır; təhkiyə
ikinci, hətta üçüncü əldən
olur və bu da özlüyündə
uzaqlıq effekti yaradır: zaman uzaqlığı, məsafə
uzaqlığı...
Uzaq deyəndə ki, uzaqbaşı
çəkməçi Musanın
hekayəsi ("Mənim
həyatımı yaz")
babasından-atasından- anasından...
sovet əyyamlarına
qədər uzaqlaşıb
zəmanələri gəzə-çözə
qayıdıb-gəlib-çıxacaq özünə, günlərimizə,
öz-özünə fitva
verəcək. Əksərən
də hekayələrin
məsafəsi müstəqilliyimizdən
o yana keçmir,
uzaqbaşı Rusyət
nağıllarınacan uzaqlaşa-uzaqlaşmaya.
Deyək, zaman (zəmanə) koordinatlarında
Vətəndən-Moskvaya-Özbəkistana-kəndinəcən
məhv olub içində Tanyasını
yaşatmış adam kimi
("Tanya"). Bu ki, hekayələr (zaman-məsafəcə)
hey uzaqlaşdırıb, ekzistensiyasında
yaxınlaşdıracaq sənə
Onu, qəhrəmanı,
insanı. Yaxın
gətirib: buyur, mənim həyatımı
yaz deyəcək.
Uzaq-yaxın deyirik, Qarabağ məsələsi necədir
R.Qaracada. Patriotik ədəbiyyatdan baxanda Qarabağ ümumən andeqraund ədəbiyyatdan yan keçib; yəni içində deyil, çölündə, yan-yörəsindədir.
Yəni Seymur müharibədə iki ayağını itirib ("Kəpənəkli
günlər"), indi
həyatın dibindədir,
Kanadadan dostu Kamran gəlib bir müddət ona həyatın keyfini verir, hətta "uçub gedəcək" massajçı
qızla inanılmaz ailə macərası da yaşadır. Hamının yasında ağı
deyən Əlibaba bacı ("Əlibaba bacı") Qarabağdan
"Fazilin ölüm
xəbəri" gələndə,
"oğlunun yasında
vay-şivən qopartmayıb,
ağlaşma deyə
bilməyib, yaxasını
cırmayıb, üzünə
dırnaq atmayıb.
Eləcə lal-mat dayanıb baxıb, göz yaşları öz-özünə axıb
yanaqları boyunca... Cəmi bir ay sonra qara
torpaq onu çəkib aparıb özünün əbədi
sükunətinə". "Yağışda gələn
qız" hekayəsi
"gəncliyi Qarabağ
savaşıyla kəsilənlərdən
biri", "savaşın
izlərini bütün
bədənində daşıyıb,
lakin veteran kimi qeydiyyata düşə bilməyən", nəinki
"haqqı olan təqaüdü", həm
haqq etdiyi həyatı da ala bilməyən bir Qarabağ məğlubu ilə bir həyat
didərgini Aygün barəsində sadəcə
qəmli bir əhvalatdır, bu qədər. Daha bir uzaq Qarabağ təhkiyəsini
"Qəribə sevgi"
hekayəsindən alırıq.
Uzaq Ayıblı kəndində yeniyetmə
ikən sevdiyi Pəriyə elçiliyi uğursuz 20 yanvar gününə təsadüf
edən Fərasət
uğursuz sevgisinin
"çarəsini cəbhəyə
yollanmaqda görüb".
"Ölmək və biryolluq yox olmaq haqqında
düşünüb. Ancaq 2 il sonra savaşdan
sağ-salamat qayıdıb",
"bəxtindən küsən
bütün cavanların
getdiyi ölkəyə
yollanıb - Rusiyaya".
Sonrası, indi deyildiyi
kimi, Fərasətin uğur hekayəsi gəlir. Əli gətirir, uzaq
Sibirdə biznesini qurur, kəndində imarətini. Hətta uğursuz,
bəxtikəm, yetim qalmış Pərisinə
də uzaqdan həyan olmağa çalışır. "Dünyanın ən qorxusuz yeri" hekayəsində də kişilərin nəfsi-əmmarəsi,
kişi dünyasının basqılarından
Almaz qır qazanlığında yaşayan
Qarabağ kişisinə
sığınmaqla qurtarır:
"Adı Nəsib idi. Ailəsini müharibədə itirmişdi. Döyüşdə yaralanıb şikəst olmuşdu. İnsanlara qarışmırdı. Burada tərki-dünya həyat yaşayırdı". Belə. Qarabağ məsələsi bu cürdür. Həyat davam
edir. Yəni özünüz deyin, vacibi nəymiş: Qarabağ, yoxsa həyat?
Rasim Qaracanın
qəhrəmanlarının hər birində lirika var, həyat
lirikası. Amma yazıçı bunu yazmağa girişmir; başqasının
təhkiyəsində (uzaqdan)
nə lirika? Bəlkə də xislətən (ekzistensiyasında) yazmaq istərdi, gərçi bugün nə açıq-aşkar realizmə
(ədəbiyyatda), nə
də hələ üstəlik lirikasına
yer var (həyatda). Lirika hardasa oralarda,
uzaqlarda qalıbdır,
nimdaş bir şey kimi. Odur ki, "mənim hekayəmi yaz" deyənləri R.Qaraca nəsə bir başqa cürə yazır.
Kitabının üzərində buna
işarə də verir: postmodern hekayələr.
Doğrusu, etiraf edim, dekonstruksiyası nə qədərdir, hansı mətnlərədir, gərəyincə
tutamadım. Bəlkə
bir "Lazımı gözləyərkən" "1 pərdəli pyes"ində
bizim Azərbaycan absurduna ironiya-sayaq nəsə var. Lazım - ağlı-huşu başında
olmayan birisidir; itir, qonşular məhləyə arvadı
Rozanın başına
yığışıb polisi,
jurnalisti, fövqəladəsi,
gömrüyü, məktəbi,
tibbi, sosialı, hər növ məişəti-güzəranı, lap Qarabağınacan kimin nəyi var dedi-qodusunu
edir; müzakirəyə
bənzər bir məsələ: Lazım
gəlsə, Lazım
gəlsə və axırda Lazım gəlir. Vəssalam. Bir az da bəlkə
postmodern ironiyanı böyüklük
haqqında sənədli
hadisədən püflənən
şar çıxardığı
hekayəsində ("Böyük
insanla görüşlərim")
görmək olar. Bəlkə bir az da gerçək
isə yalan olsun, yalan isə
gerçək fantaziyayla
köhnə (sovetikus)
rejimi demonstrə-demontaj
edən "Qaranlıqda
və işıqlar sönəndə" detektivində,
ya yalan isə gerçək, gerçək isə yalan, təzə ədəbi mühiti xarakterizə-dexarakterizə edən
"Şair Mazan Şələquyruq", "Kor
pişiyin qovulması
(uşaqlar üçün,
sərçənin dilindən)"
hekayələrindən oxumaq
olar. Bir də bəlkə
Rafiq Tağı sayağı varla yoxun, varlıqla yoxluğun arasında acı həqiqətləri
dənələyən (dekonstruksiya
edən) hekayələrində
("Dördüncü yolçu",
"Sevgilim "Yox"
olub").
Rasim Qaracanın
həyat ironiyası bütövlükdə baxışlarında
gizlənir, ağrı-nisgili
(ekzistensiyasında) saxlayaraq,
uzaq-soyuq təhkiyəsində
gerçəkləşdirir. Axı həyatın
ironiyası uzaqbaşı
bir "çaqqal cırmağı" qədərdir
("Çaqqalla görüş").
Şirinsə də bir dəfə olur, əbədilik.
Rasim Qaracanın hekayələri
sosiallıqlarla doludur,
amma sosial problemlərdən
yazmır, yox; odey, (hekayələrdən
görünəni) yüz
ildir, nə qədər həyat var, o qədərdir, itə-tök. Qoy əlaqədar qurumlar
məşğul olsun.
R.Qaracanın marığında heç İnsan problemləri də deyil (nəsi-nədəni-nəticəsi);
yüz ildir, ekzistensiyasında çevir
tatı vur tatı, day (ədəbiyyatda)
nəyini yazasan.
R.Qaraca eləcə problem-hekayələr
yazır; problem, problem, problem - İnsan-problemlərdən yazır.
Maşınlaşmış dünyada İnsan
özü problemə
dönüb-çevrilib; ya
zəlzələdən - Qarabağ
müharibəsindən olsun,
ya vəlvələdən
- Gender nəzərlərindən.
Bah, yaranışından İnsan
kimi düşünməyə,
xəyallar qurmağa,
sadəcə (həyat)
yaşamağa cəhdlər
etmiş qəhrəmanlarını
R.Qaraca uzaq-soyuq ironiyası ilə o yerdən haqlayır ki, (həyatda) Problemə dönüşübdülər,
əl-ayaqdan kənar bikəsə çevrilibdilər
- daha bir cəhd, daha bir cəhd, daha bir cəhd.
Nilufərlər ("Nilufər"),
Aygünlər ("Yağışda
gələn qız"),
Şahanələr ("Şahanə"),
Pərilər ("Qəribə
sevgi"), Almazlar
("Dünyanın ən
qorxusuz yeri"), Zərifələr ("Mənim
həyatımı yaz")...
- həm də qadının ən çox (həyat) yükünü götürdüyü
bir cəmiyyətdə,
baho! Qadın məsələsi Azərbaycan yazıçısının
ən çox ağrıyan yeridir.
Bu məsələlərə
bir zamanlar AYO girişmişdi. S.Baycan, S.Pərvanə,
Aqşin Yenisey... sosial rəngləri tündləşdirə-tündləşdirə
hərəsi bir cür özləri də sosiallaşıb-getdi,
Ədəbiyyatda elə
deyən bir Rasim Qaraca qaldı.
Rasim Qaraca ədəbiyyata Avanqardla gəlib; necə də olsa, bu
mövqeni kitabda da hiss elətdirir. Lap əvvəldən
(titul səhifəsinə
baxın bir) ton verib deyir: hekayələ
r, hekayələ r... Və hekayələyir.
Ədəbiyyatda "R-lamağ"ı da kimsə boynuna
götürməlidir, yox?
Belə bilməyin ki, kitabdan çox xoşlanıb "Ədəbiyyat
qəzeti"nə yazıram. Rasim Qaraca
köhnənin yazıçısıdır,
köhnədə ilişib-qalıbdır,
dünənin hekayələrini
yazır.
Biz Qarabağda qələbə çaldıq. Şuşanı aldıq. Yeni epoxaya girdik. Bəs bunu kim yazacaq? Problem budur. Bunu deyirəm.
Sayğılarımla,
Sıravi
Ədəbiyyat qəzeti.- 2021.- 3 aprel.- S.25.