...mən harda gizlənim

bu gecələrdən?”

 

Söz vaxtına çəkər...

 

Mən indi gəlirəm Tanrı deyənə,

mən indi enirəm Tanrı taxtına.

Vaxtında dediyim sözə gəlirəm...

Söz elə həmişə çəkir vaxtına.

 

Mənə bu xoşbəxtlik bəsdi, neynim?!

Qılıq vaxtıdımı bu dar macalda...

...Bax indi gəlirəm Tanrı deyənə,

bax indi xoşuma gəlir əcəl !

 

***

 

"...Nəfəs var,

çox şükür, çox şükür!"

(O.Vəli)

 

And olsun, and olsun, qardaş,

gülə-çiçəyə and olsun!

...And olsun şair deyiləm,

bəxtə, gerçəyə and olsun!

 

...And olsun vaxtın darına,

ağaca, onun barına.

...Ötən durna qatarına,

qurda, böcəyə and olsun!

 

...And olsun işığa, şama!

Şair deyiləm... oxşama!

...Dünənki saleh axşama,

gələn gecəyə and olsun!

 

...Eh kimsə deyir, deyirəm -

eləcə şeir deyirəm!

...And olsun şair deyiləm,

Haqqa - ucaya and olsun!

 

***

 

Gecənin əli yox, ayağı yoxdu...

Canıma yapışmış yosundu gecə.

...Sevmək var gecənin birində hələ,

hələ dərd çəkməyə uzundu gecə.

 

...Uzun gecələrdə mən kiməm, axı -

elə çaparam əməlli-başlı

elə minməyə atım da yoxdu.

...Hardasa üstümdə Tanrı kölgəsi,

hardasa öz kölgəm altımda yoxdu.

 

...Gecələr özümə qayıtmaq çətin,

gecələr özümdən qaçıram... olmur.

Gündüz dərdləridi gecə dərdləri...

Gündüzlər çəkməyə macalım olmur.

 

...Gecələr yatıram üzü dərdimə,

özümü dərdimə bükürəm, qardaş!

...Gündüzlər çəkməyə həvəsim olmur,

mən dərdi gecələr çəkirəm, qardaş, -

...mən harda gizlənim bu gecələrdən?

 

...Bu dərdin əlindən hara qaçım mən,

bəlkə qaçım burdan orda gizlənim?

...Mən harda gizlənim bu gecələrdən?

Mən özüm-özümdən harda gizlənim?

 

...Şeir yazmaq günahmı? Günahlarımı

sağımda-solumda mələklər yazır.

...Başımın üstündə dar ağacıdı,

altında həmişə ölümüm hazır -

...mən harda gizlənim bu gecələrdən?!

 

***

 

Tapdadı içimi atlı qarışqa,

tapmadı içimi adlı qarışqa -

Qağayı burnutək duzlaşıb içim.

 

Göylərə yaraşır elə göy adı...

Mənim şeirlərim elegiyadı,

mənim şeirlərim başsağlığıdı.

 

Öldü, sevə-sevə barama qurdu -

bəxtəvər başına, barama qurdu,

bəxtəvər başına - hazır evin var.

 

Göynədir kafamı buz kimi sürgün...

Adsız şairləri qabaqda bir gün

atsız yəhərlərin günü gözləyir.

 

Rusiya, Volqoqrad şəhəri

 

Paşa TALIBLI

 

Ədəbiyyat qəzeti.- 2021.- 3 aprel.- S.23.