Muradın
nağılları
“Ədəbiyyat qəzeti”nin yeni rubrikası "Biri
var, biri yox"
"Siz
yaysınız, uşaqlarınız isə sizdən çox
irəlilərə atılmış oxlar..."
Xəlil Cibran
Estetik tərbiyənin
formalaşmasında uşaqkən baxılan filmlər, dinlənilən
musiqilər, oynanılan oyunlar qədər və daha da
çox, mütaliənin rolu var. Odur ki, fikrimcə, uşaq ədəbiyyatı
yalnız müstəqil bir ədəbiyyat sahəsi olmaqdan
daha çoxudur - gələcəyimizin yetişməsində
müstəsna rolu olması səbəbi ilə ədəbiyyatşünaslıqda
özünə yer, yol, istiqamət açmış bir sahədir.
"Ədəbiyyat
qəzeti" artıq 2 ildir ki, 1 iyun - Uşaqların Beynəlxalq
Müdafiəsi günü münasibətilə xüsusi
buraxılış hazırlayır və bu işi, əsasən,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Uşaq ədəbiyyatı şöbəsi ilə birgə həyata
keçirir. Həmçinin mütəmadi
olaraq qəzetdə uşaq ədəbiyyatı nümunələri
çap olunur, bu sahə ilə bağlı məsələlər
işıqlandırılır. Elə 2 aprel - Beynəlxalq
Uşaq Kitabı günü münasibətilə start
verdiyimiz bu yeni rubrikamızın da məqsədi
çağdaş uşaq ədəbiyyatı ilə
bağlı ədəbi tənqidi mətnləri, müzakirə
və müsahibələri, yeni uşaq kitabları
haqqında resenziyaları oxucuların nəzərinə
çatdırmaqdır - məziyyətləri təqdir etmək,
aradan qalxacağı ümidi ilə
çatışmazlıqlar və problemlərdən, yeri gəlsə,
təkrar-təkrar söhbət açmaq və bu yolla
uşaq ədəbiyyatının daha perspektivli gələcəyini
qurmaq arzusu ilə cəhdlər etmək.
Uşaq ədəbiyyatı nümunələrini
yalnız uşaq yazarları yaratmırlar; demək olar, əksər
yazıçı və şairlərin təcrübəsində
balacalar üçün əsərlər yer alır.
Anarın da
yaradıcılığında uşaq ədəbiyyatı
nümunələri, əsasən, epizodik xarakterlidir.
Xalq yazıçısı müxtəlif illərdə
uşaqlar üçün yazdığı bütün mətnləri
ötən il nəticəsi Muradın 1
yaşı münasibətilə çap etdirdiyi kitaba
topladı. "Muradın
nağılları" məktəbəqədər yaşda
uşaqlar üçün, həqiqətən, gözəl
bir uşaq ədəbiyyatı nümunəsidir. Həm də nəfis tərtibatı ilə
seçilən kitabın sanki sehrliymiş kimi aurası var.
Xalq rəssamı Arif Hüseynovun kitab üçün
çəkdiyi illüstrasiyalar elə ilk toxunuşdaca
uşaqları ovsunlamağa, nağıl dünyasına
aparmağa qadirdir. Burada Anarın yeni
yazılmış mətnləri ilə yanaşı, uzun illər
öncə qələmə alınmış hekayələri
və "Yuxum qaçıb" adlı radiopyesi də yer
alır.
"Muradın nağılları" kitabındakı
"Əlifba" nağıl-hekayəsində hələ
oxumağı bacarmayan uşağın hərflərlə
tanışlığı onlarla "söhbət"dən
başlayır. "Əlifba" kitabı oxumağı
öyrənməyə onunla başlamağı tövsiyə
edir və hərflər "özlərini təqdim edir".
Hər hərf irəli çıxıb,
özünü, yaratdığı sözləri
tanıdır, onlarla öyünür. Nağılda
uşaqlar bu vasitə ilə "a", "b",
"v", "q", "d" hərfləri və məktəbə
başlayacaqları sentyabr ayının ilk hərfi olan
"s" ilə tanış olur, əmələ gətirdiyi
sözləri öyrənirlər. Nağılın
qəhrəmanı yaşıdlarına məsləhət
görür ki, onlar da kitablarla "danışmağa"
"Əlifba"dan başlasınlar.
Müasir
dövrdə hərfləri tanımayan uşaqlarına
nağıllar oxuyan, nitqlərinin düzgün
inkişafına, dünyagörüşlərinin
formalaşmasına bədii nümunələr vasitəsilə
təsir göstərməyə çalışan valideynlər
azlıq təşkil etsə də, var. Məktəbəqədər
yaşlı uşaqlarına oxumaq üçün mətnlər
seçərkən valideynlər məzmunla yanaşı, səslənməyə,
dilin leksik, qrammatik vasitələrinə də diqqət yetirsələr,
yaxşı olar. Anarın "Əlifba"
nağılı bu baxımdan azyaşlı uşaqlara oxunula
bilən kifayət qədər uğurlu mətndir.
Kitabdakı daha bir öyrədici hekayə saylarla
bağlıdır. "Sayların sərgüzəşti"ndə
uşaqlar sərgüzəşt-nağıl vasitəsilə
rəqəmləri həm vizual olaraq tanıyır, həm də
hansının hansından "güclü" və "zəif"
olduğunu, yəni sırasını öyrənmiş olur. "Meyvələrin söhbəti"ndə
(Füzuli) meyvələr öyündüyü, öz
gücü barədə bəhsə girdiyi kimi, burada da hər
bir rəqəm daha güclü olduğunu iddia edir, heç
biri mənəmliyindən əl çəkmir. Lakin
onların mübahisəsini adamlar çözür:
"Əziz dostlar, bunu bilin ki, hər sayın öz yeri var.
Bir olmasa, on da olmaz, yüz də, min də, milyon da. Doqquz Sıfıra uyub çox yüksəkliklərə
qalxdı, amma yalqız qalıb başa düşdü ki,
sizsiz o heç nə eləyə bilməz. Odur ki, hərəniz öz yerinizi tutun, öz
işinizi görün. Tez-tez
görüşün. Cihazlarda, məktəb
taxtalarında, kitablarda, layihələrdə..." Anarın 1967-ci ildə yazdığı bu alleqorik
hekayə uşaqlara rəqəmlərin timsalında
mehribanlığı, bir-biri ilə uyum içində
yaşaya bilməyi də təlqin edir. Fikrimcə,
bu cür mətnləri uşaqlara oxuyarkən valideynlər,
yaxud bağça, hazırlıq sinfi müəllimləri
daha yaxşı qavramaları üçün onlara mətnlə
bağlı suallar verməli, müəyyən kiçik
izahlarla qavramanı bərkitməlidirlər.
Öyrədicilik baxımdan kitabdakı daha bir maraqlı
mətn "Sözü tap, yerinə qoy" hekayəsidir. Burada məqsəd
uşağı əyləndirərək öyrətməkdir.
Məsələ hekayənin qəhrəmanı
Muradın anasına "Mənə çay bişir" deməsi
ilə başlayır. Anası nəvazişlə
ona başa salır ki, çayı bişirməzlər, dəmləyərlər,
xörəyi isə bişirərlər. Sonra ana
uşağına milli mətbəximizə məxsus bəzi
yeməklərin bişirilməsinin müxtəlif cür
adlanmasını öyrədir: "Dolmanı bükərlər,
dovğanı bulayarlar, qovurmanı qovurarlar, toyuğu
qızardarlar, kartofu pörtlədərlər, halvanı
çalarlar." Beləcə, anası Murada Azərbaycan
mətbəxinə aid bəzi yeməklərin, ərzaqların
əvvəlcə adlarını, sonra isə xüsusiyyətlərini
öyrədir. Yeni ifadələr öyrədilərkən
sözlərin yerində nöqtələr verilir və təklif
olunur ki, özləri boş yerlərə gərəkli
sözü və ya hissəciyi tapıb qoysunlar.
Xalq
yazıçısının nəticəsi Murada həsr
olunmuş "Muradnamə" şeiri 1 yaşlı körpənin
xüsusiyyətlərini bir az zarafatyana, əyləncəli
təsvir edir. Şeirin sonluğu isə uşaqlar
üçün zaraftyana olduğu qədər də
düşündürücüdür:
Bir
yaşına yetmisən,
Yetər
ki iməklədin,
Ayağa dur, yeri sən.
Addım-addım,
yavaş-yavaş,
dar-dar...
İndi
necə yeriyir
Bax, ulu baban Anar.
Bu şeirdə ahıl insanın - babanın
"uşaqlaşması", uşaq kimi
"addım-addım, yavaş-yavaş" yeriməsi
uşaq yerişi ilə qiyaslanır və yəqin ki,
şeiri oxuyan və ya eşidən uşaqlarda mütləq
sual doğurur.
Uşaq nəşrlərində verballıqla
qeyri-verballığın bir-birini tamamlaması, mətnin
kommunikativ effekti xeyli vacib məqamlardandır. Xüsusən
məktəbəqədər yaşlı uşaqlar
üçün kitablar, jurnallar hazırlanarkən
dizaynına fikir verilməlidir. Nəzərə
alınmalıdır ki, uşaq nəşrləri yalnız məzmunca
deyil, görünüşcə də onların
dünyanı dərketmə vasitələrindən birinə
çevrilir. Bəzən annotasiyasında uşaqlar
üçün yazıldığı qeyd olunan, lakin sadəcə,
çap olunmaq xatirinə ərsəyə gəlmiş
solğun, maraqsız, üstündə müəllifin
portreti, arxa cildində bioqrafiyası yer alan başdansovdu
kitabları vərəqləyəndə onu oxumaq həvəsi tamamilə
yoxa çıxır. Amma yaxşı ki,
hazırda bu cür çatışmazlıqlarla ərsəyə
gələn kitablar ötən əsrin sonlarındakı qədər
çoxluq təşkil etmir. Uşaq ədəbiyyatı
nəşrləri bazarındakı rəqabət artdıqca
bu, keyfiyyətin də artmasına müsbət təsirini
göstərir.
Adətən, bizim uşaq nəşrlərindən
gözlədiyimiz onların öyrədici, etik və estetik
olmasıdır. Bu üç komponentdən biri əskik
olanda uşaq ədəbiyyatı nümunəsi qüsurlu
olur. Kitabda, jurnalda mətni izah və şərh
etmək məqsədilə onu tamamlayan istənilən rəsmi
illüstrasiya hesab etmək olar. Çünki latın dilindəki "illustrare"
(aydınlaşdırmaq) feilindən əmələ gələn
"illüstrasiya" sözü gözlə görülən
şərh, izahdır. Odur ki, nisbətən
böyük yaş qruplarındakı uşaqlar
üçün daha mürəkkəb illüstrasiyalar
çəkmək mümkün sayılsa da, azyaşlılar
üçün bunlar sadə və anlaşılan olmalı,
göz oxşamaqla yanaşı, həm də mətnlə
bağlı təsəvvür formalaşdırmalıdır.
"Muradın nağılları"nda, məsələn,
"Sözü tap, yerinə qoy" mətnində ana
uşağa ona tanış olmayan ifadələri öyrədərkən həmçinin
"nənə", "baba", "nəvə",
"nəticə", "kötücə",
"yadıca", "iticə" sözlərinin də mənasını
başa salır. Bu mətnə çəkilən
illüstrasiyaya nəzər salsaq, orada nəvələrindən
əvvəl dayanmış Anar babanın siluetini görmək
mümkündür. Bu sahənin mütəxəssisləri
qeyd edirlər ki, azyaşlı uşaqlar hələ məfhumları
öyrənmək mərhələsində olduğundan,
yaxşı olar ki, illüstrasiyalar onlara sadəcə göstərməyi
hədəfləsin, şüuru çətinə
salmasın.
Qeyd edək ki, mətnlərin intermedial analizində
illüstrasiya əsərin məzmun və formaca
bütövlüyünə, qavrama üfüqlərinin
genişliyinə xidmət edən vasitə olaraq şərh
edilir. Uşaq nəşrləri üçün
hazırlanan illüstrasiyalar hər zaman uşağın bədii-estetik
zövqünün formalaşması vasitəsi kimi qəbul
olunur. Anarın "Muradın
nağılları" kitabına çəkilmiş
illüstrasiyalar rəngarənglik, millilik və
uşaqların estetik dünyagörüşünü formalaşdırmaq
baxımından bitkin rəsmlərdir. Nəzərə
alsaq ki, azyaşlılar üçün hazırlanan nəşrlərdə
kitabın, jurnalın 70-80 % hissəsi illüstrasiyanın
payına düşür, onda rəssamı, bir növ, həmmüəllif
hesab etmək olar.
Fikrimcə,
"Muradın nağılları" məktəbəqədər
yaşlı uşaqların estetik zövqünün
formalaşmasında rolu ola biləcək bir kitabdır. Çünki balacalar üçün hazırlanan
kitablara çəkilən illüstrasiyalar mətnin məzmunu
ilə bağlanaraq vizual hekayəni formalaşdıra bilirsə,
məsələnin funksional tərəfi həll edilmiş
sayılır, lakin rəssam estetik zövqün
inkişafına yönəlik yerində və qədərində
olan ştrixlər əlavə etməyi də bacarırsa,
gerçək incəsənət nümunəsi ilə
qarşılaşmaq şansı əldə edirik. Beləliklə,
deyə bilərik ki, Anarın azyaşlılara ərməğanı
olan "Muradın nağılları" kitabı üz
qabığından son səhifəsinə kimi həm
uşaqlara xitab edən mətnlər, həm də rəng
seçimi və miniatürlər, müxtəlif milli ornamentlərin
istifadəsi baxımından yüksək zövq nümunəsidir.
Mətanət
VAHİD
Ədəbiyyat qəzeti.- 2021.- 3 aprel.- S.21.