Varislər
Eldar QASIMOV: “O bizim qoruyucu mələyimiz
idi”
"Varislər"in
bugünkü qonağı milli teatr və kino sənətimizin
unudulmaz simalarından biri, yaratdığı obrazlarla
yaddaşımızda hər zaman gözəl xanım, mehriban
ana, qayğıkeş nənə kimi yaşayan Firəngiz
Şərifovanın nəvəsi, "Avrovizion" musiqi
yarışmasının qalibi, tanınmış estrada
müğənnisi Eldar Qasımovdur.
Xalq düşməninin qızı
İki böyük sənətkarın, iki sənət fədaisinin ailəsində gəlmişdi dünyaya. Bəlkə ömrünün ən xoşbəxt günləri tamaşaçı zalının bir küncündə oturub atası Abbas Mirzə Şərifzadənin, anası Mərziyyə xanım Davudovanın yaratdığı
rollara baxdığı
anlar olub. Sonra isə...
Sonra çox şeylər baş verdi onun həyatında. Sevimli atası, böyük Abbas Mirzə Şərifzadə 1938-ci ilin qanlı Stalin repressiyasına məruz qalaraq, ona qarşı
sürülüən yalançı ittihamların qurbanı oldu, günahsız yerə güllələndi. Düz 10 ildən sonra elə həmin rejim anası Mərziyyə Davudovaya SSRİ Xalq artisti fəxri adı verərək günahını yumağa çalışdı. Amma o, heç nəyi unutmadı. O, heç nəyi unuda bilməzdi.
Çünki bir övlad üçün, özü də Firəngiz Şərifova kimi emosional, qürurlu, şərəfli bir övlad üçün rejimin saxta böhtanlarına qurban getmiş atanın xatirəsini yaşatmaqdan şərəfli heç nə ola bilməzdi.
Elə bu səbəbdən ən şux obrazları yaradarkən belə onun gözlərinin dərinliyinə hopmuş kədərin böyüklüyünü görmək olurdu. Onun səsində qətiyyət və eyni zamanda qəribə bir titrəyiş vardı.
Bu gün ondan danışacağıq - unudulmaz Firəngiz Şərifovadan, böyük Abbas Mirzə ilə Mərziyyə xanımın yadigarından və bu söhbətdə mənə Firəngiz xanımın nəvəsi, tanınmış estrada müğənnisi Eldar Qasımov bələdçilik edəcək.
- Eldar, xoş gördük. Azərbaycanda səni daha çox sevilən estrada müğənnisi, "Avrovizion-2011" mahnı yarışmasının qalibi kimi tanıyırlar və bu sahədə qazandığın uğurlar hamımızı sevindirir. Amma bu gün musiqidən yox, sənin doğulub böyüdüyün ailədən, daha dəqiq desək, nənən, unudulmaz Firəngiz xanımdan danışacağıq. Bir də, əlbəttə, nəvənin nənədən eşitdiyi xatirələrdən.
Xatirələrdən qaçan adam
- Əslində, o, sənətlə bağlı evdə çox az danışırdı. Keçmiş günlərdən danışmağı xoşlamırdı, amma evimiz həmişə qonaqla dolu olurdu. Bildiyiniz kimi, babam Bala Qasımov də sənət adamı idi, Gənc Tamaşaçılar Teatrının, Musiqili Komediya Teatrının direktoru, bir müddət Teatr Xadimləri İttifaqının katibi olmuşdu. Nənəmin, babamın sənət dostları tez-tez bizə toplaşırdılar və biz, yəni qardaşımla mən daha çox onların söhbətlərini, xatirələrini eşitmişik. Artıq onların əksəriyyəti həyatda yoxdur, qalanlarla isə bacardığımız qədər əlaqə saxlamağa çalışırıq. Atam ailədə 3 uşağın sonbeşiyi olduğundan nənəmgili və biz bir evdə yaşayırdıq, qonaqlar danışır, biz də qulaqlarımızı şəkləyib dinləyirdik.
- O mənim
yaddaşımda Saçıkəsik Petolitto - cadugər
qadın obrazı ilə yadda qalmışdı. 5-6
yaşım olardı yəqin, televiziyada yaxşı uşaq
verilişləri verirdilər, maraqla baxırdıq. "Piri
babanın nağılları" idi, səhv etmirəmsə,
verilişin adı. Bir gün "4 qardaşın 1
bacısı" nağılını səhnələşdirmişdilər,
onun sehrli darağı vardı, dəhşətli qəhqəhəsi
vardı və çox qorxurduq. O mənim yaşıdım
olan uşaqların qorxulu kabusu idi. Sonra yaxından
tanış olduq, görüşlərimiz, söhbətlərimiz
oldu və onun nə qədər gözəl qəlbli bir insan
olduğunu gördüm. Bir gün ondan soruşdum: "Firəngiz
xanım, Saçıkəsik Petolittonu
xatırlayırsınız?". Gülərək:
"Əgər sizin dövrün uşaqları onu
xatırlayırsa, demək mən də
xatırlayıram", - cavab verdi. Necə nənə idi o?
Uşaqların
qorxulu kabusu
- Əlbəttə, mən onu daha çox nənə kimi xatırlayıram. Teatrda, kinoda olan işləri onun səhnə, yaradıcılıq həyatı idi, amma o mənim sevimli nənəm idi. Tamaşaçı üçün o, pərəstiş obyekti ola bilərdi, mən isə evdə hər axşam onun nağıllarını dinləyirdim. Bəzən teatrda onun da rol aldığı tamaşalara baxmağa gedirdim, tamaşadan sonra uşaqlar nənəmə çiçək bağışlayırdılar, mənsə qısqanırdım onları: "Niyə onlar sənə gül verirlər? Sən mənim nənəmsən, gülü də sənə mən verməliyəm!". Uşaq eqosu. Ailə içində bəzən valideynlərimiz bizə nəyisə irad tutur, nəsə istiqamət verirdilər, o dəqiqə gözlərimizi nənəyə zilləyirdik: "İndicə bizi müdafiə edəcək!". O, çox mülayim xasiyyətli insan idi. Bizim qoruyucu mələyimiz idi. Firəngiz xanım bütün varlığı ilə mənim də, qardaşım Muradın da xoşbəxt uşaqlığının qarantı idi.
- İki
böyük sənətkarın ailəsində dünyaya gəlmişdi.
Abbas Mirzə milli
teatrımızın qurucularından biri idi. Mərziyyə xanım da peşəkar teatrımız
üçün çox işlər görmüşdü və
səhnə, həm də ictimai fəaliyyəti olan adam idi. 37-ci ilin repressiyası bu
ailəyə ağır zərbə vurmuşdu. Firəngiz xanım atasından ayrılanda 13-14
yaşı olub. Nə
danışırdı valideynlərindən?
Qara
maşınla gələnlər
-Sualları özüm verirdim. Ağlım
kəsirdi və bilirdim ki, mən Abbas Mirzənin nəvəsiyəm.
Məktəbdə müəllimlər məni
Abbas Mirzənin nəvəsi kimi təqdim edirdilər.
Maraqlı idi, kim olub Abbas Mirzə? Oxuyurdum, maraqlanırdım. Mən
uşaq olanda nənəm o mövzuda danışmağa
çəkinirdi, çox vaxt sükutla keçirdi
üstündən, deyirdi ki, bu mənim üçün
çox həssas mövzudur, danışa bilmirəm. Nənəm ömrünün sonuna qədər bu
nisgili, bu dərdi öz ürəyində dəfn elədi.
Atasının son günündən ürəkağrısı
ilə danışırdı. Onu
birbaşa teatrdan aparmışdılar. Qara maşın
gəlib teatrın qarşısına, Abbas Mirzə sənət
yoldaşlarına deyib ki: "Mənim dalımca gəliblər.
Mən getdim". Ondan sonra Mərziyyə
xanım evdə hazır boğça saxlayırmış,
içində palpaltar, müəyyən zəruri şeylər,
hər an onu da gəlib aparacaqlarını gözləyib.
Özünüz başa
düşürsünüz də bu necə psixoloji
sarsıntıdır. Maşın səsi, addım səsləri,
kiminsə yad səsi... adam dəli ola bilər.
Hətta elə bir şey olarsa, Firəngiz
xanımı kimin himayəsinə verəcəyini də fikirləşib.
Mərziyyə xanımı Abbas Mirzə Həştərxandan
gətirmişdi, Bakıda çox qohumu yox idi, yəqin,
hansısa tanışına, ya da sənət dostuna
tapşıracaqmış Firəngiz xanımı.
Nənəm
danışırdı ki, Abbas Mirzə səhnədə çox
emosional, gur səsə malik, xarakterik rollar yaradırdı,
Hamlet, Otello, Maqbet və s. Onun yaratdığı Hamletin fotosu
hal-hazırda Londonda, "Şekspir muzeyi"nin eksponatları
arasındadır. Amma Firəngiz xanım
uşaqlığını əvəzolunmaz ata sevgisi, valideyn
qayğısı ilə keçirmişdi. Abbas Mirzə
daxilən çox həssas, mülayim adam,
anası Mərziyyə xanım isə əksinə, çox
güclü, tələbkar, gur səsli, məyyən qədər
də sərt qadın olub. Nənəmin
yaradıcılıq həyatı ailədə daha çox məni
maraqlandırırdı. Ona 90 faiz nənə
kimi baxsam da, 10 faiz tamaşaçı kimi baxırdım.
Bəlkə də, incəsənətə
marağım olduğundan belə idim, amma çox təəssüf,
min dəfə təəssüf, Firəngiz xanım dərdini
içində dəfn edən və bədbin şeylərdən
danışmağı sevməyən nənə idi. Firəngiz
xanm dünyasını dəyişəndən az
sonra Akademik teatrda Abbas Mirzənin yubileyi keçirilirdi. Maraqlı film hazırlamışdılar, o filmə
baxandan sonra mənə də söz verdilər. Dedim ki,
belə bir insanın nəticəsi olduğumla bir daha
qürur duydum, içimdən bir hiss keçirdim, kaş
onunla oturub bir stəkan çay içə biləydim. Belə bir ailənin üzvü olmaq mənim
üçün həm fəxrdir, həm də məsuliyyət.
Onun nəticəsi olmaq mənim
üçün böyük qürurdur
- Eldar, başa düşdüm, Firəngiz
xanım xatirələrdən uzaq qaçıb. Bəs sən özün necə? Heç nəticəsi
olduğun insanların, Firəngiz xanımın həyatını
öyrənməyə cəhd elədin?
- Əlbəttə. Bayaq dediyim kimi, yubiley tədbirində
gördüyüm filmə baxdıqca babam haqqında çox
dəyərli məlumatlar aldım. Bildim ki, Abbas Mirzə
də, Mərziyyə xanım da ilk peşəkar aktyor məktəbinin
yaradıcılarından və nümayəndələrindən
olublar. Təsəvvür edin o dövrün mənzərəsini:
H.Ərəblinski, Cahangir Zeynalov, Ülvi Rəcəb, Mirzəağa
Əliyev, Sidqi Ruhulla, Hacıağa Abbasov və mənim ulu
babamla nənəm. Azərbaycan teatr truppası, səhv etmirsəmsə,
1918-ci ildə Həştərxanda qastrolda olanda Mərziyyə
xanımın ifasını görüblər və Ərəblinskinin,
Abbas Mirzənin dəvəti ilə Mərziyyə xanım
Bakıya gəlib, sonra ailə qurublar. Abbas Mirzə
Şamaxıda anadan olsa da, bütün gəncliyi, məşhurluğu
Bakıda keçib və Bakı həm də ona ölüm
fərmanı verən şəhərdir. Abbas
Mirzə teatr və kino rejissoru kimi maraqlı işlər
görüb. Bir neçə filmə, o cümlədən
1929-cu ildə lentə alınmış "Hacı Qara"
filminə, opera teatrında Üzeyir bəyin "Leyli və Məcnun",
M.Maqomayevin "Şah İsmayıl", Zülfüqar Hacıbəyovun
"Aşıq Qərib" operalarına quruluş verib. Sənət aləmində böyük hörmət,
nüfuz və söz sahibi olub. Dövrünün
ən üzdə olan sənətkarı kimi sevilib. Mərziyyə
xanım da sovet dövrü aktyorunun ala biləcəyi ən
yüksək ada - SSRİ Xalq artisti adına
layiq görülüb. O dövrün anşlaqla gedən
tamaşalarında əsas rolları yaradıb, deputat olub,
ictimai fəaliyyətlə məşğul olub, Teatr Xadimləri
İttifaqına rəhbərlik edib. Firəngiz
xanım səhnəyə çox erkən, haradasa 8-9
yaşında çıxıb. İlk
rolu C.Cabbarlının "Oqtay Eloğlu" pyesində Sevər,
daha sonra "Sevil"də Gündüz olub. Konservatoriyada təhsil alıb. O, peşəkar,
soprano səs tembri olan musiqiçi idi. Qısa
müddət Musiqili Komediya Teatrında
çalışıb, sonrakı həyatı isə
bütünlüklə Gənc Tamaşaçılar
Teatrına bağlı olub.
Səhnəyə çıxan
qızcığaz
Mən onun qrim otağını, məşqlərini,
evdə hazırlaşdığı anları çox
yaxşı xatırlayıram. Nənəm daha
çox Mərziyyə xanımdan danışardı,
çünki atası güllələnəndə yeniyetmə
və sarsılmış qız olub, Mərziyyə xanım
dünyasını dəyişəndə isə onun 38
yaşı vardı. Mərziyyə
xanımın səhnədə yaratdığı ən son
tamaşada Firəngiz xanım onunla eyni səhnəni
paylaşıb. Mərziyyə xanım əksər
qastrola nənəmi də aparırmış. Siz bilirsiniz də, Abbas Mirzə Mərziyyə
xanımla ailə qurana qədər Hənifə Akçurina
ilə nikahda olub. Abbas Mirzə dünyasını dəyişəndən
bir neçə il sonra Mərziyyə
xanım Ülvi Rəcəblə ailə qurub.
- Abbas Mirzə
günahsız yerə "xalq düşməni" elan
edildi və güllələndi. Arxiv sənədləri
açıldıqca adam dəhşətə
gəlir, elə zərif qəlbli insana NKVD zirzəmilərində
olmazın işgəncələr verib, onu sənət
dostlarının üzünə durmağa məcbur ediblər.
İnsan ətdən və sümükdəndir.
Nə qədər dözümlü, nə qədər iradəli
olsan belə, bir gün əzab insan ruhuna güc gəlir və
adam təslim olur. Bu başa
düşüləndir. Amma Mərziyyə
xanımın həyat yoldaşını onun əlindən
alan rejim az sonra onu SSRİ Xalq artisti adına layiq
gördü. Səncə, niyə?
- Məncə,
tökdüyü günahsız qanları kompensasiya etməyə
çalışdığı üçün. Mərziyyə xanım, dediyim kimi, iradəli
qadın olub, bəlkə də həyatında anam, yaxud
başqa zəif məqamları olmasaydı, üsyan edər,
bu adlardan, bu imtiyazlardan imtina edərdi, amma bu, gözgörə
özünü ölümə atmaq olardı. Bir də ki, axı o, istedadlı idi, tamaçı
sevirdi onun yaratdığı rolları, bu adlar, imtiyazlar onun
halal haqqı idi. Lakin bir şeyə qətiyyətlə
əminəm, nə Mərziyyə xanım, nə nənəm
Firəngiz Şərifova, nə də elə mən
özüm və ailəmiz rejimin ailəmizə
yaşatdığı zülmü, verdiyi əsassız
hökmü heç vaxt unutmayıb və
unutmamışıq.
Xalq düşməninin arvadına
verilən ən yüksək ad
O fəxri
adlar, imtiyazlar Firəngiz xanımın atasına
sarılmasını, Mərziyyə xanımın sevimli həyat
yoldaşına sevgi göstərməsini heç nə ilə
əvəz edə bilməzdi. Üstəlik,
ağlım kəsəndən nənəmin gözlərində
gördüyüm əbədi kədəri necə
bağışlaya bilərəm? Mərziyyə
xanım tatar əsilli idi, nənəm deyirdi ki, əgər o,
qarşısına nəsə bir məqsəd qoyurdusa,
ağlına nəsə bir fikir gəlirdisə, sona qədər
gedib öz istəyinə nail olurdu, amma Stalin repressiyası,
bildiyiniz kimi, ölüm maşınları istehsal edirdi, ora
düşdünsə, qurtuluş yoxdur. Ona
görə Mərziyyə xanım da, nənəm də bunun əvəzini
öz istedadları ilə, qətiyyətləri ilə
çıxdılar. Rejimə sübut
etdilər ki, Abbas Mirzənin ailəsi ayaq üstə dura
bildi, xalq, tamaşaçı onlara olan sevgisini itirmədi, əksinə,
siz isə hər zaman lənətlə
xatırlanırsınız.
Nənəmin əlindən alınan
uşaqlığını heç nə ilə geri qaytarmaq
mümkün deyildi. Mərziyyə xanımın gənc
yaşında başsız qalması - bunları heç nə
ilə kompensasiya eləmək olmaz. Təsəvvür
edirsiniz mənzərəni: həyatını öz
xalqının mədəniyyətinə, maariflənməsinə
sərf edən, ürəyi ancaq yaradıcılıqla
döyünən, siyasətdən, hər hansısa dövlət
qulluğundan uzaq bir adamı elə-belə ittihamla yox ha, xalq
düşməni ittihamı ilə həbs edirlər. Bu həm
də öz şəxsiyyətinə hörmət edən bir
adam üçün təhqirdi. Nədir-nədir Abbas Mirzə İranda yaşayan
qardaşı ilə məktublaşır. Adam öz qardaşı ilə, doğmaları ilə
məktublaşar da. Absurd ittihamdır.
Nə olsun, sonradan gələnlər bəraət
verdilər o adamlara?! Onları ittiham edənləri
güllələdilər. Nə olsun?!
Bununla bitdimi? Xeyr! Bitmədi! Bitməyəcək
də! Nə yaxşı ki, belə söhbətlər
olur, həm o günahsız insanlar, həm də onların cəlladları
xatırlanır və kimisi rəhmətlə, kimisi də lənətlə
xatırlanır.
Qardaşına məktub
yazdığı üçün xalq düşməni oldu
Atam danışıb mənə. Ötən
80-ci illərdə katerlə Xəzərdəki adsız
adalara gediblər. Gediblər
və gördüklərindən dəhşətə gəliblər:
insan sümükləri ilə dolu bir ada. Allah
bilir kimlərin, hansı dahilərimizin, necə gözəl
insanlarımızın adsız məzarlığıdır
ora. Hər dəfə külək əsdikcə qum dənələri o sümüklərə
məzar qazır. Atam çox sarsılıb o mənzərəni
görəndən sonra.
- Firəngiz xanımın
konservatoriyada təhsil almasında dahi Üzeyir bəyin dəstəyi
olub. Ümumiyyətlə, mən bu cür
söhbətlərdə dəfələrlə Üzeyir bəyin
eyni səpkili xeyirxahlıqlarını eşitmişəm.
Firəngiz xanımın səsi sopranodur, bəs səndə?
Üstəlik, sənin ixtisasın musiqidən
uzaqdır. Almanca sərbəst
danışa bilirsən. Musiqiyə həvəs
haradan yaranıb səndə?
- Məndə
uşaqlıqda soprano idi, sonra dəyişdi, baritonal tenor səsdi
idi. Baritonda da, tenorda da oxuya bilirəm. Uşaqlıqdan musiqiyə həvəsim olub. Bilmirəm hansı inamdan idi, amma elə
uşaqlıqdan bilirdim ki, nə vaxtsa səhnədə
olacağam.
Bilirdim ki, səhnədə
olacağam
Fərq etməz, aktyor kimi, müğənni kimi, amma
olacağam. Nənəmlə teatra gedirdim. Onun
otağı nağıl kimi gəlirdi mənə. Teatrın kostyumeri, qrimyoru mənə pariklər,
qrimlər verirdi, ən əziz oyuncaqlarım onlar idi. Başıma parik qoyurdum, qrimlənib
özümü pis günə salırdım. "Ağ div, Qara div" tamaşası çox
xoşuma gəlmişdi, nənəm orada nənə rolu
oynayırdı. İki ayağımı
bir başmağa dirədim ki, o tamaşadakı paltarlardan istəyirəm.
Nənəm gedib teatrda onları mənimçün
tikdirib gətirdi. Çünki əksər
gündüz tamaşalarına baxırdım. Uşaq seansları olurdu gündüzlər. Sonra evə gəlib, səhnədə gördüklərimi
evdə qururdum özümçün. Yəni
ağlım kəsəndən o dünyanın içində
olmuşam. Evin divarlarına ip çəkirdim,
nənəmin qırmızı kəlağayılarından pərdə
düzəldirdim. Evdəkilərə
axşam seansları verirdim. İndi təsəvvür
edirəm, onları bir saat necə zülmə salıb, öz
uşaq oyunlarıma baxmağa məcbur eləmişəm.
- Bir az Firəngiz
xanımın öz ailəsindən danışaq. İki
oğul, bır qız və sənətin içində olan
həyat yoldaşı. Evdə kimin sözü
keçirdi? Bala Qasımov güzəştə gedən
adam idimi? Söhbətin əvvəlində
dedin ki, evə sənət dostları çox gəlib-gedirdi.
Kim idi o dostlar? Sən nənə
ilə baba arasında seçim edəndə kimə
üstünlük verirdin?
- Demək,
Gənc Tamaşaçılar Teatrının
yaşlı-cavan nəsli fərq eləmirdi, çoxu gəlib-gedirdi
evə. Yaşlı nəsillə çox vaxt
nostalji söhbətlər olurdu, sənət xatirələri.
Gənclər isə daha çox öyrənməyə,
məsləhət almağa gəlirdilər. Həm də bir ana kimi məsləhət
alırdılar Firəngiz xanımdan. Babamın
da dostları çox gəlirdi. Mən nənəylə
dost idim. Bilirsiniz ən ləzzətli anlarım
hansıdır? Onunla bir yerdə bulvarda gəzəndə
hamı bizə baxırdı. Mən də
qürurlanırdım ki, mənim nənəmi hamı sevir.
Nənəmlə daha çox vaxt
keçirirdim. Nənəmin dünyası
daha maraqlı idi. Məşqlər,
müsahibələr, çəkilişlər. Mən də özümü o aləmə
hazırlayırdım axı. Bəzən
dərslərim də yaddan çıxırdı,
çünki o aləm nağıl idi, əsl nağıl.
Nənəsinin dünyasında
böyüyən oğlan
Bəzən məndən soruşurlar, 21 yaşında
elə nüfuzlu müsabiqədə qalib gəlmək, səhnəyə
çıxmaq sənə çətin olmadı ki? Əlbəttə
yox, çünki zatən ağlım kəsəndən bəri
səhnədə, nənəmin kölgəsi rolunda
çıxış eləmişəm. AzTV
nənəmdən veriliş çəkmişdi, uşaq idik.
Nənəm qardaşımla məni də həmin
verilişə saldı. Daha çox nənəmin
sözünə qulaq asırdım. Olurdu
bəzən yeməkdən qaçırdıq, ya da dəxli
olmayan yerdə şuluq salırdıq, nənəm bircə dəfə
bizə acıqlanırdı, vəssalam. Başa
düşürdük ki, bu həyatda kimi desən incitmək
olar, amma bizim qoruyucu mələyimizi incitmək olmaz.
Mariya Titarenko vardı, məşhur opera müğənnisi,
"Arşın mal alan" (1945) filmində
Leyla xanım Bədirbəylinin vokal parçalarını səsləndirmişdi.
Nənəmlə yaxın rəfiqə idilər.
O xanım bizə tez-tez gəlirdi. Mətbəxdə
oturub söhbət edirdilər, nənəm onu oxutdururdu.
Çox maraqlı idi.
- 2011-ci ildə Azərbaycan mədəniyyəti
tarixində çox böyük uğura imza atdın. Avropa televiziyalarının ən nüfuzlu musiqi
yarışmasının qalibi oldun. Kim sənə
dəstək vermişdi? Nənə, ümumiyyətlə,
ailə bunu necə qarşıladı?
Bu yolu seçdinsə, hər kəsdən
yaxşı ol
- Uşaq
vaxtı səhnədə olmaq arzumu nənəm bəzən
başımdan çıxarmağa
çalışırdı. Deyirdi, bu çox
çətin peşədir. Şöhrət
insanı həm məhvə apara bilər, həm də
yüksəldə bilər. Bu həm də
iradə məsələsidir. Bəzən
çox istedadlı adamlar öz layiqli qiymətini ala bilmirlər,
bəzən isə tam əksinə olur. Mən
onun sözünə qulaq asırdım, amma eyni zamanda
özümü səhnəsiz təsəvvür edə
bilmirdim. Slavyan Universitetinin Beynəlxalq
münasibətlər fakültəsini bitirdim, magistraturanı
da o sahə üzrə oxudum, amma səhnə, musiqi mənim xəyallarım
idi və ailəm ciddi olduğumu başa düşəndə
artıq dəstək oldu. Əlbəttə,
ilk dəstəyi ailəmdən aldım. Sonrakı
mərhələdə arxamızda dövlətimizin,
xalqımızın sevgisini gördük. Mən
də, sənət dostum Nigar Camal da o sevgini hiss edirdik və
bu bizə stimul verirdi. İngilis dillində
musiqiləri çox dinlədiyim üçün ingiliscə
mahnı oxumaq da çox çətin olmadı. Həm də musiqinin sirli bir məqamı var - musiqi
duyumu. Musiqi duyumu olanda istənilən dildə
mahnını yadda saxlamaq mümkündür. Universitet illərində ölkədaxili müsabiqələrə,
xaricdə keçirilən festivallara qatılmağa
başladım. Nənəm çox ciddi olduğumu
başa düşdü və mənə bir söz edi:
"Eldar, əgər bu sənətdə olmaq istəyirsənsə,
hamıdan yaxşı olmalısan". Bu söz mənə
yeni ruh verdi. Əlbəttə,
orta şkala çoxdur, yaxşıları və ən
yaxşıları isə barmaqla göstərirlər. Bilirsiniz, bu riyaziyyat, ya da fizika deyil ki, müəyyən
düsturu tətbiq etməklə hər hansısa tənliyi həll
edəsən. Əlbəttə, o sahələrin
də özünəməxsus çətinlikləri var, amma
incəsənət ürək işidir, istedad işidir.
Ya səndə var o istedad, ya da yoxdur. İstedad varsa, buyur gəl, qollarını
çırmala, əziyyətlərinə qatlaş və
uğur qazan.
- Firəngiz xanım 90 il ömür sürdü və az qala onun 80
ilini sənətdə, səhnədə yaşadı.
Söhbət əsnasında dedin ki, baban Bala müəllim
dünyasını dəyişəndən sonra Firəngiz
xanım həyatdan doydu, sanki. Onun
ömrünün son günləri necə qalıb yadında?
İstəmirdi yaddaşlarda elə
qalsın
- Mən
artıq tək yaşayırdım, amma hər gün telefonla
danışırdım onunla, tez-tez baş çəkirdim.
Bilirsiz nə hiss edirdim onda, istəmirdi onu belə zəif,
düşmüş, gözəlliyini, təravətini
itirmiş görsünlər. İstəmirdi
içi biz qarışıq yaddaşlarda beli
bükülü, ayaqlarını zorla çəkərək
gəzən, gözlərinin işığı tamam
itmiş biri kimi qalsın. Babamdan sonra o, illərlə
tamaşaçılardan aldığı çiçəklər
kimi hər gün bir az da artıq
solmağa başladı və 2014-cü ilin 20 fevralında
qocalıq son hökmünü verdi. Biz onu
itirdik, amma sevimli teatrı qaldı, xatirələri qaldı,
minlərlə fotoşəkil qaldı. Və
nə yaxşı ki, sizin kimi insanlar qaldı - onu
vaxtaşırı yada salanlar.
Söhbətləşdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2021.- 3
aprel.- S.16-17.