Mənim cənnətimdə
od olacaq!
Amma cəhənnəm olmayacaq!
Çünki qisas qiymətə
qalmayacaq!
Qalmayacaq
Bilmirəm harda? Göyün hansı qatında?
Bilirəm hər kəsin
bir sirri var,
Allahın əlinin altında...
Düşünür bəlkə görüb-götürdükləri
Qəlbinin gözünü açdı..
Haqsızlıqdan dönüb qaçdı.
Yaratdığın canlılardan
İnsan
ən gec yetişənidir;
Ən gec başa düşənidir.
Olarki zaman gələr dözülməz...
Haqq incələr amma üzülməz...
İsgəndər kimi Xəqanlar gələr,
Ya da torpaqdan Spartak
kimi
qullar doğular.
Ya da İlham kimi
ata vəsiyyətinə
Sadiq oğullar
doğular.
Mənim
cənnətimdə od olacaq!
Amma cəhənnəm olmayacaq!
Çünki qisas qiyamətə
qalmayacaq!
23.03.2021
Şuşa mənim ruhumdadı
Bu yaşımda...
Dünyanın o başında
Könlümdə, gözümdə
Xatirə yandı.
Ruhum Qarabağa da
Burdan boylandı...
Bir qərib axşamda
Göyün üzündə
Bir səs havalandı,
Cıdır düzündə,
Yanıqlı bir səs.
Bir Qədir səsi
Səsin
lap zilindən,
Son zənguləsi,
Özünü qayadan
Uçuruma atdı.
Mürgülü dağları,
Lal qayaları,
Yuxudan oyatdı,
Aləmi
qatdı,
Geri qayıtdı.
Dəli
ürəyimi,
Çaldı, oynatdı.
Daşaltı çayının
Səsi
oyandı,
Sanki asimanda.
Dünyada hər şey,
O səsin hökmüylə
İndi yarandı.
Hər yan öz rənginə,
İndi boyandı.
Dedim, şükür sənə,
Dünya oyandı.
Ya Rəbb, məni geri
Qaytarma, atma.
Allah, bu xəyaldan
Məni
oyatma!
ABŞ, İndianapolis şəhəri
02.08.2018
Qaçqın gəlinə
Yayda yaylağa gedərlər,
Səni sürdülər arana.
Yayın
cırcırama çağı
Mən də duz basdım yarana.
Xəyalın dağlar qoynunda,
Yarpızlı dovğa bulayır.
Dağda
sənsiz qalan yurdun
Axşam qurd olub ulayır.
Evi viran qalan bacım,
Gözü-könlü talan bacım.
Ala gözə bulud qonur,
Göz yaşın
qəlbinə axır.
Sinəni
yandırır, yaxır,
Yuxarıdan Tanrı baxır,
"Yaxan düymələ,
düymələ".
Yollar uzun, dağlar uzaq,
Bu dərd varaqlara sığmaz,
Bu dərdi yollara
yazaq.
Eyvanda qalan kitabı
İndi külək varaqlayır.
Siz dərəyə qaçan
yerdə,
Hələ də bulaq ağlayır.
Məhlədə qalan yürüyü
Hansı xəyal yırğalayır?
Ağzı açıq qalan
evlər
Axşam qurd olub ulayır.
Xəyal
zəncir qırar qaçar,
O səsdən ürək çapalar,
Ürəyin sinəndən uçar,
"Yaxan düymələ,
düymələ".
Bir gün köçün dönər geri,
Gözündə inam işığı,
Ürəyində yanıq yeri...
Yurd üçün susuz dodağın,
"Oxqay" - deyib
öpər yeri.
Darvazasız məhlələrin,
Divarı, daşı kövrələr.
Ürəyimdə daşa dönmüş,
Gözümün yaşı kövrələr,
Susub qəlbimdə inlərəm:
"Bəndləri uçuq ellərim,
Yaxası
açıq evlərim,
Yaxan düymələ,
düymələ".
02.06.1999
Babalarım
Babalarım kasıb olub, mərd olub!
Qoçaq olub, mərd olub,
Bəy olub, mərd olub
Qaçaq olub, mərd olub
Bəs bu namərdlər hardandı?
Bax bu mənə dərd olub.
Şeirlər 2000-ci ildə
çap olunmuş
"Adi Həqiqətlər"
kitabından götürülüb.
Hara baxırsan insandı
Yerdə
insan, göydə insan,
Yolda insan, öydə insan,
Hara baxırsan insan,
İnsan,
İnsan!!!
Aman
Allah,
Bu qədər insan arasında,
Bir adam tapmadım,
Söhbət yoldaşı olasan!
19.03.2021
Damlalardan...
Bu dünyaya gələnin
Qəlbində bir müdrik var,
Qarnında bir cahil var,
Ağzında bircə dil var.
Müdrik
sözünü desə,
Özü də müdrik olar.
Cahil deyəni desə,
Özü də bir yük
olar.
Müdrikləri dinləsə
Özündən böyük olar!
20.03.2021
Hamının bir adı var: "İnsan!"
Əvvəl döyüşlər
Meydanlarda
düşərdi;
Xoruzlar,
qoçlar döyüşərdi...
İndi
ölkələr döyüşür,
Hər birinin arxasında
Bir sürü
kölgələr döyüşür.
Şükür Allaha insan inkişaf
edib.
Uzaq səyyarələrə
elçiləri gedib.
Kainatdan
hansı səyyarəni
istəsək
Dərə bilərik!
İstəsək yer kürəsini
bir anda
Nəhəng külqabıya döndərə
bilərik.
İnsan
tələsmə, dayan!
Bəlkə yuxudasan, oyan!
Yer kürəsi
özü də canlıdı, yaşıyır.
O da fəzada səyyarələrdən biri
kimi,
Öz canlılarını
gələcəyə daşıyır.
Dayan insan, oturaq yanaşı.
İki düşmən kimi yox!
İki düşünən insan
kimi
Oturaq yanaşı...
Fikrət QOCA
Ədəbiyyat qəzeti.- 2021.- 3
aprel.- S.15.