Düşüncə zənciri  

 

Son dövrlər Azərbaycanda detektiv əsərlər dəbə minməyə başlayıb. XX əsr Azərbaycan ədəbiyyatı üçün bu janr o qədər də xarakterik olmasa da, son onillikdə xarici filmlərin, serialların təsiri altında bir çoxları detektiv yazarı olmaq eşqinə düşür, kriminal romanlar, ssenarilər yazırlar... Çünki bu janr hamıya çox asan görünür. Hətta nə vaxtsa hüquq mühafizə orqanlarında çalışan və sonradan təqaüdə çıxan bir çox mütəxəssislər də, vaxtilə apardıqları cinayət işlərini bir az ədəbi formaya salıb detektiv əsərlər kimi ortaya qoyurlar, ilk baxışdan həqiqətən də asan görünür. İstənilən bir kriminal hadisəni götür, istintaqı təsvir elə, vəssalam, oldu detektiv roman və ya serial ssenarisi...

Yəni həqiqətənmi bu qədər asandı detektiv roman və ya ssenari yazmaq? Əgər bu qədər asan prosesdisə, bəs onda niyə dünya səviyyəli detektiv yazarlarını hamı bu qədər dəyərləndirir, mükafatlandırır? Hamının bacardığı bir işi görən adamın nəyi qiymətlidir ki?

Əfsuslar olsun ki, detektiv yazmağın çox asan bir proses olması, ən böyük illüziyalardan biridir. Düzgün quruluşlu detektiv roman və ya ssenari yazmaq üçün qələm sahibi ilk olaraq, dəqiq riyazi quruluşa malik olan strukturlar qurmağı bacarmalıdır. Burda ən kiçik bir səhv belə bütün strukturu dağıdır, məhz bu səbəbdən də nəinki ölkədə, hətta bütün dünyada belə, Xalq yazıçısı Çingiz Abdullayevin detektivləri bu qədər yüksək dəyərləndirilir. Çünki sadə kriminal hadisə təsvirlərindən fərqli olaraq, Çingiz Abdullayevin, hətta 30 il əvvəl ilk çap olunan detektivlərində belə, dəmir məntiq və dəqiq həndəsi strukturu müşahidə etmək mümkündür. Başqa sözlə desək, heç kimin tanımadığı bir yazarın əsərlərinin birdən-birə populyar olub, böyük tirajlarla çap olunması məhz həmin dəqiq həndəsi strukturun və dəmir məntiqin qurulması hesabına idi...

Nəzərə alsaq ki, hətta səksəninci illərin ortalarında belə, postsovet məkanında detektiv yazarlar az deyildi və heç kimin tanımadığı Çingiz Abdullayev ilk əsərilə böyük tirajlara yüksələ bilmişdisə, deməli, ortaya belə bir məntiqi nəticə çıxır - detektiv həvəskarları məhz onun əsərlərində elə bir dəqiqlik, elə bir dəmir məntiq gördülər ki, müqayisə etdikdə onu digər detektiv yazarlardan daha üstün tutdular, onun süjetlərini sevdilər, təsvir etdiyi hadisələri maraqla izlədilər...

Və beləcə, bir neçə ilin içində onun adı detektiv həvəskarlarının yaddaşına həkk olundu...

Deməli, yaxşı detektiv yazmaq göründüyü qədər də asan deyil. Hətta deyərdim ki, çox-çox çətindir. Çünki istənilən detektiv əsərin quruluşu ilk olaraq abstrakt şəkildə beyində qurulmalıdı. Bundan əlavə, detektiv sadəcə qurulmur, o həm də arxadan qabağa qurulur... Məhz bu baxımdan mən həmişə detektiv əsərləri əruz qəzəlləri ilə müqayisə etmişəm. Bəlkə ona görə özüm də həvəskaram detektiv süjetlərə... necə ki, detektivdə ilk olaraq hadisənin düyünlərinin açıldığı məqam düşünülüb tapılmalıdı və sonradan bütün hadisələr o bağlantı nöqtəsinə doğru hərəkət etməlidi, eynən də qəzəldə, ilk olaraq rədif dəqiqləşdirilməli və hər beytin məzmunu həmin rədifə doğru hərəkət etməlidi...

Düzgün detektiv yazmaq üçün yazıda həm peşəkar yazıçılıq xüsusiyyətləri, həm də dəqiq strukturlar qurmaq qabiliyyəti birləşməlidi. Analitik düşüncə zənciri gərək sona qədər qırılmasın...

Bunun üçünsə uzunillik təcrübə zəngin mütaliə, mütləq şərt olaraq qalır... beynin analitik düşüncə xətti gərək saat kimi işləsin, beyin yalnız düzgün strukturlara öyrəşsin...

Çingiz Abdullayevin ilk əsərləri oxucuları necə maraqla qırmağa keçirə bildisə, sonrakı əsərlərində də eyni uğuru saxladı. Adətən bunun əksini görürük. Yazıcı öz oxucu kütləsini qazanandan sonra bir qədər rahatlaşır, daha qurduğu hekayət zəncirinin bütün incəliklərinə diqqət yetirmir, xırdalıqlar üzərində çox işləmir. Lakin Çingiz müəllimə bu, xarakterik deyil. İlk əsərlərində onun qurduğu detektiv süjetlər necə incəliyinə qədər zərgər dəqiqliyi ilə işlənilirdisə, son əsərlərində də eyni dəqiqliyi görürük. Yazıçı həm oxucuya, həm də öz adına böyük diqqətlə yanaşır. Axı boşluqlar getdikcə artsa, hətta sadə oxucu bunu hiss etməsə də, məhz detektiv həvəskarları hər şeyi başa düşəcək və yazıçı, sanki əsəri yola verdiyini hiss edəcək... bu isə yüksək səviyyəli peşəkar üçün yolverilməz haldır. Zənciri boşaltmaq, halqalarını zəiflətmək olmaz. Elə uzun illik oxucu sevgisinin də sirri məhz bundadır. Keyfiyyəti aşağı salmadan, uzun illər əziyyətə qatlaşmaq, ilk əsərlərdə olduğu kimi hər bir detalı, məntiqi zəncirin hər bir halqasını dəqiqliklə işləmək.

Bəs görəsən, bu dəqiqlik nəyə lazımdır? Hər xırda faktın üzərində bu qədər əsməyə nə ehtiyac var?

Burda incə bir məsələ ortaya çıxır, detektiv oxucusu bir qədər fərqli təbəqədir. Janrlardan fərqli olaraq bu janra köklənən adam ordan müəllifin hiss və duyğularını, hansısa mənəvi məsələlərin həllini o qədər də istəmir. Detektiv oxucusu oyun istəyir. Maraqlı dinamik gözlənilməz döngələr üzərində qurulan bir intellektual oyun.

Detektiv yazarı bilməlidir ki, əsər yazmır, həm də oxucuyla gizlənpaç oynayır və bu oyunun qaydaları əvvəlcədən müəyyən olunub. Oxucunu və ya tamaşaçını maksimum azdırmaq, müxtəlif yanlış tərəflərə yönəltmək və yalnız əsərin sonunda onunçün həqiqəti kəşf etdirmək...

Burda obrazların xarakterinin incəlikləri, bədii təsvirlər, hansısa ədəbi tapıntılar bir o qədər də rol oynamır, burada əsas maraqlı tapıntılar məhz oyunun quruluşu üzərində olmalıdır. Və detektiv əsərdən də yaddaqalan məhz bu tapıntılar olur.

Məsələn, Çingiz Abdullayevin ilk əsərlərindən olan "İnanılmaz qətl" romanındakı tapıntı bir maqnitofon yazısının üzərindədi...

Bir otaqdan güllə səsi eşidilir, hamı ora gəlir, öldürülən adamı tapırlar, lakin məlum olur ki, həmin vaxt onun yanına heç kim girməyib.

İnanılmazdır. Qətl baş verib, intihar da deyil, lakin qapalı otaqda kim olub, qatil kimdir? Yalnız uzun axtarışlardan sonra məlum olur ki, qətl hadisəsi bir müddət əvvəl baş verib, güllə səsi isə qatilin maqnitofona qoyduğu kasetdən gəlib... Bəli, detektiv əsər üçün bədii tapıntı dediyimiz detal məhz bu cür olur, ona görə də uzun illər yadda qalır. Əsərdə belə tapıntı yoxdursa, istintaq sadəcə bir xətli gedirsə, bu əsərə detektiv demək olmaz, bu, sadəcə, kriminal bir süjetdir.

Çingiz Abdullayevin romanlarında yüzlərlə belə tapıntını misal göstərə bilərik və bu tapıntılar oxucunu, sanki maraqlı bir oyuna cəlb edir, sona qədər nəticəsi bilinməyən bir labirintə salır...

Məhz bu baxımından detektiv əsərin mütaliəsini şahmat oyununa bənzətmək olar. Bir tərəfdə şahmatçı, bir tərəfdə oxucu (tamaşaçı) əyləşib. Əgər şahmatçı zəifdirsə və oxucu (tamaşaçı) elə ilk gedişlərdən nəticənin nə olacağını başa düşürsə, onda deməli, bu detektiv əsər uğursuz qurulub... Yalnız yüksək səviyyəli qrossmeysterlər oyun zamanı oxucunu (tamaşaçını) son gedişə qədər qeyri-müəyyənlikdə saxlaya bilir... Çingiz Abdullayev də belə qrossmeysterlərdəndi...

Yenə də son dövrlərdə bizdə ərsəyə gələn detektiv romanlar və ya film-seriallara qayıtmaq istəyirəm. Bunların yazarı və ya ssenaristi görəsən, bilmirmi ki, bizim ölkənin belə bir dünya səviyyəli qrossmeysteri var? Bilirsə, bəs onda niyə ən azından onun yazdıqlarından nəsə öyrənməyə çalışmır?

Bəlkə öyrənmək istəmir? Bəlkə oxucunu, tamaşaçını avam hesab edir, düşünür ki, bu kütlənin qabağına kriminal elementləri olan istənilən bir material atsam, detektiv kimi qəbul etdirə biləcəm?

Bilmirəm, bəlkə də tənbəllikdir, bəlkə də naşılıq... Hər halda, ümid edirəm ki, belə bir peşəkara sahib olan ölkədə onun həqiqi ardıcılları olan gənc detektiv yazarlar yaranacaq və saxta yox, məhz həqiqi detektiv əsərlərlə oxucularımızı da tamaşaçılarımızı da sevindirəcəklər.

Əgər belə yazarlarımız ərsəyə gəlməsə, yaxın onilliklərdə yenə də detektiv adıyla bizə min cür səviyyəsiz materiallar təqdim ediləcək... Və biz də həmişə olduğu kimi təəssüflə deyəcəyik ki, bizdə detektiv də alınmır...

"Bizdə alınmır" deməyi necə də xoşlayırıq... Hərçənd Çingiz Abdullayev bu "alınmır"lardan heç olmasa birini "alındıra bilən" sənətkarlardandı...

Ağız büzməyək, əl yellətməyək, əksinə, qədrini bilək, öyrənək, bəhrələnək... Və nəhayət, ad gününü təbrik edək...

 

İlqar FƏHMİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 aprel.- S.5.