Angela Karter
klassik nağıllardan
postmodern nağıllara gedən
yolda əhəmiyyətli
yer tutan yazarlardandır. 1940-cı
ildə İstburnda anadan olan Angela Karterin ilk romanı "Kölgə rəqsi"
("Shadow Dance") adlanır. Əsər
1966-cı ildə yayımlanan
kimi Karter İngiltərənin ən
orijinal müəlliflərindən
birinə çevrilib.
1978-ci illərdə
Şeffild Universitetində
yaradıcı yazarlıq
və 1981-ci ildə
Braun Universitetində yazı
sənəti dərslərini
öyrədən, son romanı
"Wise Children" ilə böyük rəğbət
qazanan yazar 1992-ci ilin fevralında vəfat edib. Karter "Qanlı palata"da
bir çox qədim süjeti yenidən yazıb. Bura 10 hekayə daxildir. Kitab ilə eyni adda
olan ilk "Qanlı palata" hekayəsi "Mavi saqqal" ilə intertekstual əlaqədədir. Bu klassik mətni ilk olaraq Şarl Perro 1697-ci ildə qələmə alıb.
"Qanlı Palata" intertekstuallıq
və parodiya baxımından son dərəcə
əhəmiyyətlidir. "Mən hər
hadisəni təkrar danışma potensialı
olan vəziyyət kimi qəbul edirəm" - deyən Karterin kitabında "Qırmızıpapaq" nağılının
"Qurd qadın"
adı ilə yenidən yazılmış
variantını görürük.
Burada da qızın başında
qırmızı papaq
yoxdu və qızın meşədə
qarşıladığı qurd qadın, əslində, onun nənəsidir. Və qız qışqırıb
səs salanda qurd qadını qonşular məğlub edib çölə atırlar. Daha öncə isə
qız meşədə
onunla rastlaşanda qolunu kəsmişdi.
Elə qurd qadın məsələsi də bu zaman aydınlaşır.
Qeyd edək ki, nağılın ilkin variantlarında qızın başında
qırmızı papaq
yoxdu və o, qurdla yox, qurd
adam ilə
qarşılaşır. Qurd
adam mifi
ilk olaraq paqan mədəniyyətləri arasında
yayıldığı və
xristian inancına zidd olduğu üçün zaman keçdikcə bu, sadəcə, qurd ilə əvəzlənir.
Qızın qırmızı papağı isə Şarl Perronun əlavəsidir. Digər variantı
isə XIX əsrdə
Qrimm qardaşlarının
versiyası idi.
"Qar uşaq" isə "Ağca qız" nağılının son dərəcə
təxribatla yenidən
yazılmasıdır. "Qar uşaq"da Kristevanın
vurğuladığı poetik
dili, ahəngdar səs təkrarlarını
görə bilərik.
Qrafinya və qar uşaq
bir-birlərinə düşmən
kimi görünsələr
də, münasibətləri
Kristevanın chora tərifinə bənzəyir.
Səthdə görünməyən, ancaq mətnin altına nüfuz edən ana və
uşağın gizli
əməkdaşlığı sayəsində qraf, yaratdığı utopiya qarşısında antiutopiya
tapır".
Qar uşağın ölümü
reallığı ilə
üzləşmək istəməyən
Qraf ona kişi nəvazişi
göstərərək yenidən
həyata qaytarmaq istəsə də, bu dəfə kişiliyi yeni varlıq yarada bilmir. Və uşaq əriyərək
qara-ananın bətninə
qayıdır. Burada həm
də feminizm mövcuddur. Əsərdə Qrafın uzatdığı
gülü qəbul etməyən qrafinya qalibdir. Burada Karter erkək və dişi enerji bərabərliyini dekonstruksiya edir, dağıdır. Karter yaradıcılığı
feminizm və postmodernizm kontekstindən
son dərəcə əhəmiyyətlidir.
Qar uşaq
Qışın ortası - yenilməz, qüsursuz. Qraf və arvadı at sürür, kişi
boz, qadın isə qara madyanın
belindədir. Qadın əynindəki
par-par parıldayan tülkü
kürkünə bürünüb,
ayaqlarında isə hündürdaban qara, parlaq qırmızı çəkmələr var. Öncədən
torpaqda öz yerini möhkəmlədən
qarın üzərinə
yavaş-yavaş təzə
qarlar düşür.
Tezliklə qar dayanır, adama elə gəlirdi ki, elə bil
bütün dünya ağ rəngə
boyanıb.
"Kaş ki, qar kimi ağ
bir qızım olsaydı" - qraf deyir. Onlar bir az da atda dolaşırlar. Qarın üzərində içərisi
qan ilə dolu bir çuxura
rast gəlirlər.
Qraf deyir: "Kaş qan kimi qırmızı
bir qızım olsaydı". Beləliklə,
yenə qarlı havada atla dolaşmağa
davam edirlər...
Budur, bir qarğa çılpaq bir kolda oturub.
Qraf yenə deyir: "Kaş o quşun lələkləri kimi qara bir qızım
olsaydı". Təsvirini bitirən
kimi dərhal yolun kənarında dərisi ağappaq, dodaqları gilənar, saçları gecə rəngində çılpaq
bir qız görünür; qız,
onun arzuladığı
idi və qrafinya ona nifrət
etdi. Qraf onu yuxarı
qaldırıb yəhərinin
üstündə əyləşdirir,
qrafinyanı yalnız
qızdan xilas olmağın yolları maraqlandırırdı. O, əlcəyini qarın içinə tullayaraq, qıza onu axtarmaq
üçün aşağı
düşməli olduğunu
deyir. Çünki tələsik qaçıb
qızı orada tərk etmək istəyirdi, lakin qraf ona mane olaraq:
"Mən sizə yeni əlcək alacağam" - deyir.
Bu zaman xəzlər
qrafinyanın çiyinlərindən
sıçrayıb çılpaq
qızın vücuduna
bürünür. Sonra qrafinya brilyant broşunu donmuş gölməçədəki buzun
içinə atır:
"Get və mənim
üçün onu gətir" - deyir... Qızın orada mütləq boğulacağını bilirdi.
Lakin qraf yenə mane olur: "O məgər balıqdır
ki, belə dondurucu havada üzsün?"...
Sonra çəkmələr
qrafinyanın ayaqlarından
qızın ayaqlarına
doğru sıçrayır. İndi qrafinya
bir sümük kimi çılpaq, qız isə kürk və çəkmələrin içində
valehedici idi; qrafın birdən-birə
qrafinyaya yazığı
gəlir.
Az sonra onlar əsrarəngiz güllərlə dolu kolun yanına yaxınlaşırlar.
O, qıza yenidən - "Mənim üçün bu güllərdən birini qopar" - deyir.
Qraf arvadına
tərəf dönüb
- "Mən səni gözardı edə bilmərəm" - deyir. Beləliklə, qız bir gül
qoparır, barmağı
tikana toxunur, qanı sürətlə axmağa başlayır, qışqırır və
nəhayət, yıxılır.
Qraf ağlayaraq sürətlə
atından aşağı
tullanır, ölü
qıza yaxınlaşıb
onu qucaqlayır, onu dəli kimi
arzulayaraq, kişi
nəvazişi göstərməyə
başayır. Qrafinya atını
cilovlayaraq soyuq nəzərlərlə Qrafa
baxır.
Sonra qız yavaş-yavaş əriməyə
başlayır. Ondan geriyə sadəcə
yerə düşən
quş lələyi, qarda öldürülən
tülkünün qan
izinə bənzər
qırmızılıq və
koldan qopardığı
o əsrarəngiz gül
qalır.
İndi qrafinya yenidən bütün paltarlarına
qovuşmuşdu. Qalib ədasi ilə
xəzlərini sığallayırdı.
Qraf yerdən gülü götürərək, qrafinyaya
uzadır, qadın gülə toxunduqda -
"Bu gül dişləyir!"
- deyərək onu yavaşca əlindən yerə doğru buraxır...
Angela Karter
Tərcümə etdi: Nargis
Ədəbiyyat qəzeti.- 2021.- 10
aprel.- S.4.