Formanın müqəddəs sirri

- müəllif və bədii forma

 

1

 

Qəribədir, hamının xof və qorxu içində olduğu bu günlər, şübhəsiz, az, ya çox zərərlə bitəcək, ağırdı, nə qədər üzücü olsa da, əsas bu deyil, tarix görüb belə şeyləri, əsas olan odur ki... bir də ayılıb görərik ki, həyatın, taleyin bizə bəxş etdiyi adamlar yoxdu, bu günlərdə "yoxdu" sözü dibsiz boşluq yaradıb, o adamları gəzib tapmayanda faciə onda başlayacaq...

Adamlar çıxıb gedir, hisslər, duyğular qalır, kiminsə yaddaşında, kiminsə şüuraltında, kiminsə üz cizgilərində, bir az keçir, sahibini itirmiş, ondan əbədi qopmuş duyğular sənə sarılır, səninki olur və sən o adamı unudursan, o duyğuları öz ömrünə qatırsan, sonra sən də gedirsən, çürüyürsən, duyğularsa ölmür, bəzən kiminsə canına ilan kimi sarılır, daşıb dünyanı tutur...

Bəzən soruşuruq: bu acı günlər ki var, hanı bunların bədii mətnlərdə ifadəsi, hesab eləyirik ki, yazar dediyimiz adam yerlə göyün arasında xata-bəlasız yerdədi, ordan baxıb gördüklərini nəzmə, yaxud nəsrə çəkir, xeyr...

Bu acı, başgicəlləndirən günlərin sirri, bəlkə də, uzaq əsrlərdə yazılıb artıq. Qədim dövrlərdə kiminsə Divanında, o kitabın hansısa səhifəsində sənin indi çəkdiyin acılar təfsilatıyla rəsm edilib, çünki şeir, ya ümumən bədii mətn həmişə keçmişin gələcəyidir, nə vaxtsa o kitabın filan səhifəsində yer alan qəzəlin içində səs idin, bunu təsəvvür edə bilərikmi, yaxud indi çəkdiyin əzablardan dolayı haçansa səni ümidin qılıncının şaxta kimi kəsən soyuğunda bir bayatı kimi çağırıblar, sən o bayatını oxuyub haçansa kədərlənmisən, yad bir adamın tanımadığın dərdi kimi...

 

2

 

Əgər belədirsə, yəni indi başına gələnlər uzaq əsrlərin girdabında, sən bu dünyada olmayanda cücərməyə başlayıbsa, onda bədii mətnlə müəllif, başqa sözlə, müəlliflə bədii forma arasında əlaqələrin xarakteri haqqında nə demək olar? Buraya qədər dediklərimiz həmin münasibətin son dərəcə mürəkləb və çeşidli olmasına işarə kimi anlaşılmalıdır.

Müəllif və bədii forma. Kim kimə yiyələnir, kim kimin sirrini açır, yaxud gizlədir? Bunları çözmək o qədər də asan deyildir.

Bu məsələni iki səviyyədə nəzərdən keçirə bilərik: 1) poeziyada dramaturji səviyyədə; 2) nəsrdə sırf poetik, yəni metaforik səviyyədə. Əvvəlcə şeirdən başlayaq; əvvəlki yazıların birində "şeirin dramaturgiyası" anlayışını vurğulamışdıq. Zənnimizcə, müəllif şairlə bədii forma arasındakı münasibətlərin naturası məhz bununla şərtlənir.

Burada maraqlı cəhətlərdən biri müəlliflə həyat hadisəsi arasındakı münasibətlərin forma vasitəsilə əşyalaşması, forma ilə müəllif arasında əbədi, dönməyən, dayanmayan bəhsləşmənin və qovğanın getməsidir. Adətən, bu "qansız müharibə" kadrdan kənarda qalır. Kadrın içində olanlar başımızı o qədər qatır ki, məlum formanın müəllifə necə müqavimət göstərməsinin fərqində olmuruq. Bu qovğanın forması və reallaşma modusu hər bir böyük sənətkarda özünəməxsus rəng və çalar qazanır, onların bədii təfəkkürlərinin ən fərqləndirici və özümlü xüsusiyyətləri də məhz bu məqamda meydana çıxır. Məhəmməd Füzulinin qəzəllərində "zorakılığın növ müxtəlifliyi" bir əldə cəmlənib, Füzulidə sevdiyi forma ilə (...qəzəl de ki, məşhuri-cahan ola, oxumaq da, yazmaq da asan ola...) düşmənçiliyin mayasındakı sevgi məlumdur, məhz bu sevgiqarışıq düşmənçilik mətndə azadlığın eyni zamanda həm maksimum masştabda ifadəsinə, həm də bu azadlığın son nöqtəsinə qədər boğulmasına şərait yaradırdı və məhz buna görə də şeir mətni bir-birinin içindən çıxan və sonu görünməyən min bir gecə nağıllarına çevrilirdi. Qırxıncı qapı açılmırdı, hər bir yeni qəzəldə təzə qapı, bundan sonra yenə təzə qapılar gəlirdi... Hər şey bir əlin hakimiyyəti altında olduğundan, əmrlər və göstərişlər bir məqamdan verildiyindən, bütün semantik struktur son hüceyrəsinə qədər yükləndiyindən forma ilə mübarizə mürəkkəb gedişli oyunu xatırladır. Müqavimət qırılana yaxın şair son silahına əl atır, üsyan edir, duyğularını sərbəst şəkildə ifadə etməyin həsrətini üsyanla çığırır: yandı canım hicr ilə, vəsli-rüxi yar istərəm...

Formanın müəllifi öz içində əritmək, həll etmək ehtirası heç bir şeirdə bitmir, bütün yaradıcılıq boyu davam edir, hər bir yeni şeir bu qovğanın daha ağır formasına çevrilir. Qarşısıalınmaz həyat axını içindən hadisənin seçilərək götürülməsi dünyanın milyon-milyon təsadüflərindən biridir. Bu hadisənin, ürəkdə qəfil doğulan duyğunun, necə deyərlər, "obrazının çıxarılması", sırf əşyalaşması Füzulinin bədii təfəkküründə bir qəlibin içində doğulur, bu qəlibin içindəki "hakimiyyət ehtirası" dünyanın üstünə yeriyir, var gücü ilə dünyanı öz rənginə boyamaq istəyir. Füzulinin bədii təfəkkürü dünyanı mürəkkəb, qırışlar altında gizlənən sirlər kimi qavrayır və onunla qovğada çox mürəkkəb, bəzən başaçılmaz metaforalar işlədir. Füzulinin hadisəni olub-bitmiş (hazır) bir nəsnə kimi götürüb təhlil etməsi (daha doğrusu, sorğu-suala tutması), hər bir şeirində getdikcə daha çox qəlibləşir, bir məhbəsin qapısı o biri məhbəsə açılır və beləcə, sona qədər formanın müəllifin iradəsini özünə tabe etmə istəyi beləcə "yerində sayır", irəliləmir.

Ədəbiyyat tariximizdəki zahirən düyünlü məqamlara diqqət yetirsəniz, bu əlaqə və qəliz münasibətlərin dialektikasını anlamaq olar, Axundzadə etirazı və inkarı, maarifçi estetikada qəzəliyyatın, ümumən insanı bir çərçivə içinə alıb onu sırf fərdi duyğular çəmbərinə salan və dünyadan təcrid edən mətnlərin düşmənçilik kimi işarələnməsi yeni semiotik mahiyyəti gerçəkləşdirdi. Və bu qovğa Axundzadə ilə başlamamışdı, onun ilk rüşeymləri elə Vaqiflə Vidadinin deyişməsində ifadə edilmişdi, bizim poeziya tarixində daxili dramaturji konflikt heç zaman bu səviyyədə olmamışdı. Dixatomiya - məzmunun formaya və əksinə çevrilməsi həmin dövrdə bütün açıqlığı ilə özünü göstərirdi. Forma, Vaqifin qoşmaları dil açıb danışırdı, klassik janrlarda ona qədər deyilən hər çey çox incə şəkildə, oxucunun, sanki gözünü aldadaraq inkar edilir və yaranan boşluqlar yeni naxışlarla doldurulurdu, klassik janrlarda forma susaraq danışır, yeni poetik nümunələrdə isə forma fasiləsiz, dil boğaza qoymadan danışırdı, klassik formada həyat olduğundan kədərli, müasir, modern nümunələrdə isə həyat olduğundan səsli və rəngli idi, amma dərd, kədər, faciə ... xüsusi modusda əyaniləşirdi, şair gerçəkliyin faktını olduğu kimi götürüb olmadığı kimi təqdim edirdi. Qəzəldə susan forma elə müəllifin özü idi, qoşma və gəraylıda müəlliflə forma növbələşməsi baş verirdi, bəzən forma müəllifi hansısa misraların arasında gizlədib özü onun əvəzində danışırdı, bəzən də müəllif o gizli hücrədən çıxıb illərlə ürəyində qövr edən dərdi formadan gələn şüaları kəsməklə nəql edirdi, məhz belə olduğu üçün bu nümunələrdə zaman sırf gələcəyə yönəlikdir, o şeirlərdə keçmiş elə ən uzaq gələcəkdir, bu mahiyyət daha çox Aşıq Ələsgərin, sanki indi, bu an yazılmış qoşmalarında ifadə olunub, Çərşənbə günündə, çeşmə başında//Gözüm bir alagöz xanıma düşdü//Atdı müjgan oxun keçdi sinəmdən// Nazu-qəmzələri qanıma düşdü.

Bu misraların arasındakı cazibə, poetik enerji o qədər şux və yenidir ki, bu şeir, sanki həm indi yazılıb, həm də haçansa gələcəkdə yazılacaq, amma hər iki halda qoşmanın bircə misrası da dəyişməyəcək, müəlliflə forma arasındakı ilahi təmas onun bətninin hər an, daim enerjiylə dolub-boşalmasını təmin edir. Bu səbəbdən Ələsgər qoşmanın çox böyük ustadıdır. Amma modern şeirdə zamanın, dövranın, onunla bərabər müəllifin hər hansı anlayış, yaxud əşyaya münasibətinin dəyişməsi teatr səhnəsində pərdənin qalxıb-enməsini xatırladır. Aşıq şeiri (məsələn, Qurbaninin "Bənövşəni" qoşması) zamanı dəyişdirir, onun çarxı hara dönürsə dönsün, mətn insanların içindən keçən bütün duyğularla aşıb-daşsa da "dəyişmir", təzə-tər, indi, bu an yazılmış kimi qalır. Çünki bu şeirlər şifahiliklə yazı sehrinin təmas tapdığı ərazidə yaşayır. Modern poeziyada mənzərə bambaşqadır. Məsələn, S.Vurğunun "Ala gözlər", R.Rzanın "Gözlər" şeirində olduğu kimi. Baxın: Yenə qılıncını çəkdi üstümə//Qurbanı olduğum o ala gözlər//Yenə cəllad olub durdu qəsdimə//Qələm qaş altında piyalə gözlər. Sonra (R.Rzada): Çoxları dad çəkdi// şivən qopardı// "Döndərmə yazımı xəzana, gözlər!//Mən də qol çəkirəm onlar deyənə//Ar olsun bu əhdi pozana, gözlər!//Biri qara dedi, biri alagöz//Bu ceyrangöz dedi, o piyalə göz//Mənə nə iri göz, nə də bala göz//Ruhuma xoş gəlir miyanə gözlər.

Klassik janrlarda, deyək ki, qəzəldə az qala hər bir insan duyğusunun bir qəlibi var, bu mənada oxşarlıqlardan dərinlik ölçüsünü yaratmaq çox çətindir, həm də bu, hardasa ənənə kontekstini tələb edir, yəni illər, on illər boyu bir dalğa üstündə düzülən duyğu qəlibləri birdən Nəbatidə olduğu kimi simlərin tufanını yarada bilir. Bu mənada Nəbati klassikadan modern məzmuna sıçrayış məqamını bildirir.

Klassik qəzəldən fərqli olaraq, müasir poetik mətnlərdə duyğular qəlib içində yox, bir-birinə sarılmış və çarpaşıq şəkildə təqdim olunur, bu müstəvidə məhz forma son dərəcə mütəhərrikdir, şeirin canına yığdığı duyğu layları oxucu təmasına bənddir, o sarmaşıq duyğular güllərin gecəylə gündüzün sərhədində çiçəklədiyi kimi açılır, oxucuya təsir edib onun intibalarını da öz aləminə, öz konsentrik formasına cəlb edir, forma dağılır və dəyişir, bu ən parlaq şəkildə S.Vurğun poeziyasında, Müşfiqin əvəzsiz mətnlərində R.Rzanın intellektual və dramaturji konfliktlə dolu nümunələrində ifadə olundu.

Deməli, poeziyada nüəlliflə bədii forma arasındakı qovğalar, poetik mənaları gizlindən aşkara çıxaran mexanizm dramaturji konfliktdir - bu isə sonda hər bir mənanın dünya və gerçəkliyə qarşı çevrilməsinə gətirib çıxarır.

 

3

 

Bədii nəsrdə isə müəlliflə bədii forma arasında mürəkkəb münasibətlər şəbəkəsi məhz mətnaltı duyğu selində, başqa sözlə, fəlsəfi-metaforik planda ifadə olunur. Bədii mətnin kompozisiyasından, onun quruluş tipindən asılı olaraq təhkiyəçinin ciddi cəhdlə gizlətdiyi "duyğu seli" bədii mətnin bütün komponentlərinin "dili" ilə ifadə olunur. İfadə olunan, danışılan əhvalatdan hasil olan təəssüratı bu komponentləri hər hansı birinə "yapışdırıb" aid etmək faktiki olaraq mümkün deyildir və bu, konkret olaraq müəlliflə forma arasındakı münasibətlərin sözlə ifadəsi çətin olan nəticəsidir. Bu barədə isə daha sonra.

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 aprel.- S. 6.