Qələbənin nağıl
başlanğıcı
Həyatımızı nağılsız təsəvvür
etmək olmur. İnsanlığın erkən dövrlərindən
xəbər verən əsatirləşmiş keçmiş
və ya keçmişin əsatirləri
- çağdaş dünyada
da tərbiyə sisteminin ilk pilləsidir.
Ömrümüz dinlədiyimiz nağıllardan
başlanır və yaş artdıqca həmin illərin özü də və bütövlükdə
tarix də nağıla dönür.
Folklorun bu möhtəşəm janrı min illərdir ev-ev, ailə-ailə dolaşır və eyni zamanda yazılı
ədəbiyyatın əsas
qaynaqlarından biri olaraq qalır. Bir çox böyük söz sahibinin, dahi şair və nasirlərin dünyaca məşhur əsərləri nağıl
motivləri və ya ideyaları əsasında, nağıllardan
gələn bədiiyyat
üsulları və vasitələri ilə qələmə alınmışdır.
Texniki inqilablar, kəşflər
dünyanın sirlərini
və sehrini azaltdıqca və adiləşdirdikcə də
sehrli nağıllara maraq azalmır, əksinə kəşflərin
və texniki inqilabların öz yeni nağılları yaranır, köhnə mifik təfəkkürlə
təzə fantastik təxəyyül birləşir.
Buna görə də müasir ədəbiyyatda yeni nağılların yaranması
heç kimi təəccübləndirmir, əksinə
məktəbdən, balacaların
tərbiyəsindən, uşaq
ədəbiyyatından söhbət
gedərkən indinin nağıllarına olan ehtiyac həmişə vurğulanır; dünyanın
hər yerində uşaq ədəbiyyatının
yaranmasına və nəşrinə özəl
bir qayğı ilə yanaşılır.
ADA Universiteti məni tələbələrlə onlayn
görüşə dəvət
etmişdi və tanışlıq zamanı
Universitetin əməkdaşı
Günel Əsgərova
ingiliscə uşaqlar
üçün nağıllar
yazdığından; mövzusu
Azərbaycan həyatından
alınan bu nağılların maraqla
qarşılandığından və hətta ingiliscə yazdığı
kinossenarisinin Kanadada keçirilən bir müsabiqədə yüksək
yer tutduğundan, rejissorların diqqətini
cəlb etdiyindən danışmışdı.
Gənc
yazıçının ötən
il “Radius” nəşriyyatında
ana dilimizdə nəşr edilmiş “Xanın üç qızı” adlı kitabı da məhz nağıl olduğuna, həm də Qarabağ xanının qızlarının
nağılı olduğuna
görə diqqətimi
cəlb etdi. Bu marağı artıran həm də içimdəki sual idi: gənc bir xanım Xanlıqlar dövründən
nə yaza bilər və yazdığına nağıl
demək olarmı?
Kitabın nəşriyyat təqdimatında
yazılır: “...bu nağıl uşaq və böyük olmasından asılı olmayaraq, oxucunu ətraflı düşünməyə
çağırır, hər
kəs onda yeni və ruhuna
yaxın nəsə tapa bilir, çünki
Günelin nağılları
psixoloji məqamlar üzərində qurulub, dünya mifologiyası və antropologiyası elementlərinə malikdir,
tarix, incəsənət,
coğrafiya, mədəni
və mənəvi dəyərlər baxımından
əhatəlidir və
hər kəs üçün anlaşılan
hisslərin dilində
qələmə alınıb”.
Gənc müəllifin ilk nağıl
kitabı üçün
yetərincə ciddi dəyər və iddiadır və bəri başdan deyim ki, əsassız
deyil.
Kitab “Biri vardı, biri yoxdu...” gələnəksəl
nağıl girişi
ilə başlanır
və sonadək şirin, sadə və dramatik nağıl üslubunu qoruyub saxlayır.
Biz hökmdarlar və
onların üç
oğlu, böyük qardaşların fərasətsizliyi,
kiçik qardaşın
dürüstlük, ağıl
və qəhrəmanlıqla
bütün çətinliklərdən
çıxması haqqında
çox nağıl bilirik. Lakin onlardan fərqli
olaraq Günel Əsgərovanın nağılında
hökmdarın üç
oğlundan yox, üç qızından
söhbət gedir.
Bununla müəllif başlanqıcdan çağdaş
dünyanı din və
coğrafi fərqlərə
görə üz-üzə
qoymağa çalışan
yanlış və yad düşüncənin
Şərq qadınlarına
qarşı biçimləndirməyə
çalışdığı stereotiplərə qarşı
çıxır və
hətta xanlıqlar dövründə Azərbaycan-türk
ailəsində qızların
azad böyüdüklərini,
yüksək təhsil-tərbiyə
aldıqlarını, oğlanlarla
bir cərgədə döyüşə bilmək
qabiliyyətlərini, güclü
və cəsarətli
olduqları qədər
də ağıllı
və bilgili olduqlarını önə
çəkir.
Günel Əsgərovanın nağılında
Qarabağ hökmdarı
Əhməd xanın hakimiyyətini davam etdirəcək, torpaqlarına
və var-dövlətinə
sahiblənəcək varisi,
yəni oğlu yoxdur. Bu, Əhməd xandan sonra xanlığa
və onun sərvətinə əl qoymaq arzusunda olan qonşuları şirnikləndirir.
Lakin Əhməd xanın oğlu olmasa da, üç gözəl qızı var: boylu-buxunlu, cəngavər ruhlu, uşaqlıqdan döyüşün,
hərb sənətin
sirlərini öyrənmiş
Xəzri; təbiətin
və sənətin sirlərini bilən, çaldığı kamanı
təbiət dilində
danışdırmağı, quşlar kimi oxutmağı bacaran Mələk və nəhayət, dərin ağlı və gözəlliyi ilə seçilən, elmlərə
yiyələnmiş, özəlliklə
ən çətin tapmacaların cavabını
asanlıqla tapan kiçik bacı, müdrik Banu...
Nağıl bu janrda geniş
yayılmış bir
ideyaya- xeyirlə şərin, azadlıq tərəfdarları ilə
işğalçıların, öz torpağını sevən və qoruyan insanlarlarla-insanlığa
düşmən kəsilmiş
Təpəgözün arasında
mübarizəyə həsr
edilmişdir. Bu, folklorun əbədi konularından
biridir...
Lakin Təpəgöz
obrazında Günel Əsgərova konkret olaraq Azərbaycanın düşmənlərinı nəzərdə
tutur. Nağılın ən maraqlı
tərəfi bütün
rəqiblərini əsir
edən, bölgəyə
fəlakət gətirən
bu şər simgəsini məhz xanın qızlarının
məğlub etməsidir.
Məncə, Günel
xanımın uşaq
yazıçısı kimi
uğur və istedadı burada meydan çıxır...
Öz hiyləsi, sehrbazlığı,
qırmızı çaqqalları,
əcaib səslər
çıxaran quşları
və nəhayət cavabsız tapmacaları ilə bütün ətraf xanları yenən, torpaqlarını
işğal edən, ordularını, sərkərdələrini
əsir götürən,
onları unutqanlığa
məhkum edən Təpəgözün bu qeyri-adı gücü və imkanları qarşısında üç
bacı, xanın üç gözəl qızı neyləyə bilər?
Nağıllarda hər cür şərtilik, gözlənilməz
təbiət möcüzələri,
ilahi qüvvələrin
işə qarışması
məqbuldur və başa düşüləndir. Müəllif bu qüvvələrın
köməyi ilə nağılın zərif
qəhrəmanlarını qələbəyə apara
bilərdi; lakin o belə bir asan
yoldan imtina edir, bacılar və onların yeraltı məkanda yaşayan və bütün doğmaları
Təpəgözə əsir
düşmüş dostları
Balaca çox çətinlikləri adlayıb
Təpəgözün düşərgəsinə
gəlirlər. Bu yolun müxtəlif mərhələləri və
çətinlikləri var
və bu mərhələnin hər
birində bacılardan
birinin qabiliyyəti-Xəzrinin
döyüşkənliyi, Mələyin
musiqisi və bütün səsləri
eşidib duyması və nəhayət Banunun ağlı parlaqlığı ilə
üzə çıxır.
Burada Günel Əsgərovanın
həm də özünün folklor, tarix. təbiət,
kimya sahəsindəki
bilgiləri Xan qızlarını qələbəyə
aparan yolun inandırıcı təsvirinə
imkan yaradır. Çaqqalların qoxu bilmə qabiliyyətinə
qarşı Balacanın
istifadə etdiyi Ayçiçəyi tozu,
Təpəgözə güc
verən sehirli daş və onu kiçildən duz, nəhayət Təpəgözün ən
əsas tələsi sayılan tapmaca və onu Banunu
cavablandırması müəllifin
ciddi bilik və istedadından, bu janr üçün
tələb olunan geniş fantaziyasından, nağılyazma üsullarını
dərindən bilməsindən
xəbər verir.
Nağılın təhlilini burda dayandırıram. Birincisi ona görə
ki, nağıllar və bir sıra
folklor növləri ənənəvi təhlilə
sığmır. İkincisi
də məşhur “Minbir gecə” də olduğu kimi, nağılların incələnməsi də
yarıda—ardını dinləmək
həvəsinin güclü
yerində saxlanılmalıdır
ki, oxucu gedib nağılın özünü tapıb oxusun!
Günel Əsgərova nağıllarını
üç dildə- ana dilində, rusca və ingiliscə
yazır. Bu da
gənc nəsil yazarlarımızın bir
özəlliyidir və
gələcəkdə həm
də tərcümə
işinin inkişafına,
ədəbiyyatımızın öz yazarlarımız tərəfindən, orijinaldan
xarici dillərə tərcüməsi üçün
yeni yollar aça bilər.
“Xanın üç
qızı” nəfis şəkildə nəşr
edilmişdir. Rəssam Zemfira Novruzovanın
tərtibatı və
illüstrasiyaları yüksək
səviyyədədir və
folklor ənənələrimizə,
kitab rəssamlığı
ənənlərimizə yeni
rəng qatır.
Günel Əsgərovanın nağılı
Azərbaycan əsgərinin
Qarabağda erməni işğalçıları üzərində
parlaq qələbəsindən
əvvəl yazılıb,
lakin xan qızlarının Təpəgözü
zərərsizləşdirib öldürmələri də
elə qələbə
ruhundan doğulub və xalqımızındaim
daim bu ruhla
yaşadığının təsdiqidir. Ədəbiyyatımız müasir mövzulu
əsərlərdən tutmuş
nağıllara qədər
bütün imkanları
ilə həmişə
xalqın inamını
diri saxlayan, qələbəyə ilhamlandıran
vasitələrdən biri
olmuşdur.
“Xanın üç
qızı” Günel Əsgərovanın istedadının
ciddi göstəricisidir.Ondan
yeni nağıllar gözləyir və bu yolda ona
uğurlar arzulayırıq.
Sabir Rüstəmxanlı
Xalq şairi
9 mart, 2021.
Ədəbiyyat qəzeti.- 2021.- 10
aprel.- S.7.