ŞEİRLƏR - QUŞ DİMDİYİNDƏ...

 

Qoca Xalidlə ədəbiyyat söhbəti

 

Öz qədimliyini, şirinliyini, səmimiyyətini qoruyub saxlayan Şəkiyə hər gəlişim ruhuma dinclik verir. Sonra ən azı bir həftə həmin təəssüratlarla yaşayıram, bəzən durduğum yerdə dodağım qaçır, bəzən küçədə təsadüfən qarşılaşdığım dünyagörmüş bir şəkili əminin (Şəkidə dayı söhbəti eləmək bir qədər təhlükəlidir, çünki onların məşhur Hacı dayısı bu titulu illərdir zəbt edib) məzəli cavabını yada salıb, uğunuram.

Dünəndən Şəkidəyəm. Bu gün isə sentyabr ayının 27-dir. Səhər tezdən telefona baxanda internet olmadığını görürəm. Oteldə də internet yoxdur. Evə zəng vururam, Sumqayıtda da internet kəsilib. Qəribədir. Yaxşı hava var. Dayandığım yerdən sağa baxanda çiyin-çiyinə vermiş dağlar görünür. Dağların duruşunu telefonumun yaddaşına salıb küçə ilə gəzirəm. Qarşıma yaşlı bir əmi çıxır. Reklam olmasın deyə, adını çəkmədiyim İstirahət mərkəzlərindən birinin ünvanını xəbər alıram. "Ha bırdan düz gedəssən, svetafordan sağa dönəssən, sora yenə düz gedəssən, sonra yenə sağa dönəssən, sonra qabağına Ağanın yem dükanı çıxacaq, onu keçən kimi sola dönərsən, 200 metir gedəndən sonra, yenə sola dönüb, bir tin də gedərsən, sonra...". Dözmürəm, gülmək tutur məni, özümü zorla saxlayıram. Ağsaqqal bunu hiss edir. "Ay oğul, hələ çatmamışıq, xeylax yolumuz qalır, sora gülərsən", - deyir. Başını bulayıb, mənə baxır. "Məzələnirsən?". Çaşıb qalıram. Anlamıram kim kiminlə məzələnir, amma bir qədər əvvəl özümü mənimlə məzələnirmişlər kimi hiss edirdim. Üzrxahlıq edirəm. Ağsaqqal narazı gedir. Mənsə pərt oluram. Çünki Şəkidə kimin ciddi danışdığını, kimin zarafat etdiyini bilmək üçün təcrübəyə ehtiyac var.

Dedim axı, sentyabrın 27-dir... 2020-ci il.

Axşamdan razılaşmışıq, imzası həm Şəkidə, həm də Bakıda kifayət tanınan Qoca Xalidlə görüşüb, ədəbiyyat söhbəti etməyi planlaşdırmışıq. Qoca düz vaxtında gəlir. Biz çay süfrəsi arxasında söhbət etməyə başlayırıq, amma sən demə...

 

- Qoca, çoxdandır görsənmirsən. Ədəbiyyatdan uzaqlaşmısan elə bil. Ciddi bir şey olmayıb? Haralardasan?

- Hər şey normaldır. Heç nə olmayıb, elə kənddə-kəsəkdə oluram. Yaradıcılıq da adi qaydada davam edir, sadəcə, çox çap olunmaq həvəsində olmamışam heç vaxt. Bunun elə ciddi səbəbi yoxdur, xarakterdən irəli gəlir. Şöhrət, məşhurluq mənim üçün ikinci plandadır. "Ədəbiyyat qəzeti" bu gün ölkədə çox ciddi maarifçilik işi görür. Bütün layiq olan imzalar təmsil olunur. Dostumuz Azər Turan məndən də təzə yazılar istəyib, vermişəm. Hər şey əladır. Yəqin, yaxın zamanlarda təzə yazılarımı oxuyarsan.

- Qoca, əvvəllər şeirlərindən "kövşən ətri" gəlirdi. Yenə o ətri, yəni o səmimiyyətini qoruyub saxlaya bilmisən?

- Dünya poeziyasında, rus poeziyasında bir şeirin şairi adlandırılan imzalar var. Yəhudi əsilli rus şairi vardı - Mixail Svetlov, "Qrenada" şeiri ilə məşhur idi. Pablo Nerudanın elə bir şeiri vardı, hara gedirdisə, mütləq həmin şeiri oxutdururdular ona və s. Mənim "Kövşən"im də o cür şeirlərdəndir. Taleyi uğurlu şeirdir.

- Şəkidən baxanda Bakı necə görünür? Təbii, ədəbi mühiti nəzərdə tuturam.

- Şəkidən baxanda Bakı çox gözəl görünür, ovuc içi kimi, amma Bakıdan baxanda ümumiyyətlə, əyalət görünmür. Nəinki Şəki, heç daha böyük şəhərlər də görünmür. Sən Sumqayıtda yaşayırsan, mərkəzə yaxınsan, amma Bakıdan baxanda elə Sumqayıt da görünmür. Bakı eqosu böyük olan şəhərdir. Kənd yerində həyat yeknəsəq olur, həyət-baca, müəyyən qayğılar və boşluq. Bu boşluğu hərə bir cür doldurur, mən də mütaliə ilə başımı qatıram və ədəbi prosesləri mümkün qədər izləməyə çalışıram. İndi informasiya cəhətdən korluq çəkmək olmur. İnternet çox çevikdir. Oxuduqca xeyli boş, sabun köpüyü kimi iddialı imzalar görürəm, təsəvvür edirsən, 10 il əvvəl imzası hər yerdə gözə girən nə qədər adam yoxdur artıq, bitdi, tükəndi. Təzə imzalar var, təkrarçılıq, plagiatçılıq baş alıb gedir və əminəm 10 ildən sonra (bəlkə daha tez) o imzalar da olmayacaqlar. Bilirsən onlar niyə elə tez parlayıb sönürlər? Çünki Bakı əjdaha ağzıdır, hamı Bakıya toplaşıb, ciddi, ya da qeyri-ciddi rəqabət gedir, bəzən istedadsızlar, amma güclülər qalib gəlir, bəzən istedadlılar axıra qədər duruş gətirə bilib, istedadsızları tapdayıb keçirlər. Bəzən də Bakı istedadlıları çərlədir. Amma əjdaha üçün fərq eləmir, kimi istəsə udur. Özü də bu, həmişə belə olub: Müşfiqi udub, Əli Kərimi udub...  Hərənin bir "kruqu" var, hər kruq ancaq özünü təbliğ etməklə məşğuldur. Olsun, amma ədəbiyyat bu gün üçün deyil axı, söz, mətn gələcəyə hesablanır, 10 ildən sonra kim qala bilcəksə, hansı imza xatırlanacaqsa, demək həmin adam ədəbiyyatla məşğul olub. Məsələ ondadır ki, arada səmimiyyət itir. Əyalət üçün ölçü vahidi Bakıdır, Bakı üçün ölçü vahidi ölkənin sərhədlərini aşır. Amma indi zəmanə dəyişib, bugünkü texnologiya elə əyalət adamına da kənddə oturub xaricə çıxmaq şansı verir, kimin cəsarəti varsa, özünə güvənirsə, kənddə otura-otura da ölkə sərhədlərini aşa bilər. Amma Bakı öz eqosuna sadiqdir, az qala əyalət adamına alçaldıcı, aşağılayıcı gözlə baxır. Bilirsən necədir?! Sovetdən qalma bir ənənədir bu, Bakıdan gəlibsə, demək qabağında mil durmaq lazımdır. Elə deyil, əzizim, ədəbiyyat, sənət partiya işi deyil, vəzifə deyil, bu, ürək işidir, istedad faktorudur, bayaq dediyim kimi, insan bir şeirlə ədəbiyyatda illərlə yaşaya bilər, 100 kitabla heç kəs onu tanımaz. Dünya ədəbiyyatının nəhəngi Tolstoy əyalətdə yaşayıb. Bircə bu fakt mərkəz-əyalət stereotipini alt-üst etməyə kifayətdir.

- Bu, stereotipi alt-üst etməyə kifayətdir deyirsən, amma, məncə, bizdə alt-üst olmayıb hələ. İmkan tapan kəndi qoyub qaçır. Məncə, regionların sosial-iqtisadi inkişafı proqramı ilə yanaşı, elm, təhsil, mədəniyyət proqramı da işlənməlidir. Ali məktəblər, filial kimi deyil, baş ofis kimi bölgələrə paylanmalıdır. Bölgələrdə elektron mətbuat inkişaf etməlidir. Ölkə səviyyəli tədbirlər paytaxtda deyil, bölgələrdə keçirilməlidir. Paytaxtdan geri dönüş proqramı hazırlanmalıdır. Bununla paytaxtın yükü də azalar.

- Tamamilə doğrudur. Cavanların mərkəzə qaçmasının qarşısını almaq lazımdır, amma bir şərtlə, kənddə onlar üçün normal yaşayış şəraiti yaratdıqdan sonra. Əyalətdə yaşayan uşaqların kitabları çıxmalıdır. Şeir quş dimdiyində də gedib bir yerə çıxa bilər, amma nəsr mütləq çap olunmalıdır, çünki ağırdır, quş dimdiyi qaldıran yük deyil nəsr. Əyalətlərdə xeyli istedadlı nasir qalıb, üzə çıxa bilmir. Bu çox ağrılı cəhətdir. Əyalət adamları untancaq olurlar həm də, bu da mane olur onlara.

- Utanmaq, özünü təsdiq etməkdən çəkinmək yaxşı hal deyil. Məncə, burada şəhərin heç bir günahı yoxdur, sadəcə, yaradıcılıqda utanmaq adamın özünə, şəxsinə mane olur.

- Adam elədir, o cür tərbiyə alıb, amma istedadlıdır, yazısı var, mətni var. Lerikdə yaşayır, Balakəndə yaşayır... nə olsun axı... O, Azərbaycan ədəbiyyatına xidmət edir, Azərbaycan müəllifidir. Onun diqqətdən kənarda qalması ilə ümumilikdə ədəbiyyat itirir. Bu da könül məsələsidir, adam yazır, yaradır, üzə çıxa bilmir və öz içində boğulur, küsür, gedir ədəbiyyatdan.

- Yox, burada müəyyən qədər səninlə razılaşmıram. İstedadı varsa, mətni varsa, özünəgüvəni də olmalıdır. Dediyin kimi, evdə oturub, hara istəsən, yazı göndərə bilərsən. Hansısa naşir gəlib yataqdan kimisə qaldırıb deməyəcək, gəl sənin kitabını, şeirini çap eləyim. Yəni imzası tanınana qədər bu söz heç kəsə deyilmir. "Qanun" nəşriyyatı bir neçə il əvvəl imkan yaratdı, çox müəllifin ilk kitabını çap etdi, tanıtdı uşaqları, amma bunun davamı olmalıdır. Yaxşı yazı 50 qapıdan geri qayıtsa da, 51-ci də öz sahibini tapacaq. Və bu gün digər nəşriyyatlar, naşirlər də yeni istedadlı imzalar kəşf etmək marağındadırlar.

- Ola bilsin, sənin dediyin kimidir, amma bəzən cavan bir yazıçı bir sayta, bir qəzetə yazı göndərir, imzası tanınmır deyə, aylarla, bəzən illərlə qalır və unudulur.

- Bir də göndərsinlər, bir də yazsınlar. Yaza bilən adam utanmasın!

Qoca, illərdir tanıyıram səni, Bakıda, Şəkidə, Sumqayıtda görüşlərimiz olub, ruhən səni azad adam kimi tanıyıram. Şəkidə bu azadlığı səninlə bölüşməyə həmsöhbətin, üz tutduğun ünvan varmı?    

- Əlbəttə, onlar olmasa, yaşamaq mümkün deyil. İki gün kənddən şəhərə, yəni Şəkiyə gəlməsəm, darıxıram. Şəki mühafizəkar şəhərdir, öz simasını qoruyan şəhərdir, adamlar arasındakı sosial ayrı-seçkiliyi hiss etdirməyən şəhərdir. Fikir verirsənmi, əyin-başına, rəftarına görə burada bir-birindən kəskin seçilən adam görməzsən. Bu da tərbiyədir. Amma bu, o demək deyil ki, burada sosial təbəqələşmə yoxdur. Əlbəttə, ziyalı da var, biznes adamı da var, alim də var, mədəniyyət xadimi də var... Hətta çox məşhur adamlar var Şəkidə, lakin o balansı qoruyurlar.   

- Sənə elə gəlmir ki, Namizəd Xalidoğlu Qoca Xaliddən daha aktiv idi? Səncə, bu imzalar arasında fərq harada yarandı? Yaş öz sözünü dedi, yoxsa sənin başqa fikrin var?

- Doğru müşahidədir, çünki hər yerə namizəd idim. Yox, yaş dediyin ruh adamının əlində atın yüyənidir. Mən hələ öz körpə ruhumu qocalığa təslim etmək fikrində deyiləm. Sadəcə, Bakı Dövlət Universitetini atıb, Moskvaya, Ədəbiyyat İnstitutuna üz tutanda incimişdim buradakı müəllimlərimdən. O vaxt daydayına, üst-başına, puluna görə böyük ayrı-seçkilik vardı ali məktəblərdə, mən o ayrı-seçkiliyi imzasına ən çox hörmət etdiyim bir müəllimdən gördüm və niftər elədim o mühitə. Namizəd Xalidoğlu kimi Moskvaya üz tutdum, Qoca Xalid kimi qayıtdım.   

P.S. Biz çay süfrəsi arxasında söhbətə son qoyuruq, amma sən demə, cəbhədə şiddətli döyüşlər gedir, Azərbaycan Silahlı Qüvvələri düşmənin illərlə işğal altında saxladığı müqəddəs torpaqlarımızı bir-bir azad edir. Hələ bilmirik... Bilmirik ki, gün bir də 44 gündən sonra bitəcək.

 

Söhbətləşdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 aprel.- S.8.