Adam Zaqayevski 21 martda, Dünya Poeziya Günündə dünyaya da, poeziyaya da əlvida
dedi. 76 yaşında.
Təəssüfləndim. Görüşmək imkanımı əldən
vermişdim. 2011-ci ildə. Sonra bir dəfə
yazışdıq. XX əsrin Miloş, Rujeviç, Herbert və Şimborskadan sonra adı ən çox hallanan böyük polyak şairi idi. Polşa ədəbiyyatı
"Yeni Dalğa"sının
öndərlərindən, "Altmış səkkizlər
nəsli"nin nümayəndəsiydi. "Qriffin" mükafatı,
Asturiya şahzadəsinin
mükafatını, Noyştatd
və başqa nüfuzlu ədəbiyyat ödüllərini almışdı.
Atəş
Qışın dərin və sərin nəfəsini,
musiqinin qayğısızlığını,
əfv
kəlmələrini söyləyəcək
dodaqları,
bir damcı, nə qədər ki, sağıq
yalnız bircə
damcı qürur bəxş elə
bizə.
Heyrəti və ucalıqda,
aydınlıqda
yanan atəşi bəxş elə bizə, Rəbbim!
Bərabər dinlədiyimiz musiqi
Bir vaxtlar bərabər dinlədiyimiz musiqi
sədəcə musiqi deyildi... qanım coşurdu
damarımda... yox, sadəcə qan deyildi,
nəysə başqa
şeydi, yalnız içimizdəki
xoşbəxtlik eləcə
xoşbəxtlik idi ki, buna
görə də mən minnətdaram və bunu
nə qədər ki, gec deyil,
elə indi deməliyəm.
Sevimli şairlərim
Daim yoldaş olduğum sevimli şairlərdən
heç kəs bir-birini tanımırdı:
müxtəlif vaxtlarda,
başqa-başqa ölkələrdə
yaşamışdılar,
kədər də, zəfər də bəlliydi onlara,
bəlliydi xeyirxahlar
da, bədxahlar da
və onlar ilin hər Allah verən günü hay-küysüz,
qorxusuz-hürküsüz və budaqda
bir az daha yetişən alma kimiydilər;
İçlərinə çəkib yaşıl təravətini
bağın
başlarını göyə
qaldırırdılar,
kölgə və işıq ordusunun axdığı
sonsuzluğa baxırdılar
-
göyün hərəkətli
ekranında
əbədiyyətin nəhayətsiz
filminə.
Bilirdilər nədir sevinc, əzab nədir bilirdilər -
hər şey yuxu sürətiylə baş verib itirdi.
Bəzən anlayırdılar gedişatı,
sözlə duyurdular,
duyururdular,
bəzən nə tufanı, nə qarı
uşaqtək veclərinə
almırdılar.
Bəzən məktəb qarşısındakı
meydançada
yağış tökməyə
başlayan anda
sərgərdan gəzən
uşaqlar kimiydilər,
sonrası isə yalnız duzlu su idi.
Səndəllər
Xatırlayıram, bu səndəlləri
uzun illər əvvəl 20 avroya aldım,
Tasos adasındaydıq, turist kimi;
parıldayırlar, sanki bu gün alınıb.
Görürsən? Onların
da
bilmədiyimiz bir sirri var,
bəlkə də mənim bəxtimə
təsadüfən çıxıblar
-
amma əvvəllər
bir sərgərdan dərvişinmiş,
inamı çox
möhkəmmiş,
onu gəzdirirmiş
öz üzərində.
Amma indi məni kimi
bir günahkara öyrəşmək asandımı?
Venetsiya, noyabr
Noyabr, yağış, Venetsiya tufan vaxtı
dənizdir elə bil; San-Corco; kilsə qaranlığa
qərq olub, Piranezi yenə yüz il əvvəlki
qorxulu yuxuları görür; bu şeylər gənclər
üçün maraqsız
və darıxdırıcıdır:
onlar başqa
qorxular, başqa dəhşətlər, başqa
əbədiyyət
arzulayır və həyəcanlanırlar.
Kölgə və kabus dolu,
həbəşi şəbəkələrə
bürünmüş
Venetsiya
tarxin damından düşüb
qış gecəsinə
doğru addımlayır:
şah sarayına yollanan
diqqətcil, sərt
həkim kimi.
O gün
Ya yaxınımızın, ya
dostumuzun, ya uzaqdan tanıyıb fəxr etdiyimiz
birinin ölüm xəbərini aldığımız
ilk dəqiqələrdə, ilk saatlarda bu xəbəri
telefonda həyəcanla çatdıran adama, yaxud radio diktoruna
könülsüz şəkildə
inanırıq, inanmırıq,
bu ölüm təsdiqlənibsə də,
nə olur-olsun, bu xəbəri qəbul edə bilmirik, yox o ölməyib,
sonadək ölməyib,
ya da yoxa
çıxmayıb,
əksinə, bəlkə
o varlığın ən
gözgörən bir
yerindədir,
böyüyür, artır,
sözsüz də olsa danışır, qələbə çalır,
hərçənd kiməsə
- zamanamı, bədəninəmi
məğlub olub;
yox, bu doğru deyil, o qalibdi, həyatı bütünüylə dadıb,
ən dolğun şəkildə və bu o qədər böyük və təəccüblüdür ki,
həyata belə
yerləşməyib,
həyatın kövrək
gəmisini yellədir,
dirilərin başı
üzərindən ucalır,
sanki başqa bir materialdandır,
deyək ki, ən möhkəm bürüncdən; eyni zamanda başa düşməyə
başlayır, bilirik ki, bütün bunlardan sonra səssiz və köməksiz
ağlama, göz
yaşları var.
Adam Zaqayevski
Tərcümələr Səlim Babullaoğlunundur
Ədəbiyyat qəzeti.- 2021.-
10 aprel.- S.9.