Mənə başqa rol ver, əziz rejissor,

çox korluq çəkirəm sevgi sarıdan

 

Hadinin qəbrisən, yerin bilinməz,

Qeybə çəkilərsən, sirri-xudasan.

Yollar silinibdi, sənə gəlinməz,

Daha kimsə bilməz harda, hardasan.

 

Uçar, göy qübbəsi, uçar başına,

Günahkar yaddaşın daşqalaq eylər.

Bəlkə , dönmüsən Simurq quşuna,

Qaranquş yuvalı yiyəsiz evlər...

 

Soyuyan əlinə təsbeh yaraşar,

Qalarsan beləcə girinc-giriftar.

Quruyan dodağa "ah", "eh" yaraşar,

sənə sarı gələn bir qaraltı var...

 

Göz yaşının rəngi birdi

 

Həm acıların acısı

yandıra-yandıra axar.

Mən göz yaşı manyakıyam,

süz, badəyə süz,

öz göz yaşımı içim.

 

Göy üzünə yazacam şeirlərimi

 

Onsuz da bu basabasda məni görməzsən, bu tünlükdə

uçacam durnalarla birgə.

Göy üzünə yazacam şeirlərimi.

yerdən bezəndə,

ömründə bir dəfə

başını qaldırıb göyə baxanda

görərsən məni.

Göy üzündə olan birini -

yağışmı, buludmu, günəşmi

adını sən qoyarsan,

amma ad gününə çağıranda

unutma,

ya da unut

sadəcə, göy üzünə bax, gülümsə.

 

Ürəyim

 

"Quran"dan öncə çörək

çörəkdən öncə ürək gəlib, ürəyim.

Bax, bu günahkar əllərimi

ürəyinin üstünə qoyub

and işirəm ki, ürəyim,

dünya günahkar deyil.

Günahkar deyil dünya

belə naqis doğulmasına

əllər günahkardı, dillər günahkar

ürəklər pakdı, ürəyim.

 

***

 

Bilirsənmi, Sevgili

qara qapı açmadın,

güləndə ağlamadın

ağlayanda gülmədin.

Üzü üzlər görən sürtük, sevgili

bakirə yeri yox ki, sürtük fələyin

ona görə qorxarsan tənhalıqdan, ölümdən

qorxmagil.

Təklənib döyülən mən bilir bunu

həmişə aldanan

atılan, unudulan, satılan

bütün bunlara

ssenarist kimi gülən mən bilir.

Xoşum gəlir uşaqların

həyatın qızılgülünün üstünə çiş eləməyindən

mənim hayıfımı alırlar, sanıram.

 

Ayrılıqların şahı - həyata "əlvida"

 

Dayanmışdı qapıda

neçə pud daş asılan ayaqları

hər addımı yapışırdı yerə

sürünə-sürünə deyirdi:

- Getmə, yavaşı,

hamı atıb gedib, sən məni atma.

Tərk edilən, unudulan

yalan dəyirmanıdı Yer kürəsi

noolur... sənsə unutma.

Osa... zalımcasına qovurdu

baltasından qan daman zaman

çathaçatdaydı.

Qüruba boyanan ömür günəşi

Bathabatdaydı.

 

***

 

Adamın min danəsi olmur ki, bir danəm,

unudulmazım mənim.

Hind filminə baxanda

başını çiynimə qoyub ağlayanım,

dəli hallarıma gülənim.

Məndən ötrü ölənim,

ikimizə bir qəbir qazılsın deyənim -

Adamın min danəsi olmur ki, bir danəm.

 

 ***

 

Namaz qılanda belə

diz çökməyi bacarmıram.

Amma sənə yalvarıram, getmə,

məni tərk etmə.

Onsuz da sonuncu sərnişinsən

alıb aparacaq, bahar, payız küləkləri

zibilqabına belə atmayacaqlar

zibilləri tanıyıram, zibilqabı mənim, ərazi .

Gülə-gülə yola salaram

sərxoşca, axmaqca qarşılayaram

telefonuma çıxmasan belə,

tellefonundakı şərqiyə

qulaq asıram hələ... hələ.

"Sevgi" deyilən ? Bilirsənmi,

Aldanan adamları sevir hamı.

heç kəsə, heç demə

onda seviləcəksən.

Sevgi böyüklərin oyuncağıdı, -

o gecə sənə demədimmi.

 

***

 

Ürəyim yerindən çıxar bu gecə

düşər ayağın altına,

tapdalayıb gedərsən.

Yoluna tökülən xəzəl bilərsən

arxanca yüyürər ürəyim onda

qəfil külək qopdu

belə bilərsən.

Yenidən ürəyim düşər qarşına,

sənin tapdağına öyrəncəliyəm,

- tapdala, tapdala...

 

Ruhum iqlimi dəyişirsə

 

Yerini dəyişdinmi

yatağını dəyişən çaylar kimi olarsan

qovrula-qovrula.

Qıvrıla-qıvrıla çeynəyərsən gecəni

üstündən götürüb atmağın gələr qara yorğanı

belədi, adamı dəyişmək belə.

Yurdunu, dinini dəyişmək kimi bir şey

öyrəşərsən çirkli havalara

ən murdar adama

- qızılgül kimi qoxlarsan

taparsan gözüyumulu

adamın xəritəsində

Şimal Buzlu okeanı.

Bağdadı belə

titrək barmaqların gəzər O-nun bədənində

Məkkə divarında gəzir kimi.

Amma... məni necə tanırsan

necə öyrəşərsən mənə

ömrün labirint küçələrinin

harasında taparsan məni -

özü-özünü itirən adamı.

 

Adam olmayan adam

 

Əgər vaxtım olsa.., səhərə çıxsam,

evimdən qurtulub şəhərə çıxsam,

Mən səni arasam, görsəm ki, yoxsan

Sonranın sonrası sonra da olmur.

 

Olmur, canım-gözüm, olmur ki olmur,

əriyir bu ömür sabaha qalmır,

günahda yuyulur, savaba qalmır,

ithürən tərəfə yüyürür axşam.

 

Zormu istəyirsən... zor mənlik deyil,

Beşik mənlik deyil, gor mənlik deyil,

kimdən istəyirsən, sor, mənlik deyil,

Adam, adam deyil, adam... bu adam.

 

Kölgənin kölgəsi

 

Mənə başqa rol ver, əziz rejissor,

çox korluq çəkirəm sevgi sarıdan.

məni usandır, özünü yor

dəyiş Kəraməti, suflyoru da.

 

Yaramaz artisti qov bu səhnədən,

bax, mənə yaraşan bir faciə var.

Kölgənin kölgəsi yalan adamam

Mənə başqa rol ver, əziz rejissor.

 

Mən səni sənə sevdim

 

Mənə sevmədim ki...

bir ömür yox

min sənə sevdim.

Ayrılıqlar acığına

dönə-dönə sevdim.

Gülsən, bağçaya

çiçəksən, çölə sevdim.

Heç ummadım

elə-belə sevdim.

Bax, səni əla sevdim.

 

Kəramət KƏRAMƏT

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 aprel.- S.12.