Anna kimi...
"Vəziyyət
ruscadır"
IX yazı
Hamının
sevdiyi adamlar o qədər də cəlbedici deyillər... Belələri dümdüz yol kimi
cansıxıcı görünürlər çox vaxt.
Əvvəldə hamarlıq, rahatlıq özü də bir
zövqdü, amma çox çəkmir ki, adamı yuxu tutur,
gözü yorulur, qulağı yağır olur eynilikdən...
Monotonluqdan ürək sıxılır; fərqi
yoxdu yaxşı yerdi, ya pis, kütlənin
axışdığı nöqtə taptaq-taptaqdı.
Hansısa ümumi bir ideya uğrunda keçirsən ey o yerdən,
amma bu hərəkətin sənə məxsus olmur, orijinal
görünmür özünə, çünki hamıdan
birisən! Hardasa gizlində qalanı tapıb
çıxarmaq, heç kəsin xəbəri olmayana
doğru addım-addım, həyəcanla irəliləmək
maraqlıdı, unudulmazdı. Elə özünü qıfıllamış
adamları da açmaq, kəşf etmək, ot
basmış pillələrlə asta-asta dərinlərinə
enmək daha böyük hisslər bəxş edir. Sanki
nağıl, ya da macəra qəhrəmanısan: əlində
bir ovuc açar, qarşında 40 tilsimlənmiş qapı,
içində yerə-göyə sığmayan maraq,
qabağında kəşf olunmamış dünya... Bilirəm, sadəcə insan münasibətləri
üçün bu sözlər çox dəbdəbəli
görünür. Amma sevgi, şövq və
olduğun məqamla bağlı sevinclərin varsa,
sözün duzu qədərindədisə, marşrutların
bəllidisə, həyat ləzzətlidi. Bədii
əsərlərə də münasibətim eynidi. Hamının bir ağızdan təriflədiyi və
"xorla" sevdiyini oxumaq lazımdı, amma di gəl,
araşdırmaq və təbliğ etmək o qədər də
vacib görünmür. Təxminən - oxudum, bildim də
nəyi bəyənirlər - ovqatı yaranır... Ona görə rus nəsrinə aid layihəyə
başlayandan Anna haqda sualları hər cür
uzaqlaşdırmağa, onun şöhrəti haqda
danışmamağa üstünlük verirəm. Axı onsuz da Annanı sevirsiz, onun ölümünə,
ya da cəsarətinə qibtə edənlər də
tapılır. Elə isə mən daha nə
deyim?!
Hə, mən
onu deyim ki, Annanın keçmişini çoxları bilmir, xəbəri
olanlar da bu haqda az danışır. Saçlarının qıvrımı ilə xasiyyəti
bir-birini tamamlayan, incə ruhlu gözəl xanım
keçmişdə yekəpər, kifir, şişman bir arvad
olub. Yox, o müasir arıqlama
çayları və fitnes menyularına, hətta plastik əməliyyatlara
əl atıb özünü yaradan və Allahın səxavətinə
ağız büzənlərdən deyil. Sadəcə,
yazıçının niyyəti dəyişilib. Bəli,
böyük, uzun, ağır, dəhşətli enerji aparan
"Hərb və sülh"dən sonra Lev Tolstoy,
özü dediyi kimi, "müasir həyat haqda roman"
yazmaq qərarına gəlir. Hətta roman özü
yazılmazdan öncə epiqrafını da seçir - "Ìíå îòìùåíèå è Àç âîçäàì"... Roman
yazıla-yazıla ideyası, hadisələr o qədər dəyişilir
ki, bu epiqraf əsərə aidliyini itirir, amma müəllif
ona toxunmur. Axı epiqraf təkcə yol
göstərmək yox, həm də çaşdırmaq
üçündü. Araşdırmaçılar
epiqrafı çox çək-çevir ediblər, hətta
onu da deyirlər ki, guya "Bibliya"dan götürülən
bu misranı yazıçı "redaktə" edib, öz
istədiyi kimi kodlaşdırıb. Daha sonra Tolstoy epiqrafı
belə izah etdi: "İnsan özünə və
başqalarına çox pisliklər edir, çünki zəif
və günahkar insanlar başqalarını cəzalandırmaq
hüququnu öz üzərlərinə götürüblər.
Yalnız Allah cəzalandırır, özü
insanın vasitəsilə".
Belə çıxır ki, müəllif insan vasitəsilə
cəzadan danışmaq istəyirmiş. Və zəiflərin,
günahkarların başqalarının taleyini müəyyənləşdirmək,
qınamaq, yarğılamaq kimi riyakar xüsusiyyətini
anlatmaq imiş niyyəti. Yəni
qadın-kişi, onlar arasındakı sevgi, qısqanclıq,
ehtiras, əzab, ayrılıq Tolstoyu
düşündürmürdü. Onun
fikrincə, zadəgan cəmiyyəti kütlənin maariflənməsi,
yaxşı yaşaması və işığa
çıxması üçün
çalışmalıdı, amma tam əksinədir. Ona görə müəllif harınlamış bir
mühit, aşağılardan xəbəri olmayan və
onları veclərinə almayan üst təbəqə və
bunların içərisində başını itirmiş
qadın qəhrəmanı öz üsulları ilə "cəzalandırmaq"
üçün yazırdı romanı.
Tolstoyşünaslar
yazıçının saysız-hesabsız əlyazmalarını
araşdıranda onu da aşkar ediblər ki, əvvəlcə
əsərin adı "Ìîëîäåö, áàáà" ("Afərin, arvad") imiş, əsas qəhrəmanın
da adı Tatyana, sonralar Nana (Anastasiya), ən sonda isə Anna
olur...
Uzun
müddət bu ideyanı özüylə gəzdirən Lev
Nikolayeviç, nəhayət, bir gün Puşkinin "Belkin
povestləri" və "Kapitan qızı" əsərlərini,
ümumiyyətlə nəsrini vərəqləyir... Onun
"Qonaqlar bağa yığışırdılar..."
cümləsindən od götürüb -
"Oblonskilərin evində hər şey
qarışmışdı..." yazır və bu da
romanın ilk cümləsi olur. Yeni redaktələrdə bu
cümlə xoşbəxt və bədbəxt ailələrin
fərqi haqqında fikirlərdən sonraya keçir, amma hər
halda, əsərin başlanğıc nöqtəsi məhz
"qarışıqlıqdı"... Bəli,
deyilən kimi, müasir roman, əslində, "müasir
xaos" haqqında idi; Xeyir və Şərin mübarizəsi
və bu dartışmada yaranan xaos idi ön planda.
Amma necəsə
Annanın sevgisi üstün gəldi, bir yandan da
yazıçının "Russkiy vestnik" ilə
razılaşması... Roman hissələrlə
çap olunur və oxucular maraqla növbəti bölümləri
gözləyirlər. Beləliklə, zamanla nəfəs-nəfəsə
yaranan, doğulan əsər, sanki bir təbiət hadisəsi
- bulaq suyu kimi öz yolunu, axarını tapır...
Qadınsevməz Tolstoy bölümdən-bölümə
keçdikcə - "Bu arvad bezdirdi məni" deyir Anna haqda. Elə
mühitdə də roman barəsində təzadlı fikirlər
səsləndirilir. Saltıkov-Şedrin yazır:
"Yalnız cinsi ehtiraslar üzərində roman
yazmağın mümkünlüyünü təsəvvür
etmək çətindi. Gözünün önündə səssiz-sözsüz
kişi fiquru Vronskini görmək dəhşətdi.
Məncə, bu, alçaqlıq və mənəviyyatsızlıqdı".
Şedrin daha sərt ifadə işlədib
"İnək romanı" adlandırır, hətta əsəri,
Nekrasov isə yazıçını birbaşalıqda,
"qadın anadırsa, aşiq olmaq yasaqdı"
yarlığında günahlandırırdı. Lakin sadə oxucuların Annaya sevgisi, həsrətlə
əsərin ardını gözləmələri
yazıçını həvəsləndirir və son
bölümlərə doğru bu söz-söhbətlər də
çəkilib gedir. Və Tolstoy özü də qəhrəmanını
sevməyə başlayır, ağlaya-ağlaya yazır onun
son anlarını...
Tolstoyu Annaya qarşı qəddarlıqla
davrandığına, onu "qatarın altında ölməyə
məcbur etdiyinə" görə dəfələrlə
ittiham da edirdilər. Yazıçı belə cavab verirdi: "Puşkin
deyir: "Təsəvvür edirsiniz, Tatyana necə bir hoqqa
çıxardı, evləndi e, bunu ondan heç gözləmirdim".
Anna haqqında da eyni şeyi deyə bilərəm.
Qəhrəmanlarım real həyatda etməli
olduqlarını edirlər, mənim istədiklərimi
yox".
Bəli,
bu ürəyi istəyən kimi yaşayan və öz
seçdiyi məqamda, qərar verdiyi anda ölümə
atılan Anna Karenina yüz ildən çoxdur ki,
dünyanın az qala bütün dillərində
sevilir, oxunur, təbliğ edilir. Əlbəttə,
Dostoyevskinin bu əsərdən sonra Tolstoya "Sənət
Tanrısı" deməsi romanın sənətkarlıq
xüsusiyyətləri baxımından səviyyəsini dəqiq
ifadə edir. Və hər il
keçirilən müxtəlif sorğularda dəfələrlə,
məhz bu əsər bütün zamanların ən gözəl
romanı seçilib.
Oxuduqca adama elə gəlir ki, çağdaş
dünya ədəbiyyatını yönləndirən bir
çox cərəyanlar elə bu romandan çıxıb. Mən indi
ensiklopediya açıb termin yağışına tutmayacam
heç kəsi. Amma bircə Annanın vağzala getdiyi
məqamda düşüncə axınının necə
yazılması çox şeyi deyir... Coys və Prust belə
şüur axını vasitəsilə XX əsrin əvvəllərində
yazacaqlar...
İndi isə XIX əsrdi və Tolstoyun qəhrəmanı
Anna ərinin səliqəli münasibətinə, ailəsində
sülhün, əminamanlığın varlığına
baxmayaraq aşiq olub. Özü də yüksək zümrədən
olan hərbçi Knyaz Vronskiyə. Annanın
əri də öz zəhməti ilə üst təbəqəyə
yüksəlmiş dövlət xadimidir. İntəhası
ən böyük problem ailəsindəki
anlaşılmazlıqları, hətta Annanın haqqında
gedən söz-söhbətləri görməzdən gəlməsidi.
Nəticədə nə baş verir? Anna
Vronskinin onu qazanmaq, özünə ram etmək cəhdlərinə
heç bir müqavimət göstərmir. Hətta
şıltaq Vronskinin Annaya marağı ilk vaxtlar dostları tərəfindən
zarafat mövzusu kimi müzakirə olunsa da, sonradan hər
şey ciddiləşir. Tolstoy özünəxas ustalıqla
elə başlanğıcdan sonu simvollaşdırır; Anna ilə
Vronskinin ilk tanışlığında qatar gözətçisinin
relslər üzərinə yıxılıb ölməsi,
sanki bu münasibətin lənətlənmiş olduğunu
öncədən deyir. Həm də bu, Annanın təhtəlşüuru
üçün variantdı, belə ölməyin mümkünlüyünə
işarədir...
Anna evindən də gedir, Vronski üçün qız
da dünyaya gətirir. Amma zamanla hisslər solur, ən azından Vronskinin
duyğuları...
"Dəfələrlə
o öz-özünə deyirdi ki, Annanın məhəbbəti
onun üçün xoşbəxtlikdir; və budur, Anna həyatda
hər şeyi məhəbbətdən üstün tutan bir
qadın kimi onu sevir, amma buna baxmayaraq, Vronski Annanın
arxasınca Moskvaya gəldiyi zamanlara nisbətən indi
xoşbəxtlikdən daha çox uzaq idi. O vaxt Vronski
özünü bədbəxt hiss edirdi, lakin xoşbəxtlik
hələ qabaqdaydı; indisə o hiss edirdi ki, ən
yaxşı xoşbəxtlik anları artıq arxada qalıb.
O, Vronskinin ilk zamanlar gördüyü Anna deyildi. Həm mənəvi, həm fiziki cəhətdən
dəyişilib xarab olmuşdu. Anna indi
şişmişdi, enlənmişdi və indi aktrisa barədə
danışarkən onun üzü kin və qəzəbdən
eybəcər hala düşmüşdü. Vronski indi
Annaya qopardığı bir çiçəyi soldurmuş və
onu gözəlliyinə görə qoparıb məhv etdikdən
sonra indi solğun çiçəkdə əvvəlki
gözəlliyi güclə tanıyan bir adam
kimi baxırdı".
Annanı
bu yerə çatdıran ikiqat "terror" idi... Bir yandan mühitin basqısı, insanların
ağıllarına gələn dedi-qoduları onun haqqında
uydurması və ona əxlaqsız biri kimi baxması, digər
tərəfdən, Vronskinin onun gözləntilərini
doğrultmaması. Yazıçı məhz
Annanın təkidi ilə italyan operasına baxmağa getdikləri
məqamda reallıqla teatr tamaşasını-oyunu
üz-üzə qoyur. Oynayan təkcə səhnədəkilər
deyil, həm də Annanı ittiham edib özü ən murdar həyat
yaşayan zaldakılardı... Arxa sıralardan onu söyənlər,
atmaca ilə öz aralarında danışıb söz
eşitdirənlər nə qədər istəsən!
Bütün bunlara ancaq bir halda dözmək olardı, Vronski
bütün qəlbi ilə sevsə və Annanı dimdiyindən
qoymasaydı... Bu isə ayrı bir gücdü, sadəcə,
ehtirasın diktəsi ilə bunu etmək mümkün deyil!
Tolstoy elə
əsərin başlanğıcından xoşbəxt və bədbəxt
ailələri müqayisə etməklə sevginin yalnız
ailə dəyərlərinin olduğu yerdə sevinc gətirdiyini
deyir və romanda ideyalarının əksini Levin adlı
personajın vasitəsilə verirsə, epizodik bir qəhrəman
Vronskinin dostu Serpuxovskinin də dilindən səsləndirir:
"Bir
qadını sevmək və nəsə iş görmək
çətin məsələdir. Bunun yalnız
bir çarəsi var, heç bir çətinlik çəkmədən,
rahatca sevmək üçün - yalnız evlənmək
lazımdır. Bilmirəm bunu sənə necə
başa salım, necə deyim, - bənzətmələrlə
danışmağı sevən Serpuxovski dedi, - dayan,
dayan! Məsələn, necə ola bilər
ki, yük aparasan və əlinlə bir iş görə biləsən,
bunu yalnız o zaman eləmək olar ki, apardığın
yük sənin kürəyinə bağlanmış olsun - bu
isə evlənməkdir. Mən də bunu evləndikdən
sonra hiss etdim. Birdən-birə mənim əllərim
boşaldı, sərbəst qaldı. Lakin
evlənmədən bu yükü arxanca sürümək o
deməkdir ki, əllərin həmişə dolu olacaq və sən
heç bir şey edə bilməyəcəksən".
Məsələ
də elə yük olmaqdadı... Qadın nə
zaman gedir?! Özünü yük kimi hiss edəndə,
sevinc gətirmədiyini görəndə... Və
qadın getmək qərarı veribsə, heç nə onun
qarşısını ala bilmir. Annanı
da heç nə saxlaya bilməzdi. Hətta
bəzən onu qızını sevməməkdə də
günahlandırırlar. Mənə
görə Annanın körpə balasını sevməyə
zamanı da qalmadı. Və ədəbiyyatda da, real həyatda
da hissləriylə yaşayan qadınları düşünəndə
heç bir qohumluq bağlarının onları tutduğu
yoldan çəkindirmədiyini görürük...
Füzulinin Leylisini ana nəsihəti "ağıllandıra"
bilərdimi, Cülyetta Romeonun öldüyünü görəndə
başqa kimisə düşünərdimi, ya da Floberin Madam
Bovarisindən ötrü kimin nə deyəcəyinin mənası
vardımı?! Yox! İntəhası, Anna Tolstoyun
"xoşbəxtlər haqlıdılar" ideyasını
son məqama çatdıra bildi! Zirvədəykən getməlidi
qadın! Ya da gedişi ilə zirvə olmalıdı!
"Anna
Karenina" romanının ümumdünya uğurundan
danışanda Tolstoyşünaslar bir məqamı da
zarafatyana deyirlər: əslində, "Hərb və
sülh" daha mükəmməldi, sadəcə,
çoxları o həcmdə əsəri oxumağa cəsarət
etmədiyi üçün Annanı seçirlər...
Beləliklə,
vaxtım azdı... Gedim oxuyum, gələn dəfə
danışarıq!
PƏRVİN
Ədəbiyyat qəzeti.- 2021.- 10
aprel.- S.13.