"Uşaqlara nəticə,
sübut yox,
obrazlar, rənglər və səslər
lazımdır"
Azərbaycan uşaq ədəbiyyatı
bu günə kimi fərqli inkişaf mərhələsi
keçmişdir. Azərbaycan uşaq ədəbiyyatının
əsası təfəkkürümüzdə
dərin kök salmış nağıl və əfsanələrimizdən,
qədim epos qaynaqlarından
başlanır. Nizaminin oğlu
Məhəmmədə, Füzulinin
oğlu Feziyə, Seyid Əzimin oğlu Cəfərə yazdıqları nəsihətlər
uşaq ədəbiyyatımızın
klassik nümunələridir.
Artıq
bir neçə onilliklərdir ki, Azərbaycan gəncliyi XX əsrin klassikləri M.Ə.Sabirin, A.Şaiqin, A.Səhhətin dillər əzbəri olan şeir və hekayələri ilə milli ruhda tərbiyə
alır. Görkəmli pedaqoq, şair S.Ə.Şirvanidən başlamış
müstəqillik illərimiz
daxil uşaqlar üçün gözəl
əsərlər yazan
qələm sahiblərimiz
yorulmadan çalışmış,
yeni-yeni əsərlər
ərsəyə gətirmişlər.
Güney
Azərbaycanda da bu işi Mirzə
Həsən Rüşdiyyə,
Cabbar Əsgərzadə
(Bağçaban) başlamış,
Həbib Sahir, Mərziyyə Üskiyi, Haşım Tərlan, Əlirza Nabdil və Həbib Fərşbaf davam etdirmişlər. Səməd Behrəngi
isə Güney Azərbaycanda uşaq ədəbiyyatının banisi
sayılır. Onun uşaqlar
üçün yazdığı
əsərlər ölkəsinə
dünya şöhrəti
gətirmişdir.
Məlum səbəblərə görə
İranda uzun müddət Azərbaycan türkləri ana dilində yazıb-oxumaqdan,
təhsildən məhrum
edilmişdilər. 1978-1979-cu illər İran İnqilabından sonra isə bu qadağalar
nisbətən aradan qaldırıldı. Milli ədəbiyyat,
uşaq ədəbiyyatı
ilə bağlı boşluqlar aradan götürüldü və
bu sahədə görülən işlər
sürətlənməyə başladı. Bu dövrdə Azərbaycan türkcəsində çıxan
jurnallara xüsusi diqqət yetirildi. Həsən Rüşdiyyənin,
Səməd Behrənginin
başladığı missiyanı
Hüseyin Feyzullahi, Haşım Tərlan, Həbib Fərşbah, Əkbər Azad, Zöhrə
Vəfayi, Murtuza Məcidfər, Ramin Cahangirzadə, Nurəddin Müqəddəm, Bəhram
Əsədi, Məliha
Əzizpur, Süsən
Nəvadirazi, Xosrov Barışan və digər uşaq yazarları davam etdirdi.
Bu gün uşaq
ədəbiyyatının Güneydə
davamçıları yetərincədir. Bu sahədə
yazılan əsərlər
də çox ümidvericidir.Yuxarıda adını
sadaladığım yazarlarla
bərabər Leyla Kəhalı, Səhər
Xiyavi, Rübabə Quluzadə, Mərziyyə
Tului, Seyid Rza Hüseyn, Məhəmməd Əli Ocaqi, Araz və
Dəniz Əmanilər,
Məhəmməd Həsən
Nəjad, Paşa Muğanlı, Sara Turi, Məhəmməd Müqəddəm,
Hüseyn Fəttahi, Əli Zəncanlı və başqa adını çəkə
bilmədiyim gənc yazarların uşaq qəlbinə yol tapan əsərləri çoxdur.
Güney Azərbaycanın Muğan
bölgəsində dünyaya
göz açan Ramin Cahangirzadə bu gün uşaq
ədəbiyyatının önündə
gedən gənc yazarlardandır. Bu günədək
Ramin Cahangirzadənin sırf uşaqlar üçün yazdığı
"Ulduz", I və
II (2004-2008), "Gözləri gül açıbdı"
(2007), "Bir az dərinə gedirəm"
(2008), "Ay suda" (2011), "Nar"
(2013), "Dörd fəsil",
"Sel qızı",
"Nazlı", "Əlifba",
"Xallı və Allı", "Qarışqam",
"Rəqəmlər", "Boyalar", "Çiyələk",
"Elay və İlkay" (3 cilddə),
"Küçə", "Tiraxtur basdı qaza" (2014), Üçcildlik
- "Peşələr", "Ailələr" və
"Heyvanlar" (2014) adlı
şeir topluları işıq üzü görüb. "Bir az dərinə
gedirəm" adlı
nəsr toplusu 2008-ci ildə çap olunub. Uşaqlar üçün yazılmış yeddi pyesin müəllifidir.
Onlardan üçü artıq səhnəyə qoyulub.
Oxucuların xatirində yəqin
ki, Bakıda 2011-ci ildə nəşr olunumuş "Daşlar"
adlı bir şeir kitabı ilə yadda qalıb. "Uşaq nəticələr,
sübutlar və məntiqi ardıcıllıq
tələb etmir.
Onun üçün obrazlar, rənglər və səslər lazımdır".
Böyük rus tənqidçi
V.Q.Belinski, sanki bu sözləri R.Cahangirzadə üçün
yazmışdır.
İnternet əsrinin uşaqlarının
marağını təmin
etmək üçün
yazıçı çox
ciddi oxumalı, öyrənməli, gərgin
yaradıcılıq axtarışları
aparmalıdır. R.Cahangirzadə adi adamın
görüb sezə bilməyəcəyi bir təbii mənzərə
görüntüsünü ustalıqla poetik açıqlayıcı təsvirə
çevirməyi bacarıb
uşaq şeiri yarada bilir.
Müəllif kitablarında uşaqların
ana dilini öyrənməklə yanaşı,
onların zehninin gəlişməsinə səy
göstərir. Yazılarında bəşəri dəyərlərin tərənnümünü,
vətən və millət sevgisini yansıdaraq ana dilinin mənimsənilməsinə
və milli mədəniyyətə maraq
oyadır.
Onun şeirlərinin
mövzu dairəsi olduqca rəngarəngdir. "Rəqəmlər", "Əlifba"
əsəri uşaqları
sayları və hərfləri tez qavramağa, "İlin fəsilləri" isə
təbiəti yaxından
tanımağa kömək
edir. Onun yazdığı bu əsərlər səmimiliyi, dilinin şirinliyi, rəvanlığı
və orijinal üslubu ilə diqqəti cəlb edir.
Yazıçı uşaqlara ana dilini mənimsətməklə
yanaşı, onların
zehnini inkişaf etdirməyə çalışır. Yazdığı əsərlərində uşaqlara
insani dəyərləri,
vətən sevgisini, milli-mənəvi dəyərlərə
yiyələnməyi aşılayır.
Ramin Cahangirzadə
"Rəqəmlər" kitabında ədədlərlə
bağlı əyləncəli
fikirlər söyləyir,
uşaqların zehninə
həkk olsun deyə, onları uğurla şeir formasına salır. Bir sayı üçün yazır: // Birin yoldaşı olmaz, // Həmişə o tək olar. //
Birə
yoldaş tapılmaz,
Deyər
yer-göy mənimdir
Tapılsa o tək qalmaz
Deyər hər şey tənimdir.
İki sayı ilə əlaqədar şeir parçası isə lap tapmaca kimidir:
Nə sıfır, nə də birdir
Birlə üçün arası.
Dördü aradan bölsən
Onun yarı
parası.
Biri birlə cəmləsən
Bir rəqəmə
baxarsan.
İkini
tapmaq üçün
Üçdən biri çıxarsan.
Uşaqlarda riyaziyyata marağı artırmaq istəyən müəllif, onları bu mövzuda bildiklərini yoxlamağa səsləyir. Üç sayı haqda yazır ki:
Nə bir, nə də
ikidir,
Birlə
ikinin cəmi
Dörddən birini çıxsan
Tapılar onun cəmi.
Həm tək, həm də tək deyil
İkiyə böl altını
Çütlərin qonşusudur
Ona cüt deyir hamı.
Üçdən dörd keçərkən
müəllif yazır
ki, // Dörd ayaqlı yeridik, // Qalmadı üçdən
bir iz // Dörd nala çapdıq getdik // ...
Daha sonra sıra yeddiyə gəlincə, tanrı bizləri yeddi günə yaratdı, günlərimizin sayı da yeddi oldu,
yazır şair.
Beləcə, ədədlərin əyləncəli-kefli
izahı 10 sayına qədər davam edir.
Yazı tariximizin başında gələn əlifbanı
yenicə öyrənən
uşaqların müstəqil
oxusu üçün
yığcam, sadə,
didaktik və tərbiyəvi əhəmiyyətə
malik uşaq ədəbiyyatı nümunələrinə
böyük ehtiyac vardır. Uşaqlar üçün yazılan əsərlərin
dili sadə, aydın, obrazlı olmalıdır ki, uşaq elə ilk oxuduğu sətirlərdən
sonra yavaş-yavaş
dilimizin incəliklərini
öyrənməyə başlasın.
Beləcə, uşaq dilimizin incəliklərini, hekayə
və şeirdən sonra ilk oxuduğu, eşitdiyi, şirinliyini
hiss etdiyi, o dilin musiqisini və incəliklərini öyrənməyə
başlayır. R.Cahangirzadə uşaqların ürəyinə
gedən yolu asanlıqla tapmağın
yollarını bilir.
Onun
"Əlifba" kitabında
bütün deyilənlər
əksini tapa bilib.
Uşaq psixoanalitiki Fransuaza Dalton, uşağın ana-atanın
mülkiyyəti olmadığını
və istəklərinin,
fikirlərinin diqqət
çəkdiyini bildirir. Onun üçün,
insan hər şeydən əvvəl,
bir körpə olsa belə, danışan və düşünə bilən
varlıqdır. Ana südünə olan ehtiyac kimi danışmaqla
özünü təsdiq
etməyə çalışır.
Dünyanı görmə,
toxunma, qoxu, dad alma ilə qəbul
edir, amma yalnız ona verilən söz, uşağa bəşərin
bir parçası olma hissini verir.
"Pinti"dən öncə
Ramin Cahangirzadənin
"Torpaqdan bitən gülüş" və
"Elay durur ayağa" adlı piyesleri səhnədə tamaşaya qoyulub.
Onun yeniyetmələr
üçün yazdığı
"Şunqar" adli
pyesi də tamaşaya hazırlanır.
R.Cahangirzadənin uşaqlar üçün
yazdığı əsərlərdəki
sözlər son dərəcə
aydın, sadə, cümlələr qısa
və anlamlıdır,
çünki onları
dinləməklə, uşaq
danışmağı öyrənir. Eyni zamanda
şair kiçik oxucuya ünvanlanan obyektin xüsusiyyətlərini
ifadə edərək
ona canlı bir görünüş verir.
Çox erkən yaşda eşidilən ən yaxşı uşaq şeirlərinin çox vaxt həyat boyu xatirələrdə qalması və sonralar uşaqlarla ünsiyyət qurmanın təcrübəsi halına
gəlməsi təsadüfi
deyil.
R.Cahangirzadənin şeirlərinin mövzu dairəsi olduqca rəngarəngdir və şeirləri kövrək
şair duyğularının
son nəticəsi kimi
görünür. O kiçik
şeir sətirlərində
belə, uşaqlara maksimum bilgi ve mesaj verə
bilir.
Pərvanə MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.- 2021.- 10 aprel.- S.19.