FƏDAİ ŞAİR
Muradəli
Qüreyşi Qaflantının (1933-2006) bu günlərdə tanış olduğum "Ulu Çinar"
adlı kitabında diqqətimi ilk çəkən soluq
üz qabığı oldu və açığı, məni
çox mütəəssir etdi. Ona görə yox ki, bu
solğun şəklin yerinə daha aydın, gözəbatan
başqa bir şəklin olmasını istəyirdim, yox, əksinə
mənə elə gəldi ki, bu kitabın bütün
gücü, hələ kitabı heç açmadan məni
mütəəssir edən sirri-sehri elə bu dumanlı
solğunluğunda idi. Suları heç "durulmayan" Araz
çayı, "dumanı heç çəkilməyən"
Cənub dağları... Və bir də dərdləri
heç bitməyən, Vətəninin "durulmayan"
sularının, "çəkilməyən dumanın"
qəhrini çəkə-çəkə dünyadan
köçən şair Qaflantının
yaşadığı hər qaranlıq gecənin aydın
sabahlarını, işıqlı günlərini gözləyən
dərdli, həsrətli çöhrəsi... Əlbəttə,
bu solğun tablonun arxasındakı məşəli, al qan rəngini
görməmək üçün gərək azərbaycanlı
olmayasan! Məni təsirləndirən də bu
solğunluğun xəyalımda canlandırdığı, bəlkə
də heç bir sənət əsərinin
cızamadığı, heç bir kitabın
anlatmadığı, yalnız insanın öz gözləri
ilə gördüyü və bilavasitə yaşadığı
həyat həqiqəti dediyimiz gerçəklər idi:
Eldə
haray-hay oldu,
Göz yaşımız çay oldu.
Həyat
boyu bizlərə,
Zülmi-sitəm
pay oldu.
"Ulu Çinar" kitabı XX əsrdə İranda
"zülmi-sitəm pay"lı bir ömür
yaşayıb-yaradan M.Q.Qaflantının ölümündən
sonra nəşr edilən ilk kitabıdır. Kitabı vərəqlədikcə
onun solğun qapağı ilə səhifələri
arasındakı dirilik, canlılıq yolunu kitabı oxuyan hər
kəsin tapacağına, şairin diri nəfəsini
duyacağına inandım.
Etiraf edim ki, M.Q.Qaflantının məni çox sevindirən
bu kitabının nəşri nəinki gözlənilən
idi, hətta gecikib belə. Çünki şair hələ
sağlığında - 1990-cı ildə İranda nəşr
edilən məşhur "Ömür aynası"
kitabından sonra 15 il ərzində yazıb-yaratsa da, siyasi və
maddi imkansızlıq üzündən heç bir kitab nəşr
etdirə bilməmişdir. Qocaman şairimizin
ölümündən sonra əsərləri Cənubi Azərbaycan
mətbuatında mütəmadi olaraq çap edilsə də,
toplu halında nəşr edilməmişdir. Bu sarıdan şairin bəxti Şimali Azərbaycanda
da gətirməmişdir. Bu tayda da müəllifin
əsərləri əski əlifbada olduğuna görə
diqqətdən kənarda qalmışdır. Deməli, "Ulu Çinar" M.Q.Qaflantının
vəfatından sonra nəşr olunan ilk kitabı olmaqla bərabər,
həm də 30 illik aradan sonra çap olunan kitabıdır.
Bu kitab həm də şairin illərlə həsrətli
qaldığı, məkrli siyasət və cinayətlərlə
bulanan Arazın bu tayındakı soydaşları ilə ilk
geniş tanışlığıdır. Doğrudur,
kitabın ön sözündə Qaflantının 1991-ci ildə
Şimali Azərbaycana səfər etdiyindən, burada
yaşayan soydaşları, həmkarları ilə
görüşdüyündən, bu səfərin şairin
yaradıcılığına təsir edib ona yeni mövzular
verdiyindən bəhs olunur, lakin həmin vaxtlar Qaflantı
haqqında mətbuatda dərc olunan yazılar, radio-televiziya
verilişlərinə dəvətlər, onunla keçirilən
görüşlər ardıcıl olmadığından
xalqın yaddaşında dərin kök
salmamışdır.
Şairin "Ulu çinartək" şeirindən əsinlənərək
kitaba verilən ad uğurlu olmuşdur. Ad simvolikdir,
Qaflantı şəxsiyyətinə və
yaradıcılığına yaraşmışdır.
Bildiyimiz kimi, bizdə ucalıq, məğrurluq,
ləyaqət və mətanət simvolu olan çinar
ağacı torpağın dərinliklərinə rişələnən
möhkəm, güclü kökləri ilə də məşhurdur.
Öz soy-kökünə, adət-ənənələrinə
qırılmaz tellərlə bağlı olan Qaflantı bu bənzərliyi
şərəfli həyatı və parlaq istedadı ilə
qazanmışdır.
Kitabın tərtibi yeni və orijinaldı. M.Q.Qaflantının
əldə olan bütün əsərlərini küll
halında toplarkən şairin əvvəlki
kitablarının və əlyazmalarının
qarışdırılmadan, eyni adlarla, ayrı-ayrı
başlıqlar altında verilməsi kitabı daha çox
Qaflantılaşdırmışdır. Bu
zaman xronoloji ardıcıllıq prinsipi diqqətə
alınmışdır. Kitabdakı dipnotlar isə
poeziyamızın ağır yükünü daim çiyinlərində
hiss edən təəssübkeş
şairin öz leksikonunu yeri gələndə arxaik və
dialekt mənşəli sözlərlə də zənginləşdirdiyini
göstərir.
Kitabın
üstün cəhəti şairin əldə olan
bütün əsərlərinin əski əlifbadan latın əlifbasına transliterasiya edilərək
geniş oxucu kütləsinin anlayacağı səviyyədə,
səliqəli bir şəkildə hazırlanmasıdır. Kitaba yazılan ön söz şairin haqqında
indiyədək yazılan ən geniş və əhatəli təqdimatdır.
Şairin həyatının ayrı-ayrı məqamlarını
özündə əks etdirən fotoşəkillər isə
zəhmətkeş şairin keçdiyi həyat yolunun, sadə
güzəranının oxucu təsəvvüründə
daha aydın canlanmasına, təəssüratının
tamlanmasına kömək edir.
M.Q.Qaflantı hər şeydən əvvəl öz
dövrünün oğlu idi. Və bu dövr Cənubi Azərbaycanda
- 1945-1946-cı illər milli-azadlıq hərəkatının
qan dəryasında boğulduğu, iqtisadiyyatının,
tarixinin, maarifinin, incəsənət və mədəniyyətinin
ağır zərbələr aldığı, ana dilinin və
bədii düşüncənin qadağalar və yasaqlar məngənəsində
susdurulduğu dövr idi. XX əsrin əvvəllərindən
başlayaraq özünün yeni inkişaf mərhələsinə
daxil olan poeziyada yeniləşmə siyasi rejimin maneələri
üzündən ləng gedirdi. Milli hökumətin məğlubiyyətindən
sonra ağır irtica və təqib illərində davam edən
ədəbi hərəkatın əsas yükünü
daşımaq məhz ilk addımlarını 21 Azər Hərəkatı
ərəfəsində və Milli Hökumət
dövründə atan qələm sahiblərinin - Məmmədhüseyn
Şəhriyar, Səhənd, Həbib Sahir, Haşim Tərlan,
Məmmədəli Fəxrəddin (Məhzun), Sönməz,
Müzəffər Dirəfşi, Gəncəli Səbahi,
Qaflantı, Mirzə Hüseyn Kərimi, Barış, Həddad,
Yəhya Şeyda, Ülyai kimi görkəmli sənətkarların
üzərinə düşmüşdür. Ədəbi hərəkatın
əsas yükünü çiyinlərində
daşımış şairlərdən bir qismi isə
sonradan yetişən və 21 Azər Hərəkatının
ideallarına sadiq qalan: Səməd Behrəngi, Əlirza Nabdil
(Oxtay), Savalan, Saplaq, Şami, Adsız, Valeh Dəstpiş, Kəmali,
Barışmaz, Türkoğlu, Hüseyn Düzgün və b.
gənclər idi.
Bu dövrün poetik düşüncələrindəki
millilik ictimai hadisələrin və ədəbi prosesin əsas
keyfiyyət göstəricisi idi. Milli hərəkatı
şərtləndirən ictimai-siyasi faktorlar poeziyanın
aparıcı mövzularına çevrilir, aktiv materiallar
verirdi. İctimai fikrə daxil olan
milli-azadlıq ideyalarının ədəbi prosesə daxil
olması ədəbiyyatda, xüsusilə poeziyada üsyan,
çağırış və pafosla səciyyələnir,
vətənpərvərlik, ana dili, azadlıqsevərlik,
haqq-hüquq mövzularının əhatə dairəsini
genişləndirir, ictimai-siyasi hadisələrin dərkində
poeziyanın rolu artırdı.
M.Q.Qaflantı poeziyası mövzu və problem etibarilə
dövrlə səsləşirdi. Bu poeziya real həyatı, sosial
gerçəkliyi əks etdirdiyindən burada hər zaman xəyala,
romantikaya yer qalırdı:
Xalqın
qanı zülm əlindən qaralmaz,
Bağ-bağatı
yay fəslində qar almaz,
Gözümüz
yol gözləməkdən qaralmaz,
Haqq karvanın yola çata düzələr.
Şair
"Qınayır məni", "Yazıram",
"Yalançı söz qoşan", "Mənə ar gəldi"
və s. kimi əsərlərində daha çox seir-sənət
və sənətkar haqqında düşüncələrin
ifadəsinə yer vermişdir:
Qələm
çalıb yoldan azmaq,
Cəlladlara
tərif yazmaq,
Haqq
yolunda çala qazmaq
Mənə ar gəldi, ar gəldi.
M.Q.Qaflantı inqilabçı şair idi. Onun radikal
mövqeyi etiraz, üsyan, çağırış motivli
siyasi lirikasında öz dolğun təcəssümünü
tapmışdır. İlham qaynağını şifahi
xalq ədəbiyyatından, xüsusən də aşıq
poeziyasından alan Qaflantının
yaradıcılığı xəlqidir, xalqımızın
varlığını, ruhunu ayna kimi özündə əks
etdirir. Bütün əsərlərini çox
sevdiyi ana dilimizdə yazan şairin milli özünüdərk
və oyanışın, maarıfçi ideyalarının
inkişafında və formalaşmasında əvəzsiz xidmətləri
olmuşdur.
Ancaq mən burada daha çox şairin ilk dəfə
oxuduğum əsərlərindən, yəni əlyazmalarından
bəhs etmək istəyirəm. Çünki bu əlyazmalarının
yarıdan çoxu Qaflantının 1990-cı ildən sonra
yazdığı - yaradıcılığının son mərhələsinə
aid olan əsərləridir.
Bildiyimiz kimi, Rza şah diktaturasının süqutundan
sonra təkcə Cənubi Azərbaycanda deyil, ümumiyyətlə,
İranda yaranan ədəbiyyatın bütün komponentləri
yeni idi. Bu
dövr dərin hiss və duyğularını, dərd və
yanğılarını ənənəvi şeir
formalarında, xüsusilə aşıq şeirinin -
qoşma, gəraylı, müxəmməs, deyişmə
və s. şəkillərinin müxtəlif variantlarında
özünəməxsus üslub və dillə ifadə edən
Qaflantının təfəkkür səviyyəsinin yüksəldiyi,
sənətkarlığının püxtələşdiyi dövrdür.
Milli
kimliyinin keşiyində daima ayıq-sayıq əsgər kimi
duran şair əsərlərində qəddar şah rejimi və
onun assimilyasiya siyasətini, imperializm və onun antihumanist siyasətini,
eyni zamanda qeyri-əxlaqi və qeyri-insani keyfiyyətlərini
ifşa edərkən bir tərəfdən də zülm və
istismar altında inləyən xalqının maddi və mənəvi
məhrumiyyətlərini, əsrlərdən bəri
keçib gələn adət-ənənələrini, arzu və
istəklərini, dərd və kədərini, öz haqq və
hüquqları uğrunda mübarizəsini də bütün
ziddiyyətləri ilə tərənnüm edirdi. Eyni zamanda şair geniş xalq kütlələrini,
xüsusən də kənd əməkçilərini qəflət
yuxusundan ayılıb mübarizəyə sövq edən
maarifləndirici şeirlər yazırdı.
Özünəməxsus üslubu ilə seçilən
Qaflantı poeziyası bədii təsvir və ifadə vasitələrinə
görə də fərqlənir. Onun poetikası rəngarəng məcazlar - təşbih,
təkrir, istiarə və epitetlərlə zəngindir.
Öz
milli kimliyinə sahib çıxan və uğrunda bir
ömür döyüşən şairin poeziyası da
inqilabi poeziyadır:
Hüsnünə
Ay baxıb hər zaman deyər
Kainat yetirib böylə dilbəri.
Zülmətin
qənimi, eşqin dəryası
Təkcə
yer üzündə sənsən ay pəri,
- və
onun qəlbini verdiyi dilbər
"yer üzündə zülmün-zülmətin qənimi
"Azadlıq Pərisi"dir. Eşqinə sadiq fədai
şair isə yaşadığı bütün məşəqqətlərə,
təqib və təzyiqlərə rəğmən yolundan
dönmədi, ölənə qədər sevdiyi gözələ
qovuşmağa "tələsdi", onu axtarmaqdan bir an vaz
keçmədi:
Səni
axtarıram payızda, qışda
Sənsən mənim arzum, sənsən diləyim.
Sənsiz
köynəyində çürüyür sazım,
Tələsir, köksümdə çırpır
ürəyim.
Hələ
orta yaşlarında ikən yazdığı
"Qocaldım" qoşmasında şair onu qocaldan dərdlərini
bir-bir sadalayır və sadalamaqla da bitməyən mətnaltı
natamam bir ovqat yaradır və sanki bu ovqatla da oxucunu faciəli
həyat yoluna yolçu, bitməyən dərdlərinə
ortaq edir:
Qara duman
yurdumuzu bürüdü,
Yaman düşdüm ahi-zarə qocaldım.
Şeyda
bülbül dar qəfəsdə çürüdü,
Həsrət qaldı güluzarə, qocaldım.
"Ümidləri
qovrulan, arzuları yanan, üyəyində qəmləri
qol-budaq atan" Qaflantı "dərdini gah şeyda
bülbülün, gah qonçasında donan
gülün", "gah da uçan quşların,
qaçan maralın" ("Neyləsin"
qoşmasından) obrazları ilə söyləsə də,
yetmir. Çünki "bütün dərdlərin dərmanı
azadlıq" yoxdursa, şairin ruhu da, ömrü də
qocalmağa məhkumdur:
Qaflantıyam
yurdum-yuvam talandı,
Öz
ölkəmdə özgə odu qalandı,
Ümidlər
qovruldu, arzular yandı,
Çulğalandım qəm-qubarə, qocaldım.
Saf ürəkli
şair 1977-ci ildə qələmə aldığı
"Müjdəsin verir" qoşmasında hələ
1979-cu il inqilabından iki il əvvəl
uzaqgörənlik edərək onun müjdəsini verir və
sevinir:
Yenə də
ümidim minib kəhərin,
Vüsal bayramının müjdəsin verir.
Dolana-dolana
bütün hər yerin,
Sevgi yollarına gül-çiçək sərir.
Ancaq İran İslam inqilabına böyük ümidlər
bəsləyən şair xəyal
qırıqlığına uğrayır, sevincı uzun
çəkmir. Bu hal şairin inqilabdan sonrakı
yaradıcılığında özünü ekzistensialist əlamətlərlə
büruzə verir. Yanğı və iztirab hissləri ilə
dolu " Sözüm qalır"
şeirində "İç üzündə
közü qalan" lirik mən yenə də uzaqgörənlik
edərək hesabını bitirmədiyi, haqqını halal
etmədiyi bu dünyadan nisgillə ayrılır:
Qalaqlanır
qüssə-kədər
Təkcə mənə dözüm qalır.
Qəm
dirəyi çəkir çəpər
İç üzümdə közüm qalır.
"Qaranlıq",
"Bizə qaldı", "Kədərim-qəmim",
"Qan olar" və s. şeirlərində kədər və zəmanədən
şikayət motivləri üstün olsa da, lirik mən yenə
də "elin ah-vayla keçən həyatına" biganə
qala bilmir, "Oyaq ol, şair! - deyərək
"elin qəm-kədərini dinləmək, yorğun
düşənlərə dayaq olmaq" üçün
"ümid sahilində mayak kimi" dikəlir:
Quruyub zinələr,
dolub kəhriz də,
Solub
Qaflantıda lalə, nərgiz də,
Zülmətdir,
gəmimiz çaşır dənizdə,
Ümid
sahilində mayak ol, şair!
Ən çətin anlarında keçmişinə
üz tutan, xalqının gücünə sığınan
şair bu dəfə xalq qəhrəmanı Babəki əsrlərin
arxasından önə çəkir, gözünü onun ədalət
qılıncına dikir. Ədəbiyyatda tarixi mövzuların
işlənməsi və tarixi şəxsiyyətlərin bədii
obrazının yaradılması yeni deyildir, lakin 1991-ci ildə
Qaflantının "Babək" haqqında
yazdığı süjetli şeirində romantik neosufistik
idealın - insan, vətən, azadlıq eşqinin emosional ifadəsi
olduqca təravətlidir.
Azərbaycan
torpağında adı dillər əzbəri olan, şöhrəti
bütün cahana yayılan qəhrəmanın
varlığı quduz düşməni lərzəyə
salır:
Mötəsəm
çağırdı qarı qurdları,
Əllərin ölçürdü divanələrtək.
Bilmirdi nə
daşı salsın başına,
Çığırdı:"Kimdi,
bu Allahsız Babək?!".
Əsərin
bu yerində qorxu və əndişə içində
çığırıb-bağıran Xəlifənin dilindən
işlədilən"Kimdi, bu Allahsız Babək?!" ifadəsi
sosial-demokrat şairin yaradıcılığının ta
başından oxucuya tanış olan
solçu meyillərini xatırladır.
Xəlifənin
hüzuruna yaxınlaşan hiyləgər, satqın və
şərəfsiz Aqşinin tələyə
saldığı "Aslanına ürəyi yanaraq":
"Xəlifəyə
təzim edəsən gərək,
Səni
doğratdırıb aradan bölər,
Başını əyməsən, deyirəm gərçək!"
- xəbərdarlıq etdikdə isə mərd və
məğrur qəhrəmanın:
"Boyun
əymək mənə yaraşmaz,
Mən elə bağlıyam, elim də mənə.
Elini sevənlər
yolundan çaşmaz,
Rəvadırmı boyun əyim düşmənə?
- cavabı ilə iki sərkərdənin
arasındakı fərq daha da qabardılır.
Təhkiyəçinin
bu tarixi obraza boş-boşuna müraciət etmədiyi əsərin
sonunda İranda şahlıq əleyhinə mübarizə edən
fədailərin igidliyi, cürət və cəsurluğu Babəkdən
öyrəndiyi etirafı ilə açılır, əsl mətləbi
aydın olur:
Şəhaməti
çiriklər
Öyrəndilər
Babəkdən.
Məzlumlara
hər zaman,
Dayaqdılar
ürəkdən,
- və əsər müəllifin, tarix onu
yaşatdıqca köhnəlmir; Babəklər hər zaman var
və var olacaqlar! - mətnaltı
mesajı ilə sonlanır.
Ömrünün çox hissəsini vətənindən
uzaqlarda - mühacirətdə yaşamaq məcburiyyətində
qalan Qaflantı, həm də qürbətçi şair idi. Buna baxmayaraq onun poetik
düşüncə məkanı daima doğma vətəninin
eli-obası, dağı-dərəsi,
çölü-düzü, tərənnüm obyekti
doğma xalqının həyatı və həyat amalı olmuşdur.
Qaflantı şeirləri janrından formasından
asılı olmayaraq mənalığı, şirinliyi ilə
yanaşı, içdədənliyi və həyatiliyilə də
diqqəti çəkir. Sadə və lakonik lirik şeirləri kimi "Gecədir",
"Eylədilər", "O dəmdən"
,"Deyil" və s. qəzəl
və təzminləri də xoş ahəngi, oynaq ritmi ilə
yadda qalır:
Əhdi-peymanım
ilə ötdü hər anım, elə qurban!
Tapşıran
ellər olub, şöhrəti-şanım elə qurban!
Bülbüləm
ayrılalı şehli, gülüstanlı gülümdən,
Qovzanıb
ərşə çatır ahu-fəğanım, elə
qurban!
Yol
müqəddəs, hədəfim sevgili canana qovuşmaq,
Var ürəkdə
inamım, dizdə təvanım, elə qurban!
Zənnimizcə, bu kitabın dəyəri bir ədəbi
nəslin ürəyini məşələ çevirib vətəninin,
xalqının azadlığı uğrunda oddan-alovdan
keçən Qaflantı kimi cəfakeş, cəsur bir
nümayəndəsinin həyat və
yaradıcılığını
işıqlandırmasındadır. Çünki gənc
nəslimizin öz şanlı tarixini öyrənməyə,
yurdumuzun aydın, doğru məfkurəli, aslan ürəkli
oğul və qızlarına ehtiyacı hər zaman vardır.
M.Q.Qaflantı
73 il ömür sürdüyünə
baxmayaraq, həm də nakam şairdir. Çünki
əzabkeş şair uğrunda bütün ömrünü
həsr etdiyi amalını gerçəkləşdirmədən,
həyatının ən böyük arzusuna çatmadan bu
dünyadan köçdü. Doğrudur, Qaflantı hər
xəyalını qurduğu, arzuladığı o
"aydın" səhərləri, "günəşli"
günləri dünya gözü ilə görə bilmədi,
ancaq ömrü boyu bu istək və arzuyla
çırpınan ürəyinin odunu-alovunu,
işığını yazıb-yaratdığı əsərlərilə
estafet kimi özündən sonrakı nəslə
ötürməyi bacardı. Və bu estafet davam etdikcə,
"qərə dumanlar" hər nə qədər Vətəninin
başı üzərindən çəkilməsə də, yurdunun
çırağı sönməyəcəkdir.
Bütün varlığı ilə elinə-obasına bağlanan
Qaflantını ölümü belə xalqından ayıra
bilmədi; Ən böyük sərvəti olan vətən
sevgisi, azadlıq eşqi ilə yazıb-yaratdığı ədəbi
irsi fədai şairi çox sevdiyi xalqına əbədi
olaraq bağladı.
Ümid edirəm ki, Qaflantının idealları bir
gün reallaşacaq, mərhum şairin nakam ruhu şad
olacaqdır. Və inanıram ki, tədqiqatçı
Q.Əliyeva M.Q.Qaflantı ilə bağlı
araşdırmalarını bundan sonra da davam etdirəcək,
haqqında bəhs etdiyi - şairin 5-ci əlyazma dəftərini,
habelə həyatı və yaradıcılığı ilə
əlaqəli digər önəmli fakt və materialları
üzə çıxaracaqdır. Ayrıca,
pandemiya dövründə, insanlar və ölkələrarası
münasibətlərin məhdudlaşdırıldığı
bir şəraitdə ərsəyə gələn kitabı tədqiqatçının
uğuru hesab edirəm və bu sahədəki əməyini
alqışlayıram.
Sayman ARUZ
Ədəbiyyat qəzeti.- 2021.- 10 aprel.- S.20-21.