Şuşa Azərbaycan ədəbi salnaməsində
Qarabağda yazdı dastan,
İlham! Ali Baş Komandan!
Döyüşlərdə zəfər
çalan,
Paşan gəlir
qucağına.
Aç qoynunu, Azərbaycan,
Şuşan gəlir
qucağına.
Damət Kərimli
XVIII əsrdə meydana gələn Azərbaycan
xanlıqları ictimai-siyasi və mədəniyyət mərkəzləri
olan Azərbaycan şəhərləri ətrafında
yaranmışdı. Gəncə, Bakı, Şuşa, Urmiya, Təbriz, Şəki,
Şamaxı, Xoy, Mərənd, Quba, Lənkəran, Ərdəbil,
Naxçıvan, Marağa, İrəvan, Dərbənd kimi
şəhərlər o dövrdə Azərbaycanın
inkişaf etmiş şəhərləri idi. Azərbaycan
xanlıqlarının əksəriyyəti inkişaf etmiş
belə şəhərlər ətrafında
yaranmışdı.
XVIII əsrdə
Azərbaycanda güclü xanlıqlardan biri olan Qarabağ
xanlığı da Şuşa şəhəri
ətrafında olan Qarabağ torpaqlarında
yaranmışdı.
Qarabağ xanlığının (1747) banisi isə Pənahəli
xan Cavanşir (1693-1758) olmuşdur. Xanlığın
möhkəmləndirilməsində Pənahəli xanın və
oğlu İbrahimxəlil xanın böyük xidmətləri
olmuşdur. Onların hakimiyyəti illərində
xanlıqda Şahbulaq, Bayat, Əskəran, Şuşa
qalaları, məscidlər tikilmişdir.
Şuşanın
tarixi bir şəhər, xalqımızın
yaratdığı tarixi bir yaşayış məskəni
olduğunu ümummilli lider Heydər Əliyev dönə-dönə
ifadə etmişdir: "Şuşa Azərbaycanın ən əziz
və böyük tarixi olan bir guşəsidir.
Şuşanı yaradanlar, Şuşa
şəhərini quranlar, Şuşa qalasını tikənlər
Azərbaycan torpağının sahibləri olublar və
Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması
üçün Şuşa şəhərini,
qalasını yaradıblar. Bu, Azərbaycan
xalqının, əcdadlarımızın yaratdığı
böyük abidədir, təkcə şəhər deyil,
böyük bir tarixi şəhərdir, abidədir".
Pənahəli
xan Cavanşirin 1750-ci illərin əvvəllərində
inşa etdirdiyi Şuşa şəhəri
onun şərəfinə Pənahabad adlanırdı. Şuşaya xalq arasında "Qala" da
deyirmişdir. Bu, Pənahəli xanın
şəhər ətrafına çəkdirdiyi qala
divarları ilə əlaqədar idi. Mənbələrdə
yazıldığı kimi, Qarabağ xanlığının
mərkəzi Şuşa idi. İnzibati cəhətdən 22 mahala bölünən
Qarabağ xanlığının 638 kəndi var idi.
Xanlığın mərkəzi isə Pənahabad (Şuşa) idi.
Şuşa bir çox mənbələrdə
"Şişə" kimi yazılır və adlanır. Bu da
qalanın şüşə kimi təmiz və parlaq
olması ehtimalına gəlir. Şuşanın
"Şişə" şəklində ifadəsi
1795-1797-ci illərdə İranda şahlıq edən Ağa
Məhəmməd Şah Qacarın (1742-1797) Şuşaya
hücumu zamanı Qarabağ xanı İbrahim xana göndərdiyi
və xalq arasında uzun zaman rəvayətləşən bir
məktubunda ifadə edilmişdir. Şah Qacar İbrahim
xana yazmışdı: "Fələyin mancanağından bəla
daşları yağır. Sənsə əbləhcəsinə
Şişə içində qərar tutmusan".
İbrahim
xanın vəziri Molla Pənah Vaqif (1717-1797) isə məktubu
belə cavablandırır: "Məni qoruyan mənim
Tanrımdırsa, Şişəni daş içərisində
də qoruyar".
Azərbaycanın digər xanlıqları kimi,
Qarabağ xanlığının da bayrağı var idi. Salnamələrdə
yazıldığı kimi, Qarabağ xanlığının
Şuşa, Bayat, Şahbulaq ərazilərində
mədəni yüksəliş, sənətkarlıq xeyli
inkişaf etmişdi. Sənətkarlar əsasən Şuşa qalasında fəaliyyət göstərirdilər.
Şuşa sənətkarları tüfəng,
tapança lülələri, silah qundaqları
hazırlayırdılar. Xəncər, qılınc hazırlayan sənətkarlar,
misgərlər, daşdan müxtəlif istehsal vasitələri
- dəyirman daşları, kirkirələr, daş qazanlar və
başqa əşyalar hazırlayan ustalar da Şuşada yerləşirdilər.
Xanlıqda 500-ə yaxın işləyən dəyirmanın
ayrı-ayrı hissələri burada daşdan və taxtadan
hazırlanırdı. Bazar günləri
Şuşada yarmarka tipli ticarət - həftəbazarı da təşkil
edilirdi. Məşhur Qarabağ atları,
Qarabağ xalçaları Qarabağ xanlığı ticarətinin
mühüm tərkibi olduğu da tarixi mənbələrdə
yazılmışdır.
1758-ci ildə Qarabağ xanı Pənahəli xanın
Şirazda Kərim xan Zəndin qurduğu tələ nəticəsində
xaincəsinə ölümündən sonra xanlığa
oğlu İbrahimxəlil xan keçir. Onun hakimiyyəti
illərində (1760-1806) Qarabağ xanlığı
inkişaf edir və şöhrət tapırdı.
Firudin
Şuşinski rus dilində nəşr etdirdiyi
"Şuşa" adlı əsərində yazırdı:
"Azərbaycan Elmlər Akademiyasında olan məlumata
görə, XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas,
38 müğənni, 16 heykəltəraş, 5 astronom, 18
arxitektor, 16 həkim və 42 müəllim olmuşdur. Bu böyük ziyalı dəstəsi
Şuşanı mədəniyyət mərkəzinə
çevirirdi.
Şuşada anadan olub və orada yetişən Azərbaycan
məşhurlarının bir neçəsini təxminən
belə sıralamaq mümkündür. Azərbaycan ədəbiyyatında
yetişən görkəmli lirik-satirik şair Qasım bəy
Zakir (1784-1857), məşhur xeyriyyəçi, Azərbaycanın
tanınmış şairə və rəssamı, Qarabağ
xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan
(1832-1891), İbrahim xanın qızı, məşhur xeyriyyəçi
Gövhər Ağa, musiqişünas, astronom, çoxşaxəli
elmi yaradıcılıq fəaliyyəti ilə məşhur
olan, 21 kitabın müəllifi Mir Möhsün Nəvvab
(1833-1918), Azərbaycan ədəbiyyatına 500-ə yaxın
şeir bəxş etmiş Fatma xanım Kəminə
(1840-1898), şairə Ağabəyim Ağa (1780-1832), Azərbaycan
ədəbiyyatının klassikləri Nəcəfbəy Vəzirov
(1854-1928), Əbdürrəhim bəy Haqverdiyev (1870-1933), məşhur
yazıçı Yusif Vəzir Çəmənzəminli
(1887-1943), məşhur jurnalist Qasım bəy Vəzirov
(1868-1916), məşhur tədqiqatçı-alim, pedaqoq Firudin
bəy Köçərli (1863-1920), Azərbaycan klassik
musiqisinin iftixarı Üzeyir Hacıbəyov (1885-1948), Niyazi,
Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov kimi bəstəkarlar,
dünya şöhrətli General Səməd bəy Mehmandarov
kimi böyük şəxsiyyətlər Şuşada
doğulmuş, orada yaradıcılığa
başlamışlar.
Məşhur
xanəndələr Hacı Hüsü, Cabbar
Qaryağdıoğlu, Məşədi İsi, Keçəçi
oğlu Məmməd, Sadıq Əsəd oğlu
(Sadıqcan), Seyid Şuşinski, Bülbül, Xan
Şuşinski, Rəşid Behbudov kimi dünya şöhrətli
xanəndə, musiqiçilərin adı da Şuşa ilə
bağlıdır.
Ədəbi
mətnlərdə və qaynaqlarda "Şişə",
"Şuşa", "Pənahabad", "Qala",
"Qələ" kimi qeyd edilən möcüzə təbiətli,
təmiz havalı, təmiz çeşməli, tarixi abidələri,
özünəxas şəhər yaşayış məskəni
olan Şuşa haqqında Azərbaycan ədəbi salnaməsində
xeyli şeir nümunələri var. Bu nümunələrin
tarixi Şuşanın tarixi ilə başlayır.
Məlumdur
ki, ədəbi və tarixi mənbələrdə Şuşa şəhərinin adı XVIII əsrin
50-ci illərindən çəkilir. Bu da Şuşa
şəhərinin, Şuşa qalasının o illərdə
Azərbaycanın Qarabağ xanlığı torpağında
inşa edilməsi ilə əlaqədardır.
Qarabağ xanlığı illərində Azərbaycan
şairi M.P.Vaqif hələ Şuşada müəllimlik
etdiyi vaxt Şuşaya olan sevgisini, oranı özünə məkan
seçdiyini bir şeirində belə ifadə edirdi.
Məkan
tutdisə Vaqif, yox əcəb, bu Şişə
dağında,
Məqami ləli gülrəngin miyani-səngixaradır.
Qarabağ
xanı İbrahimxəlil Cavanşirin hakimiyyəti illərində
xanın vəziri olarkən M.P.Vaqif müasiri olduğu
M.V.Vidadi ilə deyişməsində Qarabağın musiqi məkanı,
şeir-sənət diyarı olduğunu söyləyirdi:
Külli
Qarabağın abi-həyatı,
Nərmi-nazik
bayatıdır, bayatı,
Oxunsa məclisdə
xoş kəlimatı,
Ox kimi
bağrını dələr, ağlarsan!
XIX əsrin böyük satirik və lirik şairi
Qasım bəy Zakir Şuşada anadan olmuş və
Şuşada vəfat etmişdi. Qəbri məşhur
Mirzə Həsən qəbiristanlığındadı.
Ömrünün çoxunu Mehdiqulu xanın ona
bağışladığı Xındırıstan kəndində
keçirmişdi. Qasım bəy Zakir şeirlərində
"Şişə qalası", "Əhli-Şişə",
"Şişə", "Qələ" və
Şuşa ifadəsini işlədirdi.
Cəfərqulu
xana yazdığı bir şeirdə Qasım bəy Zakir:
Bu şəhri-Şişədə
gər bizi şişə taxsalar xoşdur,
Ki, həmsöhbət bizə ol növi-qövmi-bihesab
olsun.
Zamanın
satirik şairlərindən Baba bəy Şakir (1780-1845) (o həm
də Qasım bəy Zakirin qohumu və dostu idi) Zakirə
yazdığı bir şeirində Şuşa
şəhərini "Qala" kimi ifadə edir. Çünki o zaman Şuşaya el arasında
"Qala" da deyilirdi.
Zakira,
eşitdim tazə bir xəbər,
Həqiqətdə qoydu məni xeyli mat.
Zahirən
ki, seçirlərmiş Qalada,
Tərəf-tərəf olub bəylər deputat.
Əslən şuşalı olub, Şuşada
doğulan və 80 yaşında Şuşada
dünyasını dəyişən Mirzə Həsən
Qarabaği müasirləri arasında gözəl məsnəvi
yazan şair kimi tanınmışdır. Onun Qarabağ mühitindəki
ictimai bəlalarından, adət-ənənələrdən
bəhs edən "Rəsmi - vilayəti Qarabağ və
şəhəri - Şişə" ("Qarabağ vilayəti
və Şuşa şəhəri") adlı əsərində
də Şuşa şəhəri
Şişə kimi ifadə edilmişdir.
Xan
qızı Xurşidbanu Natəvana xüsusi hörmət bəsləyən
Mirzə Həsən Qarabaği Natəvanı
Şuşanın istedadlı şairi və rəssam kimi tərənnüm
edərək onun çəkdiyi rəsmlərə şeirlər
həsr etmişdir:
Sən
Şişə içində türfə cansan,
Həm
cismilə can üçün təvansan.
Sənsiz nədi Şişənin nəmudi?
Gəlməz
nəzərə onun vücudi
- deyə Xurşidbanu Natəvanın Şuşa
şəhərində xeyriyyəçi xidmətini xüsusi
vurğulayır (Bax: Mirzə Həsən Qarabaği. Seçilmiş əsərləri. Bakı, 1973, səh.106).
Yusif Vəzir
Çəmənzəminlinin "Qan içində"
romanında mərkəzi Şuşa şəhəri
olan Qarabağ xanlığındakı bir dövrün tarixi əhvalatı
qələmə alınır. Romanda Şuşa
şəhərinin Şərq cəhətindəki
Bağrıqan dağının adı çəkilir. Romanda
Şuşa şəhərinin adı
Şişə kimi ifadə edilir.
Romanda
yazılır: "...İbrahim xan Qarabağa qayıdanda
qardaşı Mehralı bəylə arasında səltənət
davası düşmüşdü. İbrahim xan qaynı Avar
xanın köməyi ilə qardaşını Şişədən
çıxarıb, Qarabağ xanı olmuşdu (Bax:
Y.V.Çəmənzəminli. Əsərləri.
II cild. Bakı, 1978, səh.489).
Məlumdur ki, "Qarabağ şikəstəsi"
bütöv Qarabağın, "Xarıbülbül" isə
Şuşanın simvoludur. Təsadüfi deyildir ki, Səməd
Vurğunun Şuşa şəhərində
ustad xanəndə Xan Şuşinskiyə bədahətən
söylədiyi
Könlüm
keçir Qarabağdan,
Gah o
dağdan, gah bu dağdan,
Axşamüstü
qoy uzaqdan,
Havalansın
Xanın səsi,
Qarabağın
şikəstəsi
- şeiri hər zaman xalqın dilində əzbər
olmuşdu.
Sovet
dönəmi illərində də Şuşa
haqqında poeziya nümunələri
yazılmışdır.
Xalq
şairi Rəsul Rzanın "Şuşa" (1947),
"Şuşam mənim" (1980), Nəbi Xəzrinin
"Şuşanın yolları" (1954), Mirvarid Dilbazinin
"Şuşa", Arif Abdullazadənin
"Şuşada" şeirlərində Azərbaycanın
gözəl, füsunkar şəhəri Şuşa şəhərindən
heyranlıqla söhbət açılır, yüz zinəti,
yüz rəngi olan bu əsrarəngiz torpaqda insanın nə
qocalmayacağı, nə də ölməyəcəyi
ehtimalı dilə gətirilir. Rəsul Rza "Şuşam mənim"
şeirində "Pənahların yadigarı, nur
parçası", "Cabbarın, Seyidin, Nəvvabın,
Üzeyirin, Bülbülün nəğməsi" olan
Şuşanın tarixdə heç bir fatehə, müxənnətə
baş əymədiyindən, yandırdığı neçə-neçə
milli sənət çırağından, Cıdır
düzündən söhbət açaraq yazır:
Səni
bircə dəfə görən,
Bir
könüldən, min könülə,
Sənə
aşiq, bənd olmuşdur,
Qarabağın
yaraşığı!
...Şuşam mənim.
Mətanətlə,
dəyanətlə,
Səxavətlə qoşam mənim.
(V cild, səh.42-43)
Arif
Abdullazadənin "Yağışı sel, doğuşu
gül" olan şeirində Şuşanın tarixi
xatırlanır:
Bu
Şuşada İbrahim xan qalası da,
Natəvanın
yarası da,
Qacarın
son gecəsi də,
Üzeyrin
ilk nəvası da,
Zakirin
qübarı da,
Vaqifin məzarı
da,
Yan-yana
axıb gedər
Zamanın sinəsindən.
Qayalar səf-səf
durar,
Uçurumlar
titrəşər,
Əli
sağ qulağında,
"Aman"
deyib çağlayan,
Bir uşağın səsindən.
Məmməd
Arazının, Xəlil Rza Ulutürkün, Ənvər
Əhmədin, Zivər Ağayevanın Şuşaya həsr
etdikləri poeziya nümunələri də Şuşa şəhərinə,
onun şeir-sənət abidələrinə, əsrarəngiz
gözəlliyinə, tarixi varlığına həsr
edilmişdir.
Xalq
şairi Məmməd Araz 1979-cu ildə yazdığı
"Şuşada bir gecə" adlı şeirində
Bu gecə
gecənin son qatındayam,
Bu gecə
bir qəndil qanadındayam
- deyə bu möcüzə şəhəri bir
çilçıraq şəhəri kimi vəsf edir və
dağ başında salınan Şuşaya "fəzadan
asılan çilçıraq şəhər" deyir.
Xalq
şairi Xəlil Rza Ulutürk 1979-cu ildə "Şuşa səfəri"
adlı lirik poemasında sal qayalı, məğrur
görünüşlü Şuşanı "mərmər
qəsrlərin ağappaq nuru" adlandırır və şəhəri
heyranlıqla vəsf edərək belə poetikləşdirirdi:
"Şüşə
deməliyəm bəlkə də sənə,
Şüşədən işıqlı, mərmər
şəhərim.
Dağ
bülluru kimi pardaxlı, parlaq,
Mənim yaqut qalam, gövhər şəhərim.
Şair bu gözəl şəhərdə onlarca bulaq
adını tarixləşdirir. "İsa bulağı",
"Qoşabulaq", "Aydın bulağı",
"Südlü bulaq", "Nağıllar
bulağı" və s. bulaqların adını çəkir
və yazır:
"İsgəndər
tapmadı dirilik suyu,
Gəlsin
nişan verim neçə qaynağı"
- deyərək hər bulağın bir dirilik
suyu olduğunu əfsanələşdirir.
Şairə
Zivər xanım Ağayeva Şuşanın 1992-ci ildə erməni
terroristlər tərəfindən işğal edilməsindən
səkkiz il əvvəl, təxminən
1980-ci ildə yazdığı "Şuşa"
şeirində tarixin daş yaddaşında yaşayan nəğmələr
ocağı ulu torpağımızın sehrkar
görünüşünə heyranlığını belə
ifadə edir:
Bir
yanı göydələn zirvə düzümü,
Bir
yanı tər-təzə zümrüd meşəli,
Baxıram
ətrafa elə bil Şuşa,
Dağların ovcunda büllur çeşmədi.
Şuşanın
Azərbaycan musiqi mədəniyyətinin şah əsəri
olduğunu əslən qarabağlı (ağcabədili) olan,
uzun müddət Xankəndidəki universitetin dosenti olan
Ənvər Əhməd bir şeirində belə poetikləşdirir:
Şuşa
qalam, taxtı-tacım,
Xoş avazım, səs paytaxtım.
Aşağıdakı
iki misrada isə Ənvər Əhməd dağ üstə
salınan, dağ ürəkli, dağdan doğulduğu
üçün dağ vüqarlı olan Şuşanın
gözəlliyinə fəlsəfi bir don geydirir:
Şuşa,
daş kəmərli gözəl şəhərim,
Daş üstə doğulan qızıl səhərim.
1992-ci ilin mayın 8-də erməni terrorçuları
Şuşaya daxil olub, mayın 9-da xaincəsinə şəhəri
işğal etdilər.
Tarixçi-alim,
əslən ağdamlı olan Əsgər Abdullayev
"Qarabağ faciəsi" adlı əsərində
yazır: "Şuşanın işğalı ilə 190
hektar qoruq zonası, 235 tarixi abidə, 870 metr uzunluğunda olan
qala divarları və 450 hektar ərazidə yerləşən
Daşaltı Dövlət Təbiət ərazisi məhv
edilmiş oldu. "Hacı Yal" adlanan ərazidə
isə iki minə qədər palıd ağacı kəsilib
xaricə satıldı. Topxana meşəsi
qırılıb talan edildi və 50 evdən ibarət olan
Zarıslı kəndi tamamilə dağıdıldı".
(Bax: Əsgər Abdullayev. "Qarabağ faciəsi".
Bakı: Azərbaycan Dövlət İqtisad
Universitetinin nəşri, 2016, səh.125-126).
Vahid
Aslanın "Yağış havası" kitabında
Şuşanın işğalından sonrakı illərlə
bağlı olan şeiri var.
Xarıbülbülün
eyni pərişan halını şairə Rüzgar Əfəndiyeva
"Xarıbülbül" şeirində:
Şuşa
indi sənə qəfəs,
Bu nə tale, nə kəsəkəs?
- deyə yad nəfəsində tənha qalan
çiçəyə səbr etməyi, solmamağı
ürək ağrısı ilə tövsiyə edir və
Solma
yadın nəfəsində
- deyir.
Dəmir
Gədəbəyli isə Xarıbülbülü belə
poetikləşdirir:
Bir millətə
ar olsan da,
Əzablara
yar olsan da,
Həsrətindən
saralsan da,
Solma, yaşa, Xarıbülbül.
Görkəmli
Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun
2003-cü ildə səhnəyə qoyulmuş "Natəvan"
operası Azərbaycanın görkəmli şairi, Qarabağ
xanının qızı Xurşidbanu Natəvanın 150 illik
yubileyinə həsr olunmuşdur.
Ruhun
şad olsun, Xan qızı Natəvan xanım! Xilaskarımızı
Allah qorusun. O sənin xalqının müzəffər
ordusu və bu ordunun Müzəffər Sərkərdəsi,
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin adı ilə tarixləşən Azərbaycanın
düşmən üzərindəki zəfəridir.
Şair Məmməd
Aslan isə "Xan qızı hönkürə bu dərdi ey
kaş" adlı şeirində "Dağ başında
yerləşən Şişənin (Şuşanın) min
dürlü guşəsinin, İsa bulağının nəşəsini
xatırlayır, bu füsunkar şəhərin
işğalına özü də ağlayaraq
Pənahəli
xanın çatlasın bağrı,
Xan olan gəlməzmi
mülkünə doğru
- deyə, sanki Şuşanın qurucusu Pənahəli
xanı köməyə çağırır.
Ancaq bu
kömək müzəffər Azərbaycan ordusundan, onun
Baş Komandanı, Azərbaycanın əzmkar Prezidenti
İlham Əliyevdən gəldiyi 1992-ci ilin 8 mayında
işğala uğramış Şuşa
şəhəri 2020-ci ilin 8 noyabrında, 28 ildən sonra
öz sahiblərinə qovuşdu. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin məğrur
səsi ucaldı: "Əziz Şuşa, biz
qayıtmışıq", "Əziz Şuşa, biz səni
dirçəldəcəyik", "Şuşa
bizimdir!", "Qarabağ bizimdir!".
Qalib Prezident məğrurluqla bir daha elan etdi: "Bu
torpağın sahibləri qayıdıb. Əlində
bayraq, əlində silah, ürəyində Vətən
sevgisi", "Əbədi yaşayacağıq bu
torpaqlarda".
Məğrur
Ali Baş Komandan, Azərbaycanımızın Prezidentinin rəhbərliyi
ilə müzəffər Azərbaycan ordusu mənfur
düşmənləri Şuşadan qovdu, Şuşa
öz sahiblərinə qucaq açdı. Şair Damət Kərimli
isə bu qovuşmanı, bu sevinci "Şuşan gəlir
qucağına" şeirində xronoloji
ardıcıllıqla belə poetikləşdirdi:
Aç
qoynunu, Azərbaycan,
Balan gəlir qucağına.
Neçə
ildir həsrətinlə
Yanan gəlir qucağına.
Yurd-yuvası
talan olan,
Yayda
yanan, qışda donan,
Sularına
həsrət qalan,
Sonan gəlir qucağına.
Çəkilib
qara buludlar,
Azad olub əsir
yurdlar,
Durulubdu
sellər, sular,
Saran gəlir qucağına.
Bəhrələnib
Xarıbülbül,
Vəcdə
gəlib susan bülbül,
Necə
sevinməsin könül,
Şuşadan gəlir qucağına.
Üzeyirin,
Natəvanın,
Seyidin,
Cabbarın, Xanın,
Böyük
söz, sənət ocağın,
Şuşan gəlir qucağına.
Pənah
xan qoymuş təməlin,
Tarixə
yazmış əməlin,
O müqəddəs,
ulu yerin,
Şuşan gəlir qucağına.
Qarabağda
yazdı dastan,
İlham,
Ali Baş Komandan,
Döyüşlərdə
zəfər çalan,
Paşan gəlir qucağına.
Ruhu
şaddır şəhidlərin,
Yenilməzdi
igidlərin,
Dağ
vüqarın, qürur yerin,
Şuşan gəlir qucağına.
Düşmənindən
alıb bacı,
Qəlbində
yox ağrı, acı,
Qarabağın
başının tacı,
Şuşan gəlir qucağına.
Aç
qoynunu, Azərbaycan,
Balan gəlir qucağına.
Maarifə HACIYEVA
Ədəbiyyat qəzeti.- 2021.- 10
aprel.- S.22-23.